Rüşvət və əxlaq – Aydın Talıbzadə

31 Baxış
file_20121208100044678
Əhməd ibn Hənbəlin “Müsnad”ında təqdim edilən hədislərin birində Muhamməd peyğəmbər deyir: “Rüşvət verənə də, rüşvət alana da və bu işdə araçılıq eləyənə də Allahın lənəti olsun!”
Siz əgər müsəlmansınızsa, gərək buna inanasınız və əməl eləyəsiniz!
Toplumun əxlaqını, mənəvi, ruhsal durumunu rüşvət qədər pozan digər bir nəsnə bulmaq çətin: o yerdə ki, rüşvət var, orada həqiqət, əxlaq və ədalət olmur. Əvvəlcə vətəndaşlar rüşvət yeyirlər, sonra isə rüşvətin özü cəmiyyətin üzvlərini, yəni insanları bir-bir “yeyir” və bir də görürsən ki, ətrafında yalnız varlı müqəvvalar, ya da rüşvət ipindən asılı kuklalar gəzir.  Sosial əxlaq heçə enəndə toplumda qorxu və absurd tirajlanmağa başlayır, etibarsızlıq sindromu peyda olur və heç kim heç kimə və heç nəyə inanmır. Nədən ki, rüşvət sistemində hər bir adamın öz qiyməti var. Bunu da hamı bilir: hamı bilir ki, hamı satılır.
Milyonun doqquz sıfrı qarşısında heç kim tablamır: belə ki, milyonun açdığı perspektivlər gözləri bərəldir, baş gicəlləndirir. Bax, elə bu zaman insan anlayır ki, itirəcəyi çox əziz bir nəsnəsi, yəni birlə birgə düz doqquz dənə sıfrı var. Onda insan öz milyonunun köpəyinə çevrilir.
Rüşvət əxlaqı, əxlaqın yoxluğu isə cəmiyyəti dağıdır. Burada reaksiya zəncirvaridir. Tamah və qorxu rüşvəti labüdləşdirir; rüşvət isə tamah və qorxunu çoxaldır. Rüşvət azadlıqdan, aşkarlıqdan qorxur; azadlıq, aşkarlıq isə  rüşvətdən. Rüşvət hakim olan yerdə hamı ucdantutma lakeydir, kölədir, nökərdir: çünki hamı rüşvət verə-verə sosial nərdivana dırmaşır; yainki rüşvətlə bu nərdivanda öz yerini möhkəmlədir. Ehtiyac mənəvi-əxlaqi imperativləri üstələyəndə azadlıq və demokratiya rüşvət “ağac”ından asılır.
Bu rüşvətin neqativi!
Rüşvətin də pozitivi olurmu, yahu?
Elə isə onda rüşvət nədir? Onun ictimai-sosial funksiyası nə ilə müəyyənləşir? Hər bir hədiyyə rüşvət forması kimi götürülə bilərmi? Niyə hamı rüşvəti bu qədər çox sevir? Təbiət rüşvətin nə olduğunun fərqindədirmi? Suallar çoxdur: amma cavabları da var. Di gəl ki, cavablar hər şeyi izah eləmək iqtidarında deyil.
Rüşvət qısa zaman kəsimində çox az əmək sərf etməklə faydalanmaq, bəhrələnmək, varlanmaq imkanıdır. İnsanlar bu şansı vaxtında dəyərləndirib, adətən, onu əllərindən buraxmırlar. Rüşvət sazişdir; özü də ən etibarlı qeyri-rəsmi, sənədləşdirilməmiş sazişdir. Bu xüsusda heç kim bir-birini aldada bilməz. Nizamlanmış rüşvət sistemində dələduzluq ağır cəzalandırılır. Ərəbcədən tərcümədə “rüşvət” satın almaq kimi mənalanır. Mahiyyətcə “satın almaq” elə “qul almaq” kimi bir şeydir. Rüşvəti verirlər ki, işlərini düzəltsinlər. Rüşvəti alırlar ki, varlansınlar. Dövlətin cibinə girməyən və rüşvət almayan maaş əhli varlana bilmir. Bu, aksiomdur. Ona görə rüşvət alverdir: “əl əli yuyar, əl də üzü” məsəlinin praktiki və xeyirli şəkildə gerçəkləşdirilməsidir.  Rüşvət alan şəxs xidmət və ya xidmətlər paketi satır. Pulu olmayan adam isə bu xidmətlərdən kənarda qalır və onun işi taledən, təsadüfdən, bəxtdən asılı olur.
