Rejissor Eldar Quliyev Milli Kino Mükafatına layiq görülüb

4 Baxış

rejissor Eldar Quliyev

Xalq artisti, tanınmış kinorejissor Eldar Quliyev Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqının təsis etdiyi Milli Kino Mükafatı ilə təltif olunub. Mədəniyyət və Turizm Nazirliyinin məlumatına görə, rejissor bu mükafata 75 illik yubileyi münasibətilə və Azərbaycan kinosuna verdiyi töhfələrə görə layiq görülüb. Xatırladaq ki, Eldar Quliyev Ümumittifaq Dövlət Kinematoqrafiya İnstitutunun rejissorluq fakültəsində təhsil alıb. Kinoya “Bir cənub şəhərində” filmi (1969) ilə gəlib. Sonrakı illərdə “Babək”, “Ən vacib müsahibə”, “Var olun, qızlar…”, “Nizami”, “Girov”, ”İstanbul reysi”, “Dərvişin qeydləri” və digər filmlərə quruluş verib. Çəkdiyi filmlərin bir neçəsi kinofestivallarda mükafatlara layiq görülüb. Kinorejissor hazırda “Debüt” studiyasının bədii rəhbəri, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin kino kafedrasının professorudur. “Şöhrət” və “Şərəf” ordenləri ilə təltif olunub. Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqının Milli Kino Mükafatı 2012-ci ildə təsis edilib.