Rahib Filofeyin Roma Papasına məktubu – Çingiz Aytmatov

25 Baxış

photo_5467

“Kassandra damğası” romanından bir parça…

Roma Papasına!

Müqəddəs Ata, kainatın dərinliklərindən – yerətrafı orbitdən, artıq üç ildir ki, yaşadığım Kosmos Elmi Araşdırma Stansiyasından Sizə verdiyim narahatlığa görə üzr istəməzdən əvvəl, xəyalən qarşınızda baş əyir və böyük səmimiyyətlə əllərinizdən öpürəm. Mənim günahkar ruhumu bağışlayın və əgər mümkünsə, ilk baxışda mənasız və bundan da o yana, əxlaqi,  tarixi təcrübə baxımından zərərli  hesab edə biləcəyiniz praktik müşahidələrimi  və qanım bahasına, bəlkə də Uca Tanrının iradəsi və təlqini ilə əldə etdiyim nəticələri dinləməyinizi rica edirəm. Başqa cür, Müqəddəs Ata, Sizi narahat etməyə cəsarət edə bilməzdim. Bunun mənim tərəfimdən edilən böyük bir sayğısızlıq olduğunu bilirəm. Ancaq ümid edirəm ki, məktubumun mətnində müraciətimin motivləri aydınlaşacaqdır.

Beləliklə, dərhal əsas mövzuya keçirəm. Taleyin lütfü ilə mənə, ruhun doğuşu, yəni insan embrionunun tərpənişləri kimi əsrarəngiz hadisəni aşkarlamaq nəsib olmuşdur. Bəlkə də bu hadisə bizi ilahi düşüncənin sirlərinin tapılmasına və dərkinə yaxınlaşdıracaqdır. Apardığım uğurlu təcrübələrlə indiyə qədər gizli olan bu refleksləri tapdım və bunu insan nəslinin təkmilləşməsində yeni bir şans olduğunu düşünürəm.

Buna görə də, Müqəddəs Ata, mənə qulaq asmağınız üçün sizə yalvarıram.

Təkrar edirəm, mənə gizli bir sirri aşkarlamaq nəsib olub və onun nəticələri bəşəriyyətin  gələcək həyatına təsir edəcəkdir. Mən Sizə müraciət etməyə məcburam. Çünki analoqu olmayan bu kəşfi başqa heç kim qiymətləndirə bilməz. Mən iddia edirəm ki,  ana bətnində, hələ ilk həftələrində olan insan rüşeymi qarşıda onu gözləyənləri hiss edə bilmək və əgər bu tale arzuolunmaz olarsa, ona münasibət bildirmək bacarığı vardır. Əgər bu münasibət mənfidirsə, embrionlar doğuşa qarşı müqavimət göstərirlər.

Mən doğuşa qarşı çıxan embrionların göndərdiyi işarəni tapdım. Həmin embrionlara sahib olan qadının alnında kiçik xal piqmentləri yaranır. Bu xalı “Kassandra damğası”, mənfi siqnallar göndərən rüşeymi isə “Kassandra embrionu” adlandırdım.

Mənfi nəticəli insan embrionu, ancaq hamiləliyin ilkin həftələrində öz gələcəyinə reaksiya vermək və təhlükə barədə işarə göndərmək üçün fövqəladə bacarığa sahibdir. Sonra bu bacarıq itir. Bu da hər halda dölün zaman keçdikcə öz taleyinə boyun əyməsi ilə əlaqədardır.

Kassandra embrionlarının gələcək həyatı qəbul etməməsi, heç şübhəsiz ki, insan nəslinin tarixi boyu mövcud olmuşdur. Fəqət nə keçmişdə, nə də indi heç kim bəzi hamilə qadınların alnındakı kiçik xal piqmentinə fikir verməmişdir. Mən bu xalın  mahiyyətini aşkarlamaqla bərabər, onu daha aydın şəkildə müəyyən etməyin, insanlara göstərməyin üsulunu kəşf etdim. Bunun üçün Yerə kosmosdan yoxlama şüaları göndərirəm. Orbital modulda istiqamətlənən impulslar ana bətnindəki Kassandra embrionlarına təsir edir. Yoxlama şüalarının təsiri ilə bir sızanaq olaraq qəbul edilən həmin xallar titrəşməyə və işıldamağa başlayır. Yoxlama şüaları havada görünmür və insan orqanizminə heç bir zərəri yoxdur.

