Regionda mühit darlığı yaradıcı ruhu əzir, məhv edir

100 Baxış

NiseSenet.az tanınmış şairə Nisə Bəyimlə müsahibəni təqdim edir:

 

 

– Yaradıcılığınızda daha çox ənənəvi üsluba yer verirsiniz. Bir çoxları iddia edir ki, ənənəvi üslublar müasir dünya poeziyasına uduzur. İnternetin, texnologiyanın bu qədər inkişaf etdiyi bir dövrdə ənənəvi şeirlə oxucunu təəccübləndirmək, diqqətini cəlb etmək mümkündürmü? Bu barədə mövqeyiniz necədir?

– Ənənvi üslub deyəndə ,yəqin ki, poetik üslubları nəzərdə tutursunuz. Məncə, məsələyə başqa yöndən baxmaq lazımdır. Poeziya milli və bəşəri məvhumdur. Dünyada bütün xalqların poeziyası özünə məxsusdur. Öz milli və bəşəri xüsusiyyətlərinin daşıyıcısıdır. Biz başqa xalaqların poetik nümunələrini tərcümədə oxuyuruq. Mən heç zaman düşünməmişəm ki, bizim  – Azərbaycan poeziyası hansısa xalqın ədəbiyyatından geri qalır. Məsələn, siz deyin, hansı xalqın poeziyasından? Ümumdünya poeziyası deyəndə kimi nəzərdə tutursuz? Çin poeziyası? Afrika, ya ingilis? Əminəm ki,bu haqda danışanların heç birisi başqa xalqların poeziyasından xəbəri belə yoxdur. Biz elmi və texniki tərəqqidə geri qala bilərik, amma poeziya sırf insan duyğusu ,düşüncəsi, baxışı ilə bağlı məsələdir. Bu,ona bənzəyir ki, kimsə desin, fransızlar ispanlardan, ərəblər  ruslardan daha yaxşı sevir.  Poetik üslubları dil diktə edir.  klassik poeziyamızın əruz vəznində yazılması ərəb və fars dilinin hökmranlığının nəticəsi idi, sonrakı əsrlərdə əruz vəzni türk dilli poeziyaya da şamil edildi.  Bizm klassiklərimizin əruzda uğur qazanmasının səbəbi hər 3 dili yüksək səviyyədə bilməsi olub.  Zaman keçdi, ərəb və fars dili funksiyasını itirdi, bununla da əruz vəzni aktuallığını itirdi. İndiki zaman əruz vəznində şeir yazmaq əvvəlcədədən  uğursuzluğa uğramaq deməkdir. Əruz  bizim dilimizin vəzni deyil. Dilimiz iltisaqi dillər qrupuna aiddir və əsas qanunu fonetik və morfoloji ahəng və hecadır. Bu səbəbdəndir ki, bizim folklor ədəbiyyatımız və sonrakı yazılı ədəbiyyatımız heca vəznindədir. Hətta ən qədim yazılı abidəmiz “Kitabi – Dədə Qorqud”dakı poetik nümunələr hecadadır. Sərbəst vəzn bizdə 60 –cı illərdən işlənməyə başladı, təcrübə göstərdi ki, bizim poeziyamızda ən istedadlı insanlar belə, sərbəst vəzndə dönüş və inqilab yarada bilmədilər. Çünki, bizim poeziya ənənələrimiz çox yüksək və zəngin irsə söykənir.  Yüz illərlə mentallaşmış poetik təfəkkürü dəyişib başqa formaya salmaq asan məsələ deyil. Müasir texnalogiya və internet deyirsiz. Poeziya qrafika sənəti deyil, bu, ən çox hiss,duyğu , ruhla bağlı olan könül etirafı, sözlə insanın qarşılıqlı münasibətinin bədii təzahürüdür. Texnalogiya və internet burada yalnız vasitədir. Sənətkarın əməyini asanlaşdıran, tezləşdirən,  genişləndirən, cəmiyyətlə impulsiv əlaqə yaradan vasitə.

