Rocer Malvinin dəfni (novella) – Nataniel Hotorn

14 Baxış

Без названия

Hind müharibəsində baş vermiş hadisələrdən biri – 1725-ci ildə sərhədlərin müdafiəsi üçün həyata keçirilən bu səfər yaxşı xatırlanan “Lovell” döyüşü  ilə nəticələndi. Mümkün vəziyyətləri ehtiyatla qəlibləyib təsəvvür etmək, düşmən ölkənin düz ürəyində özünün iki qatı ilə vuruşmuş kiçik bir dəstənin qəhrəmanlığına heyran olmaq üçün çox görünə bilər. Hər iki tərəfin nümayiş etdirdiyi cəsarət sivil ideyalara uyğun idi və şövqün özü bir-iki insanın əməllərini qeydə almağa utanmırdı. Döyüşənlər üçün olduqca ölümcül olmasına baxmayaraq, döyüş ölkə üçün o qədər də uğursuz olmadı; insanların əzmini qırdı və illərlə davam edən sülh yaratdı. Tarix və ənənə onların bu hadisə ilə bağlı xatirələrində qeyri-adi dərəcədə qısa zaman anıdır; sərhədçilərin kəşfiyyat partiyasının başçısı minlərlə insanın qalib lideri kimi hərbi məşhurluq əldə etdi. Əhvalatlardan bəziləri aşağıdakı səhifələrdə, xüsusilə, “Lovell” döyüşündə geri çəkilmək vəziyyətində qalan bir neçə insanın taleyi uydurma adlarla əvəzlənməsinə baxmayaraq, yaşlı insanların dilindən eşidildiyi kimi xatırlanacaq.

İlk günəş şüalarının xoşbəxtcəsinə üzərində dolaşdığı ağacın altında dünən gecədən iki yorğun və yaralı kişi ayaqlarını uzadıb yatmışdı. Quru palıd yarpaqlarından olan yataqları kiçik çökəklikdə, qayanın dibində sərilmişdi. Qranit kütləsi özünün hamar səthi ilə onların başı üzərində 15-20 fut yüksəklikdə, üstündə unudulmuş simvollarla yazılmış yazı olan nəhəng qəbir daşı kimi durmuşdu. Bu qayanın ətrafında, bir neçə akrlıq cığırda palıd və başqa iri gövdəli ağaclar küknarlara da yer saxlamışdı, sağlam və gənc ağac isə səyahətçilərin lap yaxınlığında bitmişdi.

Nisbətən yaşlı kişinin ağır yarası, deyəsən, onu yuxusuz qoymuşdu; tezliklə günəşin ilk şüası ən hündür ağacın təpəsində dincəldi, o, inildəyərək yerə sərilmiş gövdəsini qaldırıb oturdu. Üzünün dərin qırışları, boz saçları onu orta yaşlarını keçmiş kimi göstərirdi, amma əzələli bədəni canıbərk olduğu vaxtlardakı kimi yarasının ağrısına, uzun sürən yorğunluğa dözməyə qadir idi. Əzginlik, tükənmişlik indi cılız bədəninə hakim kəsilmişdi, meşənin dərinliklərində ilişib qalmış ümidsiz baxışı əvvəl-axır ziyarət edəcəyi inancını təsdiqləyirdi.

Gözlərini yanında yatmış yoldaşına çevirdi. Demək olar, yetkinlik yaşına çatmış gənc başını qolunun üzərinə qoyaraq narahat yuxuya getmişdi, yarasındakı ağrı həyəcanı hər an yuxusunu poza bilərdi. Sağ əli özünü təhlükədən qorumaq üçün tüfəngi qamarlamışdı, yuxuları yaşadığı çətinlikləri geri gətirirdi, həmin döyüşdə sağ qalan tək-tük adamlardan biriydi. Yuxusundakı möhkəm qışqırıq dodağının altında anlaşılmaz mızıltıya çevrildi və öz səsinə yuxudan oyandı. Yaddaşın dirçəlməsinin ilk əlaməti əsəbiliklə öz yaralı yoldaşına suallar vermək oldu. Yoldaşı başını yellədi:

– Ruben, oğlum, – dedi, – altında oturduğumuz bu qaya qoca ovçunun qəbir daşı olacaq. Bu böyük, vahiməli çöllükdə bizdən əvvəl də çoxlu qəbirlər olub; əgər öz bacamın tüstüsü olsaydı, bəlkə mənə köməyi dəyərdi, amma digər tərəfdən də bu torpaq var. Hind gülləsi fikirləşdiyimdən daha ölümcül idi.

