Roman janrı – yeni texnologiyalar, yeni poetik xüsusiyyətlər – Nərgiz Cabbarlı

34 Baxış

photo_1915

Son illərdə yaşanan roman bumu artıq əvvəlki intensivliyi ilə davam etməsə də, digər janrlarla müqayisədə ona maraq yenə də hissedilən dərəcədədir.

Statistik göstəricilərə nəzər salınarsa, ötən il “Azərbaycan” jurnalında və kitab halında bir çox romanlar dərc edildi ki, bunların əksəriyyəti öz bədii dəyəri baxımından roman janrının inkişafı istiqamətində atılmış əhəmiyyətli addımlar, əldə edilmiş böyük nəticələr kimi qiymətləndirilə bilər. Çünki yaradılan nümunələrin əksəriyyəti müəlliflərin yazıçı həmkarları tərəfindən adlandırıldığı kimi “hadisə” olmasa da, fərqli yaradıcılıq eksperimentləri, həm də profesionalcasına edilmiş eksperimentlər kimi yadda qaldı. Bundan başqa, nəzər saldığımız nümunələr o qədər spesifik xüsusiyyətlərə malikdir ki, onların əsasında roman janrının əldə etdiyi keyfiyyət dəyişikliklərini, texnoloji baxımdın qazanılan yenilikləri, poetik dəyişimi müşahidə etmək və ümumiləşdirmələr aparmaq mümkündür. Bu əsərlər roman janrının təkamülündə əldə edilən ümumi xüsusiyyətlərin mövcudluğunu artıq meydana qoya bilir.

Ötən il dərc edilən romanlar arasında “Azərbaycan” jurnalında çap olunmuş əsərlərin – Mübariz Cəfərlinin “Nur”, Alpay Azərin “Həyat epiqrizi”, Hüseynbala Mirələmovun “Qazi Bürhanəddin səltənətinin süqutu” romanları, nəşrlərdən Sabir Rüstəmxanlının “Akademikin son əsəri”, Şərif Ağayarın “Arzularımdan sonrakı şəhər”, Zahid Sarıtorpağın üç romanı – “Dərdin sarı çəpkəni”, “Kül”, “Qarğa marşrutu” romanlarının dərc edildiyi “Dərdin sarı çəpkəni” və Yunus Oğuzun “Atabəy Eldəniz” kitablarının  adlarını qeyd edə bilərik.

Bu əsərlərlə ötən illərdə dərc edilən romanlar arasında müəyyən analoji müqayisələr apardıqda çox maraqlı nəticələrə gələ bilirik.

Faktlara əsasən qeyd etmək olar ki, tarixi roman janrına yenə də diqqət ön planda oldu. Və yenə də tarix yalnız tarixi roman janrında deyil, müasir romanda da aparıcı və müəllif məramının reallaşdırılması üçün istiqamətverici fon – funksiya rolunu oynadı. Amma bu ağır, məsuliyyətli istiqamətdə uğurlu nəticələr müşahidə edilmədi. Daha dorğrusu, yaradılan əsərlər (bu mənada adını artıq qeyd etdiyim iki əsəri xatırlaya bilərik – “Şəmsəddin Eldəniz” və “Qazi Bürhanəddin səltənətinin süqutu”) sadəcə, tarixi faktların sadalanması, təkrarlanması, müəyyən talelər fonunda qabardılması ilə – həm də müəyyən mənada, bəsit bir dil-üslub aparıcılığı anlamında – seçildi. Başqa bir fərqləndirici xüsusiyyəti ilə yadda qalmadı.