Mənim vasitəmlə kosmosdan istisnasız bütün qitələrə, dünyaya bu şüalar göndərilir. Bu şüalandırmanın məqsədi bütün Kassandra embrionlarını aşkarlamaqdır. Embrionların “kosmik sorğu”su aparılır.

Kassandra embrionlarının vermək istədiyi xəbərdarlığı belə ümumiləşdirə bilərik: “Seçim etmək imkanım olsaydı, doğulmamağı seçərdim.

Sorğunuza cavab olaraq göndərdiyim siqnalı, məni, eyni zamanda yaxınlarımı  gələcəkdə gözləyən fəlakətlərin və bədbəxtliklərin işarəsi olaraq qəbul edə bilərsiniz. Bu siqnal vasitəsilə bunları demək istəyirəm ki, “mən, Kassandra embrionu, heç doğulmadan, heç kimə artıq əzab vermədən yox olmaq istəyirəm. Siz sual verirsiniz və mən də cavablayıram; mən yaşamaq istəmirəm. Əgər iradəmin xaricində məni doğulmağa məcbur etsəniz, tarix boyu bütün insanların etdiyi kimi, taleyimi olduğu kimi qəbul edəcəm. Necə olacağına, başda məni doğacaq qadın olmaq şərti ilə siz cavab verəcəksiniz.

Amma əvvəlcə məni dinləyin və başa düşməyə çalışın. Mən, Kassandra embrionu! Nə qədər ki gec deyil məni məhv edin və mən buna hazıram. Mən, Kassandra embrionu, bir neçə gün özümü sizə xatırladacaq, sizə siqnallar göndərəcəm. Mən, Kassandra embrionu, doğulmaq istəmirəm, istəmirəm, istəmirəm….. Mən, Kassandra embrionu…”

Əlbəttə, Kassandra embrionlarının siqnallarının şərhi hər bir halda heç kimi nəyəsə məcbur etmir. Hamilə qadının alnında işıldayan Kassandra damğası müəyyən vaxtdan sonra sönür və heç bir izi qalmadan yox olur. Əgər unutmaq istəsəniz, unuda bilərsiniz…

Elm heç nəyi unutmaz. Kosmik kompüterdən aldığımız statistik məlumatlara görə, Kassandra embrionlarının sayı hər il sürətlə artmaqdadır.

Embrionların yaşamaqdan imtina etməsi, yox olmaq istəyi, yaşamaq üçün mübarizə aparmaq istəməməsi, başqa sözlə, gizli təhlükənin artması nə ilə bağlıdır? Bunlar nəyin göstəriciləridir? Bizim gündəlik təcrübəmizin alt qatındakı mistik elementlərdən dərs almağın mənası varmı? Əgər belədirsə, onda ana bətninə düşən bir dölün təhlükələrini çöldəki həyatda əks etdirmək nə qədər doğrudur? Ana bətnindəki dölün apokaliptik duyğularının səbəbi bu həyat deyil? Ana dünyanın bir modelidir. Belə olduqda ana, öz istəyi xaricində, qorxunc dünya həqiqətinin ötürücü bir vasitəsi olmur?

Bütün bu suallar öz cavabını gözləməkdədir.

Davam etməzdən əvvəl, Müqəddəs Ata, niyə məhz sizə, Katolik kilsəsinin başçısına müraciət etdiyimi açıqlamaq istəyirəm.

Sizin müqəddəs şəxsinizə müraciət etməyimin səbəbi, təkcə Sizin İsanın Yerdə təmsilçisi və Əziz Petranın varisi sayılmağınız və buna görə dünyada böyük nüfuza sahib olmanız deyil, eyni zamanda, Yerdə yaşayan çoxsaylı insanın əxlaqi inanclarını və mənəvi dəyərlərini öz şəxsinizdə birləşdirməyinizdir. Sizin şəxsinizdə bütün müasirlərimə, kim bilir, bəlkə də gələcək nəsillərə müraciət edirəm.