– Üç günlük səyahətimiz səni çox yorub, – gənc cavab verdi, – Bir az istirahət səni özünə gətirəcək. Burda otur, otları və kökləri bişirmək üçün odun axtaracam, bizim yeməyimiz olacaq, yeyəndən sonra mənə söykənəcəksən və üzü evə tərəf gedəcəyik. Şübhə etmirəm ki, mənim köməyimlə sərhədçi qarnizonunda ola bilərsən.

– Heç iki günlük ömrüm qalmayıb, Ruben, – yaşlı kişi sakitcə dedi, – daha lazımsız bədənimlə səni yükləməyəcəm, onsuz da özününkünü güclə daşıyırsan. Yaraların çox dərindir, gücün getdikcə tükənir. Əgər irəli təklikdə tələssən, sağ qala bilərsən. Mənim üçün ümid yoxdur, burda ölümü gözləyəcəm.

– Əgər belə olmalıdırsa, mən də qalacam və səninlə birlikdə gözləyəcəm, – Ruben qətiyyətlə dedi.

– Yox, oğlum, yox, – həmsöhbəti yenə etiraz etdi, – İcazə ver, ölüm ayağında olan bu kişinin arzusu həyata keçsin, əlini mənə ver və burdan get. Bir düşün, son anlarım öz fikirlərimlə baş-başa qalanda daha asan keçəcək, yoxsa istəyirsən, ölümüm uzun çəksin? Səni ata sevgisi ilə sevdim, Ruben, indi atalıq haqqım olaraq deyəcək sözüm var. Səndən getməyini istəyirəm, qoy sakit ölüm.

– Mənə ata oldun deyəmi səni burda məhv etməli, kimsəsiz çöllükdə basdırmadan getməliyəm? – gənc əzabla soruşdu, – Əgər ölümün yaxınlaşırsa, yanında olacam və son sözlərini dinləyəcəm. Əgər gücsüzlüyümün öhdəsindən gələ bilsəm, sənə burda, qayanın yanında qəbir qazacam, birlikdə dincələcəyik, ya da əgər göylər mənə güc versə, evimin yolunu axtaracam.

– Şəhərlərdə, insanlar yaşayan hər yerdə, – kişi cavab verdi, – onlar ölülərini basdırır, ölüləri göz önündən gizlədirlər; amma burda, bəlkə yüz ildir insan ayağı dəyməyən yerdə,  payız küləyinin palıd yarpaqları ilə örtdüyü yerdə, açıq səmanın altında istirahət edə bilmərəm? Başdaşı üçün bu boz qaya var, can verən əlimlə üzərində “Rocer Malvin” adını yaza bilərəm. Bura gələcək səyahətçilər biləcəklər ki, burda ovçu və döyüşçü yatır. Yubanma, axmaqlıq etmə, getməyə tələs, özün üçün etmirsənsə, tək qoyacağın o qadının xətrinə et.

Malvin özünün son sözlərini zəif səslə deyirdi, bu sözlərin yoldaşının üzərindəki təsiri hiss olunacaq dərəcədə güclü idi. Sözlər ona xatırladırdı ki, ölümü heç bir fayda verməyəcək insanın taleyini bölüşməkdən daha vacib şeylər var, öhdəliklər kimi. Heç şübhəsiz, Ruben xudbin hislərin qəlbinə girməsinə yol vermədi, baxmayaraq ki, yoldaşını anlaması üçün onun xahişini rədd etməyə məcbur buraxdı.

- Bu tənha yerdə asta-asta gələn ölümü gözləmək necə də dəhşətlidir, – o dedi, – Cəsur kişi döyüşdə geri çəkilmir, dostların yatağının başına yığışanda qadınlar belə sakit ölə bilər, amma burda…

– Geri çəkilməyəcəm, hətta burda da, Ruben Born, – Malvin dedi, – Mən ürəksiz adam deyiləm, əgər olsaydım, dünyəvi dostlarımdan daha çox kömək görərdim. Cavansan və həyat sənin üçün qiymətlidir. Son anlarında rahatlığa məndən daha çox ehtiyacın olacaq. Məni tək-tənha torpağın üstünə uzadanda, meşədə gecə düşməyə başlayanda ölümün indi görünməyən xoşagəlməz acılığını hiss edəcəksən. Xeyirxah qəlbinə öz eqoist səbəblərimi yeritməyəcəm. Mənim xətrimə, məni tək burax; onda dünyanın dərd-qəminin artıq narahat edə bilməyəcəyi ruhuma yer tapa biləcəyəm.

