“Ruhnamə müqəddəs kitabdır, Quran isə Allahın kitabıdır”

118 Baxış

turkmenistanSenet.az f.ü.f.d., dos Şəmil Sadiqin “Türkmənistan xatirələri” məqaləsinin üçüncü hissəsini təqdim edir:

 

Yazının birinci hissəsi

Yazının ikinci hissəsi

 

 

 

 

                 Göytəpə və Qıpçaq-Qızmar günəş altında və ya müqəddəs kitab Ruhnamə Allahın kitabı Qurana qarşı

24-26 sentyabr tarixlərində Türkmənistanda Qurban bayramı mərasimləri keçirilirdi. Ümumiyyətlə ölkədəki dini məsələ ürək açan idi. İfrat və fanatik dindarlığı hiss etmədik. Dövlət başçısının da iştirakı ilə keçirilən dini tədbirlərdə Türkmənistan müftisinin dua oxuması ilə bərabər hər kəs öz ibadətini sərbəstcəsinə edirdi. Cümə namazları, bayram namazları qılınır və dualar edilirdi. Bir həftə ərzində televiziyalarda heç bir dini çağırış hiss etmədik. Bir sözlə, dinin aşırı təbliğatı aparılmır, hər kəs inancını yaşayırdı. 24 sentyabrda Türkmənistan prezidenti Türkmənbaşı məscidində 5000 nəfər yaxın insana sədəğə-ehsan verdi. Bu ehsanda bütün xarici səfirlik nümayəndələrinin iştirakı təmin edilmişdi. Biz bu ehsanda iştirak etməsək də, Qıpçaq kəndində yerləşən bu möhtəşəm məscidi ziyarət etdik. Məscidi keçmiş Türkmənistan prezidenti Safarmurad Niyazov tikdirib. Onun girişində isə Safar Murad Niyazov və onun ailəsinin məzarları yerləşən türbə tikilib. Məscidin dörd minarəsi və milli naxışlarla bəzədilmiş mərmər fasadları bərq vururdu. Orta Asiyanın Tac mahalı adlandırmaq olardı bu tarixi tikilini. Məscidin minarələrinə və hücrələrinə Türkmənbaşının yazdığı Ruhnamədən misralar yazılmışdı. Ən diqqət çəkən ifadə isə “Ruhnamə müqəddəs kitabdır, Quran isə Allahın kitabıdır” idi. Məscidin içində səkkiz güşəni əks etdirən xalça salınmışdır. Hüzur dolu bir yer idi. Ərəb əlifbası ilə yazılmış kəlmələr demək olar ki, yox idi. Bir anlıq mənə mənim nəzərimdə canlanan Tanrı evini xatırlatdı. Bu möhtəşəm memarlıq abidəsini gördükdə ilk öncə ağlıma gələn “bu qədər pul xərcləməyə dəyərdimi? – sualı oldu.

 

Picture1

 

 

Picture2

 

 

Baxdıqca göz doymur, doyduqda isə həzm etmək olmurdu. Sakitlik idi. Məsciddə bizdən başqa kimsə yox idi. Sadəcə girişdə duran hrəbçilər artıqlıq yaradırdı. Əslində hərbçilər Türkmənbaşının məqbərəsinin qaravulunda durmuşdular. Yenə Tanrı evində bu cür müşayiət adamı narahat edirdi. İçərdə isə adamı narahat edəcək heç nə yox idi. “Ruhnamə”nin misralarını oxuya-oxuya heyrətimizi gizlədə bilmirdik. Elvin Alıyevin “Adam tarixə düşdü” fikrini təsdiqləməmək mümkün deyildi. Bəli, bu möhtəşəm abidə tarixin ən uzaq qatlarına gedib çıxacaq və adına xeyli əfsanələr yazılacaqdı. İçərdə Elvinin və Amilin ibadət etdiyi zamanda ilk öncə stunlardan birinə söykənib dincimi alır, mən də öz xəyallarım ilə baş-başa düşünürdüm. Kimsənin olmamasından və Tanrının evinin ən azad yer olduğunu düşünüb fotoaparatı başımın altına qoyub atalarımızın gah at çapdığı, gah da uyuduğu bu torpaqda mürgü vurdum. Deyəsən, yaxşı bir yuxu da gördüm. Amma yadımda qalmadı. Adətən bu cür yerlərdə görülən yuxular daha müqəddəs olur deyirlər, ha düşünsəm də xatırlaya bilmədim. Amma ayılanda çox gümrah hiss edirdim özümü. “OdƏrlər” romanın prototipləri Elvin (Elçin), Amil (Ayxan) tanrıları ilə ərəbin dilində danışdı və ruhları saflaşdı və yola düşdük.

