Riyazət çöllərində – İlqar Fəhmi

8 Baxış

author_49

“Qızılbaş mistikası, Səfəvi metafizikası” kitabından 11-ci hissə

Təkyənin içində və çölündə

Yazımızın əvvəlki hissələrində “türkün piri”, Şeyx Səfiəddin İshaq Ərdəbilinin yeniyetməlik dövründən və Şeyx Zahid Gilaninin xanəgahına gəlib çıxmasından bəhs etmişdik.

İndi isə birbaşa təkyədə, öz mürşidini tapmış mürid, talib olan Səfiəddinin başına gələn inandırıcı və inanılmaz hadisələrdən söhbət açacağıq. Lakin bu təsvirlərə keçməmişdən əvvəl bir neçə məqamı mütləq aydınlaşdırmalıyıq.

Son yüzillikdə Qərb mədəniyyətinin gur axan selə bənzər təbliğatı nəticəsində qəribə bir vəziyyətə gəlib çıxmışıq. Onların keçmişini, tarixini, ənənələrini özümüzünkülərdən daha yaxşı bilməyimiz bir yana qalsın, hətta öz keçmişimizlə bağlı məqamları da onların arşınıyla ölçürük. Buna ən bariz nümunə elə təkyə və monastır analogiyasıdır. Müəyyən qədər informasiyalı həmvətənlərimizin yanında təkyə, xanəgah adı gələn kimi, qeyri-ixtiyari göz önünə Orta əsrlər Avropasında fəaliyyət göstərən monastırlar gəlir. Çünki bu məlum obyektlər haqqında onlarla filmə baxmışıq, yüzlərlə kitabda məlumatlarla qarşılaşmışıq, vizual və virtual təsvirləri beynimizə oturub.

Əlbəttə, təkyə və monastır kimi mənəviyyat obyektlərinin həm məqsəd və amalında, həm də quruluşunda oxşarlıqlar çox idi. Ən əsas da hər ikisində əsas məqsəd insanların nəfsini tərbiyələndirmək, dünyapərəstlik meyillərini azaltmaq, ruhu saflaşdırıb Tanrıya yaxınlaşdırmaqdır. Ancaq fərqlər də böyükdür ki, bunları diqqətə çəkməyə ehtiyac var. Əks halda, Şeyx Zahid Gilaninin Xəlvətiyyə  təkyəsi barədə danışarkən, bəzi məqamlar bizə anlaşılmaz görünə bilər.

Birinci məsələ nikahla bağlıdır. Hamıya məlumdur ki, xristian ruhanilərinə, ələlxüsus da katolik ilahiyyatçılarına evlənmək qadağan olunurdu. Bu sahəyə qədəm basan adam ilk olaraq bundan imtina andı içməliydi. Adət etdiyimiz rus dilində buna “Obed bezbraçiya” deyirlər və yəqin ki oxucularımızın çoxunun qarşısına bu ifadə dəfələrlə çıxıb.

Əlbəttə, bu məqamın özü katolik ruhaniləri arasında nə qədər fəsadlar yaradıbsa, bunu təsvir eləməyə ehtiyac yoxdu. Elə Qərb tarixçilərinin özləri bir çox əsərlərində həm Papa iqamətgahında, həm Yepiskop idarələrində, həm də müxtəlif monastırlarda zaman-zaman baş qaldıran əxlaqsızlıq partlayışları barədə çox yazıblar. Səbəb isə məlumdur. XIX-XX əsr alimləri bunu katolisizmin insanın normal təbii tələbatına zidd gedən çərçivələriylə izah edirdilər. Axı doğrudan da insanın qidaya havaya, suya ehtiyacı olduğu kimi, şəhvət hissinin ödənilməsinə də ehtiyacı var. Və yüz minlərlə insanı əhatə edən ruhani zümrəsinə bu ehtiyacı ödəmək qadağan olunursa, təbii ki, bu daxili tələbat hansısa başqa formalarda üzə çıxacaq, eros energetikası gözlənilməz fəsadlar yaradacaq, gərgin situasiyalara gətirib çıxaracaq… Elə də olurdu. Əvvəlki əsrləri demirəm, təkcə XX əsrdə zaman-zaman Vatikanda sorağı gələn müxtəlif seksual qalmaqallar bunun göstəricisidir…