– Və sənin qızın! Onun gözlərinə baxmağa necə cəsarət edə bilərəm? – Ruben az qala ağlayaraq dedi, – O, qorumağa söz verdiyim atasını soruşacaq. Ona deyəcəm ki, döyüş meydanından qurtulub, üç gün yol getdik və sonra atanı kimsəsiz çöllükdə məhv olsun deyə tərk etdim? Sənin yanında uzanıb ölmək təhlükəsiz həyata qayıdıb, bu sözləri Dorkasa deməkdən daha yaxşı deyilmi?

– Qızıma de ki, özünün dərin yaralanmağına, yorğunluğuna, zəifliyinə baxmayaraq, axsayan addımlarıma minlərlə mil qət etməyə kömək etdin, istəmirdim ki, mənim qəlbimin üstündə sənin qanın axsın. Ona de ki, əzablara, təhlükəyə baxmayaraq sədaqətli idin. Əgər həyatımı qanın xilas edəcək olsaydı, o qan son damlasına qədər bədənimə yerimişdi. Ona de ki, atadan daha əziz olacaqsan, xeyir-duam sizinlədir. Və can verən gözlərim ikinizin gedəcəyi uzun və rahat bir yol görə bilir.

Malvin danışdıqca, az qala, özünü yerdən qaldırdı, son sözləri vəhşi və tənha meşəni sanki xoşbəxtliklə doldurdu. Amma əzgin halda palıd yarpaqlı yatağına oturanda Rubenin gözünü qamaşdıran işıq da yox oldu. Ona elə gəldi ki, belə anda xoşbəxtlik hiss etmək həm günah, həm də çox axmaq hərəkətdir. Yoldaşı onun dəyişən üzünə baxdı, mərhəmət dolu baxışla ona kömək etmək üçün yol axtardı.

- Bəlkə yaşamalı olduğum kiçik zamanla özümü aldadıram, – fikirləşdi, – Əgər  yaralarımı sağalda bilsəm, bu, ən sürətli və ən yaxşı kömək olacaq. Ən təhlükəli fərarilər sərhədçilərə ölüm saçan döyüş meydanından xəbərlər çatdırırdı, qarşı tərəf də bizim vəziyyətimizdə olanların köməyinə qaçırdı. Onların biri ilə görüşüb, bələdçilik etsən, kim bilir, bəlkə də yenidən öz evimdə, sobamın yanında otura bilərəm?

Rubendə heç bir təsir oyatmayan boş ümid eyhamı gördükcə ölüm ayağında olan qoca kişinin üzündən kədərli təbəssüm keçdi. Nə özünün xudbin səbəbləri, nə də tənhalığa məhkum Dorkasın vəziyyəti yoldaşını saxlamaq üçün inandırıcı olmadı. Amma arzuları fikirlərinin arasından çiçəklənməyə başladı; “bəlkə Malvinin həyatı xilas oldu”, onun optimist təbiəti, demək olar ki, əminliyə, çətinliklə başa gələn insan köməyinin uzaq ehtimalına qədər çatdı, gücləndi.

– Əminəm ki, dostların uzaqda olmamasını ümid etməyə kifayət qədər ciddi səbəb var, – o, öz-özünə danışırmış kimi dedi, – Döyüş təzə başlayanda bir qorxaq heç yaralanmamış qaçdı, bacardığı qədər möhkəm qaçdı. İstənilən əsl kişi onun silahını daşıya bilərdi; nəzərə alsaq ki, onlar meşənin dərinliyinə qaçırdılar, bəlkə onlarla qarşılaşa bilərəm.

- Mənə ədalətlə məsləhət ver, – o əlavə etdi, öz səbəblərinə inanmadığı üçün Malvinə tərəf çevrildi, – Sənin vəziyyətində olsaydım, həyat məni tərk etməmiş sən tərk edərdin?