 

Picture3

 

 

Samir Turanın israrı ilə Göytəpə qalasına yola düşdük. Taksi sürücüsü bizi yaxşıca aldadaraq 50 manatımızı alıb 70 km yol sürəcəyini dedi. Lakin 25 km yol getdik. Sonda isə dindar qardaşlarım halallıq vermədi və onunla vidalaşdıq. Göytəpə türkmənlər üçün xüsusi dəyəri olan bir yer idi. XIX əsrdə çar rusiyasının qoşunları buranı fəth etmək üçün bir nəfərə qədər hamını qırmış, hamısını qalanın qalıqları arasına tökərək torpaqlamışdı. Bir anlıq bizim Gəncə faciəsini xatırlatdı. Sonradan restavrasiya edilmiş palçıq qala divarlarından, muzeydən və bir Türkmənbaşının tikdirdiyi mədrəsə tipli məscid var idi. Çox uzaqda arxeoloji qazıntıların getdiyini dedilər. Maşın olmadığından gedə bilmədik. Yenə Amil və Elvinin ibadətini seyr edib türk camilərini xatırladan memarlıq abidəsinin içində bir az da vaxt keçirdik. Sonra muzeyi gəzdik. Maraqlı muzey idi. Daha çox Göytəbə qurbanlarının fədakarlığı canlandırılmışdı. Elvingil namaza duranda 20-30 nəfər türkmən də gəldi. Bizə sakitcə yaxınlaşıb “namaz qılınarkən gəzməyin” dedilər. Namaz bitəndən sonra turist olduğumuzu gördükləri üçün hardan gəldiyimizi öyrəndilər. Münasibət o qədər saf, o qədər mədəni və ürəyə yaxın idi ki, sanki hansısa uzaq kəndlərimizdən birində idik. Azərbaycan deyən kimi “qardaşlar” dedilər. Və bizi ehsana, çaya dəvət etdilər. Sağollaşıb Aşqabada necə gedə biləcəyimizi soruşub yola düzəldik. Qazel avtobusuna minib 80 manata gəldiyimiz yolu, 10 manata qayıtdıq. Sürucu dostlar inciməsin, özlərinin də ifadə etdiyi 73 –cü millət nümayəndələri demək ki, dünyanın hər yerində eyni olduğunun fərqinə bir daha vardıq. Ümumiyyətlə Türkmənistandan taksi sistemi demək olar ki, yox idi. Bir yerə getmək istəyirsənsə bizdəki sovet dövründəki kimi yola çıxıb əlini qaldırmalısan. Kim o istiqamətdə gedirsə götürür. Belə göründü ki, hamı “xaltura” ilə məşğuldur. Bizim taksi sistemindən bir fərq də o idi ki, yolun qiymətini məhz məsafəyə görə yox, adambaşına hesablayırdılar. Məsələn bir nəfər 5 manata idisə, 4 nəfər 20 manat idi. Oturduğumuz taksilərin hamısının sürücüsu hardasa başqa bir yerdə işləyən adam idi. Bizim pulla hesablayanda o qədər baha görünmürdü. Əksəriyyəti də “nə verərsən?” deyərək qiyməti özümüzün deməsini istəyirdi. Az deyən kimi sağolsuz yollarına davam edirdilər. Ona görə də daha qiymət demir, onların deməsini tələb edirdik. Naşı turist idik.