Əlbəttə, sizə müraciətimi yersiz iddia kimi qəbul etmək sizin təbii haqqınızdır. Fəqət, hər halda yuxarıda bəhs etdiyim “embrioloji pessimizm” problemi istər-istəməz Katolik kilsəsinin ilahi iradə, yəni doğumun sirri ilə bağlı çox həssas fikri ilə əlaqələnir.

Mən katolik deyiləm, amma bu amil mənim bu dinə səmimi hörmətimi heç də azaltmır. Məncə, öz istisnalığının heyranlığı daxilində sərtləşdirilməmiş hər bir din, müxtəlif quşların uçması üçün şərait olan göy üzü kimi fərqli fikirlərin vasitəçisi ola bilər… Bu mənada mən, Katolik kilsəsi üzərindən uçan köçəri quş olsaydım, xoşbəxt olardım…

Bəli, mən hər zaman qəlbən katolik əxlaqi fikirləri ilə razılaşmış, onlarda həyatın məntiqinə cavab verən, hər kəs tərəfindən qəbul edilə bilən və universal əhəmiyyət daşıyan dəyərlər tapmış, abortun “İlahi həqiqəti” pozması fikri ilə razılaşmışam. Xüsusilə, söhbət daim şübhə və ağrılarla ruhumuza işgəncə verən abort problemindən gedirsə… Artıq bir konserv qutusu açmaq qədər bayağılaşan  bu radikal aksiya, hər dəfə bizim üçün taleyin işgəncəli oyununa çevrilir. Deməli, insanın olub və ya olmamasına qərar vermək bu qədər asan və sadədir! Doğulsun və ya doğulmasın, yaşasın və ya yaşamasın! Hər şey keçici səbəblərə, çox vaxt isə gündəlik həyatın cilvələrindən asılıdır. Bir çoxları deyir -Tanrının bununla nə əlaqəsi var? Tanrının heç bir əlaqəsi yoxdur. Tanrı müqəddəs həyatın əsasını qoyub. Sonrasına biz insanlar qərar veririk. Dölünü qorumağa və ya məhv etməyə insanların haqqı çatır. Bu mövzuda bitib-tükənməyən mübahisələrin keşməkeşində, abortun tamamilə qadağan olunmasını tələb edən Katolik kilsəsinin mövqeyi məncə, daha doğrudur. Hətta mənim fikrimcə, bu yanaşma, yaradılışdan bu günə qədər həyatın başlanğıc məqsədinə uyğundur. Çünki hər bir embrionda, yenilənən hər bir variantda əbədi hərəkatın təkrar olunmayan şifrəsi gizlənib və hər doğulan canlı, zaman silsiləsi içərisində öz bənzərlərini yaratmaq üçün kodlaşmışdır və bütün bunlar ilk gündən Yaradıcı tərəfindən dünyanın əsasına yerləşdirilmişdir.

Buna görə də, katoliklərin izi ilə mən də abortun “İlahi həqiqəti”pozduğunu xatırlatmaq istəyirəm. Dəfələrlə deyilib ki, abort cinayət hadisəsi, insan öldürülməsi faktıdır. Çünki abort “İncil”dəki “Öldürmə!” və “Törəyin və çoxalın!” fikirlərinə qarşı çıxmaqdır.

Bütün bunlar həqiqətən belədir. Amma başqa fikirlər də vardır. Hər yandan hamilə olan qadının qərarına müdaxilənin yolverilməzliyi ilə bağlı səslər duyulur. Bunun fərd və cəmiyyət maraqlarına zidd olduğu vurğulanır. Və gələcək həyatına hələ yeni başlamış bir varlığın onu gözləyən ümidsizlik, yoxsulluq, səfalət, xəstəlik və təhqirlər olduğunda bu fikrə qarşı durmaq çətinləşir. Başları üzərinə qaldırdıqları pankartlarda “Mənim qarnım, mənimdir!” şüaları bu mənanı ifadə edir: “Rədd olun başımdan!” Bəzi hamilə içki düşkünü qadınların “Yenə içərəm, istəsəm bu paraziti içimdən ataram və kefimi sürdürərəm. Tanrınız da, günahlarınız da mənim vecimə deyil. Hər kəs mənə tüpürürsə, mən də hər şeyə tüpürürəm” formasında həyasızcasına bəyanatlarından heç kim təəccüblənmir və bu bəyanatlardan iyrənmirlər. Gələcək insanı bir anın içində zibil qutusuna atırlar. Müxtəlif bəhanələrlə öz məntiqlərinə haqq qazandırırlar.