Lakin müsəlman aləmində belə qadağa olmayıb. Bu səbəbdən də Şərqdəki təkyə və xanəgahlarda, ali dini təhsil müəssisələrində, hövzələrdə xüsusi hərəmlər mövcud olub ki, ailəsi olan taliblərə, ruhanilərə, tələbələrə orada yer verilib.

Eyni halı Səfiəddinin məskunlaşdığı  təkyədə də görürük. Elə təriqət rəhbəri Şeyx Zahid Gilaninin öz ailəsi təkyənin yaxınlığındakı kənddə yaşayırdı, oğlu, qızı var idi…

Başqa taliblərin də ailələri barədə məlumatlar “Şeyx Səfi təzkirəsi”ndə də, başqa mənbələrdə də əks olunub.

İllər sonra Səfiəddinin ailə quraraq Şeyx Zahidin qızı Bibi Fatiməylə evlənməsi də dediklərimizə sübutdur.

İkinci məqam öz-özünə fiziki iztirab yetirməklə bağlıdı. Məlumdu ki, dünyada tarixən asketizmin müxtəlif praktik təcrübələriylə məşğul olan təbəqələr olub. Uzaq Şərqdən tutmuş Hindistana qədər, Hindistandan tutmuş Avropanın ucqarlarına qədər bu cür təriqətlər, birliklər olub ki, bunların içində mötədil mistisizmlə məşğul olanlardan tutmuş, radikal puritanlara qədər hər növünə rast gəlmək mümkündür. Yazımızın əvvəlki hissələrində bu məqama qısa toxunmuşduq.  İndi zənnimcə, daha geniş şərhə ehtiyac var.

Katolik monastırları bu sahədə öz radikallığı ilə seçilirdi ki, bunun da səbəbi xristianlığın bəzi postulatları idi.

Misalçün, yüzilliklər boyu katolik monastırlarında və ümumiyyətlə, ruhanilər, dindarlar arasında flaqellantlıq təcrübəsi geniş yayılmışdı. (flaqellantlıq – öz-özünü qamçılamaq,)

Bu praktika rahibin, ruhaninin öz şəhvani hisslərini cilovlamaq, sanki günahkar fikirlərə görə öz-özünü cəzalandırmaq məqsədi daşıyırdı. Eyni zamanda, rahib həm də öz bədənində sanki İsa Məsihin edamqabağı iztirablarını yaşayaraq, ruhən ona qovuşmağa çalışırdı. Hətta bəzi radikal təriqətlərdə rahiblər İsanın edam günlərində başlarına tikanlı tac qoyur, özlərini çarmıxa çəkdirir, ovuclarını mismarla deşdirirdilər. Və bütün bu fiziki əzab və iztirablardan mənəvi həzz alırdılar.

Yenə də təkrar edirəm ki, burda əsas məsələ bədənə məhz fiziki iztirab verilməyindədi. Bu praktikalar həm təklikdə, həm də kütləvi şəkildə həyata keçirilirdi və ölənlər də çox olurdu ki, əksər ruhanilər dindarlar belə situasiyada dünyasını dəyişənlərə qibtəylə baxırdılar, onların birbaşa cənnətə düşəcəyini xəyal edirdilər.

