Roman və hekayəni eyni kriteriyalara görə qiymətləndirmək doğrudurmu?

62 Baxış

qlobus Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Tərcümə Mərkəzi  “Yeni Söz” adlı ədəbi yaradıcılıq mükafatı təsis edib.

2 ildən bir keçirilməsi nəzərdə tutulan müsabiqəyə əsər qəbulu  dekabrın 23-nə qədər davam edəcək. Qaliblərin adı 2016-cı il mayın 25-də keçiriləcək mükafatlandırma mərasimində elan olunacaq.

Müsabiqəyə poeziya, nəsr və esse nominasiyaları üzrə əsərlər qəbul edilir. Hər bir iştirakçı mükafata yalnız bir nominasiya üzrə əsər təqdim edə bilər. Müsabiqədə iştirak edən namizədlər üçün yaş məhdudiyyəti 35 yaşa qədərdir. Hər bir müəllif müsabiqəyə təqdim olunan mətnin əvvəlində iştirak etdiyi nominasiyanın adını mütləq qeyd etməlidir.

Əsərlər press@aztc.gov.az elektron ünvanına göndərilə və ya kağız formatında AzTM-in mətbuat xidmətinə təqdim edilə bilər.
Müsabiqə ilə bağlı daha geniş məlumat almaq üçün Mərkəzin mətbuat xidmətinin rəhbəri Günel Bağıyeva ilə əlaqə saxladıq.

 

– Tərcümə Mərkəzi əsasən tərcümə sahəsi üzrə ixtisaslaşıb. Mərkəzin sırf bədii keyfiyyətlərə görə əsərləri qiymətləndirməsi, sanki mərkəzin profilindən bir az kənarda qalır. Ümumiyyətlə Tərcümə Mərkəzinin “Yeni söz” ədəbi yaradıcılıq müsabiqəsi keçirmək ideyası necə yarandı və müsabiqənin əsas məqsədi nədir?

gunel– Bildiyimiz kimi, Tərcümə Mərkəzi tərcümə olunan materiallarda Azərbaycan dilinin düzgün işlədilməsi ilə bağlı ölkədaxili və beynəlxalq müstəvidə ictimai-siyasi, elmi-texniki, ədəbi-mədəni mübadilələrin dil və tərcümə baxımından tənzimlənməsi və təkmilləşdirilməsi işinə də nəzarəti həyata keçirir. Elə diqqəti ədəbi-mədəni mübadilələrə yönəldək. Fəaliyyətdə olduğumuz qısa vaxt ərzində bir çox beynəlxalq tədbirlərdə ölkəmizi təmsil etmişik. Mərkəzin nəşriyyat şöbəsi dünyanın aparıcı nəşriyyatları ilə əlaqələr yaradır, Azərbaycan ədəbiyyatının, elmi-mədəni irsinin dünya dillərində, dünya ədəbiyyatı nümunələrinin Azərbaycan dilində nəşrini təmin edir. Müxtəlif dillərə tərcümə etdiyimiz antologiyalara ədəbiyyatımızın sayılıb-seçilən söz adamlarının əsərləri daxil olunur. İstedadlı gənclərimizi də bu sırada görmək istəyirik. “Yeni söz” müsabiqəsini təşkil etməkdə məqsəd, adından da göründüyü kimi, yeni düşüncə, yeni təfəkkür, yeni söz sahiblərinə – gənclərə diqqət və qayğını artırmaq, istedadlı gənclərin yaradıcı potensialını dəyərləndirmək və bu dəyərləndirilən nümunələri tərcümə edərək dünya oxucusuna çatdırmaqdır.


– Müsabiqədə üç nominasiya – poeziya, nəsr və esse üzrə əsərlər qəbul edilir. Nəsr nominasiyasına həm roman, həm də hekayə daxildirmi? Ümumiyyətlə hekayə və romanı eyni nominasiyada, eyni kriteriyalara görə qiymətləndirmək nə dərəcədə doğrudur?

– Bəli, nəsr nominasiyasına həm roman, həm də hekayə daxildir və hər bir janr öz xüsusiyyətlərinə, ədəbi məziyyətlərinə uyğun şəkildə dəyərləndirilicək. “Yeni söz” müsabiqəsinin həm ekspertləri, həm də mükafat komissiyasının üzvləri Azərbaycan mədəniyyətinin, ədəbi camiəmizin sayılıb-seçilən simalarıdır. Əminik ki, müsabiqə tam obyektiv keçiriləcək və mükafat öz layiqli sahibini tapacaq.

 

 

 

 

 

Bölmə : Sənət xəbər
KÖŞƏ YAZARLARI
TOP 10