Ruhlarla söhbət

182 Baxış

 Şair Vaqif Aslan 2Vaqif Aslan

 RUHLARLA SÖHBƏT

 (Poemadan bir parça)

 Türkü. Sual-cavab. Ruhların məhkəməsi.

                    

 

Ömür – qısa, mənzil – uzaq, yol – uzun …

Gah isidir, gah soyudur canım hey.

Yeridikcə yollarında Oğuzun

Çıraq kimi şölə salım, yanım hey.

 

Tonyukuqa sözüm çoxdur deyəsi …

Gül Təkinim – öyüləsi, öyəsi.

Bilgə Xaqan – türklüyümün yiyəsi …

Ad-sanım hey, şöhrətim hey, şanım hey!

Siz ey ruhu səmalara uçanlar!

Yer üzünü anam deyib qucanlar!

Ey Doğudan Batıya yol açanlar!

Elxanım hey, xaqanım hey, xanım hey?!

Duna boyu Tanrı sizə yar olsun!

Taleyiniz, qismətiniz var olsun!

Məndən sizə şanlı salamlar olsun!

Sabahım hey, səhərim hey, danım hey!

 

– Otuz tatar, doqquz Oğuz bəyləri!!!

Nidaya bax, silkələyir göyləri!..

Göy basılır, yer yarılır, elə bil.

Yatan ruhlar silkələnir, səksənir,

Sanki, çalır sur düdüyü İsrafil.

Başım üstə Bilgə Xaqan görsənir:

 

­– Ey türk, titrə! Özünə dön, dayan, dur!

Bu gəlişin mənə çoxdan hayandır.

Min iki yüz əlli səkkiz ildir, bil,

Bilgə Xaqan gəlişini gözləyir.

Gah yaralı pələng kimi bağırdım,

Gah da türkü ayıl deyə çağırdım.

Kar olmuşlar susub durdu, dinmədi.

Titrəyərək bir özünə dönmədi.

Xoş gəlmisən, gəlişinə sözüm yox.

Daha məndə dözüm yox.

Sualım var, cavab verdin, buyur, keç.

Verəmmədin, sənə aman yoxdur heç.

Dedim: – Xaqan, bildiyimi bilirəm.

Mən özümdən özümə yol gəlirəm.

– Söylə görüm, korluq nədən bilinir?

– Kor odur ki, öz yazısı öz əliylə silinir.

 

 Dedi: – Yaxşı, bic, törəmə nədir bəs?

Dedim: – O da o kəsdir ki, atasına var əvəz.

Dedi: – Nə vaxt qurdun oğlu çaqqal kimi ulayır?

– O zaman ki, yad qapıda quyruğunu bulayır.

Dedi: – Nədən çoxlarının gözlərində xumar var.

Dedim: – Çünki başlarında tumar var.

– O kimdir ki, bədəni var, başı yox?

– Türkün çoxu,.. əldə bəngüdaşı yox.

Dedi: – Səsim niyə sizə çatmayır?

Düşmənə də qardaş deyir çoxunuz,

Yoxsa sözüm başınıza batmayır?

Dedim: – Desəm, hönkürəcək ruhunuz.

Bu il özbək pambığı bol olubdur,

O pambıqla qulağımız dolubdur.

Bilgə Xaqan büküldü,

Gözündən yaş töküldü:

 

– Əziziyəm, qaş olmaz,

Hər qaradan qaş olmaz.

Özgədən cana yanan,

Yağıdan qardaş olmaz.

 

Əzizim, daş inildər.

Gözümdə yaş inildər.

Tökülər, torpaq yanar,

Toxunar, daş inildər.

 

Əzizim,dilim hanı?

Ağzımda dilim hanı?

Obalı-elli idim,

Bəs mənim elim hanı?

 

Əzizim, əyri olur,

Yadlara xeyri olur.

Bəylər əyri olanda,

Millət də əyri olur.

 

Əzizim, diz çökdürdün.

Göydən ulduz tökdürdün.

Başlıya baş əydirdin,

Dizliyə diz çökdürdün.

 

Əzizim, yan eyləmə,

Xeyrini yan eyləmə.

Xaqan haqqı sevirsə,

Ona üsyan eyləmə.

 

Yaxına diqqət elə,

Uzağı tanı, oğlum,

Xaqanlı millət idim,

Xaqanım hanı, oğlum?

 

Bilgə Xaqan dikəldi, üzümə baxdı birdən,

Sanki, baxışlarından ildırım çaxdı birdən.

– Müstəqildirmi türkmən?

Susdum, nə deyim ki, mən?

– Qırğız, özbək, qazax bəs?

Onlar da türkmən kimi müstəqillik istəməz?

Kimin qoltuğu altda boyunları onların?

Pıçıldadım: – Rusların.

– Gör nələr yazılıbmış alnına Oğuzların?!

Kimdir bunda günahkar?

Boylandım ətrafıma, gördüm yığılıb ruhlar.

- Çingiz xan – Ulu xaqan, söyləsənə, dinsənə!

– Tanrıkut Bilgə Xaqan, axı, nə deyim sənə?

Nə qədər ki, var idim,

Gündoğanda şəriksiz mütləq hökmdar idim.

Vəsiyyət eləmişdim Batıya da batını.

Baş endirdi Batı xan:

– Möhtərəm Bilgə Xaqan,

Yaşasam, fəth edərdim göyün yeddi qatını.

Çevrilib Bilgə Xaqan yenə də mənə baxdı.

Qaşqamdan həyəcandan muncuq-muncuq tər axdı.

