Rza Təhmasibin Hüseyn Cavid haqqında xatirəsi…

14 Baxış

76438

Rza Təhmasibin Hüseyn Cavid haqqında xatirəsi - Nəriman Nərimanov Cavidə mehriban münasibət bəslərdi…

Cavidlə ilk tanışlığım 1910-cu ildən başlanır. O, Naxçıvanda ana dili və fars dili müəllimim olmuş, Şərq ədəbiyyatının ölməz əsərlərini mənə sevdirmişdir.

O, öz otağının balaca pəncərəsi qabağında dayanıb, Bazar çayına uzunuzadı baxar, sanki suların şırıltısından ilham alardı. Dərs oxumaq üçün Cavidin evinə gedəndə yenə də pəncərə qabağında fikrə daldığını görüb dayanar, onu dərin xəyallardan ayırmağa cəsarət etməzdim.

İllər keçdikcə aramızdakı müəllim və tələbə münasibəti səmimi dostluğa çevrildi. Dostluğumuz on beşinci illərə (1915) qədər Naxçıvan və Tiflisdə, sonralar isə Bakıda qırılmaz surətdə davam etmişdir.

Cavid olduqca təvazökar, sözün müsbət mənasında, insanı heyrətə gətirən bir qürura malik idi. O, insanlara dərin hörmət və məhəbbət bəsləyər, bununla yanaşı kimsədən asılı olmaq istəməzdi.

İlk dostluğumuz illərində Cavid yazdığı şeirləri Əziz Şərifə və mənə oxuyardı. O, bizim qeydlərimizə (bu barədə Əziz Şərif məndən daha cəsarətli idi) diqqətlə qulaq asardı, dəftərçəsinə nə isə qeyd edərdi. Əziz Şəriflə bərabər ona rus və Qərb ədəbiyyatından oxuduğumuz əsərlər haqqında ətraflı danışardıq. Cavid Şekspir dramaturgiyası ilə, rus ədəbiyyatından Tolstoyun və Dostoyevskinin yaradıcılığı ilə maraqlanardı. Fars, ərəb, osmanlı və Azərbaycan şairlərinin əsərlərindən bizə nümunələr oxuyardı…

1915-ci ildə Cavidin bilavasitə köməyi ilə Bakıda “Səfa” məktəbində müəllimliyə düzəldim. Bu məktəbdə Cavid də müəllim idi. Hər gün dərsdən sonra Cavidin dostları Abdulla Şaiq, Cəfər Bünyadzadə, Seyid Hüseyn və başqaları ilə o zaman Qubernator bağı adlanan bağda görüşər, ədəbiyyatdan, şeirdən, ictimai və mədəni hadisələrdən söhbət edərdik.

Bu söhbətlərimizdə bəzən Nəriman Nərimanov da iştirak edərdi. O, Cavidə mehriban bir münasibət bəslərdi. Axşamlar isə Cavidin “Təbriz” mehmanxanasındakı otağına toplaşardıq. Bu yığıncaq tam mənası ilə ədəbiyyat və şeir məclisinə çevrilərdi. Salman Mümtaz fars və Azərbaycan dillərində əzbərdən və xoş bir ahənglə çoxlu şeir oxuyardı. Onun çox gözəl yaddaşı var idi.

Cavid özünün mənzum dram əsəri “Şeyx Sənan”ın ayrı-ayrı səhnələrini hələ 1912-13-cü illərdə Tiflisdə mənə oxumuşdu. Yadımdadır, Cavid Tiflisdə Şeytanbazarda bir mənzil tutmuşdu.

Oradan Şeyx Sənan dağı aydın görünürdü. Cavid, Əziz Şərif və mən bir neçə dəfə həmin dağa gəzməyə getmişdik. Cavid burada Şeyx Sənana isnad edilən qəbrin yanında xeyli dayanar, diqqətlə ona baxardı. Sonralar başa düşdüm ki, o, ruhən və fikrən bu yerlərə yaxın olmağa bir ehtiyac duyurmuş.

Cavidin əsərlərində oynadığım ilk rol İblisdir. Bu tamaşa 1920-21-ci il mövsümündə Dövlət Opera və Balet Teatrında olmuşdur. Əsərin və İblis obrazının dərin ictimai mənasını – onun traktovkasını Cavid özü mənə izah etdi. İblis rolunun ilk ifaçısı Abbas Mirzə Şərifzadə son dərəcə qüvvətli aktyor məharəti, gur səsi və tamaşaçılar qarşısında qazandığı məhəbbəti sayəsində, əlbəttə, böyük üstünlüyə malik idi. Mən yalnız obrazın doğru traktovkası və Cavid şeirinin düzgün və mənalı tələffüzü ilə bu çətin yarışda bir növ vəziyyətdən çıxa bilirdim. Sonralar həmin tamaşada Arif rolunu oynamışam.

Cavidin “Şeyx Sənan” pyesində Sənan, “Knyaz”da Knyaz, “Topal Teymur”da Orxan, “Səyavuş”da Keykavus rollarını ifa etmişəm.

Cavidin “İblis” və “Şeyx Sənan” pyeslərini Naxçıvanda və Bakıda bir rejissor kimi tamaşaya qoymuşam. Cavidin pyeslərindəki obrazların çoxu canlı və dolğundur. Aktyor yaradıcılığı və aktyor sənətinin inkişafı üçün bu obrazlarda dərin və zəngin material vardır.

Cavid daim axtarırdı, həmişə öz-özü ilə mücadilə və mübarizədə idi. Cavid öz yaradıcılığında yenilik sevən, mütərəqqi sənətkar idi. O, hər əsərini dönə-dönə məhək daşından keçirdikdən, xüsusilə, şeirlərini tam büllurlaşdırdıqdan sonra üzə çıxarardı. Görkəmli şair və dramaturq Hüseyn Cavid həm də xeyirxah insan, mənəvi və əxlaqi cəhətdən son dərəcə pak bir şəxsiyyət idi.

“Cavid” sözü təkcə onun təxəllüsü deyildir. Bu söz Cavid yaradıcılığının ölməz rəmzidir.

Azərbaycan mədəniyyətini və ədəbiyyatını sevən hər kəs Cavidlə fəxr edə bilər.

“Ədəbiyyat və incəsənət” qəzeti, 2 mart 1963-cü il

KÖŞƏ YAZARLARI
TOP 10