Müsəlman Şərqində isə bu detal qətiyyətlə inkar olunub. Biz haqqında əvvəl söz açdığımız və bundan sonra da ətraflı bəhs edəcəyimiz “Riyazət” təcrübələri barədə danışarkən, bu məqam çox önəm kəsb etmiş olur. Kənardan elə görünə bilər ki, Şərqdəki “riyazət” də talibə, salikə eyni dərəcədə fizioloji iztirab vermiş olur. Lakin belə deyil, Şərqdə insana fiziki ziyan yetirə bilən istənilən mistik təcrübələr batil və günah elan olunub. Hər bir talib, salik öz riyazətinin həddini mürşidinin köməyi ilə şəxsən özü müəyyən etməliydi. Günlərlə xəlvətə çəkilmək, uzun gecə namazları, sonsuz zikrlər, qidadan müvəqqəti imtina və sair bu cür praktikalar yalnız orqanizmin dözə biləcəyi həddə həyata keçirilirdi.

Hətta talib, salik bu təcrübələrdə ifrata varanda, mürşid onu geri çəkir, ifrata varmaqdan çəkindirirdi. (Səfiədinin təkyəyə gələndən sonrakı günlərində bunu müşahidə edəcəyik.)

Üçüncü məqam isə, qəribə də görünsə, əmək fəaliyyətilə bağlı olub.

Xristian monastırlarının əksəriyyətində rahiblərin fiziki əməklə məşğul olmağı praktikası qeydə alınmayıb. Yalnız bəzi monastırların tərkibindəki kitabxanalarda dini kitabların üzünün köçürülməyi, müxtəlif dini antologiyaların hazırlanmağı və sair bu kimi nəşriyyat-poliqrafiya işləri həyata keçirilib.

Rahiblərin əksər günü isə yalnız ibadət və itaətlə keçərdi. Monastırların maddi təminatı isə onlara vəqf olunan torpaqlardakı kəndlilərin verdiyi natural vergilər hesabına ödənilirdi.

Lakin müsəlman Şərqindəki təkyələrin çoxunda müridlərin, taliblərin aktiv fəaliyyətlə məşğul olduğu barədə çoxsyalı məlumatlar var. Konkret olaraq, Səfiəddinin məskunlaşdığı Xəlvətiyyədə, müridlərin təsərrüfatla məşğul olduqları və öz gündəlik tələbatlarını öz zəhmətlərilə ödədikləri barədə çoxlu rəvayətlər qeydə alınıb.

Təkyənin Vəqf torpaqlarından gələn gəlir və müxtəlif nəzir-niyazlar isə yenə də fəqir-füqəraya, ehtiyacı olanlara paylanılırdı.

Qısası, Orta əsr Avropasında geniş maliyyə əməliyyatlarıyla məşğul olan varlı Tampliyerlərdən, az qala bir dövlət idarə edə biləcək qədər büdcələri olan Yezuyitlərdən və bu kimi təriqət, orden, monastır şəbəkələrindən fərqli olaraq, Şərq sufi-irfan ocaqlarının heç  vaxt gözqamaşdıran xəzinələri, böyük var-dövlətləri olmayıb.

Məhz bu səbəbdən də özlərinə nifrət qazanmayıblar. Və Şərqdə heç vaxt bu mənəviyyat ocaqlarına qarşı yönələn geniş xalq hərəkatları olmayıb. Avropada isə olub və hal-hazırda xristianlığın üçüncü böyük qolunu təşkil edən Protestantlığın XVI əsrdə yaranması da əslində, təkcə Martin Lüterin fəaliyyəti ilə bağlı deyildi. O, yarıac-yarıtox xalqın fonunda harınlamış katolik kilsə və monastırlarının dəbdəbəsinə, zənginliyinə qarşı xalqda yaranan nifrət hissini bir axına gətirə bildi və “Böyük fahişə” adlandırdığı Roma katolik kilsəsinə qarşı üsyana rəvac vermiş oldu.

Mövzumuzdan yayınmayaq.

Beləcə, Səfiədinin Gilana gəlməsi və Şeyx Zahid Gilaninin mürşidlik etdiyi Xəlvətiyyə təkəsində məskunlaşmasından sonra baş verən hadisələrə, hekayət və rəvayətlərə keçməmişdən əvvəl üç əsas məqamı özümüz üçün aydınlaşdırmış olduq.