Digər əsərlər əsasında gəldiyimiz qənaət isə belədir: yenə də ənənəvi roman texnologiyasının dağılması, yenidən qurulması, rekonstruksiya edilməsi prosesi aparıldı ki, burada həcm etibarilə kiçilmə, struktur etibarilə sadələşmə, problemə, qəhrəmana, süjetə, situasiyaya və s. yanaşmada qloballıqdan lokallığa eniş yenə də müşahidə edildi. Ən çox diqqəti çəkən bir süjeti “tutaraq” irəliləmə, bundan da daha qabarıq olan isə iki bir-birinə təmas etməyən – daha doğrusu, zahirən təması olmayan süjet xətlərinin təqdimindən, roman içində roman texnologiyasından istifadədir. Əlbəttə, bunu roman içində roman adlandırmaq məqsədəmüvafiq olsa da, iki fərqli zaman və məkan müstəvisinə malik, bir-biri ilə heç bir təması olmayan süjetlər arasında konkret simvolik, əlamət keçidlərinin müəyyənləşdirildiyi, yalnız o konkret simvollar (simvol obrazlar) vasitəsilə paralel xətlər arasında kəsişmə olmasa da, eyni nöqtələrin (məqamların) mövcudluğu diqqəti çəkdi. O da nəzərə çarpdı ki, seçilən bu simvol-obrazlar əsərin əsas və aparıcı ideyasını çatdırmaq üçün də bir vasitə kimi müəyyənləşdirilib (məsələn, Şərif Ağayarın “Arzularımdan sonrakı şəhər”ində ağzı bağlı çəhrayı atlar – təsvir edilən hər iki xətdə, hər iki zaman və məkanda ona işarə edilir. Bu atlar azadlığın, “qaçış istəyi”nin, “istədiklərini yeyə-deyə bilməmənin” simvoludur – həm qədim dövr üçün, həm də müasir zaman üçün). Yəni təsadüfi xarakter daşımır. Beləliklə, müəlliflər sanki bu simvolik obrazları mətnə məhz zamanlararası, məkanlararası lazımi keçidlərin reallaşdırılması üçün gətirmiş olurlar. Zaman və məkan bir-birindən çox fərqli olsa da, bəşər övladının təkrar-təkrar eyni taleyi yaşadığının və eyni problemlərdən, çətinliklərdən adladığının sübutu kimi….

Müşahidə edilən maraqlı bir dəyişim dil və ifadə-təsvir texnologiyası ilə bağlı oldu. Əvvəlki illərdə xarakter zənginliyindən və çoxqatlılığından qurtulma, dil qatında bəsitliyə doğru addım atılması və poetik ifadə texnikasından uzaqlaşma müşahidə edilirdisə, ötən il bu xüsusiyyət nisbətən arxa plana adlamış oldu. Bütün müəllflərə aid edilməsə də, ötən il dərc edilən romanlarda – burada əlbəttə ki, müəllifdən gələn üslub da ön plandadır – dilin zənginliyi, poetik ifadə mürəkkəbliyi, çoxqatlılığı və çoxrəngliliyi diqqəti çəkdi. Müəyyən müəlliflər oldu ki, son illərdə dərc edilmiş romanlarının (məsələn, Zahid Sarıtorpaq, Şərif Ağayar) fərqli, formalaşmış, öz xüsusi özəllikləri və fərqlilikləri olan, başqalarınınkından məhz poetik ifadə yükü, təsvir orijinallığı, obraz fərqliliyi ilə seçilən üslub formalaşdırdığını görürük. Bir də təbii ki, dil özünəməxsusluğunu… Bununla da, müasir roman ifadə bəsitliyindən qurtulmuş olur…

Daha bir xüsusiyyət – mistik romanların meydana çıxmasıdır. İnsan məninin çıxış yolu hansısa dünyaların və varlıqların mövcudluğunda arandı. İnsanların mənəvi dünyasında qurtuluş olaraq o fərqli, sirli dünyalara, sirli obrazlara üz tutuldu.

Müasir dövrün, müasir dünyanın sosial və siyasi ziddiyyətlərinin, müasir dünya və müasir insanın romanda meydana çıxması tarixə qayıdış, tarixə nəzərsalma olmadan reallaşdırılmadı.

Eyni zamanda Azərbaycan tarixinin keçid dövrünü adlamış və ziddiyyətli, mübahisəli, həmçinin şərəfli ömür yaşamış qəhrəmanların yenidən romana gəlişi müşahidə edildi. Bunu biz Azərbaycan tarixinin çox fərqli dövrlərini, şəxsiyyətlərini romana gətirmiş Sabir Rüstəmxanlının yaradıcılığının növbəti nümunəsində gördük – “Polkovnikin sön əsəri”ndə. Həmçinin, Mirələmovun Qazi Bürhanəddinin, Yunus Oğuzun Atabəy Eldənizin həyatına müraciət edən əsərlərində.

Bir sözlə, roman janrı bəsit, ənənəvidən daha aşağı səviyyəli nümunələr fonunda ötən ilə çox maraqlı, fərqli nümunələri ilə öz möhürünü vurdu. Biz məhz möhür vurmaq gücündə olan və seçilən əsərlər əsasında təhlillərimizi aparacağıq.

Bu ümumiləşdirmələrdən sonra qeyd etmək istəyirik ki, son illərin roman janrına qazandırdığı bir neçə uğurlu imza da oldu ki, bu barədə xüsusi olaraq danışmaq gərəkdir.

