Rus çəkmələrinin qoxusu – Tural Cəfərlinin hekayəsi

15 Baxış

26239836_1569548296455379_3446527033433756540_n

 

Senet.az oxucularına ““Ustad” dərgisinin təşkil etdiyi “Cümhuriyyət – 100” hekayə müsabiqəsində yüksək xalla qiymətləndirilmiş gənc yazar Tural Cəfərlinin “Rus çəkmələrinin qoxusu” hekayəsini təqdim edir.

 

Külək getdikcə güclənirdi. Havada uçuşan qum dənəcəkləri Nataşanın üz-gözünü döyəcləyir, o da öz hirsini qolundan bərk-bərk yapışıb onu yıxılmağa qoymayan əri Sergeyin üstünə tökürdü:

– Axı, bizim Bakıda nə ölümümüz vardı? Gərək öz xarabamızdan çıxmayaydıq!

– Öz xarabamızda iş yox, güc yox. Adamlar acından köpük qusur. Hərə başını götürüb bir tərəfə qaçıb. Hər yanda qardaş qırğını gedir. Qan su yerinə axır. Sən isə… – susdu, az sonra əlavə etdi, – Güc-bəla ilə gəlib bura çıxmışıq. Bir az da döz. Hər şey yaxşı olacaq.

Sergey ümidlə irəli baxdı. Bir az irəlidə ikimərtəbəli, yaraşıqlı bina vardı. Gəlib həmin o binanın önündə dayandılar. Sergey yumruqları ilə dəmir qapını döyəclədi. Az sonra qapı açıldı. Hündürboylu, keçəl bir kişi acıqlı səslə:

– Nə lazımdır? – deyə, gözlərini Nataşanın üzünə dikdi.

– Biz gəmi ilə Həştərxandan gəlmişik. Şəhəri tanımırıq. Allah xatirinə, bizə bir gecəlik yer verin, – deyə, yalvardı.

– Bura karvansara deyil, – deyərək qapını örtmək istəyəndə həyətdən qadın səsi gəldi:

– Arturcan, orada kiminlə danışırsan?

– Əzizim, deyəsən, ünvanı səhv salıblar, – özündən razı halda gülümsədi.

Sergey gözlərini Nataşadan çəkməyən bu erməni köpəyini nifrətlə süzərək bir addım geri çəkildi. Sanki hücuma hazırlaşırdı. Amma bu pəzəvəng erməniyə güc gələ bilməyəcəyini hiss edib əliylə boynunun ardını qaşıdı.

Aradan beş-on dəqiqə keçməmiş başqa bir qapını döydülər. Bu dəfə qapını qoca bir yəhudi açdı.

– Bizə kömək edin! – Nataşa Sergeydən əvvəl dilləndi, – Uzaq yol gəlmişik. Daha getməyə taqətimiz qalmayıb, – deyib uşaq kimi hönkürdü.

Qoca yəhudi əvvəlcə başını buladı, sonra da öskürə-öskürə qapını onların üzünə bağladı.

Nataşanın ayaqları əsir, daha gedə bilmirdi. Bir yandan da susuzluq onu əldən salmışdı. Dodaqları səhra çölünü xatırladırdı. Qəflətən yerə çökdü. Səkidə oturub dizlərini qucaqladı. Sergey də onunla yanaşı oturdu.

– Bu necə şəhərdir? – öz-özünə donquldandı, – Düz səkkiz qapı döymüşəm. Qarşıma gah erməni çıxıb, gah da yəhudi. Küçələrin adları da rus dilində yazılıb. Bəlkə, biz Bakıya yox, başqa bir şəhərə gəlib çıxmışıq? – şübhə ilə ətrafa boylandı. – Hələ bu küçənin adına bax: “Zavedenskaya”. – Hirslə güldü.

Az sonra qarşı tərəfdən sağa dönüb alçaq divarlı bir evin taxta qapısını döydülər. Qapının döyülməsi açılması ilə bir oldu.

