Ruhsatinin şeirləri – Dilsuzun təqdimatında…

10 Baxış

photo_468

Ünlü türk ozanı Ruhsati (atasının adı Mehmet, anasının adı Safiyədir. – D.) 1835-ci ildə Sivasda anadan olmuşdur. On iki yaşında ikən valideynlərini itirmiş – yetim qalmışdır. Cavan vaxtlarında dəyirman işlətmiş, yaşlandıqda  isə imamlıq etmişdir. O, Ömər, Dərdli, Əmrah, Seyrani kimi ara-sıra əruz vəznində şeirlər yazsa da, əsasən, qoşma və gəraylıya üstünlük vermişdir.

Ruhsati deyişmələri ilə də məşhurdur.

SİYAH SÜRMƏ ÇƏKSİN ALA GÖZÜNƏ

Siyah sürmə çəksin ala gözünə,
Ellər məni qınar deyə, qorxmasın.
Aldanmasın əğyarların sözünə,
İlqarından dönər deyə, qorxmasın.

Yar nə desə şəkər olar, qənd olar,
Şeytan sözü fitnə olar, fənd olar.
Dünya fani, bir soysuza bənd olar,
Kərəm kimi yanar deyə, qorxmasın.

Ayrılıq var – tutammadım əlini,
Qönçə idi – dərəmmədim gülünü,
Duman gəlsə, itiribən yolunu,
Yad budağa qonar deyə, qorxmasın.

El yanında qara etməm üzümü,
Qarda gəzsəm, bildirmərəm izimi,
Demişəmsə, dəyişmərəm sözümü,
Ruhsatiyəm, sınar deyə, qorxmasın.

BADİ-SƏBA

Badi-səba, dost elinə uğrasan,
Çaşbaş salma yollarını, aman ha.
Söylə, yalvar-yaxar, əhdi-peymanım
Dağıtmasın tellərini, aman ha.

Alsın salamımı könül sultanım,
Gözləri piyalə, qaşı kamanım.
Bir gecə yanında olum mehmanı,
Xınalasın əllərini, aman ha.

Badi-səba acı-acı əsərsə,
Çən, duman da aralığı kəsərsə,
Nazlı sevdiciyim məndən küsərsə,
Şirin tutsun dillərini, aman ha.

Sübh ertədən sürmə çəkmiş gözünə,
Ehmal-ehmal toxun nazlı üzünə,
İnanmasın onun-bunun sözünə,
Soldurmasın xallarını, aman ha.

İstər isə, Ruhsatini yoxlasın,
Yayın çəkib, sinəsini oxlasın,
Əmanəti qiyamətə saxlasın,
Dağıtmasın mallarını, aman ha.

SƏHƏR VAXTI

 

Səhər vaxtı qərib-qərib
Ötmə bülbül, ötmə bülbül.
Yaraşmaz şanına sənin,
Ötmə bülbül, ötmə bülbül.

Duman almış dağ başını,
Tökmə gözünün yaşını,
Tərk edib can sirdaşını,
Getmə bülbül, getmə bülbül.

Kim görmüş dünya ardını?
Münəvvər eylə yurdunu.
Aman, dərdimə dərdini
Qatma bülbül, qatma bülbül.

Bihəmdüllah gəldi bahar,
Bax, bir oldu leylü-nəhar,
Mənciyəzin vaxtı səhər,
Yatma bülbül, yatma bülbül.

Dərdin tamam olmadıqca,
Gülün sənə gülmədikcə,
Xridarın bulmadıqca
Satma bülbül, satma bülbül.

Çilə çəkdim qana-qana,
Külə döndüm yana-yana,
Ruhsatini o yan-bu yana
Atma bülbül, atma bülbül.

KƏKLİK KİMİ

Kəklik kimi daşdan-daşa səkərək
Gərdan açıb gəlişini sevdiyim.
Sağa-sola atıb ipək hörüyün
Beşər-beşər bölüşünü sevdiyim.

On altıdı – təyin etdim yaşını,
Yenicə sevdaya salmış başını,
El yanında çatar, çatar qaşını,
Tənhalarda gülüşünü sevdiyim.

Saraldı gül bənizim, soldu deyərək,
Həsrət qiyamətə qaldı deyərək,
Aman Ruhsatimə noldu deyərək,
Arayıb da buluşunu sevdiyim.

HANSI ELDƏN GƏLİRSİZ

Qanadlanıb hansı eldən gəlirsiz,
Sizə sualım var, durun, durnalar.
Bəlkə sevgilimdən bir şey bilirsiz,
Mənə bir təsəlli verin, durnalar.