Onlardan birincisi şair kimi tanıdığımız, bəlkə də, şair kimi bir o qədər də uğurlu olduğunu hər tənqidçinin qəbul edilmədiyi, amma roman yaradıcılığında sözsüz iz sala bilmiş Zahid Sarıtorpaqdır. Əslində, bu yazıçının nəsrə gəlməsi onun yaradıcılığına bələdliyi olan hər kəs tərəfindən qanunauyğun hal kimi qarşılanmışdı. Çünki yazdığı şeirlərdə nəsr texnikasından yararlanma hər zaman diqqəi çəkir, bu texnikanın öz müəllifini bir gün mütləq nəsrə gətirəcəyini xəbər verirdi. Həmçinin o da vurğulanmalıdır ki, onun nəsrində də şair ruhu, şeiriyyət, şeirdən gəlmə poetik tapıntılar, obarzlar, təsvirlər bolluğu müşahidə edilir. Amma bu, onun nəsrinə qətiyyən ziyan gətirmir.

Zahid Sarıtorpağın “Dərdin sarı çəpkəni” kitabına toplanmış hər üç romanı nəinki yeni bir uğurlu romançının meydana çıxdığından xəbər verir, eyni zamanda da mistik roman janrında davamlı olaraq yazan bir romançının özünəməxsus üslub-sistem formalaşdırdığını göstərir. Hər üç roman eyni sistem daxilində işlənilibdir. Reallıq və mistik dünya, mistik qəhrəmanlar arasında əlaqə, keçid, keçə bilməmə, amma arayışda olma, o dünyanın aparıcı bir şəxsinin ardınca düşərək keçidə doğru irəliləmə və o dünyaya adlama…. Qəhrəmanların qurtuluşu məhz bu xətt üzrə reallaşır. Əlbəttə, hər üç romanda keçid anı, keçmə məqamı nə qədər həyəcanverici və qorxuducu olsa da, həm bir-birini təkrarlamadan fərqli situasiyalar fonunda baş verir, həm də hüzur və rahatlıq məhz Orada imiş kimi göstərilir.

“Kül” romanı haqqında keçənilki məruzədə danışdığımızdan bu dəfə iki romanı təhlilə çəkmək istərdik.

Əslində, yazılma tarixinə görə əvvəlki illərə təsadüf edən “Dərdin sarı çəpkəni” ümumilikdə mühitdə maraq doğursa da, haqqında bir neçə yazıçının dostcasına sözündən və Məti Osmanoğlunun geniş məqaləsindən başqa, yazıya rast gəlmədik.

Romanda bir gün ayılaraq dünyanı sarı rəngdə görməyə başlayan bir institut müəlliminin – artıq təqaüddə olan Bulud müəllimin başına gələnlərdən bəhs edilir. O, həkimə getdiyi zaman bu nadir xəstəliyin dünyada cəmi özü daxil olmaqla yeddi adamda olduğunu – yeddi rəng məsələsi! – və onların da hərəsinin dünyanı bir rəngdə gördüyünü, ən əsası isə azarının sağalmaz olduğunu öyrənir.

Bulud müəllim öz dərdini deməyə də bir kimsə tapa bilmir. Əvvəla, tutulduğu xəstəliyin qeyri-adiliyi ucbatından, ikincisi isə getdiyi həkimin “bunu gizli saxlayın” xəbərdarlığı üzündən. Hətta baş götürüb yanına getdiyi böyük qardaşı Umuda belə açmır sirrini. Təkcə verdiyi sözü tutmaq üçün deyil. Eyni zamanda da ona görə ki, qorxur: “o da arvadına deyər, bundan sonra xəbər elə yayılar və adına “Sarıgöz Bulud”dan-zaddan qoşarlar”… Əlbəttə, dünyanı sarı rəngdə görməsi bu rəngin imkanlarının, çalarlarının müəllifə – eyni zamanda da qəhrəmana yeni təəssüratlar, yeni duyumlar kəşf etməyə, bir rəngə daha yaradıcı yanaşmağa şərait yaradır. Bir yandan sarının fərqli çalarları təsvir edilirsə, digər yandan da seçilən hər obyetkdə roman müəllifinin təsvir və ifadə orijinallığı özünü göstərir: “Həyətdə, qocaman tut ağacının  altında oturmuşduq. On dörd günlük Ay elə bil Nikolayın qızıl onluğuydu – asılmışdı gecənin boynundan, bərq vururdu. Gecənin rəngi də, nəfəsi də şamama qoxuyurdu”. Və hər dəfəsində də rəng yalnız rəng – görüntü olaraq deyil, öz qoxusu ilə də mətnə gətirilirdi.