Beş böyük vilayətə bölünən Türkmənistanın Axal vilayətində yerləşən Aşqabat bir tərəfdən “Köpet” adlanan göy və qırmızıya çalan dağlarla əhatələnmişdi. Bir tərəfdən isə Qaraqum səhrası idi. Çox isti və quru havası var idi. Havanın təmizliyi rahat nəfəs almağa imkan versə də, şiddətli qızmar günəş adamı yandırırdı. Aşqabatda Günəş də bir başqa idi. Sanki daha parlaq və daha qızmar idi. Mənə elə gəldi ki, Bakıda rahatca günəşin gözünə baxmaq olur, amma Aşqabatda bu mümkün deyildi. Necə ki, çin məmurları prezidentin gözünə baxa bilmir, biz də günəşə tərəf baxanda hökmən əlimizi alnımıza aparırdıq. Dağları, günəşi, havası, şəhərin səliqə-sahmanı, insanların güzəranı Naxçıvanı yaman andırırdı. Köpet dağları isə Naxçıvandakı Kəmki dağları ilə eyni boyda, eyni rəngdə, eyni əzəmətdə idi.

24 sentyabr axşamı otelimizin qarşısında hazırlanmış bayram şənliyini seyr etdik. Bir neçə öncə otelin önünüdə bu tədbirə hazırlıq gedirdi. Hündür bir yelləncək qurulurdu. Dörd nəfərin ayaq üstündə dura biləcəyi yelləncəkdə növbənin ucu-bucağı yox idi. Milli geyimdə olan gənclər iki qız, iki oğlan elə şaqraq gülüşlərlə səmaya doğur gedib-gəlirdi ki, adamın gənc olmağı gəlirdi. Bizim də ora minmək kimi arzumuz olmadı deyə bilmərik. Fikirləşirdik ki, göz-gözə vurub gecə gedərik, amma gecələr yelləncəkləri büküb bir kənara qoyur, tədbirin keçirildiyi ərazini polislər müşayiət edirdi.

 

Picture4

 

 

Picture5

 

 

Şənlikdə iki tərəf vardı, oğlanlar və qızlar. Oğlanlar olan tərəfdəki taxtda türkmən ağsaqqalları oturmuş, qızlar tərəfdə isə türkmən ağbirçəkləri. “Leyli və Məcnun” poemasındakı kimi qızlar da, oğlanlar da səf-səf düzülmüşdü. Bu məqamda türkmən geyimindən danışmağın yeridir məncə. Həmişə arzusunda olduğum milli və vahid geyimi gördüm orda. Özünəxas bir ölkədə olduğunu hiss edirsən. Bir neçə faizi nəzərə almasaq, demək olar ki, bütün qızlar ayaqdan olan uzun don geyinirdi. Yəqin ki o bir neçə faiz də orda yaşayan qeyri millətlər idi. Deməli, məktəbli qızlar yaşıl don geyir, ağ önlük taxırlar. Tələbə qızlar isə gilənar rəngli don geyir, başlarına araxçın qoyurlar. Subay qızlar sadəcə al-əlvan donlar geyir. Evli qadınlar isə başlarına içində yumru və sərt bir parça olan yaylıq bağlayırlar. Yaylıqlar da, çənənin altında yox, boyunun  ardında bağlanır. Bu sistemlilik o qədər gözəllik verirdi ki, sanki gül-çiçəklə bəzənən dağ yamacı idi. Ən maraqlısı evli və subay qadınların fərqləndirilməsi idi. Hələ şumerlərdə evli və subay qadınlar örtünməsi ilə fərqlənirdi. Bu da cəmiyyətdə ailə qurmaq istəyən gənclərə yanlış addım atmamağa şərait yaradırdı. Donların önündə isə xüsusi naxışlarla bəzədilmiş yaxalıqlar var idi ki, ayrıca satılırdı.

 

Picture6

 

 

Kişilərdə isə xüsusi bir geyim yox idi. Sadəcə tələbə oğlanlar ağ köynək və araxçın geyinirdi.