– Cığataylar, ağ hunlar,

Uyğurlar necə, oğlum?

Müstəqildirmi onlar?

Söylə, qurbanın olum.

Başqırdlar, qaqauzlar, tatarlar, daha kimlər,

Xəzərlər, qaraimlər?

– Onlar da azad deyil.

– Yəni bu boyda xalqın heç birisi şad deyil?

Hamısı nökərdimi?

Ey Ulu Tanrı, əfv et, əfv et mənim dərdimi.

Az milləti çox qılan,

Ac milləti tox qılan,

Düşmənləri yox qılan

şaxı sınmayan bir ər

Göyüm-göyüm göynəyər.

Günəşi bayraq edib göyə sancan kişilər,

Deyin yer yarıldımı, deyin göy basıldımı?

Oyanın Tonyukuklar, dikəlin Eltərişlər!

Deyin türkün taleyi  tərsinə yazıldımı?

Kimlər bizə tor işlər?

Qalxın məzarınızdan, söyləyin, Gültəkinlər,

Necə oldu o günlər?

Nə oldu o xaniman?

Kimdir bunda günahkar?

Sizi öz kökünüzdən ustufca qoparıblar.

Şah olmaq, xaqan olmaq, sultan olmaq üçün siz

Çarpışıb qarpışdınız, diddiniz, didildiniz.

        

Qupquru ad-san üçün,

Şöhrət üçün, şan üçün

Havalanıb günbəgün, oldunuz ruhi xəstə.

Bu boyda məmləkəti qoydunuz böyrü üstə.

                              Hirsdən yandı gözünüz.

Yandı, alacalandı.

Böyüdükcə özünüz,

Millət balacalandı.

Bölünüb bölük-bölük, yeri-göyü böldünüz.

Böldünüz və öldünüz!

Otuz tatar, doqquz oğuz bəyləri,

Demədimi uca tutun göyləri?

Şahənşahlar, şadapitlər, tarkanlar!

Üstünüzdə – qalın-qalın yorğanlar.

Aranızda dərin-dərin yarğanlar.

Eşidin, eşidin, bəylər, eşidin!

A doğmalar, a ögeylər, eşidin!

 

Öz içindən oyulan siz, oyan – siz!

Məmləkəti yaman günə qoyan – siz!

Bu millətin dərisini soyan – siz!

Eşidin, eşidin, bəylər, eşidin!

Sizdən inciyəcək göylər, eşidin!

 

Çox işdəkdə, çox oyunda oldunuz.

Bəzən dönub yad soyunda oldunuz.

Qara Qoyun, Ağ Qoyun da oldunuz.

Eşidin, eşidin, bəylər, eşidin!

Yurd da sizə qarğış eylər,eşidin!

 

Ad batırıb, yurd itirən kişilər,

Bir gün gələr, bu yaralar deşilər,

Zaman-zaman eşim-eşim eşilər,

Bilgə Xaqan belə söylər, eşidin!

Eşidin, eşidin, bəylər, eşidin!

Tutmasın gözünü Çinin qumaşı,

Özgənin ovçası, yadın şabaşı.

Baş etmə özünə əyilən başı.

Titrə, özünə dön, millətim mənim.

 

Yağının verdiyi paltarı çıxart.

Vətənin qanqalı üzərində yat.

Yatan qeyrətini silkələ, oyat,

Titrə, özünə dön, millətim mənim

 

Yalandan tərifə tuturlar səni,

Yurd-yurd, oba-oba udurlar səni.

Doğudan, batıdan güdürlər səni,

Titrə, özünə dön, millətim mənim.

 

Buddasan, sünnüsən, şiə, sufisən …

İsəvi, Musəvi, ya Konfusisən…

Sən türksən! Sən türksən! Sən türksən! Türksən!!!

Titrə, özünə dön, millətim mənim!

 

Günəşi bayraqtək sancmışıq göyə.

Türkoğlu, bir dikəl, ona dur yiyə.

Ruhu əcdadının şad olsun deyə,

Titrə, özünə dön, millətim mənim!

Sənin tarixin var, bəndgüdaşın var.

Daşdan da dözümlü qan yaddaşın var.

Hələ qabağında ər savaşın var.

Titrə, özünə dön, millətim mənim.

 

El-el, bölgə-bölgə paralanma gəl.

Qopub buğum-buğum, aralanma gəl.

Ad-ad, nəsil-nəsil qaralanma gəl.

Titrə, özünə dön, millətim mənim!!!

Titrə, özünə dön, millətim mənim!!!

 

2 oktyabr 1992 – 9 yanvar 1994.

Şəki  –  Kiş kəndi.

             Tonyukuk – II Göytürk imperatorluğunun imperatorları Eltəriş və onun oğlu Bilgə Xaqanın vəziri olmuşdur.  Tarixçilər onu               türklərin Bismarkı adlandırırlar. Anadan olduqu il məlum deyildir.725 və ya 731-ci ildə vəfat etdiyi güman edilir.

            Gül Təkin (684-731) Eltəriş xaqanın oğlu, Bilgə Xaqanın qardaşıdır. Dövrünün ən məşhur sərkərdəsi olmuşdur.

            Bilgə Xaqan (683-734) II Göytürk imperatoru.

            1992-ci ilə qədər Bilgə Xaqanın ölümündən 1258 il keçir.  

            Şad – qədim türk dilində “başçı” deməkdir.

            Qaraqoyunlu (1410-1468), Ağqoyunlu (1468-1501). Ayrı-ayrı sülalələrin yaratdıqları Azərbaycan dövlətləri idi.