Orijinallıq sarının çalarlarının təsvirində daha dəqiq görünür. Əsərlə tanış olduqda sual meydana çıxır: Nə üçün sarı? Qırmızı, yaşıl, qara və s. yox, məhz sarı? Belə düşünürük ki, burada həyat yoldaşı dünyasını dəyişmiş, övladları özündən çox uzaqda yaşayan təqaüdçü bir müəllimin maraqsız – sarı rəngli həyatından söhbət getdiyi üçün belə bir rəng seçilmişdi. Sarı həm də xəstəliyin -(saralıb-solma), dərdin (yenə də saralıb-olma) ifadəçisi kimi rəng-duyum yaddaşımızda iz salmış bir çalardır. Əsərdə ruhun qurtuluşu üçün məkan aranır. İkinci dünya – ruhun qurtulacağı, xilas olacağı məkan kimi əvvəlcə yuxu təklif edilir. Elə həkim də ondan böyük maraqla yuxusunun rəngli olub-olmadığını soruşur. Əgər heç olmasa yuxuda rəng varsa, bu müvəqqəti də olsa, qurtulma deməkdir. Bulud müəllim uzun zaman bu sualın cavabını düşünüb tapa bilmir. Ona elə gəlir ki, yuxuda da hər şeyi rəngsiz görür. Lakin həmin ərəfələrdə gördüyü bir yuxudan sonra ironik bir tərzdə öz-özünə: “Muştuluğumu ver, professor Bürhan Nəcəfov müəllim! Mənim yuxularım rəngliymiş! Belinə çöpdən dirək!” Ümmiyyətlə ironiya bu əsərin təkcə qəhrəmanının özünün-özünə münasibətində deyil. Halbuki eyni xarakterik cizgi Zahid Sarıtorpağın digər romanlarının qəhrəmanları üçün də xarakterikdir. Bu ironiya hadisələrin gedişatında və əvəzlənməsində də var. Məsələn, həkimin xəstəliyi haqqında eşidən kimi onu təbrik etməsitək…

Zahid Sarıtorpağın digər romanlarında olan, burada davam etdirilən, bir-birinə ötürülən mistik elementlər, müəyyən məna daşıyan və qəhrəmanı izləyən detallar, mistik obrazlar, simvolik mənalandırmalar haqqında bəhs edilən hadisələrə tam fərqli bir rəng qatır. Məsələn, göyərçinlər kimi… Bir zamanlar Bulud müəllimin özününü də sevə-sevə saxladığı göyərçinlər… Həyatının ən gözəl dönəminin ən dəyərli xatirəsi olan göyərçinlərlə o, Moskvada xəstəxananın qarşısında qarşılaşır. Onlardan biri – axsağı onun gözünə çırpılaraq bir anlıq görmə qabiliyyətini geri qaytarır. Və burada mənalandırma – mistik çalar bəxş etmə mexanizmi ilk dəfə işə düşmüş olur. Göyərçin mistik obrazı bir də ona görə qurtuluş olacaq mistik dünya ilə bağlantının simvoludur ki, sonda qəhrəman onun kimi qanadlanır. Qanadlanır – xəyalında və qurtuluşu olan dünyaya – o dünyaya uçur.

Zahid Sarıtorpağın dili çox maraqlıdır. Xüsusilə ifadə və təsvir texnikası… O da maraqlıdır ki, Zahid Sarıtorpağın romanlarının dilində bir çox dialektlərdən istifadə edilir. Bunu əsər üçün nöqsan tutanlar tapılsa da, məncə, bu, mətnə maraqlı bir çalar qatır.

***

“Qarğa marşrutu” Zahid Sarıtorpağın haqqında söz açmaq istədiyimiz ikinci romanıdır. Roman “Azərbaycan” jurnalında povest adı ilə dərc edilibdir, yəqin ki, haqqında bu cür də söz açılacaq. Amma kitabda roman kimi təqdim edildiyindən və roman sərhədlərinə yaxın gəldiyindən biz də bu əsəri təhlil etmək istəyirik.