Şənlikdəki musiqi isə zövqümüzü heç oxşamadı. Milli geyimdə, yeməkdə fərqlənən bu qardaş ölkədə musiqi sənətinin çox zəif inkişaf etdiyi açıq-aydın görünürdü. Deyəsən, qopuz çalan türklərdən az bir qismi qalmışdı o torpaqlarda. Musiqlərdə iran ritmləri üzərində qurulan bizim ara mahnılarımız, toy nəğmələrimizin elementlərini sezməmək mümkün deyildi. Bəzən də bizim xalq mahnılarımız fərqli aranjımanda bir az da səriştəsiz şəkildə oxunurdu. Daha çox eşitdiyimiz mahnılarımız bunlar idi: “Yara qurban”, “A telli”, “Ay lolu”, “Bu qala daşlı qala” və s. Deyilinlərə görə, bizim bir çox toy muğənnilərimiz türkmən toylarının ulduzlarıdır. Bir iş adamı kimi yeni sahələr axtarışında idim, nəsə işbirliyi qurmaq arzusu da mənimlə idi. İlk ağlıma gələn “toy müğənnilərimiz buralara gəlsə, yaxşı pul qazanar” oldu. Şənliklərdə şit şoumenləri, çərənləmələri görmədim. Sıra ilə hər kəs öz mahnısını oxuyur, rəqsini edib gedirdi. Bir neçə maraqlı rəslərə rast gəldik, təssüflər adlarını bilmədim.

25-i isə qədim Parfiya dövlətinin paytaxtı olan Nisa şəhərinə getdik. Bu dəfə bəxtimizdən həm bilikli, həm söhbətcil, həm canayaxın bir taksi sürücüsü ilə rastlaşdıq. Öz şəhərini və elini tanıtmaq üçün bizim kimi əldən-ayaqdan gedirdi. Gördüyümüz hər detalı səbrlə izah edir, bildiyi qədəri ilə məlumat verməyə çalışırdı. Şirin söhbətlərlə səhrada yerləşən qədim şəhərə çatdıq. Taksi sürücüsü bizi bilet almağa qoymadı, dedi ki, “siz alsanız Kımmətli-baha olacaq”. 10 manatlıq bileti 80 qəpiyə aldıq. Növbə arxeoloq dostumuz Elvin Əliyevin idi. Qazıntının gedişatından, restavrasiyanın qüsurlarından danışır, tikililərin mahiyyətindən xəbər verirdi. Başımız şəkil çəkdirməyə qarışanda bir də gördüm ki, Elvin üzü səhraya doğru gedir. Turizm üçün müəyənləşdirilmiş sahədən uzaqlaşır yavaş-yavaş. Picture7Hamının getdiyi yerdə hamının görə biləcəyi şeylərin olduğunu bildiyim üçün Elvinin arxasınca getdim. Təpələri aşandan sonra  gördük avropalı turistlər də bizim kimi düşünüb çöllüyü gəzirlər. Palçıq kərpiclərdən tikilmiş qədim şəhərcik hansı sirləri özündə yaşadırdı onu sadəcə səssiz səma və torpaq bilirdi. Bizə isə bir zamanların məşhur şəhəri olan bu ərazidə keçmişə uzağı göstərə bilməyən durbinlə baxırdıq. Bu ərazidə xeyli üzərlik vardı. Artıq qurumuşdu. Birdən birə məni Nehrmənin ağ təpələrinə apardı. Uşaqlıqda çox yığmışdım.
Rəhmətlik nənəm onlardan müxtəlif əşyalar hazırlayardı. Daha çox da maşınların qabağına vururdular. Taksi sürücümüz Xudaverdi qəfil soruşdu: sizdə buna nə deyirlər? – Üzərlik dedim. İkinci sual həmin dəqiqə gəldi: niyə üzərlik, mənasını bilirsinizmi? Açığı heç düşünməmiş və hardansa oxuduğumu xatırlamırdım. Amma onun izahını bir zamanlar nənəmdən eşitdiyimi xatırladım. Xudaverdi deyirdi ki, bu o qədər müqəddəs bir koldur ki, yüz ərin görə bilmədiyi bir işi görür. Ona görə də üzərlik yox, yüzərlik deyilir. Yalançı xalq etimologiyası olaraq qəbul edib, açıq səma altında yerləşən bu muzeyi və təpələri gəzib-dolaşıb yenə yola düzəldik.