Birincisi, təkyələrdəki müridlər istənilən vaxtda istədikləri xanımla nikaha girə bilərdilər və öz zövcələrini yerləşdirməkçün hər şərait yaradılırdı.

İkincisi, müridlər xristian rahibləri kimi parazitik həyat sürmürdülər, gündəlik əmək fəaliyyətilə məşğul olurdular.

Üçüncüsü nəfsi tərbiyə eləməkçün ən qatı riyazətlə məşğul olsalar da, heç vaxt orqanizmin dözə biləcəyi həddi keçmirdilər, çünki bu ən böyük günah hesab olunurdu.

Beləcə, əsas demək istədiyimiz fikrin üstünə gəlib çıxırıq – müsəlman Şərqində xristian Avropasından fərqli olaraq, əksər mənəvi yüksəliş üsullarında, təriqətlərdə insanın təbii ehtiyacları, təbii yaşamı ilə uyğun gəlməyən məqamlar, bir sözlə, “ifratçılıq” yolverilməz hesab olunub (Əlbəttə, azsaylı radikal təriqətləri çıxmaq şərtilə).

Hətta bir çox İrşad evlərində ən bəyənilən hal, “Şeyx Səfi təzkirəsi”ndə yazıldığı kimi, “batin ilən xəlvətdə, zahir ilən xidmətdə” olmaq idi ki, bu zaman talib ildə bir dəfə təkyəyə gəlib qırx gün xəlvətə çəkilib çilə çıxardandan sonra, öz adi həyatına qayıdır, zahirən hamı kimi yaşayır işləyir, lakin batində öz mistik təcrübələrini davam etdirirdi. Hətta Şərqdə belə bir deyim var ki, “ən böyük irfan sahibi heç kimin tanımadığı arifdir”. Yəni ətrafda heç kim bilmir ki, bu insan daxilən xəlvətdədir, xususi mistik praktikaları təcrübədən keçirdir və irfan pillələriylə üzü işığa addımlayır. Bunu yalnız özü və mürşidi bilir…

Dar-ül-İrşad

Budur, artıq gənc Səfiəddin Şeyx Zahid Gilaninin təkyəsində məskunlaşdı və öz mənəvi yüksəliş yolunda yeni bir mərhələyə qədəm qoymuş oldu. Məlum dörd mərhələnin (şəriət, təriqət, mərifət, həqiqət) birincisindən keçib ikincisinə adladı. Yol (təriq) məhz buradan başlayır. Və bu yolda onun Şeyx Zahid kimi yolgöstərəni var idi.  Deməli artıq şübhə və sapmalardan ehtiyat etməyə lüzum yox idi…

Faktlara qayıdaq. Budur, Səfiəddin artıq içindəki bütün tərəddüd və şübhələrdən qurtulur, öz mürşidini tapıb mənəvi yüksəliş yoluyla daha arxayın addımlamağa başlayır. Bəs konkret hansı işlər görür? Rəvayətlərdə bu xüsusda nə yazılıb?

“Şeyx Səfi təzkirəsi”nə diqqət edək.

“Və Səfiəddin qatı riyazətlər çəkməkdən usanmaz idi və adəti böylə idi kim, hər yedi gündə bir qatla orucun açar idi. Ama hər gecə barmağını suya bulaşdırıb ağzına qoyar idi, məqsud bu idi kim, orucu batil olmaya…”

Səfiəddinin əvvəlki dövrləri haqqında danışarkən qeyd etmişdik ki, hələ mürşidini tapmadığına görə, nəfsi tərbiyələndirmək istiqamətində öz fərdi düşüncələrinə uyğun olaraq, qatı riyazət yolu tutmuşdu, yəni müəyyən qədər ifrata varmışdı.