Əsərdə cəmiyyətdən, həyatdan, gördüyü haqsızlıqlardan təsirlənərək öz ağrısını, qisas hissini, yanğısını dişləri vasitəsilə – qəzəb duyduğu adamı dişləyib qanını sormaqla ifadə edən bir vampirdən söhbət gedir. Beləliklə, biz ədəbiyyatımız üçün o qədər də xarakterik olmayan bir obrazla qarşı-qarşıyayıq. Amma istər ədəbiyyat, istərsə də bu yazıçının yaradıcılığı üçün xarakterik olan cəhət cəmiyyətdən, ağrıdan, haqsızlıqdan qaçışın yollarının aranmasıdır. Özündə gedən bu prosesin fərqinə varan qəhrəmanın nicatı isə yenə də hansısa mistik bir obraz – bu dəfə qoca kişi vasitəsilə başqa bir dünyaya adlamadadır. Elə bir adlama ki, qocanın ardınca dəfələrlə düşüb getsə də, buna nail ola bilmir, qorxur.

Nihat hər dəfə haqsızlıqla qarşılaşanda onun dişlərinin dibi gizildəyir. Əslində, Nihatın qana olan meylinin səbəbinin gördüyü haqsızlıqlar və onları qəbullana bilməməsi olduğunu göstərməklə müəllif cəmiyyətin insanı hansı hallara sala bildiyini göstərməyə çalışır. Müəllif qəhrəmanını təkcə gördüyü haqsızlıq qarşısında qaniçənə çevirmir, eyni zamanda da həm daxilən, həm də zahirən qocaldır: “Anam haqqında belə danışılanda elə bilirdim ki içimi qırış basır”, – deyən Nihat, əslində, zahirən də sürətlə yaşlanırdı. Əslində, qəhrəmanını qaniçənə çevirməklə müəllif mənəvi sıxıntılardan, cəmiyyət tərəfindən həyatın dibinə itələnən birinin daxili sarsıntılardan qurtuluş yolunu təqdim edir və bununla çox böyük sosial, mənəvi problemlərin qaldırılmasına nail olur. Çünki qəhrəman qaçış yolu arayır (eynilə Zahid Sarıtorpağın digər qəhrəmanları kimi). Bu qaçış ya özünü unutmaqda, ya da başqalarına zülm etməkdə mümkün ola bilir. Əsərin qəhrəmanı hər iki yolu da sınaqdan çıxarır: “Nə yaxşı ki bazar varmış… Onun tünlüyündə hər şeyi unudurdum, Şümürün də, anamın da üzü yadımdan çıxırdı. Əvvəllər onları elə bil bir boğçaya düyünləyib daş kimi ürəyimdən asmışdım. İçimdə eləcə də gəzdirirdim, sonra elə bil bu boğça yırtıldı, onları salıb itirdim”… Və bu ağrı içərisində onu daha çox incidən doğma anasının laqeydliyi, soyuqluğu idi…

Romanda bir çox sosial problemlər qaldırılır, sosial mesajlar verilir. Məsələn, Əzizağanın başına gələnlər, onun fəhləlik, hamballıq edərək çörəkpulu qazanmaq istədiyi zaman cəmiyyətin “yuxarı” təbəqələri tərəfindən təhqir edilməsi, alçaldılması kimi… Çıxılmazlığın ən böyüyü görülən haqsızlığın qarşısında haqqın aranması yox, gücsüzlüyün böyüklüyünü dərk edərək ümidin arzuya bağlanması, ilahi ədalətin istənməsidir: “Əhd elədim ki, yəqin, bir gün gələr, başıma oyun açan o cür danaların Allahın qəzəbinə gələn gününü, villalarının od-alova bürünən gününü görərəm, onda bu pulları yetim-yesirə nəzir-niyaz kimi paylayaram, ürəyimdən tikan çıxar” sözlərindən sonra Nihat “Arxayın ol”, desə də, 200 dolları götürsə də, bu fikirləri içərisində çabalayır: “Ancaq onu bilirdim ki, bu iki yüz dollar mənimlə ölənədək qalacaq, çünki Əzizağanın arzusu, əhdi ağlabatan deyildi” .

Yeri gəlmişkən qeyd edək ki, roman haqqında tənqidin elə bir reaksiyası ilə qarşılaşmadıq. Yalnız Mətanət Vahidin bir yubiley yazısı daxilində bu əsərin təhlilini apardığını deyə bilərik.

***

Son illər bir çox romanları, xüsusilə də tarixi və tarixi şəxsiyyətləri əks etdirməsini qarşısına məqsəd qoyan, romanları ilə yadda qalan müəlliflərdən biri də Sabir Rüstəmxanlıdır. O bu dəfə “Akademikin son əsəri” adlı romanla gündəmə gəldi. Hərçənd ki, tənqid bu əsəri hələ ki susqunluqla qarşılayıb.