 

 

Picture8

 

 

Sürücümüz bizi maraqlı bir yerə aparacağına söz verdi. Doğrudan da maraqlı idi. Deməli uca bir dağın başında 8 km –lik “Sağlıq yolu” deyilən bir piyada yolu vardı. Bu yolu əvvəlki prezident Türkmənbaşı saldırmışdı. Özü də hərdən gəlib burda yürüyür, təmiz havada gəzirmiş. Dağın bu başından o başına qədər salınan bu Sağlıq yolunun ətəyində isə seyrəngah var idi. Kiçik və səliqəli park salınmışdı. Şəhərin kənarında yerləşən bu parka ailələr pikniyə gəlir.

 

Picture9

 

Yenə şəkillərimizi çəkdirib yola düzəldik. Bizi Türkmənistanın ən böyük muzeyinə apardı sürücümüz. Yol boyu Türkmənbaşı prospektində yerləşən ağ dövlət binaları sadəliyi ilə göz oxşayırdı. Yaşayış binaları o qədər planlı salınmışdı ki, bu elit binalarda yaşayanlara həsəd aparmamaq olmurdu. Sürücünün dediyinə görə, bu elit binalarda dövlət idarələrində işləyənlər qalır. Hətta bir çox bina boşdur ki, bunlarda yeni işə düzələnlərə 30 illik kreditə veriləcək. Binalar şəhərin ahəngini pozmadan, bir-birindən çox aralı salınmışdı. Binların həyətində genişlik isə daha ürək açırdı. Köhnə Aşqabat bizim Sovet Sumqayıtını xatırlatdığı kimi, yenisə də onun zövqlə dizayn olunmuş modern versiyası idi. Bir də ən maraqlısı və dəyərlisi şəhərdə yerli-yersiz reklam tabloları, reklam işıqları yox idi. Məsələn, Türkiyədə, İranda, Dubayda, hətta bizim də şəhərdə gözü və zövqü korlayan çoxlu tablolar var. Aşqabatta isə binanın qarşısında sadəcə nəyə xidmət etdiyini bəlli edən sadə bir tablo vardı.

Otelimizdə dincələndən sonra sərgidə tanış olduğumuz Mərdandan gələn dəvətlə  ilə atçılıq məktəbinə getdik. Otaqdan çıxmağa hazırlaşırdım ki, otağa zəng gəldi. Resepşın idi. Bir şairin mənimlə danışmaq istədiyini dedi. Səsindən hiss olunurdu ki, yaşlı adamdır. Özünü təqdim etdi: İvan Vasiliyeviç. Rus şair olduğunu və görüşmək, tanış olmaq istədiyini dedi. Nömrəsini götürüb zəng edəcəyimi dedim. Amma gəldiyimdən vicdan əzabı məni yaman narahat edir. Nə deyəcəkdi, nə danışacaqdı bilmirəm. Amma hansısa bir ümidlə zəng etdiyi aydın idi. Bəlkə də, böyük bir sirri əldən verdim, bilmirəm. Başın qarışıq olması unutdurdu bu ruh adamını.

 