 Rocer Malvin (bu iki hadisə arasındakı nəhəng uyğunsuzluğu gizli qəbul edərək) ah çəkdi və cavab verdi:

– Montreal yaxınlığındakı hind əsirliyindən qaçdığım vaxtdan 20 il keçir. Aclıq və yorğunluğun öhdəsindən gələnə qədər meşələrin içi ilə yol getdik. Dostum yerə sərildi və yalvardı ki, onu atıb gedim; bilirdi ki, qalsam ikimiz də məhv olacağıq. Kömək əldə etmək ümidi ilə quru yarpaqları başının altında yastıq kimi topaladım və tələsdim.

– Bəs onu xilas etməyə vaxtında çata bildin? – Ruber Malvinin sözünü kəsərək soruşdu, guya onlar öz uğurları üçün peyğəmbərlik edirdilər.

– Çatdım, digəri cavab verdi, həmin gün günəş batmazdan əvvəl ov qonaqlığına gəldim. Onları dostumun ölümü gözlədiyi yerə apardım. O, indi sağlam və qüvvətli halda cəbhədən uzaq olan öz fermasının başında durur, mənsə yaralı halda çölün ortasında uzanıb qalmışam.

Bu misal Rubenə qalan bütün səbəblərdən daha çox təsir edərək qərar verməsinə kömək etdi. Rocer başa düşdü ki, qələbə yaxındadır:

- İndi get, oğlum, göylər yolunu açıq etsin. Dostlarınla görüşəndə görsən ki, yaraların, yorğunluğun güc gəlir, geri qayıtma. Onların iki-üçünü məni axtarmaq üçün göndər. İnan mənə, Ruben, evə doğru atdığın hər addım qəlbimi daha da sakitləşdirəcək. O, belə danışdıqca səsi və üzü dəyişirdi. Amma hər şeydən əvvəl bu, onun lənətə gəlmiş alın yazısı idi, canını bu çöllükdə tapşırmalı idi.

Ruben Born doğru hərəkət etdiyinə yarı əmin halda ayağa qalxdı və hazırlığa başladı. Malvinin arzusunun əksinə olaraq son iki gündə onların tək yeməyi olan otlar və köklərdən bir dəstə topladı. Bu faydasız yeməyi ölən adamın əlinin altına qoydu, quru palıd yarpaqlarından təzə yataq da düzəltdi. Sonra qayanın kələ-kötür tərəfindən təpəsinə dırmaşdı, cavan palıd ağacını aşağı əydi və əl dəsmalını ən hündür budağına bağladı. Bu ehtiyat tədbiri Malvini axtarmağa gələnlər üçün vacib idi; qayanın geniş və hamar ön tərəfindən başqa hər yerdən bu dəsmal görünürdü, ön tərəfi isə aşağıdan sıx meşə əhatə etmişdi. Dəsmal Rubenin yarasından açılmışdı. Dəsmalı ağaca bağladı. Qolundakı qurumuş qanı görəndə özünə söz verdi ki, qayıdacaq, ya dostunu xilas etməyə, ya da öz bədənini qəbrə qoymağa. Sonra aşağı düşdü, yazıq baxışlarını yerə dikərək Malvinin ayrılıq sözlərini dinləmək üçün dayandı.

Sonuncu təcrübəsini və gəncin cığırsız meşədə uzun yol gedəcəyini nəzərə alaraq qoca qısa danışdı. Bu mövzudan sakit və ciddi şəkildə söz açdı, sanki Rubeni cəbhəyə, yaxud ova göndərirdi, özü isə evdə, rahat, təhlükəsiz yerdə otururdu, sanki onu tərk etmək üzrə olan bu insan üzü görəcəyi son üz deyildi. Amma qətiyyətli səsi sözünü bitirməzdən əvvəl titrədi:

- Xeyir-duamı Dorkasa çatdır, son duam sizinlə olacaq. İcazə vermə, məni tərk etmisən deyə, pis fikrə düşsün.

Bu an Rubenin ürəyi sancdı.

- Atasına görə bir az qaşqabağını salladıqdan sonra səninlə evlənəcək. Göylər səni uzun və xoşbəxt günlərlə mükafatlandıracaq. Qoy ölüm döşəyinin başında nəvələrin dayansın.

