“Səadət düşmənlərinə” – Səməd Vurğun

46 Baxış

semed vurgun huseyn cavidd

Senet.az xalq şairi Səməd Vurğunun “Ədəbiyyat qəzeti”  1937-ci il 16 iyun № 326 (111) sayında Hüseyn Cavidi nəzərdə tutaraq yazdığı “Səadət düşmənlərinə” başlıqlı şeirini təqdim edir:   

Bizim yerdə bəzənmiş günəş yüzlü bir bahar

Səadətin bu yerdə yaşamağa haqqı var.

Ayılmış insan oğlu, səfalət yuxusundan

Onun böyük gücünə baş əymişdir asiman.

Ağ atını sürərək gözdən itdi qara qış…

Bizdə könül hicranı, çörək dərdi qalmamış.

Budur: mən seyr edirəm bu dağları, düzləri

Şəfəq saçmış yurduma qurtuluş gündüzləri.

Asta-asta göz yaşı tökən şamlar qaralmış

Elektrik lampalar gün kibi şölə salmış.

Qüdrətimiz yuxudan səhraları oyadır.

Burda insan xiyalı çinar kibi boy atır.

“Ağlaram ağlar kibi

Dərdim var dağlar kibi

Xəzəl olub töküldüyüm

Virana dağlar kibi”

Söyləməyir analar indi beşik başında,

Şair ölüm duymayır onların göz yaşında.

Bu dil deyib ağlayan bayatını bu gün mən,

Elin sirfarişi ilə dəyişirəm kökündən:

Ağlaram ağlar kibi.

Gücüm var dağlar kibi.

Gündə min gül yetirirəm

Bülbüllü bağlar kibi.

***

Gül açmışdır bağların sarı solğun xəzəli

Çadrasını yırtaraq Azərbaycan gözəli

Ağ bulutlar qoynuna sürür təyyarəsini,

Mən sevirəm yurdumun qalib çıxan səsini.

Ay belə göy üzündə xumar-xumar axanda,

Yerdəki təntənəyə bir dost kibi baxanda,

Açıram pəncərəmi günəş doğana qədər,

Mənimlə qardaş kibi qucaqlaşır bu səhər.

***

Sən ey böyük günlərin adına böhtan atan

Vətəninə, xalqına xain çıxan şarlatan!

“Gözəllik aşiqiyəm” deyən deyilmidin sən?

Ömründə bir yaxşılıq gəlməmişdir əlindən?

Adına millətçilər dedi “Böyük sənətkar”

Gəlin düz araşdıraq, sənin sənətinmi var?

Sən gecələr “Hamidi” vurub çilməyə getdin

Hərədən bir tük çəkib kosaya saqqal etdin.

“Azərbaycan şairi” olsa da murdar adın,

Soltanların, şahların sinisini yaladın.

Utanmadan Vaqifin, Füzulinin yüzündən

Utanmadın Sabirin “Ay satıram” sözündən

O murdar arzuların torpaqlara gömüldü.

Sənin yaratdıqların özündən əvvəl öldü.

***

Könlüm ilham alır Leninin bayrağından,

Bu qardaş dünyasında nə ölüm var, nə də qan.

Ölüm sizin əməldir, həyat bizim əməldir.

Bizim böyük nəğməmiz, böyük beynəlmiləldir.

Qəbirdən baş qaldırıb oynamasın ölülər,

Bu bir məşhur məsəldir: “İt hürər karvan keçər”

Hər günümüz bir böyük gələcəkdir dünyada,

Qarşıya od da çıxsa, atılaraq biz oda

Cəsarət var bu yurdun torpağında, daşında

Patlayacaq bombamız faşistlərin başında

Əmr olsa paytaxtımız o qızıl Moskvadan,

Düşmənimin başına od yağacaq havadan

O gün mənim də şeirim bir əsgər paltarında,

Özünün hər zamankı bolşeviq vüqarında

Çapacaqdır atını döyüşlər meydanında,

Üzümüz ağ çıxacaq Stalinin yanında.

Ölsün bizim zəfərə inanmayan alçaqlar.

Səadətin bu yerdə yaşamağa haqqı var!

11.VI.1937-ci il

Təqdim etdi: Rəşad Sahil

KÖŞƏ YAZARLARI
TOP 10