Rüşvət verən də, rüşvət alan da birlikdə hipotetik imza atırlar ki, onların mənəviyyatı yoxdur, onlar qanunu pozurlar və ləyaqətsizcəsinə davranıb cəmiyyətə kələk gəlirlər. Bu imzadan sonra yaşamaq yüngülləşir: çünki təcrübədə hər şey icazəli və mümkün olur. Rüşvət bütün qapıları, qapılardakı qıfılları, kodları açır.
Rüşvət çətin başa gələn bir işi asan eləmək vasitəsidir. Onunla bütün kabinetlərin qapısını açıb irəliləmək olur: onunla alim olmaq, yazıçı olmaq, şöhrətlənmək, vəzifə tutmaq mümkünləşir. Hamı hamıya rüşvət verir. Hətta süpürgəçiyə də rüşvət təklif olunur ki, öz vəzifəsini bu və ya digər bir yerə münasibətdə daha vicdanlı icra etsin, daha səliqəli olsun.
“Hamıya rüşvət!” Xoşuma gəlir, əla şüardır. Ona görə xoşuma gəlir ki, faktiki olaraq rüşvətsizlik deməkdir.
 Hamı dəli olanda heç kim ağıllı axtarmır.
Hamı rüşvət alanda bu norma olur və heç kim də alçalmır.
Lakin bir dəqiqə… İnsan necə fikirləşib tapdı rüşvəti? Bu əməl necə onun beyninə batdı? Əgər ciddi yanaşsaq, görərik ki, təbiətdə də rüşvət nümunəsi var: heyvan və quşların böyük bir qismi cütləşmə dövrü gələndə dişilərə onlarla bir olmaq üçün hədiyyə-yem təklif eləyirlər. Evlənmə öncəsi oğlan adamlarının qız evinə apardığı şirnilər, pal-paltar, qır-qızıl, qurbanlıq və digər nəsnələr eyni funksiyanı daşımırmı? Qadının sevgisi əvəzinə ona təqdim edilən hədiyyələr rüşvət rudimentini özündə qapsamırmı? Başqa bir variant… Şirlər erkək aslana ailəni qoruduğu üçün xərac vermirlərmi, qidanı öncə onun yeməsini gözləmirlərmi? Bu, rüşvət-hədiyyə forması kimi yozula bilməzmi?
Deməli, rüşvət simptomlarına təbiətin özündə də rast gəlmək mümkün. Onda belə çıxır ki, rüşvət təkcə “əl əli yuyar, əl də üzü” məsəlinin birbaşa gerçəkliyi deyil. Burada digər mühüm məqamlar da var. Rüşvət korrupsiya cəmiyyətində qoruyucu qalxandır, sığortadır: müdafiə mexanizmidir, xərac formasıdır; qeyri-rəsmi vergi variantıdır ki, səni salamat buraxsınlar, sənə dəyib-dolaşmasınlar.
İosif Vissarionoviç Stalin deyirdi ki, insan yoxdursa, insanın problemi də yoxdur. Bununla o, kimlərəsə gizli şəkildə kömək eləyirdi, mesaj göndərirdi ki, məsələni qısa yolla həll etsinlər. Hamı rüşvət alanda problem qalmır: ilan özünü quyruğundan tutub yeməyə başlayır. Bəlkə, bu metoda əl ataq, cənablar!
Mənbə: Kultura.Az
KÖŞƏ YAZARLARI
TOP 10