Rejissor Eldar Quliyev vəfat etdi

4 Baxış

eldar quliyev

Xalq artisti, rejissor Eldar Quliyev vəfat edib.

Senet.az Unikal.org-a istinadən xəbər verir ki, E.Quliyev bu gecə müalicə aldığı xəstəxanada dünyasını dəyişib.

Qeyd edək ki, rejissor yanvarın 18-də xəstəxanaya yerləşdirilmişdi. O, martın əvvəlində evə buraxılmışdı.

Eldar Quliyev 18 yanvar 1941-ci ildə Bakıda anadan olub. 1960-1966-cı illərdə Moskvada Ümumittifaq Dövlət Kinematoqrafiya İnstitutunun rejissorluq fakültəsində, Sergey Gerasimovun kursunda təhsil təhsil alıb. 1967-ci ildən “Azərbaycanfilm” kinostudiyasında işləyir. “Biri vardı, biri yoxdu…” adlı ilk qısametrajlı filmini çəkib. Kifayət qədər tanınmış bədii və sənədli filmin müəllifidir. 1969-cu ildə ilk böyük ekran əsəri olan “Bir cənub şəhərində” filmi ilə özünü təsdiqləyib və bu filmlə Azərbaycan kinosunda yeni bir mərhələnin təməlini qoyub.

1979-cu ildə “Babək” filmini çəkib və bu film professionallıq səviyyəsinə, kütləvi və batal səhnələrin miqyasına görə heç də xaricdə istehsal olunan bu tipli filmlərdən geri qalmırdı. Həmin illərdə “Babək” filmi 52 ölkə tərəfindən satın alınıb. Bunlarla yanaşı “Ən vacib müsahibə”, “Var olun, qızlar…”, “Ürək… Ürək…”, “Nizami”, “Nə gözəldir bu dünya…”, “Girov”, “İstanbul reysi”, “Dərvişin qeydləri” və s. filmlərə quruluş verib.

Həmçinin bir neçə filmin ssenari müəllifi olub. Çəkdiyi filmlərin bir neçəsi kinofestivallarda priz və mükafatlara layiq görülüb. “Debüt” studiyasının bədii rəhbəri, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində kino kafedrasının professoru olub.

Eldar Quliyev 1987-ci ildən “Debüt” Eksperimental Gənclik yaradıcılıq studiyasının rəhbəri kimi fəaliyyət göstərirdi.

Azərbaycan Professional Kinorejissorlar Gildiyasının ən fəal yaradıcılarından olan Eldar Quliyev Gildiya yaradılan gündən indiyədək qurumun prezidenti idi.

Bəstəkar Tofiq Quliyevin oğlu, ssenarist Nərminə Quliyevanın atasıdır.

ELEKTRON KİTABXANA
ustadejurnalyukle
USTAD / E-versiya
ustadejurnalyukle
KÖŞƏ YAZARLARI
TOP 10