Mənim də şeir yaradıcılılığımda  heca vəzni üstünlük təşkil edir. Sərbəst şeirlərim də çoxdur, hətta arada tamamən sərbəstdə yazırdım. Heca da, sərbəst də şeirin ahəngidir, şeir yazanda məqsəd qoymuram , bu,  heca olsun, bu, sərbəst olsun, içimdən ahəng  necə gəlirsə “sözün havası, titrəyişi necə gəlirsə”  şeir də həmin formada da doğulur. Hər iki vəzndə yazmaq mənə zövq verir. Hansı forma olur-olsun, şeirdə əsas sözün poetik kəşfidir , yeni obraz , yeni ifadə çalarları yaratmaqdır, ədəbiyyata yeni poetik tapıntılar gətirməkdir. O qədər sərbəst şeir var ki, məzmunu yeni deyil, köhnədir…demək istəyirəm ki, heca vəznində yazmaqla da yeni poetik obrazlar, zəngin  çalarlar yaratmaq mümkündür. Mənim poeziyam haqqında Vaqif Yusiflinin  məqalələri var, o ədəbiyyatşünas kimi bunu yaxşı izah edib. Yaxşı şeir təkcə forma və məzmunla ölçülmür, bu barədə bir esse yazmışdım illər öncə, “Azərbaycan “jurnalında çap olunub. Yaxşı şeirin bir-biri ilə bağlı olan çox komponentləri var. Həm ədəbi savad, elmi təməl, bədii idrakın təzahürü, həm emosiya, hiss-duyğu, həm oynaqlıq, həm bədii zövq, həm də batini dərinlik,  hikmət, cazibə… yaxşı şair sözlə işləməyi, sözü duymağı, sözlə yaşamağı bacara biləndir. Əsas da dilin dərinliklərini  bilməlisən, dili xəmir kimi yoğurmağı…bizim çox zəngin və yumşaq dilimiz var , hər hansı müasirliyi dilimizin hecasında ifadə etmək mümkündür. Başqa xalqlar  bizim poeziyamızı bizim dilimizdə oxuyur? Özümüz oxuyuruq. Tərcümədə başqa cür alınır. Məsələn, biz Türkiyə şairlərini dili bildiyimiz  üçün asan  qəbul edirik. Sərbəst yazdıqları üçün deyil. Rus poeziyasında da bizimki kimi qafiyə sistemi var. Ümumiyyətlə, bütün dillərdə poeziyanın formatı var. Yapon şeiri bizim deyil axı.. yaponlarındır. Onlar bizm üçün deyil, özləri üçün yazır. Mən istedadla yazılmış bütün formaları ,üslubları qəbul edirəm.

 

– Bildiyim qədəri ilə, 15-ə yaxın poemanız var. Gənclər sanki poema janrına çox da maraq göstərmirlər. Sizcə bunun səbəbi nədir?

– İş ondadır ki, mən poemalarımın hamısını gəncliyimdə yazmışam. Poema yazmaq çox çətindir. Əlbəttə, indi hamı asan janrın dalınca qaçır. O poemaların çoxu süjetlidir. Məsələn, 20 yanvar faciəsinə həsr olunmuş “ARAZIM,XAN ARAZIM” poeması dövlət radiosunun qızıl fonduna daxil olunub. Gənclər dinləməyiblər axı, oxumadığın, eşitmədiyin əsəri necə sevərsən? Hətta həmin poema əsasında heç nəyi dəyişmədən film də çəkmək olar. Qriboyedovun Tehrana səfəri, Gürcü knyajnasına vurulması, Nizaminin qəbrini təmir etdirməsi, Gülüstan müqaviləsi, Qriboyedovun qətli, Fazil xan Şeydanın bir dəstə nümayəndə heyəti ilə Peterburqa getməsi, şahın oğlunun girov göndərilməsi, Nadir şahın məşhur “göy almazı”nın qanpulu verilməsi, Ərzuruma gedən yolda Fazil xan Şeydanın  Puşkinlə qarşılaşması və yeni dövran – 20 Yanvar…Bu yaxınlarda oxudum ki, Nikita Mixalkov məhz bu mövzuda film çəkir. Və yaxud H. Cavidə həsr olunmuş “Əbədiyyət” poeması. Deyim ki, bunlar poemadan çox mənzum romandır. “İlahi vaxt” və “Oyun “ poemaları cüzb janrındadır, həm kiçik hekayələr, həm də lirik şeirlər bir-birini bağlayıb tamamlayır. Poemaların bir neçəsi Qarabağ hadisələrinə həsr olunub. Qarabağ mövzusunun  aktuallığını və genişliyini nəzərə alsaq, tərənnüm və təsvir  məhz poema janrında  nəsə deməyə imkan verir. Fikrimcə, böyük hadisələri, ictimai mövzuları yalnız poema janrında həll etmək mümkündür. Əvvəlki əsrlərdə səhnə əsərləri belə şeirlə yazılırdı. Tutaq ki, Şekspirin dramaturgiyası. Bizdə Cavidlə S. Vurğun, N.Xəzri, N. Həsənzadə şeirlə dram yazıblar. Yazıçının müxtəlif janrlarda yazmasının nəyi pisdir ki? M.Axundov da, C.Cabbarlı da bütün janrlarda  özlərini sınayıblar.

