Riyaziyyat müəlliməsinin etirafı

33 Baxış

Aygün TƏHMƏZ

(ixtisarla)

 

 Kim deyir ki, həyatı

sıfırdan başlamışam?

Bəlkə də bundan qabaq

yüz ömür yaşamışam?!

 

Doğuldum ədədlərlə,

yaşım oldu öncə bir.

Yaş üstə yaş gəldikcə

ədədlər artdı bir-bir.

 

Ədədlər çəkdi məni —

çəkdikcə yüküm artdı.

Mən irəli getdikcə

səhvlərim geri dartdı.

 

Həvəsim tükənmədi…

Anladım ki, deyəsən,

Ədədlər aləminin

qonağı deyiləm mən.

 

Çox ədədlər saydım, çox…

Cəhd edərək topladım

Hərdən də çıx-daş edib,

bir nəticə almadım.

 

Ədədləri vuranda

həyat da məni vurdu.

Qüvvətlər yüksəldikcə

xəyallar geri durdu.

 

Nə çox ədədlər ki var,

kökdən ala bilmişəm.

Bəzən də kökə salıb,

özüm kökdən düşmüşəm.

 

Ədədli pəncərəmdən

boylananda dünənə.

Dünənləri unudub

söykənirəm bu günə.

 

Özümü “mənfi” bilib

çox gözümdən düşmüşəm

Mənə baxan gözlərdə

“müsbət”imi görmüşəm

 

 

 

Yarımçıq arzularla

kəsrə döndü həyatım.

Surət —bu mən özüməm,

məxrəc — sonsuz xəyalım.

 

Gözüm yaşla dolanda

silsiləyə döndü yaş.

Ağlım “ağılam” deyib,

ürəyə əymədi baş.

 

Bir azca ürəklənib

limitə yaxınlaşdım.

Çox düşünüb dururam-

yoxsa hədləri aşdım.

 

Həyat nərdivanını

gah qalxdım, gah da endim.

Bax belə qalxıb-düşüb

funksiyaya çevrildim.

 

Yaşayaraq öyrəndim

100% olmur həyat.

Tanrının hikməti çox:

bir az sev, bir az yarat.

*

Ədədlər aləmində

çoxdan azıb qalmışam.

Özümü bu aləmin

şahzadəsi sanmışam.

 

Kim deyir ki, həyatı

sıfırdan başlamışam?

Zaman keçib mən isə

sıfırda dayanmışam.

 

P.S.  Bəzən həyatı sıfırdan başlamaq lazım gəlir. Deməli, həyat qarşımızdadır.

 

 

Bölmə : Poeziya, Ədəbiyyat
KÖŞƏ YAZARLARI
TOP 10