Könüllər pərişan, kəkillər əyri,
Qürbətdə daş bağlar qəribin bağrı,
Dilimdə hicranlar, qəlbimdə ağrı,
Üstümə bir qanad gərin, durnalar.

Əgər yarın verdiyi vəd vəd isə,
Yüz il ayrı qalsam, batmaram yasa.
İşdi, o yerlərə yolunuz düşsə,
Ayrılıq necədir sorun, durnalar.

Ruhsatinin hicrdən alışdı bağrı,
Gözlərində nisgil, könlündə ağrı,
Qanad açıb gedin vətənə doğru -
Dərdimi önünə sərin, durnalar.

BİR GÜN

Bir gün səni nəm torpağa
Qoyacaqlar, unutma ha.
İnkir-minkir nə olubsa,
Soracaqlar, unutma ha.

Ölüm gəzər dörd yanında,
Bu gün də gələr, yarın da.
Bir taxtanın üzərində
Yuyacaqlar, unutma ha.

Bağlanar qolun, qanadın,
Bir kəlmə də tutmaz dilin.
Mirasçılar bütün malın
Böləcəklər, unutma ha.

Qan dolar gözün içinə,
Söz qatma sözün içinə,
Beş arşın bezin içinə
Saracaqlar, unutma ha.

Fələk dinləməz sözünü,
Çəkməz işvəni, nazını,
Beş-on kişi… namazını
Qılacaqlar, unutma ha.

Tapşırıban qara yerə,
Öz işinə gedər hərə.
Nə bir şam, nə də bir çıra,
Qoyacaqlar, unutma ha.

Yalnız qalacaqsan, bikəs,
Hər yerdən ümidini kəs,
Qeybdən gəlir duyduğun səs,
Soracaqlar, unutma ha.

Əgər, yox isə imanın,
Cəhənnəmdə yanar canın,
Ərşə dayanar fəğanın,
Yaxacaqlar, unutma ha.

Ruhsati, ölüm qorxusu,
İslah edəcək hər kəsi,
Faniymiş dünya həvəsi
Görəcəklər, unutma ha.

 

BU GÜN ÜRƏYİMDƏ QƏM VAR

Bu gün ürəyimdə qəm var,

Sərvboylu yarım getdi.

Bülbül kimi fəğan etdim,

Dörd yana ah-zarım getdi.

 

Adım dastandı dillərdə,

Gözlərim qaldı yollarda,

Məskənim qürbət ellərdə,

Dizim tutmur, sərim getdi.

 

Günəş bir də doğarmola,

O yar eşqi duyarmola,

Ruhsatini anarmola,

Gözəlcə şikarım getdi.

 

MƏRHABA

Səbrim daraldı da, çıxdım dağlara,

Könül əyləncəsi dağlar, mərhaba.

Axdı gözüm yaşı – döndü sellərə,

Çeşmim əyləncəsi sellər, mərhaba.

 

Qaranquş qanadında tamaşa,

Yan-yana bitər nərgiz ilə mənəkşə,

Məndən salam deyin Sultan Bəktaşa,

Səssiz yatan qazilərə mərhaba.

 

Yıxılan divara dur dedin, durdu,

Nişan qalsın deyə əlini verdin,

Qara daşı xəmir kimi yoğurdun,

Mözüzatın bəlli, Bəktaş, mərhaba.

 

Məşuqun görüncə, şad olur aşiq,

Ruhsati, dil topuq vurur, dolaşır,

Üzümü sürtdüyüm ağappaq işıq -

Abi-zəmzəm şəfaxana mərhaba.

 

DEDİM DİLBƏR, GƏL BİR HƏSBİ-HAL EDƏK

Dedim dilbər, gəl bir həsbi-hal edək,

Dedi mən o alış-verişi bilməm.

Dedim məhəbbətdən gülüstan quraq,

Dedi mən gizlində görüşü bilməm.

 

Dedim eşitmisən Fərhad Şirini,

Dedi eşq üçün vermişlər varını,

Dedim var nədi, vermişlər sərini,

Dedi düşmənim çox, sər işi bilməm.

 

Dedim Kərəm yanmış Əsli yolunda,

Dedi rüsvadılar elin dilində,

Dedim Qəmbər ölmüş eşqin əlində,

Dedi mən bəd işi, qarğışı bilməm.

 

Dedim Ruhsati ki, sənə mülazim,

Dedi min bir ruhsat olsun, nə lazım?

Dedim, əgər, qəbul etsən niyazım,

Dedi mən yatağı, ağuşu bilməm.

 

ELƏ BİR ZAMANA GƏLİB ÇIXDIQ Kİ…

Elə bir zamana gəlib çıxdıq ki,

Namərd bəlli deyil, mərd bəlli deyil.