Türkmənistan dünyada yeganə ölkədir ki, at üzrə xüsusi nazirlik var. Dünyaca məşhur Axaltəkə atına xüsusi diqqət ayrılıb. Atçılıq məktəbi də var. Dostumuz Murad da məhz atçılıq üzrə müəllim idi. Qarayanız, ortaboylu, dolu bədənə sahibdir. Uşaqlıqdan atla birgə böyüdüyünü deyirdi. Öz maşını ilə bizi atların yarışdığı meydançaya apardı. Diqqətimizi çəkən ilk bina nal formasında tikilmiş tədris binası idi.  Mən birinci dəfə idi ki, kinolorda gördüyümüz at saxlanan yerə gedirdim. Hamımız üçün maraqlı idi. Atların gözəlliyi, qıvraqlığı, duruşu adama gəl-gəl deyirdi. Bu ərazidə saxlanılan atlar xüsusi seçilmiş atlar idi. Gözəllik üçün olan atlar başqa tövlədə, yarış üçün saxlanana atlar başqa tövlədə saxlanılırdı. Biz Mərdanın “Qardaşım” adlı atının yanına getdik. 3 yaşın içində olduğunu dedi. Atın cavanlığı gözlərindən hiss edilirdi. Bu qara axaltəkə çox da istiqanlı və mehriban idi. Mərdan iki gündən sonra yarışa çıxacağını dedi. Ona görə də bizə başqa bir ata minməyi təklif etdi. Bu fürsəti əldən vermək olmazdı. Şamaxı dağlarında mindiyim bir manatlıq yabıları nəzərə almasaq, ata minməmişəm. Kənddə də atımız olmayıb. Samir Turan isə türkmən atlarına lap igid kimi baxırdı. Atı gətirdilər. 15 yaşlı bu təcrübəli yarış atı çapmaq üçün ayaqları ilə yeri eşir, fınxırırdı. Çox hündür at idi. Heç bir tərəddüd etmədən belinə mindim. Düzdü bir az çətinlik çəkdim, amma cilovu əlimə ala bildim. Mərdan sürə bilirsən, deyə soruşdu və bacarmadığımı deməyi özümə sığışdırmadım. Əlbəttə sözünü elə həvəslə dedim ki, özüm də fərqinə varmadım. Bəli Atla bütövləşdim. Yıxıla biləcəyim heç ağlıma da gəlməzdi. Ruhum o qədər coşmuşdu ki, türk necə at minə bilməz fikri ilə özümü inandırdım. At da nə at. Elə ayaqlarımı qarnına sıxıb cilovu çəkdim. At yerdən götürüldü. Mərdan da bu hərəkəti görüb elə bilmişdi ki, biz elə Azərbaycanda hər gün at çapırıq. Day deməmişdi ki, nə cıdır düzü qalıb, nə də Qarabağ atı. Hüsyen Bağırlının təbirincə desək, səndə yer qaldımı at oynatmağa, mənim qarış, qarış azalan yurdum. Bəlkə də at oynatmağı unutduğumuz üçün yer də tapa bilmirdik. Nəsə at qanadlanın birinci dövrəyə yaxınlaşanda atın uçduğunu hiss edirdim. Sürəti azaltmaq istəsəm də alınmırdı. Mən cilovu dartıqca at gedirdi. Artıq ayağım da üzəngidən çıxmışdı. Bir anlıq yıxılacağımın fərqinə vardım. Qabaqda ot tayası görən kimi özümü mahir kaskadiyorlar kimi ora atdım. Bütün işçilər qaçdı gəldi. Çox qorxduqları hiss olunurdu. Yaxşı ki xatasız bəlasız qurtulduq. Sorna isə atı ram etməyi bacaran Samir Turanın məharətinə baxdıq. Lap paxıllığım gəldi onun at çapmağına. Beləcə, Türkmənistana gedərkən hökmən bu səhnənni yaşamağı düşünürdük və yaşadıq da. Biz gələndən sorna Mərdan bəy yazdı ki, “Qardaşım” at yarışlarında dördüncü yeri tutub.

Axşam isə şəhərin bərq vuran işıqları arasında şəhəri gəzdik. Bizi Akmurad adlı bir gənc sürücü gəzdirdi. Çox canayaxın bir oğlan idi. Hansısa dərman firmasında işləyirdi. İlk öncə şəhərdə ən uca yerdə yerləşən və hər tərəfdən səkkiz güşə görünən qeyri-adi bir binaya getdik. Bura Axal vilayətinin nikah mərkəzi idi. Bir neçə dəqiqədən bir müxtəlif rəngdə olurdu. Quş baxışında da səkkiz güşə vardı. Səkkiz güşəli ulduz Türkmənistanda ən çox istifadə edilən simvollardan biri idi. Sonra isə Yadigarlığa getdik. Bura bir şəhidlər xiyabanı idi. Bir tərəfdə 1941-1945 İkinci dünya müharibəsinin şəhidlərinə ucalan abidə, bir tərəfdə isə 1948-ci il Aşqabat zəlzələsinə ithaf edilmiş belində yer kürəsi olan bir öküz. Bura da şəhərin hündür yerlərindən birində yerləşirdi. Ziyarəti bitirb otelimizə döndük.