Belə görünür ki, təkyədə məskunlaşandan sonra Səfiəddin hələ də həmin ağır riyazət metodikasını öz üzərində tədbiq etməkdəydi. Gündüzlər oruc tutaraq, itaət və ibadətlə məşğul olur, gecələr isə demək olar ki, yatmır, sübhəcən müxtəlif gecə namazları və zikrlərlə məşğul olur. Hətta rəvayətdə göründüyü kimi, axşamlar orucunu da şərti olaraq açır, amma demək olar ki, heç nə yemirdi.

Və ardınca oxuyuruq ki, bu ifrat riyazətin Səfiəddinin orqanizmi üçün zərərli ola biləcəyini düşünən Şeyx Zahid Gilani onun asketik ruhundakı həqiqət yanğısına bir qədər su çiləmək qərarına gəlir.

“Çün Həzrət Şeyx Zahid onı ol riyazətlərdən hikmət ilə aşağı endirib, öylə eylədi kim, həftədə bir dəfə yox, üç gündə bir dəfə, danlası (sonrası) iki gündə bir iftar edərdi…”

Səfiəddinin həmin dövrdə yaşadıqlarıyla bağlı daha bir maraqlı hekayət diqqətimi çəkdi.

“Və əsla mübarək arxasu və qaburğası yerə yetürməz idi və uyxunu öz-özünə haram eyləmiş idi, ol qayətədəkin kim, gecələr bir ağaca varur idi, və bir butağın üstündə oturur idi, ta kim düşmək qorxusundan uyumaya və sübhədək zikrlər eylər idi və gündüzlər balta ilən ip götürüb meşələrə varur idi  və odun qırıb iplə  bağlar, arxasuyca odun çəkər idi Şeyxin xəlvətxana buxarısıyçün və zaviyənin mətbəxi üçün…”

O dövrün türkcəsində yazılmış bu hekayətdən görünür ki, Səfiəddin gündüzlər xanəgahın mətbəxi üçün meşədən odun qırıb gətirir, gecələr isə yuxusuz qalaraq müxtəlif zikrlərlə məşğul olurdu. Və yuxuya getməməkçün bir ağaca çıxıb orada oturar və zikrlərini orda davam etdirərdi.

Bu hekayətdə şəxsən mənə maraqlı gələn incə bir nüans var.

Yuxusuzluğun insan psixikasına hansı formada müsbət və ya mənfi təsiri barədə danışmaq istəmirəm, çünki mövzudan kənara çıxmış olarıq, ümumiyyətlə, isə mütəmadi yuxusuz qalıb gecə zikrləriylə məşğul olmaq  həm müxtəlif dünya xalqlarının mistik təcrübələrində, həm də elə müsəlman Şərqində peyğəmbərin, imamların, övliyaların həyatında çox rast gəlinən hadisədir. Məqsədi barədə sonra geniş açıqlama verəcəyik.

Yuxarıdakı kiçik hekayətdəki nüans isə Səfiəddinin öz yuxusuyla mübarizə aparmaqçün tapdığı maraqlı bir detaldır. Bəli, əlbəttə ki, ağaca çıxmağını nəzərdə tuturam.

İlk baxışdan gülünc görünə bilər. Axı heç vaxt bir dərvişin, müridin, övliyanın ağaca çıxıb gecə zikrləri elədiyi barədə məlumata rast gəlməmişik. Hətta bu səhnəni öz təsəvvürümüzdə belə canlandıranda, adama qəribə gəlir.

Lakin məqsədə nail olmaqçün Səfiəddin tərəfindən seçilən bu hərəkət onun irrasional məqsədlərə  çatmaqçün lazım olanda rasional təfəkkür işlətmək qabiliyyətini göstərir.