Uşaq dünyaya gətirməyə qarşı parlamentlərdəki təzyiqlər, feminist təşkilatlarda, meydanlarda küçələrdə, kütləvi nümayişlərdə yüksələn səslər getdikcə artmaqdadır. Bəzi ölkələrdə nəsli davam etdirmək hüququ nəinki tələb edilir, artıq qadağan olunur. Bu, həyatın sonu deyilmi?

Eyni zamanda ətrafda taleyin hökmü ilə üz-üzə qalmış və atılmış hamilə qadınlar məlumdur. Onların dünyaya gətirəcəkləri uşaqlar kimə lazımdır? Afrika çöllərində də, şəhərlərin parıldayan küçələrində də bir çoxu belə düşünənlər var və həddindən artıq çoxdur. Zərurət və mümkünlük arasındakı uçurum getdikcə daha da dərinləşir. Amma yenə də…. Amma yenə də içimizdəki şübhə qalır: Lazım olduğu kimi yaşyırıqmı? İnsan nəslinin məhv olmaması üçün hər şeyi edirikmi?

Amma bu düşüncə cəhənnnəmi içərisində nə vaxta qədər şikayət edəcəyik və acizcəsinə soruşacağıq: Yerdə xoşbəxtliyi tapa bilmədiyimizə görə nəslimizə son deyək və ya digər planetlərə adlayaq? O qədər çarəsizik ki….

Bütün bunlar o qədər müzakirə edilib ki, hamı bu mazoxizmdən artıq bezib. Mən isə həqiqətən Aydan düşdüyüm üçün bu haqda danışmağa məcburam. Mən sizin vasitənizlə bütün insanlara müraciət etməyə məcburam. Çünki hamını gözəgörünməyən fəlakət təhdid etməkdədir. Embrionların bizə siqnal verdiyini öyrənmişik və indi bunun haqqında düşünməmək  qeyri-mümkündür.

Ola bilər ki, bu,  sadəcə, bədbəxtlik deyil, insan ruhunun yeni imtahanıdır, insan nəslinin gələcək inkişaf yolunu başa düşməyimiz üçün göyün yeni sınağıdır. Amma bu bilinməz yolla hara gedəcəyik?  İrəlidə bizi nələr gözləyir? İçimizdə bizim haqqımızda danışan Kassandra embrionundan hara gizlənək?

Bizim gözləmədiyimiz bir uçurum yaranıb.  Dünyanın sonu gəlib…. Həqiqətdən uzaq yaşaya biləcəyikmi?

Məhz buna görə mən Sizə müraciət edirəm, Müqəddəs Ata, Kainatın dərinliyindən birincinin yanında ikinci Günəşin doğması qədər insanlıq üçün gözlənilməz olan bu kəşfi qiymətləndirməyinizi istəyirəm.

Böyük çaşqınlıq içindəyəm. Stansiyanın optik cihazları məni Yerə o qədər yaxınlaşdırır ki, məsafənin heç bir əhəmiyyəti qalmır.  Amma yenə də fiziki olaraq kosmosdayam. İnsanların həqiqəti anladığı bir anda, bizim günahkar dünyamızda, insanlar arasında olmağı necə də istəyərdim. Amma mənim vəzifəm keşikdə durmaqdır. Mən oribtdə, elmi araşdırma stansiyasında qalmağa məcburam, çünki mən, kosmik rahib Filofey Kassandra embrionlarının aşkarlayan şüalandırmanı sistemli olaraq aparmağa məsulam. Kassandra embrionlarını ortaya çıxmasına şərait yaradan bu metodu mən tapdım və bütün məsuliyyət mənə aiddir.

