Roma Papasından azərbaycanlı heykəltəraşa təşəkkür məktubu

7 Baxış

Senet.az saytının APA-dan əldə etdiyi məlumata görə, Roma Papası Fransisk onun heykəl-portretini hazırlayan azərbaycanlı heykəltəraş Zeynalabdin İsgəndərova təşəkkür məktubu göndərib.

Bu barədə heykəltəraş özü məlumat verib. O deyib ki, Roma Papası məktubda hədiyyədən məmnunluğunu bildirib.

Heykəltəraşın sözlərinə görə, heykəl-portret bu ilin yayında Vatikan Mədəniyyət Nazirliyinin dəstəyi ilə Romada hazırlanıb: “Roma Papasının mədəniyyət məsələləri üzrə nümayəndəsi, monsinyor Sançez de Toka Alameyde heykəli hazırlamağı xahiş etmişdi. Roma Rəssamlıq Akademiyasının prezidenti Alfio Monjelli mənə Romada şərait yaratdı və mən Papanın heykəlini hazırladım. Roma Papası əsəri bəyəndi. O, məni qəbul etmək istəyirdi. Sadəcə, vizam bitdiyindən, həm də Papa Ermənistana səfərə getdiyi üçün məni qəbul edə bilmədi. Bu yaxınlarda Roma Papası heykələ görə mənə Vatikandan təşəkkür məktubu göndərib. Təşəkkür məktubu ispan dilində yazılıb ki, heç bir şübhə qalmasın”.