 

– Regionda ədəbiyyatımızın vəziyyəti necədir? Yazarlarımızın böyük arenaya çıxması üçün yetərincə mühit varmı?

– Region və paytaxt ədəbiyyatı mövzusu həmişə aktualdı. Bu, səsbəbsiz deyil. Qədimlərdə bu, o qədərdə hiss olunmurdu. Məsələn, Nizami Gəncədə dünya ədəbiyyatının şedevrlərini yaradıb. Nəsimi yazıq heç bir yerdə dincələcək qədər dayanmayıb, səfərlər və zindanlar yaradıcılıq yeri olub. İndi məsələ bir az başqadır. Fikrimi açıq söyləyəcəm. Əyalətdə yaşayıb  yaradıcılıqla məşğul olmağın  müsbət və mənfi cəhətləri var. Bizdə hamı elə bilir ki, paytaxtda yaşayan yazıçı daha istedadlıdır. Çünki, o göz önündədir, tədbirlərdə, törənlərdə, tv-lərdə, harda aş, orda baş verilişlərdə… heç kim araşdırmır ki, bunun yazdığı nədir? Yəni ,onlar regionda yaşayanlara imkan da vermirlər hansısa müsabiqələrdə iştirak eləsin. Mən Yazıçılar Birliyinə kitabımı təqdim edəndən-edənə gedirəm. Müasir yazıçıların içində məhsuldar çap olunanlardanam. Son 7 ildə 4 romanım və 5 şeir kitabım  çap olunub. Ədəbi mühiti demirəm, bu dar çərçivə xəbərdar olmamış deyil, amma geniş oxucuya gedən bütün yollar üzümüzə bağlıdır. Kitab satışı yox, reklam yox, təbliğat yox… yəni, yazıçının bundan böyük problemi ola bilərmi? Bu məsələni heç Yazıçılar Birliyi də həll etmək iqtidarında deyil. Bunu yalnız dövlət proqramı çərçivəsində, kitab mağazaları və keçmişdəki kimi kitabxanalar açmaqla , dövlət nəşriyyatı yaradıb, vəzifələrini artırmaqla həll etmək mümkündür. Regionda mühit darlığı bir yandan, maddi təminatsızlıq bir yandan yaradıcı ruhu əzir, məhv edir. Bəzən, mənəvi  təzyiqlər də olur. Əyalət sindromu var.  Paytaxtdakıların əyalət yazarlarına yuxarıdan aşağı baxmağı var. Yazdığının gec reallaşması, kölgədə qalması ehtimalı var və sair. Mən düşünmürəm ki, bu dəqiqə Bakıda güclü ədəbi mühit var. Tutaq ki, bir-birindən fərqli ədəbi cərəyan  və yaxud ədəbi məktəb varmı? Yoxdur… Bir-birinə qarşı hörmətsizlik, sayğısızlıq edən ,bir-birini söyən, iftira və şər atan qruplaşmalar var. Bu ədəbi inkişafdan çox, ədəbi gərginlik və ədəbi psixoz yaradır. Bunu nəzərə alarsaq, bir qədər uzaqda olmaq daha məqbuldur. Bir məsələni də vurğulayım ki, yaradıcılıqda tənhalıq  daha effektli nəticələr verir. Məsələn, güclü olmağa məhkumsan, hər şeyi özün, müstəqil etməyə məhkumsan, hətta, öz ədəbi məktəbini yaratmağa məhkumsan. Əvvəldən bilirsən ki, heç yerdən, heç kəsdən köməyin olmayacaq. Bütün bunlar potensialı səfərbər etməyə, adamı müstəqil, iradəli olmağa sövq edir. Qlobal mövzulara girişmək, onları roman səviyyəsində həll etmək asan məsələ deyil. İddialı olmaq da məsuliyyət tələb edir. Yenə də nəfəslik üçün sosial şəbəkə var. Fikrimizi deyirik, münasibətimizi bildririk. Biz indi region və paytaxt  mövzusundan danışsaq da, yaradıcılıq elə şeydir ki, əslində, heç bir ölçüyə sığmır. Nə zamana, nə məkana. Romanlarımın ikisi “Online” və “Təkbuynuzlu” elmi-fantastik janrdadır. Hazırki ədbiyyatımızda bu janrda roman yazan yoxdur, deyəsən. “Çərxi-Fələk”, “Yarı” ictimai mövzudadır, “Taleyin böyüklük töfhəsi” sənədli romandır.