– Bizə yer verin, – Sergey qapını açan qırx-qırx beş yaşlı qarabığlı bir kişinin ayaqlarını qucaqlamaqdan özünü güclə saxladı.

– Gəlin içəri, – deyən kişinin dodaqlarına təbəssüm qondu, – Qonaq Allah qonağıdı. Xoş gəlmisiniz!

O, bu sözləri deyib başını sağ çiyninin üstündən geri çevirdi, şirin bir səslə:

– Ay Nisəbəyim, qonağımız var! – dedi.

İçəri keçdilər. Aradan yarım saat keçər-keçməz Abdullanın kasıb evindən şirin gülüş səsləri eşidildi.

* * *

…Abdulla özünə yer tapa bilmir, ora-bura vurnuxurdu. Neft mədənlərindən eşitdiyi xəbərdən bərk sarsılmışdı.

– Necə yəni gəlirlər! – dişi ilə dodaqlarını gəmirdi.

Daha dözə bilmədi. Asılqandan papağını götürüb qapıdan çıxmaq istəyəndə Nisəbəyim qollarını geniş açaraq onun qabığını kəsdi:

– Qadan alım, getmə! Birdən başına bir iş gələr. Onda mən neylərəm? Olub-qalan bircə balamızı ermənilər öldürdülər. Qorxuram, mart qırğını yenidən təkrar olunar. Dükan-bazarda şaiyə gəzir ki, ermənilər rusların gəlməsini gözləyir.

Gözyaşları yanağından aşağı süzüldü.

– Qorxma, Nisəbəyim! Dəmiryol vağzalına dəyib qayıdıram! – deyib zorla gülümsəməyə çalışdı.

Nisəbəyim kənara çəkilib əllərilə üzünü qapadı. Abdulla küçəyə çıxıb, dərin düşüncələr içərisində getməyə başladı.

– Görəsən, deyilənlər doğrudurmu? – öz-özünə pıçıldadı. – Əgər deyilənlər doğrudursa, deməli, Azərbaycanın qara günləri yaxınlaşır, – hönkürüb uşaq kimi ağlamaq istədi. Özünü birtəhər ələ alıb yaşarmış gözlərini sildi.

Yarım saatdan sonra Milli Məclisin yerləşdiyi küçəyə gəlib çıxdı. Dalğalanan üçrəngli bayrağa fərəhlə baxdı. Sonra küçə ilə aşağı enərək “Metropol” otelinin yanından keçdi. Küçələr boş idi. Bir ins-cins gözə dəymirdi. Vağzala gedən yola çıxdı. Az sonra “Telefon küçəsi”nə gəlib çatdı. Bu küçə də boş idi. Nə düşündüsə, Dövlət Dəmir Yolları İstintaq Hakimliyində çalışan dostu Əlibəyi görmək ümidilə həmin idarəyə sarı addımladı. Amma idarədə Əlibəyin katibəsi Mariyadan başqa kimsə yox idi.

– Əlibəy yerindəmi? – soruşdu.

– Səhərdən işə çıxmayıb, – Mariya günahkar adamlar kimi cavab verdi.

– Telefon hardadır? Zəng etmək istəyirəm.

– Buyurun. – Mariya göy gözlərini süzdürüb maraqla ona baxdı.

Abdulla əvvəlcə vağzalı yığdı. Səs gəlmədi. Sonra dostu Sergeyə telefon açmaq istədi, amma bütün cəhdləri cavabsız qaldı. Xətlər kəsilmişdi. İdarədən çıxıb tələsik addımlarla vağzala sarı yönəldi. Yaxınlıqdakı parkdan keçəndə vağzalda pinəçilik eləyən Məhəmmədlə rastlaşdı. Məhəmməd onu görən kimi qolundan yapışıb titrək səslə dedi:

– Vəziyyət çox pisdir. Bir saat bundan əvvəl dəmiryolu jandarma komandirini və dördüncü şöbənin komandirini tutub apardılar.

– Hara apardılar? – az qala dəli kimi bağırdı.

– Özüm də bilmirəm.