Ziyad Şıxlı adlandırdığı və prototipi hər anlamda Ziya Bünyadov olan romanda müəllif yenə də öz dəst-xəttinə sadiq qalaraq özünü və qəhrəmanını narahat edən problemlər, genetik dəyişim, genefondun məhvinə yönəldilmiş siyasət aparan sovet rejimi, repressiyaların reallaşdırılması, arxivlərin açılması məsələsinə toxunur, bütün həyatı boyu tarixin qədim qatlarını araşdırmaqla məşğul olan bir akademikin həyatının son dönəmlərində KQB arxivlərində çalışması, qırmızı terrorun törətdiklərini meydana çıxarması, bununla bərabər, necə bir dövlət, millət, xalq fədaisi olması haqqında bəhs edir. Müəllif qəhrəmanının xarakterinin çox dəqiq, canlı, real təsvirini yarada bilir. Romanda təkcə millətin düşünən beyinlərinin məhv edilməsi, repressiyaya məruz qalması faktı deyil, eyni zamanda da reallaşdırılan köçürülmə siyasəti, onun qurbanına çevrilən ailələr, nəsillər, tayfalar, onların Fuad kimi sağ qalan və milli təəssübkeşlik hissini itirməyən, eyni zamanda da Ziyad Şıxlının əqidə, mübarizə, xarakter davamçısı olan gənclərin mövcudluğu – ümid də elə bunadır! – məsələlərinə toxunur. Onun vətəninə qayıdaraq bir zamanlar babalarının burada basdırdığı, gizlətdikləri əlyazmaları – izləri axtarması (bu əlyazmalar keçmişə qayıdışın və tarixi yaddaşın qorunmasının simvolik obrazıdır), bu axtarışdan bir an belə geri çəkilməməsi, bu yolda, mübarizə meydanında Ziyad Şıxlı kimi alimi özünə ustad seçməsi təsadüfi deyil.

Bədii yaradıcılıqla da məşğul olan Ziyad Şıxlı öz repressiya arayışlarının məğzində duran böyük faciələri o qədər ağrı, o qədər əzabla mətnə ötürür ki, Sabir Rüstəmxanlının bir çox əsərlərində olduğu kimi, burada da qəhrəmanla müəllifin müəyyən məqamlarda eyniləşməsi, üst-üstə düşən, onları birləşdirən xarakterik xüsusiyyətlərin ortaya çıxması müşahidə edilir. Halbuki bir müəllif olaraq və “Azərbaycan” qəzetində fəaliyyət göstərmiş mübariz kimi müəllifin özünü də bir obraztək baş verən proseslər içərisində görmək mümkündür.

Bundan başqa, romanda başqa bir xətt də genefonda müdaxilə məsələsidir ki, bu, bir çox yazıçıların diqqətini çəkən bir problem kimi qabardılıb. Nağıl kimi mətn içində mətn tək verilən bu əhvalatda Şirbala adlı (ironiya ilə Şir bəla adlandırılır) nazirin oğlunun evlənməsindən, bağlılığından, övladının olmamasından və bu problemi onun özünün də xəbəri olmadan nazirin süni mayalanma vasitəsilə həll etməyə çalışmasından söhbət açılır. “Nazir bilmir ki, çevrələrində olan adamlardan neçəsinin sevərək bağrına basdığı körpə məhz bu yolla dünyaya gəlib. Yaxşıdır, ya pisdir bu iş? Hökm vermək çətindir. Bir yandan baxanda doğrudan da inqilablar bir çox ailənin həsrətinə son qoyur, ailənin dağılmaq təhlükəsinin qarşısını alır. Lakin nəslin qorunması baxımından bu bir fəlakət və ya bir çox fəlakətlərin başlanğıcıdır… Çünki bu yolla doğulub böyüyən uşaqlarının kökünün hara, hansı insana, hansı irqə, hansı soya bağlı olduğunu kimsə  müəyyənləşdirə bilməz. Bəlkə heç bu maya da təbii deyil. İndi süni insan yaratmaq yarışına giriblər. Bəlkə insanları da meyvə kimi hibrid, qarışıq toxumdan almaq istədilər. Onda nə olacaq? Kim çıxacaq bu yazıq anaların qarnından?”