 

Picture10

 

 

Picture11

 

Sonuncu gün gəlmişdi. Ata yurddan ayrılmağın zamanını gözləyirdik. Təəssüf ki, əvvəlki günün axşamı sərin havada nazik geyimdə gəzdiyim üçün yaman soyuqlamışdım. Gəzməyə hal yox idi. Buna baxmayaraq fürsəti əldən vermək olmazdı. Çətinliklə də olsa, şəhərə çıxdıq və hədiyyə almaq üçün bazara getməyi planlaşdırdıq. Bizim Sədərək və ya Binə ticarət mərkəzlərini andıran bir bazara getdik. Türkmənistana xas olan nəsə almağı planlaşdırırmışdıq. Bazara girəndə bizi ilk öncə əl işləri hazırlanmış beşiklər qarşıladı. Çox marqlı idi. Dəmirdən və burma naxışlardan hazırlanmış maraqlı beşikləri idi. Bazarda Milli əşyalar satılan ayrıca bir bölmə vardı. Təsəvvür edirsiniz, Sədərək bazarında bir sıranın başıma “Azərbaycan milli əşyaları” yazılan bir tablo var. Orda bunu gördük. Bir neçə əşya alıb geri dönürdük ki, Samir Turanın mal bazarına da baxmaq kimi arzusu doğdu. Halsızlığım bu istəyi o qeder xoş qarşılamadı. Amma dediyinden dönmədi. Qoyuna, keçiyə, ata baxıb gəldilər.

Yolda Rus bazarına və Təkə bazarına da girdik. Bu da mənim istəyim idi. Çünki o boyda sərgidə “Koroğlu” dastanının Türkmən variantını ala bilməmişdim. Bayram günü olduğu üçün bütün mağazalar bağlı idi. Tapa bilmədim. Dimese de bir söz vermişdim. Günün ikinci yarısı isə mən şəhər çıxa bilmədim. Dostlar deyəsən yaxşıca gəzdilər yenə. Və beləcə biz bu əsrarəngiz şəhərdən ayrıldıq.

 

Picture13

 

               Düşüncələrim…

 

