Rüstəm Həsənovun xatirəsinə…

61 Baxış

rustem22

Elvin Paşayev:

Dəyərli müəllimim, xeyirxah ziyalı, ədəbiyyatşünas alim, Rüstəm Həsənovun əziz xatirəsinə həsr olunur!

BDU-da təhsil aldığım 2008-2012-ci illər ərzində xeyirxah əməllərinə, savadına, elmi təfəkürünə görə, seçilən alimlər, mənim bir tələbə kimi formalaşmağıma müsbət təsir göstərdilər. Belə dəyərli, xeyirxah, unudulmaz, haqqında danışmaq istədiyim alim Rüstəm müəllimdir. Humanist keyfiyyətlərinə görə, Rüstəm müəllim filologiya fakültəsində öndə idi. Bütün tələbələrin magistrantların, doktorantların, müəllimlərin dostu, sevimlisi olan bu ziyalı çox sakit, humanist mövqeli, fakültədə bütün tələbələrə valideyn qayğısı, məhəbbəti göstərən müəllimlərdən idi.

Rüstəm müəllimlə tanışlığımız 2010-cu ilə təsadüf etmişdir (O zaman 3-cü kursda oxuyurdum). Həmin vaxt Amerikadan təzəcə gəlmişdim. Müəyyən səbəblərdən akademik borclarım vardı. 3-cü kursun I semestrində “Azərbaycan dramaturgiyası” adlı seçmə fənn keçirdik. Seminar məşğələsini də Rüstəm müəllim tədris edirdi. Düzdür, bu fəndən dərsdə iştirakıma icazə verilmirdi, ancaq müəllimin danışığından, sanki, özümə qarşı bir yaxınlıq, səmimilik duymuşdum. O gündən etibarən Rüstəm müəllimlə münasibətimiz daha da artdı, tez-tez əlaqə saxlamalı olduq. Çox zaman 3-cü mərtəbədə ya növbətçi olanda, ya da müasir Azərbaycan ədəbiyyatı kafedrasının qarşısında rastlaşırdıq. Hər dəfə də qarşılaşanda da hal-əhval edib görüşərdik, aramızda valideyn-övlad sevgisi olardı.

Zaman keçdikcə Rüstəm müəllim haqqında daha da dərindən öyrəndim. Sonradan aldığım məlumata görə, o, magistraturaya ixtisasdan hazırlıq keçir. Magistrant olmaq mənim həyatımda ən böyük arzularımdan idi.

2012-ci ilin martın 3-də magistraturanın I mərhələsinə qəbul imtahanı keçirildi. İmtahanda mən də iştirak etdim və 49 bal topladım. Demək olar ki, hər şeydən ümidim kəsilmişdi. Bir tərəfdən maddi imkansızlıq, digər tərəfdən 3 kəsr və il yarım hərbi xidmətə getməli idim. Ancaq fikirləşirdim ki, zamanı qabaqlamaq olmaz, həyatda hər an hər şey dəyişə bilər, və ya hər şeyi dəyişdirmək olar. Magistraturaya qəbul olmağım mənim həyatımda nəyinsə sürətlə inkişafında qığılcım yarada bilərdi.

Bir gün səhər universitetdə Rüstəm müəllimlə tənəffüsdə qarşılaşdıq. Görüşdük, bir az hal-əhval etdikdən sonra müəllim sözə başladı:

- Nə fikirləşirsən, Elvin, artıq birinci mərhələnin imtahanı bitdi və ixtisasdan hazırlıq başlayıb. Mən də heç nə deyə bilməyəcək şəkildə sakitcə dayandım və susdum. Beləcə bir neçə dəqiqə danışmadıq. Sonra Rüstəm müəllim mənə dedi ki, sonuncu dərs səni bufetdə gözləyəcəm. Bütün dərs boyu öz-özümə fikirləşdim ki, görəsən, nə olacaq? məni də pulsuz hazırlaşdırarmı? – deyə özümə bir neçə sual verdim. Sonuncu dərs bitən kimi bufetə getdim. Çay içə-içə söhbətimizə davam etməli olduq. Rüstəm müəllim dedi:

- Elvin, sən heç nədən narahat olma, birinin imkanı olar, birininki olmaz. Onsuzda mən hər il sənin kimi bir neçə tələbəni təmənnasız hazırlaşdırıram. Sabahdan gəlirsən məşğələyə. Bir anlıq düşündüm ki, bu yuxudur, yoxsa reallıqdır? Belə humanist xüsusiyyətlərə malik olan insanlarla nadir hallarda rastlaşmalı olursan. Eyni zamanda, bir neçə qrup yoldaşım da ixtisasdan hazırlıq üçün müəllim axtarırdılar. Mən də onlara Rüstəm müəllimi məsləhət bilmişdim. Beləcə telefon nömrələrimizi götürdük və ayrıldıq. O andan etibarən Rüstəm müəllimlə münasibətimiz daha da yaxşılaşdı. Hər dəfə məşğələdən sonra mənlə bərabər bir neçə nəfəri də çay evinə aparardı. Getmək istəmədiyimizi deyəndə bizə əsəbləşərdi. Həmişə də bizi əlimizi cibimizə atmağa qoymazdı.

Nəhayət, 2012-ci il iyunun 24-də magistraturanın ikinci mərhələsinə qəbul imtahanı keçirildi. İmtahanda 35 bal topladım. Sevincimin həddi-hüdudu yox idi. Bir vaxtlar, hər şeydən ümidimi kəsdiyim halda indi 84 balla SDU-nun magistrantı olmuşdum. Ancaq BDU-da dövlət imtahanı və buraxılış işinin müdafiəsi hələ də problemli olaraq qalırdı. Ancaq magistraturaya qəbul olmağım bu işlərin üstündən xətt çəkdi. Rektor məni magistraturaya qəbul olduğum üçün bağışladı.

Rüstəm müəllim haqqında çox fikir söyləmək olar. O, böyük ürəyə sahib insanlardandır. Həyatda onun kimi müsbət keyfiyyət və xüsusiyyətlərə malik insanlar çox azdır və çox az da yaşayırlar. Mən Rüstəm müəllimə həmişə borcluyam, o, məndə bu maddi ehtiyacı yaşatmadı, mənim magistrant olmağımın ən böyük səbəbkarı olan insandır.

Rüstəm müəllim qəbriniz nurla dolsun! Ruhunuz şad olsun! Allah sizə rəhmət etsin! Yeriniz cənnətlik olsun!

 

 

 

 

 

 

 

 

 

 

Bölmə : Bölməsiz
KÖŞƏ YAZARLARI
TOP 10