Vəziyyəti geniş təsəvvür edək. Gündüzlər oruc ağızla çox işlədiyinə görə, axşam yorğunçuluğu şəraitində, yuxunu dəf eləmək təbii ki, müşkül məsələdir. Lakin nəfsini tərbiyələndirib,  orqanizmini öz ruhunun tam iradəsi altına gətirmək yolu tutan Səfiəddin yuxuya təslim olmaq istəmir. Bəs neynəməlidi? Deməli, elə bir üsul tapmalıdı ki, yuxu özü ona yaxın gəlməsin.

Və bundan sonra səhərəcən ağac budağı üstündə oturmaq qərarına gəlir. Niyə? Çünki gecə zikrləri zamanı ani də olsa, onu huş aparsa, müvazinəti itirəcək, yıxılmaq təhlükəsiylə üzləşəcək. Məhz həmin təhlükə anında beyin yenidən açılacaq, yuxu çəkiləcək. Beləcə, orqanizmin özünün gətirdiyi yuxu hissini dəf eləməkçün elə orqanizmin özünün təhlükə qarşısında ani oyanma reaksiyasından istifadə eləmiş olur. Başqa dillə desək, yıxılmaq təhlükəsi altında, orqanizm özünü daim oyaq (aktiv) saxlamağa məcbur olur.

(Qəribə də olsa, müasir dövrümüzdə, bu praktikanı şəxsən mən özüm bir çox sahələrdə müşahidə etmişəm. Misalçün, həm bizdə, həm də bir çox xarici ölkələrdə serial prodüserlərinin belə bir adəti var ki, reytinq agentliklərindən gələn məlumatı yaradıcı heyətə azaldılmış şəkildə deyirlər və onları həmişə bu hiss içində saxlayırlar ki, reytinq aşağıdır, serialın davam edib-etməyəcəyi sual altındadır, əgər reytinqləri qaldıra bilməsək, işimiz dayana bilər və sair.

Təbii ki, belə olan halda, öz işini itirmək təhlükəsini hiss edən aktyor, rejissor, operator və sairləri arxayınlıq, rahatlıq, tənbəllik hissini dəf eləməyə məcbur olur, onların yaradıcılıq enerjisi bu təhlükə qarşısında daha da aktivləşir, yeni ideyalar, yeni tapıntılar ortaya qoyur, işini daha da gözəl, daha da keyfiyyətli eləməyə çalışır.

Deməli, məhz təhlükə anı insanın ruhunun içində hansısa gizli qüvvələrin üzə çıxmasına səbəb olur ki, buna yüzlərlə başqa sübut da göstərə bilərəm, amma ehtiyac duymuram.)

Gənc Səfiəddin də eyni modeli istifadə edir, sadəcə onu məişət müstəvisindən çıxarıb, irfani müstəviyə gətirib çıxarır…

Daha bir maraqlı nüans. Bu dəfə gənc Səfiəddin bədənin ağrıya reaksiyasını dəf eləmək və ya ümumiyyətlə, orqanizmin kənar təsirlərə reaksiyasını keyitmək yollarını axtarır. (Niyə? Təkrar edirəm, bütün bu mənasız görünən təcrübələrin batini səbəblərinə əvvəlki fəsillərdə bir qədər toxunmuşuq, sonradan isə daha geniş izah etməyə çalışacağıq.)

Əlbəttə ki, ilk baxışdan insana elə gələ bilər ki, hissiyyatı keyitmək mümkün deyil. Amma Səfiəddin burda da rasional yolla düşünüb çıxış yolu tapır.

“Və böyləlik ilən neçə il riyazət çəkdi və bu qayətə yetdi kim, yenlərini ip ilə bərk bağlatdırardı kim, əli bərk olub qoynuna soxa bilməyə qaşımağa və cənavərlər kim, geyəsinə düşmüş ola, dəfin edə bilməyə, və nəfsini qədəğən etmək üçün bu qatı riyazətlər çəkərdi.