Hər dərdli dərdinə dəva axtarır,

Dəva bəlli deyil, dərd bəlli deyil.

 

Axır, duyduq ömrün boşa getdiyin,

İnsafın yox olub, haqqın itdiyin,

Gücü yetən soyur gücü yetdiyin,

Papaq bəlli deyil, börk bəlli deyil.

 

Ürəyimiz müdam qüssəylə doldu,

Yaz gəldi-gələli çiçəklər soldu,

Dünyanın gərdişi kəcrəftar oldu,

Qoyun bəlli deyil, qurd bəlli deyil.

 

Gözəllər tez düşdü işvədən, nazdan,

Başım açılmadı kədərdən, yasdan,

Xəzana üz tutdu bəzmi-gülüstan,

Yayla bəlli deyil, yurd bəlli deyil.

 

Çarx pozulub, dünya nizam olmayır,

Əhli-füqəranın üzü gülməyir,

Ruhsati də nə dediyin bilməyir,

Yazı bəlli deyil, xətt bəlli deyil.

 

MÖVLANI SEVƏRSƏN

Mövlanı sevərsən, gəl doğru söylə,

Bu alı, yaşılı kimə hörürsən?

Tovuz quşu kimi hər yanın əlvan,

Qulac-qulac zülfü kimə hörürsən?

 

Könlündən kim keçir, kimə aşıqsan,

Sirrini çözmədim, çox dolaşıqsan,

Zülmət gecələrdən gələn işıqsan,

De gülü, çiçəyi kimə hörürsən?

 

Bu hilal qaşları, qara gözləri,

Bu şirin dilləri, şirin nazları,

Bu baldan da dadlı gözəl sözləri

Kimə toxuyursan, kimə hörürsən?

 

Belə ərkan ilə qəlbə girməyi,

Belə ruhsat alıb, ruhsat verməyi,

Belə kəkil kəsib, kəkil burmağı,

Belə incə şalı kimə hörürsən?

 

VARDIM NAZLI YARIN ZİYARƏTİNƏ

Vardım nazlı yarın ziyarətinə,
Dedim qalx gedəlim, dedi gedəməm.
Dedim bu qədərmi vaz keçdin məndən,
Dedi vaz keçmədim, amma gedəməm.

Dedim ayrılığa necə dayandın,
Dedi, əvvəl Allah, sənə güvəndim.
Dedim eşqin ilə odlara yandım,
Dedi bilməzmiyəm, amma gedəməm.

Dedim sənin ilə əhdim var idi,
Dedi ki, bəxtimiz bizə yar idi,
Dedim könlün məndən nə tez qırıldı,
Dedi qırılmadı, amma gedəməm.

Dedim Ruhsatiyə nədi iradın,
Dedi məhşərəcən odur muradım,
Dedim bəlkə özgə bir yar aradın,
Dedi aramadım, amma gedəməm.

YENƏ BAHAR GƏLDİ

Yenə bahar gəldi, bülbül səsinə
Səs  veribən səsləndimi yaylalar.
Dörd bir yanı lalə, sünbül bürümüş,
Gəlin olub, süsləndimi yaylalar.

Gül açılmış, ətrin duymuşam yeldən,
Bir çör-çöp gəlir çağlayan seldən
Çəkərəm dərdini, nə gələr əldən,
Əyib boynun, uslandımı yaylalar.

Mən də sənin kimi yetsəm murada,
Yüz qəmlənsəm, bir sevinsəm arada,
Ruhsatiyəm, dərd yüküylə burada
Məni görüb, yaslandımı yaylalar.

HƏR SƏHƏR

Hər səhər dərdli-dərdli əsərsən,
Bilməm ki, muradın nə, səhər yeli.
Kərəm eylə, yar elinə varanda,
Mənim də halımı de, səhər yeli.

Həsrət qiyamətə qalır deginən,
Yaralar canımı alır deginən,
Dərdi-firqət ilən ölür deginən,
İsmimi dəftərə qoy, səhər yeli.

Pozuq dünya səfasına erilməz,
Adlar arasında adım görülməz,
Bizim işlərimiz burda çözülməz,
Çəkərəm ah ilə hu, səhər yeli.

Dağlar kimi dumanlıdır başımız
Cavanlıqdan üz döndərdi yaşımız,
Kərbala cənginə döndü işimiz,
Əl-aman, bir damla su, səhər yeli.

Kərəm edib, Mədinəyə varasan,
Dosta-yara ərzi-halım sunasan,
Gəlsin Ruhsatini ellər qınasın,
Axır gözlərindən su, səhər yeli.

 

Mənbə: edebiyyatqazeti.az

KÖŞƏ YAZARLARI
TOP 10