 

– Paytaxtda yaşayan bir çox şairlərimiz, yazıçılarımız həmişə təbiət qoynunda olmağı arzulayırlar. Adətən səs-küydən uzaq olub rayonlardan birində yaşamağın xəyalını qururlar. Ancaq siz bu baxımdan şanslısınız – təbiətlə baş-başa verib yazıb-pozursunuz. Necə düşünürsüz, yaradıcı insan üçün paytaxtdan uzaqda olmaq, bir üstünlükdür, yoxsa çatışmazlıq?

- Bu sual elə əvvəlkinin davamıdır. Qısa onu deyim ki, hər adamın yaşam tərzi fərdidir. Mən harda olsam, evə qapanıb kompyüterdə yazacaqdım, mütaliə edəcəkdim , çoxlu film izləyəcəkdim. Yeri gəlmişkən ,mənim 5 bədii film ssenarim var. Ssenari yazmağı çox xoşlayıram. Mən təbiətə, kosmosa çox həssasam. Ən çox da çöl arzulayıram, böyük nəfəslik, yenilənmə…. bu arzu o qədər güclü olur ki,  çölə gedirəm. Yəni, aparırlar, bir-iki saat çöldə tək- tənha dolaşıram,  küləkləri içimə çəkirəm, nəfəsim genişlənir, Kürün kənd olmayan ərazisinə də gedirəm. Bu sonsuzluq, çöl mənim üçün çox vacibdir.  Yalnız çöldə ürəyim nəfəslə dolur. İndi işləmirəm, keçən ildən…o qədər asudə, rahat  və sərbəstdəm ki, saata baxmıram, ayın tarixini də fikirləşmirəm,  ümumiyyətlə, mən ruhən sərbəst və azad insanam. Heç zaman özümü istəmədiyim bir işi görməyə vadar edə bilmərəm. Amma hərdən məclislərə də gedirəm. Dost və qohum məclislərinə. Yaxın və doğma insanlarımı çox sevirəm. Mənim kitabımda ayrılıq adlı nəsnə yoxdur. Yəni, doğma bildiklərimdən, sevdiklərimdən ayrıla bilmərəm.

 

– Gənclərdən kimi oxuyursunuz? Xüsusi olaraq, diqqətinizi çəkən əsərlər varmı?