Mənzilə yetibdü ciddü-cəhd ilən çox övliya

Sən zəbunsan nəfsinə, necə yetərsən onlara?…”

Müasir dillə təsvir eləsək, belə məlum olur ki, Səfiəddin həyətdə, qarışqalar və başqa cücülər olan yerdə oturarmış, əllərini bərk sarıtdırarmış və zikrlərlə məşğul olarmış. Məqsəd də bu olub ki, bədəninə daraşan həşəratların onu sancmalarına əhəmiyyət vermədən zikrlərini davam etdirsin və nəticədə ümumiyyətlə, bədəni bu narahatlıqlara qəti reaksiya verməsin.

(Mətndə o dövrün türkcəsində işlənən “cənavər” sözü həşərat, cücü mənasını verir.)

Yenə də, əvvəlki hekayətdəki kimi adamın gözünün önünə ilk baxışdan gülməli görünən mənzərə gəlir. Budur, mürid qarışqaların içində oturub zikr edir, həşəratlar bədəninə daraşır, o isə buna əhəmiyyət vermədən zikrlərini davam edir…

Səfehlik kimi görünə bilən bu hərəkətin altında yenə də nəfsin riyazəti (məşqi) məqsədi güdən gündəlik təcrübələr dayanır. Və məhz bu riyazət məqamlarında Səfiəddinin tapdığı incə nüanslar onu həm Şeyx Zahidin, həm də başqa müridlərin gözündə qaldırırdı.

Başqa bir fraqment.

“Və əkin eyləyəndə heç kimlə ilən söyləşməyib, ixtilat etməzdi, bəlkə öz əhvalına, öz övqatına məşğul idi. Və daima gündüz oruc dutar və gecə namaz qılurdı və mücərrəd və yalquz ovqatun keçürərdi, həm ol haldadəkin ol bir kəpənək ilən və yunlu bir kömlək ilən gecə gündüz ömrün sərf edərdi və hər il mütəhər anası kim Səfiəddin üçün öz əgirdigündən kömlək, dülbənd düzəldib göndərür idi, Səfiəddin onları geyməyib fəqirlərə bağışlar idi, kəndi geyəsi ilən qənatə eylərdi…

Kisvəti qamusu təqvadan idi

Xirqəsi dopdolu mənadan idi.. “

Təsvirdən görünür ki, Səfiəddin əkin-biçin işləri və başqa işlər zamanı o biri müridlərə, dərvişlərə çox qaynayıb-qarışmazdı, bir qədər tənhalığa meyl eləyərdi, əynində elə köhnə sadə libaslar olardı,  anasının onunçün hər il tikib göndərdiyi paltarları da özü geyməzdi, təkyəyə gələn fəqirlərə, yetim-yesirlərə bağışlardı…   Mətndə gedən şeir parçasından göründüyü kimi, Səfiəddinin paltarı təqva ilə, xirqəsi məna ilə dolu idi….

Bir neçə il sonra, Şeyx Zahid Gilani gənc Səfiəddinin riyazət vasitəsilə müəyyən mənəvi yüksəlişlərə nail olduğunu görür və başa düşür ki, nəfsini tərbiyə eləməkdə o biri müridlərdən daha da irəli gedib.

İndi artıq riyazətin növbəti mərhələsinə başlamaq vaxtı varmışdı.

İlk mərhələni yavaş-yavaş başa vurmaqçün Şeyx Zahid dünyadan tam aralanmış Səfiəddini yenidən dünyaya tərəf gətizdirməyə başlayır. İstəyir ki, ağzına təzədən dad gəlsin, əyilən beli dikəlsin, çöhrəsinin rəngi qaydasına düşsün…

Qəribə bir addımdır. Deyilmi? Axı bütün irfan-təsəvvüf aləmində məqsəd saliki, talibi gidi dünya qeydindən aralamaqdır. Burda isə müəyyən mərhələdən sonra əksini görürük.  Bəs görəsən Şeyx Zahid Gilaninin bu qəribə hərəkətinin səbəbi nəydi?

Ardı var

KÖŞƏ YAZARLARI
TOP 10