– Ruben, – o dedi, – ölüm zəifliyi öz işini görməyə başlayır, yaraların sağalanda, yorğunluğun bədənindən çıxanda bu vəhşi qayaya qayıt, sümüklərimi qəbrə qoy və mənim üçün dua et.

Həm ölülərlə, həm də dirilərlə müharibə edən hindlərin mədəniyyətindən gələn batil inanclara hörmət sərhəddə yaşayan sakinlər tərəfindən bağışlanma ayini vasitəsilə artıqlaması ilə ödənilirdi; “çöllüyün qılıncı” tərəfindən öldürülənlərin dəfn olunması ilə əlaqədar çoxlu nümunələr də var idi. Ruben bundan sonra verdiyi qayıtmaq və Malvini dəfn etmək sözünün üstündə durmağın nə qədər vacib olduğunu hiss etdi. Rocer ürəyini boşaltdıqdan sonra gənci inandırmaq üçün daha heç bir cəhd etmədi. Çünki ən kiçik kömək belə həyatını xilas edə bilərdi. Ruben öz içində artıq inanmışdı ki, Roceri bir də canlı görməyəcək. Alicənab təbiəti ölüm səhnəsi bitənə qədər məmnuniyyətlə onu gecikdirərdi, amma yaşamaq arzusu, xoşbəxtlik ümidi ürəyində gücləndi və bunun qarşısını ala bilmədi.

– Bəsdir, – Rubenin sözlərini dinlədikdən sonra Rocer Malvin dedi, – get, Allah qüvvət versin!

Gənc sakit halda onun əlini sıxdı, çevrildi və yola düşməyə hazırlaşdı. Arxasınca sürüdüyü ayaqları bir az dözmüşdü ki, Rocerin zəif səsi onu geri çağırdı:

– Ruben, Ruben.

Ruben geri qayıdıb, ölüm ayağında olan qocanın yanında yerə çökdü.

– Məni qaldır və arxası qayaya tərəf uzandır. Onda üzüm evə sarı olacaq, ağacların arasından keçəndə səni bir az çox görə bilərəm.

Ruben yoldaşının arzusunu yerinə yetirdi və tənha səyahətinə davam etdi. Əvvəlcə öz gücünə uyuşmayan cəldliklə tələsməyə başladı, günaha bənzər bir hiss (bəzən ən ədalətli hərəkətləri belə kişilərə əzab verir) onu Malvinin gözlərindən qaçıb gizlənməyə məcbur etdi. Amma ayağının altında xışıldayan quru yarpaqların üzəri ilə bir az gəzdikdən sonra vəhşi və ağrılı bir qəddarlıq onu çulğadı, yaxınlıqdakı ağacın köklərinə sığınıb, tənhalığa məhkum olmuş qocaya baxdı. Səhər səması buludsuz idi, ağaclar və kollar may ayının şirin qoxusunu ətrafa yayırdı. Təbiətin üzü kədərli və tutqun idi, sanki o da ölüm əzabını hiss edirdi. Rocer Malvinin əlləri sidq-ürəkdən gələn dua üçün xoşbəxtcəsinə göyə doğru açıldı, duasının bir hissəsini meşənin sakitliyi udaraq qarşısıalınmaz ağrı ilə birgə Rubenin qəlbinə gətirdi. Bu sözlər özünün və Dorkasın xoşbəxtliyi üçün Tanrıya edilən qırılmış dualar idi. Gənc eşidirdi ki, vicdan və ya buna bənzər bir şey ona qayıtması, qayanın yanında uzanması üçün ona yalvarır. Hiss edirdi ki, mərhəmətli, alicənab insanın ölümü necə də çətindir, xüsusilə, belə şəraitdə yalnızlığa düçar olmuş insanın. Ölüm ona tərəf ruh kimi, sakit gəlir, yavaş-yavaş yaxınlaşırdı. Daha bir qürub görmək ümidi ilə ölümü yubadarkən beləsi öz qisməti olmalı idi. Əgər belə fədakarlıqdan boyun qaçırsa, kim onu günahkar kimi ittiham edəcək?  Son dəfə yoldaşına baxarkən cavan palıd ağacının üzərindən sərin külək əsdi və Rubenə verdiyi sözü xatırlatdı…

Ardı: “Ustad” jurnalının 14-cü sayında.

Tərcümə: Humay Hüseynli

KÖŞƏ YAZARLARI
TOP 10