Bu Akademikin nağıl-roman adlandırdığı üçüncü qovluqdan çıxan əsərin – Ziyad Şıxlını narahat edən problemin ifadəsidir. Bu cür qlobal problemi qaldıran Ziyad Şıxlı – millətin ziyalısı (eyni zamanda da Sabir Rüstəmxanlı) millətlərin məhv edilmə yollarından birinin də bu qloballaşmaqda və genişlənməkdə olan üsulun yayılmasında görür. Məhz buna diqqət çəkir. Xatırladaq ki, eyni problem çox uğurlu bir şəkildə qırğız yazıçısı Çingiz Aytmatovun da “Kassandra damğası” adlı romanında əsas motiv kimi götürülüb və bu, həqiqətən də, diqqət yetirilməsi labüd olan, üzərində düşünülməsi gərəkən bir problemdir.

Əsərdə diqqəti çəkən əsas istiqamətlərdən biri də 1990-cı illərdə baş verən hadisələrə, azadlıq mücadiləsinə qayıdış, onların təsviri, sözün yaddaşına köçürülməsidir: “Bu il Bakı yazın  gəlişini hiss eləmədi. Əlini-qoluna bağlamaqla kifayətlənməyib, həm də dilini susdurmuşdular. Ölü sükutu, məğlubiyyət xəcaləti, çarəsizlik ağrısı çökmüşdü şəhərə. Bakı çarəsizliyin və aldadılmağın dərdindən ölürdü”. Bu əsər son illərdə yaranan yeganə əsərlərdəndir ki, bu hadisələr həm əks etdirilir, həm də onlara qiymət verilir. Özü də olduğu kimi və epizodik halda deyil. Sadəcə, əsərin əsas qüsuru (Sabir Rüstəmxanlının bir çox digər romanları kimi) piblisistik ahənginin güclü olmasıdır. Bu romanda texnoloji baxımdan “roman içində roman” yaratmaq üsulundan, müəyyən məqamlarda detektiv elemenlətindən istifadə müəllif üslubu üçün yeni olsa da, mətn irəlilədikcə publisistik ahəng bəzən azalsa da, ümumilikdə yenə də üst qatda qalır.

***

Ötən ilin ən maraqlı əsərlərindən biri də Şərif Ağayarın “Arzulardan sonrakı şəhər” romanıdır.

Romanla tanış olduqca yuxarıda qeyd etdiyimiz modeldən yararlanmanın müasir roman üçün artıq xarakterik hal aldığını təkrarlamalı oluruq. İki süjet xətti, iki bir-birinə zidd dünya, zaman və məkanlar, keçmiş və müasir dünyanın paralel təqdimatı və kəsişmə məqamının yalnız hansısa simvolik obrazlar vasitəsilə reallaşdırılması… Bu, ilk baxışdan müşahidə edilən xüsusiyyətlərdir.

Biz eyni modeldə yaradılmış bir neçə əsəri xatırlada bilərik. Haqqında əvvəllər söz açdığımız Qan Turalının “Fələk qırmancı”, Aydın Talıbzadənin “Əbuhübb” romanı, daha əvvəlki dövrlərə getsək, Kamal Abdullanın “Yarımçıq əlyazma”sı, Anarın “Ağ qoç, qara qoç”u…

Romanda iki süjet xətti var. Birində firon dövrünün əsir götürülən qəhrəmanı geri – torpağına qayıdış mücadiləsi aparır. Digərində isə bu günün – müasir dünyanın torpağından qaçqın düşmüş müharibə qəhrəmanı, nənəsi ilə birlikdə yaşam mücadiləsi içərisindədir. “Yaşıl vadi”nin sakini olan, müqəddəs İterü çayını xilası bilən qəhrəmanın qayıdışı ölümü bahasına olsa belə mümkünləşir. Çünki onu İterü çayına olan inamı qoruyur, sağ qalmasına yardım edir: “Ömründə ağlıma gəlməzdi ki, bir kölə ən çox at çapmağı arzulaya bilər. Bir də quş olub uçmaq keçir ürəyimdən. Cəmi bir dəfə Yaşıl vadinin üstündə dolanmaq üçün, bəlkə, həyatımı verərdim. Tələyə saldığım quşlar gəlir ağlıma. Ovladığım haçabuynuz maralların incə böyürtüsünü eşidirəm. Hərdən burnumu İterüdən əsən həzin mehin dərinliklərinə soxub kedr çiçəyinin ətrini axtarıram. Yəqin düşündünüz; belə azad və xoşbəxt insan ikən necə oldu köləyə çevrildim? Bu, uzun əhvalatdır və bu uzun əhvalat mənim ilk dəfə kölə görməyimdən başlayır”.