Bizim xalqın nümayəndələri həmişə xarici ölkəyə gedəndə və xarici görəndə, adətən, bəzi gördüklərimizi özümüzlə, öz ölkəmizlə müqayisə edirik və bizdən yaxşı olduğuna həsəd aparırıq. Amma bir çox xarici dostlarım Azərbaycan gələndə adət-ənənəmizi, Bakının füsunkarlığını görəndə dəfələrlə şahid olmuşam ki, bizim düşündüyümüz kimi düşünür və heyrətlənirlər. Bu çox təbiidir və əminəm ki, bütün xalqlarda bu cürdür. Çünki özünəməxsusluq həmişə təəccüb doğurur. Türkmənistan və Aşqabat mənim üçün yeganə şəhər, yeganə xalq idi ki, qəlbimdə də olsa, özümüzlə müqayisə etmirdim. Çünki özümü özümlə müqayisə edib birinə paxıllıq etməli idim. Təəccübləndiyim, kədərləndiyim hər şey mənə məxsus idi. Düzünü deyim, daxilən azad və sərbəst düşüncə sahibi olduğumdan azdan-çoxdan qapalı bir ölkə olduğunu eşitmiş, narahatlıq hiss etmişdim özümdə. Lakin Aşqabatı və bir neçə kəndi gördükdən sonra bu amili alqışladım. Çünki məscidin qapısı açıq olarsa, həyasız itləri yığışdırmaq olmaz. Bu qapalılıq və bitərəflik türkmənlərin milli ruhunu özündə  qalmasına, ənənələrinin assimilasiyaya uğramamasına, başqalarının problemləri ilə yaşamamasına şərait yaratmışdı. Bir xalq bəlkə də, təkcə dilinin məhv olması ilə yox olmaz, kimliyini unutmaz, amma mədəni təfəkkürünə casuslar soxularsa, yer üzündən ya silinər, ya da qorxunc olar.  Məhz bu baxımdan Türkmən prezidentlərinin apardığı siyasəti alqışladım. Deyə bilərsiniz ki, bir ölkədə sosial şəbəkə, “youtube” bağlanarsa, gecə saat 11-dən sonra bütün əyləncə vasitələri qadağan edilərsə, televiziyalar şou verilişlər verməz və dünya xəbərinə yer ayırmırsa, necə olur ki, hər şey yaxşı olur? Bal kimi olur. Bir ölkədə ki, su, işıq, çörək, duz pulsuz olarsa, hansısa bir çayın daşaraq səndən 100 minlərlə kilommetr uzaqlarda bir neçə nəfərin boğulmasına, bir maşının faciəli şəkildə birini vurduğunu görməyə, bir “qaluboy”un digəri ilə evlənməsini atan, anan, oğlun, yoldaşınla birgə baxmağa məcbur olmursunsa, nəyə desən dəyər. İnsan üçün nə lazımdır? Yalançı demokratiyanı reklam edərək, xalqların milli mədəniyyətlərini məhvə sürükləyən dünyadan bixəbər olduqca daha çox xoşbəxt ola bilərsən. Ölkə rəhbərliyi xalqı üçün lazım olan çox şeyi edib. Ola bilsin ki, hələ də görülməli işlər var. Amma əminəm ki, bu gün Türkmənistanın özünəməxsus bir xalq olması onun ən böyük uğurudur. Hə olsun ki, mətbuatda, tvlərdə gecə gündüz biz türkük, biz müsəlmanıq deyib dünyanın digər xalqları və millətləri ilə münasibətini pozmaq istəmir ölkə siyasəti. Lakin şəhərlərdə öz tarixini ən yüksək səviyyədə ora gələnə və böyüyüən gənclərə aşılayırsa, öz dini kimliyini sakitcə öz içində yaşayırsa bundan gözəl nemət ola bilərmi?

Düşünürəm ki, xalqlarımız arasında geniş bir əlaqəyə ehtiyac var. Getməliyik, gəlməliyik. Eyni ritmdə oynadığımız, eyni dadı bəyəndiyimizi, eyni hadisəyə əsəbləşdiyimizi, güldüyümüzü görməliyik. İnanın getsəniz və tanış olsanız mənə haqq verərsiniz.

Dərindən düşünsək, görərik ki, bir insana həyatda hüzur lazımdır. Bu hüzuru Türkmənistdanda gördüm. Nə qədər də qapalı ölkə kimi təqdim edilməsinə baxmayaraq, böyük bir sərbəstlik və azadlıq var. Nə İran kimi dini rejim var, nə Rusiya, Ukrayna kimi açıq-saçıqlıq. Diskotekaları da var, kimsənin təsiri ilə dinə qurşanmadan məscidlərə gedən insanları da. Əsl bir türk ölkəsi. Lap Dədə Qorqud dastanında gördüyümüz kimi. Ən böyük mədəniyyət qaydalara əməl etməkdir, ölkədə insanlar qoyulan qaydalara əməl etmək məcburiyyətindədir. Bir yerdə ki, qayda qanuna əməl edilirsə, ən böyük mədəniyyət budur məncə. Bir ölkəni tanımaq üçün yol mədəniyyəti çox önəmlidir. Nə artı maşın siqnalları eşitdik, nə dəfələrlə yol polisinin saxlayaraq yoxladığı sürücünü incitdiyini, nə qaydaları pozaraq sürət həddini pozan, nə bir xəta edəndə birinin pəncərədən başını çıxarıb digərini yağlı söyüşlərlə söyən.

Əlbəttə ki, mənim görmədiyim, fərqinə varmadığım problemlər var. Amma bir xalqda ki, əxlaq pozulmayıbsa, böyük kiçik yeri bilinirsə, bu həmin ölkənin xoşbəxtliyidir.

 

 

KÖŞƏ YAZARLARI
TOP 10