Şəhid nəğməsi

41 Baxış

rf

Senet.az Rafiq Hümmətin şeirlərini təqdim edir:

 

Şəhid nəğməsi

Mürgü var yerin, göyün
Nəfəsində, qoxusunda.
- Yat yavrum. Tanrı dincəlir
Körpələrin yuxusunda.

Torpaq hələ oyanmamış,
Yerə təzə gün dəyəndə
Ağac ək. Tanrı dincəlir
Ağaclar çiçəkləyəndə.

Ananın gözü yol çəkib,
Qara bağrı qan olanda,
Yada sal. Tanrı dincəlir
Hər analar anılanda.

Məst olma türklər, oğuzlar,
Qıpçaqlar mədh olunanda.
Şəhid ol! Tanrı dincəlir
Yetim yurd fəth olunanda!

 

Vay-vay!

…Elə ki gördülər sözün ötəndi,
elə ki gördülər ünün yetəndi,
elə ki bildilər dərdin-azarın
yaralı millətdi, bölük vətəndi…
Vay-vay… ulaşacaq it oğulları,
Ətbaş gədələrin ət oğulları
öncə kəsəcəklər sözünü sənin…

Elə ki gördülər həvəsin təmiz,
elə ki gördülər nəfəsin təmiz,
elə ki bildilər içində hər gün
bülbül tək ötdüyün qəfəsin təmiz…
vay-vay… dəlirəcək gic oğulları,
saxta knyazların bic oğulları
kəsəcək çörəyni, duzunu sənin…

Və… illər üstünə illər gələndə,
tufanlar qopanda, sellər gələndə,
dönüb özün boyda heykəl olanda,
ayağın altına güllər gələndə…
vay-vay… o biclərin bic nəvələri,
yaltaq nəvələri, gic nəvələri
ya ölüm günündə, ya ad günündə
yüyürüb siləcək tozunu sənin…

 

 

Sözsüz…

Aylar ilə döndü, il uçub getdi,
Dərdə sığal çəkdim, söz əzizlədim.
Hamı nifrətini ört-basdır etdi,
Mən isə sevgimi dandım, gizlədim.

Həsrət məzhəbində, sevgi dinində,
Sükut şahlığında, qəm sürgünündə,
Durdum saatlarla ayna önündə,
Bildim bu gün gəlmir… yenə gözlədim.

Ən adi sualdan çaşdım, karıxdım,
Səsdən anlamadım, baxdım, duruxdum.
Ay Allah, hoy elə, vallah, darıxdım,
Vallah, billah, onu zulum özlədim…

Sən olmasan, bəlkə də mən ölmüşdüm.

Yorulmuşdum… İncik idim hamıdan,
Dünya ilə bəhməzimi bölmüşdüm.
Səni mənlə görüşdürdü Yaradan,
Sən olmasan, bəlkə də mən ölmüşdüm.

İnanmazsan… yaralı bir küçüyün
Əllərimlə göz yaşını silmişdim…
Çəkilmirdi sinəmdəki dərd-düyün,
Sən olmasan, bəlkə də mən ölmüşdüm.

İnanmışdım daşüzlü adamlara,
Düşməni də dost olaraq bilmişdim.
Dağılırdım… Sığammırdım heç hara,
Sən olmasan, bəlkə də mən ölmüşdüm.

Ərköyünüm, alyazmalım, cezvəlim,
Xatırladım – mən ki dünən ölmüşdüm.
Günü bu gün, ağ çiçəyim, al gülüm,
Sən olmasan, bəlkə də mən ölmüşdüm…

 

 

 

 

 

Bölmə : Poeziya
KÖŞƏ YAZARLARI
TOP 10