Burada ülviləşdirmə, müqəddəsləşdirmə ana hesab edilən İterüyə yüklənir. Bu qəhrəmanın yaşantıları, düşüncələri, başına gələn hadisələr köləlik (azadlıq!) ideyasını aktuallaşdırır. Başlıca arzuya, başlıca qayəyə çevirir. Və müəllif təsvir etdiyi hadisələrlə təkcə köləliyi və azadlıq istəyini deyil, uşaq ölümünü, müharibə fəlakətini də əsərin qaldırdığı problemlər cərgəsinə qoşur. Məsələn, kölənin də insan olduğu düşüncəsi kimi.      Onun bütün mücadiləsi azadlıq mücadiləsidir. O yalnız bu haqda düşünür: “Sizcə, ağalarımız bizim azad olmaq istədiyimizi düşünürlər? Əsla! Kölə azadlıq xülyasına düşə bilməz. O, yalnız qaça bilər. Burdan-ora, ordan-bura. Qaçanda da gec-tez tutub gətirir, ağır cəza verirlər. Ona görə, azadlıq eşqimiz getdikcə təsirini itirir, içimizdəki o işıq son işartısınacan sönüb gedir”.

Digər qəhrəmanın geri qayıdışı isə “arzularından sonrakı şəhər” şəklində yaşayır. O, bu şəhərin arzusu ilə çırpınır. Onun uşaqkən qoyub gəlmək məcburiyyətində qaldığı, amma xəyallarında, arzularında yaşatdığı şəhər müxtəlif çalarlar, mənalandırmalar qazanır. Ümumiyyətlə, Şərifin digər romanlarında da “itmiş şəhərin”, “itmiş uşaqlığın”, “itmiş doğmalığın”, “itirilmiş torpaqların” arayışı var. Gah “Gülüstan” şəklində, gah da başqa bir biçimdə. Amma ən əsası, hansı cildə, hansı dona, hansı qılafa girirsə-girsin, burada müəllif görünür. Onu tanıyırıq. Onun axtarışını, arayışını, yanğısını, ümidini və ümidsizliyini, özünə və ümid edən digərlərinə ironiyasının şahidi oluruq.

Çox maraqlıdır ki, müəllif müharibənin, döyüş səhnələrinin əyani təsviri ilə məşğul olmur. Amma o səs hər yerdə duyulur. Qəhrəmanın müharibə təəssüratı (elə oxucunun da) səslə yaradılır. Əslində, bu tək o qəhrəmanın deyil, müharibə aparan ölkənin əksər vətəndaşlarının müharibə təəssüratının və yaşantılarının səslə simvolizə edilməsidir. Romanın əsas xüsusiyyətlərindən biri dövrün dəqiq, real və xarakterik cizgilərini məhz cizgi, hətta ötəri cizgi şəklində verməsidir.

Çəhrayı rəngin bütün əsər boyu hökmranlığı isə arzunun rəngi anlamında özünü göstərir. Bu arzu – bu azadlıq arzulanan, istənən, xoşbəxtlik gətirə biləcək olduğundan, mənəvi rahatlıq vəd edən olduğundan çəhrayı rəngdədir…

Arzulardan sonrakı şəhərə o qədər adlar verilir ki… Məsələn, “Arzulardan sonrakı şəhərin adı Gülsüm idi”… Bu isə şəhərini itirmiş birinin onu geri qazanarkən o şəhərdə görmək istədikləri ilə bağlı deyilənlərdir…

Əsərdə müəllifin üslubundan gələn ironik bir yanaşma var ki, bu özünü ilk növbədə, yaradılan obrazlarda göstərir. Məsələn, nənə obrazında. Zahirlə daxilin bir-birinə uyuşmadığı, amma düzünü desək, çox realist bir obrazda: “Nənəmdir, vəssalam. Əyri dişli, donqar belli, çör-çöp saçlı, cır səsli, zəhlətökən nənəm. Mənim sevimli ifritəm! Miss 154-üm!”

Haqqında təhlillər apardığımız romanlar ötən il dərc olunanlar içərisində fərqləndirdiklərimiz və ümumilikdə roman təkamülünün əsas poetik göstəricilərini özündə ehtiva edən nümunələr idi. Və onlar əsasında söyləmək mümkündür ki, müasir Azərbaycan romanı yeni texnologiya və yeni poetik göstəricilər əldə etməkdədir.