Yer insanlarının reaksiyasından çox narahatam. İnsanlar indiyə qədər bu qədər sərt xəbərdarlıqla qarşılaşmayıblar. İnsanlar öz içlərində özləri ilə qarşı-qarşıya gələcəklər….

Mən insanların psixoloji vəziyyətlərinə görə qorxuram. Mən anaların alnındakı kiçik, parlayan xalın mənasını öyrənəndən sonra hər kəsin şoka düşəcəyindən qorxuram.

 Özümü gücsüz hiss edəndə fikrən Tanrıya yönəlir, ağlayır və şikayət edirəm. Niyə bu embrionların sirrini tapmaq, Kassandra embrionunu, indiyə qədər genlərdə gizlənən, anidən ortaya çıxan bu lənətlənmiş fəlakət işarəsini tapmaq mənə nəsib olub? Lənətlənmiş iblisin gözlərinin içinə baxan Faust da mənim yerimdə olmaq istəməzdi. Məni, bu aciz insanı gücü çatmayan yükdən qurtarması, mənə yazığı gəlməsi üçün Tanrıya yalvarıram. Heç kim və heç bir vaxt belə dərd çəkməyib?  Niyə mən?..

Müqəddəs Ata! Sizə, Sizin müqəddəs şəxsiyyətinizə müraciət etməyə məni heç kim məcbur etmir! Susub, mənə açılan bu sirri özümlə məzara aparsaydım, bəlkə də daha yaxşı olardı.

Onda niyə bu axmaq tapıntını insanlara bildirirəm? Beyinlərdə mənasız inqilab, insanların ruhunda anarxiya və üsyan yaratmaq, ailələri parçalamaq, hamının içinə şübhə toxumları səpmək üçünmü?  Hamı düşünəcək və qorxacaq: Görəsən bu vəziyyətdə yeni nəsil yaratmağın, dolayısı ilə bu həyatın bir mənası varmı? Necə olacaq?  Adəm və Həvvadan miras qalan həyatın sabitliyi fikrinin aradan qalxmasını necə nizamlamaq olar?

Özümdən bir neçə dəfə soruşdum və cavab verdim. İstənilən vəziyyətdə, nə olur-olsun embrioloji həyatın açılan sirrini gizlətməyə haqqım yoxdu. Çünki bir daha təkrar edirəm, Kassandra embrionlarının sayı sürətlə artır. Buna səbəb isə  gündəlik həyatında əxlaqsızlığı və insan ölümünün sürətlə artmasıdır. Kassandra damğası ana bətnindəki dünyanın sonunu gözləyən düşmən embrionun səhnə arxasından duyulan səsidir. Onun yaşamaq istəyini öldürən də budur.

Sənayenin inkişaf etdiyi bir vaxtda, bu hadisəni dünya əhalisindən gizlətmək mümkündür?!  Xeyr, bu gizlilik insanlığa, öz-özümüzə qarşı edəcəyimiz cinayət ola bilərdi.

Biz təfəkkürümüzdəki yeni keçidin astanasındayıq və istəsək də, istəməsək də, embrionun bir fərd olaraq hansı genetik mühitdə doğulacağına və onun gələcək şəxsiyyəti ilə bağlı fakta gözümüzü qapaya bilmərik. Yəni embrion,  həyatın başlanğıcı kimi, bizim bir dövr və fərd olaraq necə olacağımızı göstərir. O, güzgüarxası dənizində qayıqda periskop vasitəsilə görünən gələcək həyatından narahatdır. Bizim də Kassandra embrionuna bu periskopdan baxmağımız yaxşı olmazmı?  Bizi saran bu tufanın səbəbi özümüz deyilik?

Rus dilindən tərcümə edən: Mehman Həsən

AMEA Nizami adına Ədəbiyyat İnstitutunun əməkdaşı

ELEKTRON KİTABXANA
ustadejurnalyukle
USTAD / E-versiya
ustadejurnalyukle
KÖŞƏ YAZARLARI
TOP 10