– Bu nə deməkdi? – Abdulla çaşbaş qalmışdı.

Pinəçi Məhəmməd cavab vermək əvəzinə çiyinlərini çəkdi.

Abdullanın əlləri əsirdi. Gözləri böyüyüb hədəqəsindən çıxmışdı. Dəli kimi qışqırdı:

– Vətənimiz əldən gedir!

Sonra dərindən nəfəs alıb vağzal qapısından içəri daxil oldu. Birinci mərtəbədə heç kim yox idi. Təəccübləndi. Elə bil, adamlar yağlı əppək olub göyə çəkilmişdilər. İkinci mərtəbəyə qalxıb perrona keçdi, orada da heç kim gözə dəymirdi.

– Axı, nə baş verir? – hirsindən əlləri əsdi.

Perronda çox ləngimədi. Ürəyi sıxılırdı. Ürəyi sıxıldıqca gözlərinə qaranlıq çökürdü. Özünü birtəhər ələ alıb yaxınlıqda dayanmış faytona yaxınlaşdı və “Vrangelsk küçəsi”nə gedəcəyini bildirdi. Sergey Vrangelsk küçəsində yaşayırdı. Düz bir il bundan əvvəl Abdulla ona öz evində yer vermiş, sonra Sergeyi neft mədənlərində işə düzəltmişdi. Günlərin bir günü Sergey Milli Məclisin damında dalğalanan bayrağa baxıb sevinclə belə demişdi:

– Abdulla, bu üçrəngli bayraq olmasaydı, Allah bilir, harada ölüb-itmişdim. Sizin hökümət mənə ev də verdi. Biz indi dünyanın ən xoşbəxt adamlarıyıq. İlk uşağımız da Bakıda doğuldu. Bir-iki aydan sonra gedib qohumlarımı da gətirəcəyəm. Bura cənnətdir. Qoy gəlib insan kimi yaşasınlar.

Sergey bu sözləri deyib dililə sarı bığlarını yalamış, sonra da bir papiros yandırıb acı tüstünü ləzzətlə ciyərlərinə çəkmişdi.

…Abdulla Sergeyi evlərində tapmadı. Nataşanın üzü gülürdü. Sevincindən uşaq kimi atılıb-düşmək istəyirdi.

– Nə olub sənə? – Abdulla heyrətini gizlədə bilmədi. Sonra da cavab gözləmədən soruşdu, – Sergey hara getmiş olar?

– Deyəsən, stansiyaya getdi, – Nataşa bu dəfə daha bərkdən hırıldadı. Və alışıb-yanan gözlərini Abdullaya dikərək sevincək halda dedi, – Nə yaxşı ki, rus çəkmələrinin qoxusu duyuldu.

Abdulla özünü itirən kimi oldu:

– Başa düşmədim! – səsi güclə çıxdı.

– Rus ordusu…

Abdulla dəli kimi bağıraraq onun sözünü boğazında qoydu. Hirslə irəli gəldi və Nataşanı bir yumruğu ilə cəhənnəmə vasil eləməkdən özünü güclə saxladı. Az sonra o, dizüstə yerə çökdü. İçi qan ağlayırdı. Aprel ayının son günləri olsa da, havadan yaz ətri gəlmirdi: Nataşanın dediyi kimi, havadan rus çəkmələrinin qoxusu duyulurdu. Bu qoxu getdikcə yaxınlaşırdı.

– Satıldıq, satıldıq! – deyə, Abdulla hər iki yumruğu ilə başını döyəclədi, sonra da yaralı şir kimi bağırıb ayağa durdu. Abdulla dizlərini yerə qoyub yaralı şir kimi bağırdığı dəqiqələrdə Milli Məclisin yerləşdiyi küçədən rus hərbi dəstələri keçirdi. Bu hərbi dəstələr ac çəyirtkə sürüsünü xatırladırdı.

ELEKTRON KİTABXANA
ustadejurnalyukle
USTAD / E-versiya
ustadejurnalyukle
KÖŞƏ YAZARLARI
TOP 10