– Mən məktəbdə müəllim işləmişəm. 40 il uşaqların, gənclərin içində olmuşam. Başqaları kimi, mənim yaşla bağlı ciddi sərhəddim yoxdur. Onları hər zaman anlayıram. Yaxşı yola gedirəm. İnanmazsınız, fb-də nə qədər gənc qız rəfiqələrim var. İstənilən mövzuda danışırıq. Könül məsələlərindən tutmuş, məişətə qədər. Gənc yazıçılar da var, kim müraciət edirsə, mütləq köməyimi və məsləhətimi əsirgəmirəm. Məncə, yaradıcılıqda yaşdan çox, təcrübə məsələsi var. Məsələn, mənim yazı təcrübəm çoxdur, çox şeyi asanlıqla həll edirəm, gəncləri özümün o zamankı yaşımla müqayisə edirəm, bizim belə imkanlarımız yox idi. Fb-də kim mənə yazı göndərirsə oxuyuram. İstedadlı gənclərimiz çoxdur, çoxu da tərbiyəli, ədəblidir. Məsələn, bir cavan qız var, Günel Ümid. Onun şeirlərini bəyəndim. Emin Piri yaxşı yazır. Amil Məmiyev şeirlərini göndərib, hekayələrini, ssenarilərini məsləhətləşirik. Hə, Nicat Qafuroğlu haqqında “Aran uşağı haqqında” adlı esse yazmışam. “Ulduz” da çap olunub. O günlərdə Müşfiq xanın hekayələrini oxudum, yazdım özünə də..orijinal və maraqlı idi. Son gün Şərif Ağın hekayəsini oxudum, xoşuma gəldi. Facebookda rast gəldiyim şeirləri və hekayələri oxuyuram. Şeirlər o qədər də güclü deyil. Çünki həvəskar səviyyəsində yazanlar daha çoxdur. Yəni, kim mənimlə təmas qurmaq, söhbətləşmək istəyirsə, münasibətə açıq adamam. Yenə deyirəm, yaradıcılıqda gənc , qoca yoxdur, təcrübəsi çox olan və yeni başlayanlar var. Siz Füzulini oxuyarkən, və yaxud Cavidi, Mikayıl Müşfiqi oxuyarkən onların yaşlarını fikirləşirsiz?  Məsələn, mən Mirzə Cəlili, Sabiri oxuyarkən heç zaman bu dünyada olub –olmadıqları ağlıma gəlmir. Düşüncə hər zaman canlıdır. Bunu anlamaq çox vacibdir. Məncə, ədəbiyyata münasibət şəxsiyyət məsələsidir. Elə ədəbiyyatın özü də şəxsiyyət məsələsidir. Elələri də var ki, bizi,mənim nəslimi bəzən kobudcasına itələyirlər, uzaqlaşdırırlar, tanımazdan gəlirlər, saymazyanalıq göstərirlər, mən bu barədə də esse yazmışam. Əlüstü hiss edirəm, bəziləri ironiya ilə yanaşır. Məncə bu, nəsil problemindən çox, ictimai təfəkkürün, sosial problemlərin yaratdığı qarşıdurmadır. Bəzilərinin isə, sadəcə, tərbiyəsi yoxdur, fikir verirəm, onlar heç öz həmyaşıdları ilə yola getmirlər, eləsi də olur ki, yazılarına rəy bildirirəm, ya silir, ya cavab vermir. Yəni, hər cür tip var. Bunlara o qədər də baş qoşmaq lazım deyil. Məktəb təcrübəsindən bilirəm ,sinifdə eyni – 18 yaşlı gəncin ağlı, təfəkkürü,dünyagörüşü, davranışı bir olmur. Bir dəstə bağlayıb bir-birini tərifləmək, tost söyləmək ciddi iş deyil. Hər şey zamanla yerini alacaq. Gənclikdə insan elə bilir ömür sonsuz bir zamandır, sonu gəlməyəcək, bir də görürsən,o sonsuz bildiyin zaman ,sən demə, elə də böyük deyilmiş, qısa bir yolda həyat tükənirmiş.

 

– Yaradıcılığınızda oxucularınızı hansı yeniliklər gözləyir?

– ”Təkbuynuzlu” romanını təzə bitirmişəm. Noyabr ayında. Göndərdim “Azərbaycan” jurnalına. Hələ ədəbi ictimaiyyətə çatmayıb. Yayda kitab kimi həll edəcəyəm, inşallah.  Təzə bir roman yazmağı düşünürəm. Şeirinsə zamanı yoxdur ki…harda adamı tuta –tuta… oturduğun yerdə, yediyin,yatdığın yerdə, danışdığın yerdə… şeir ərköyün sevgidir, heç nəyə güzəştə getmir. Xeyli təzə şeirim var. Toplayıb çap etdirmək olar…imkan olsaydı , seçilmiş əsərlərimi tərtib edərdim…bir şeyi deyim ki, yazmaq  yazıçının ömür yoldaşıdır, yazmasan olmur…odur ki, yazmağa davam…