Səhnəmizin əfsanəvi Məcnunu

21 Baxış

1908-cı ildə ilk operamız “Leyli və Məcnun” səhnəyə qoyulmuş, Məcnun rolunu da Hüseynqulu Sarabski oynamışdı.

Ömrünün sonuna qədər 400 dəfə Məcnun rolu oynamışdır. Sarabskini indiki aktyorlardan fərqləndirən böyük istedadı deyildi, eyni zamanda əsərlər yazması idi. İnqilabdan qabaq yazdığı dramlar səhnəyə qoyulmuşdu.

1938-ci ildə yazdığı “Köhnə Bakı” kitabı xüsusilə seçilir. Bu kitabda yüz il əvvəlki Bakının məişəti, adətləri, küçə həyatı haqda qiymətli məlumatlar var. Bütün gücünü Azərbaycanda teatrın inkişafına həsr etmiş bu insanın həyat xatirələri “Köhnə Bakı” kitabında çox gözəl şəkildə əks olunub. Hüseynqulu Sarabski teatra çətin bir dönəmdə gəlmişdi. Teatrı “şeytan əməli”, aktyorluğu isə “kişiyə yaraşmaz peşə” hesab edənlərlə daim mübarizə aparırdı.

 

İlk dəfə 1902-ci ildə N.Nərimanovun “Dilin bəlası” pyesində Rəsul rolunda çıxan Hüseynqulu sonralar teatr səhnəsində M.F.Axundovun, N.Vəzirovun, Ə.Haqverdiyevin dram əsərlərində bir sıra müxtəlif xarakterli rollar oynayır. O, yalnız milli repertuarda deyil, Azərbaycan dilinə tərcümədə Şekspirin, Heynenin, Şillerin, Qoqolun əsərlərində də çıxış edirdi. Məhz Henrix Heynenin “Əlmənsur” pyesində ərəb səyyahının rolunda çıxış edərkən oxuduğu təsiredici “Hicaz” muğamı onu Azərbaycan mədəniyyətinin yeni bir aləminə – musiqili-teatra, operaya gətirdi. Məhz bu tamaşa zamanı Sarabski o zamanlar Azərbaycanın və Şərqin ilk operası olan “Leyli və Məcnun” üzərində işləyən Üzeyir bəy Hacıbəyovun diqqətini cəlb etdi. Üzeyir Hacıbəyov məlahətli səsə malik, muğamlara bələd olan aktyor kimi də təbii və canlı Hüseynqulu Sarabskinin opera artisti kimi potensialını hiss edərək onu öz operasında baş rola – Məcnun roluna dəvət etdi. Bu rol Hüseynqulu Sarabskiyə sözün əsl mənasında ümumxalq məhəbbəti və ümumazərbaycan şöhrəti gətirdi. Azərbaycan səhnəsinin əfsanəvi, təkrarolunmaz Məcnunu kimi tanındı.

Hüseynqulu Sarabski 1879-cu ildə Bakıda kasıb bir ailədə anadan olmuşdur. Uşaqlıqdan Hüseynqulu Sarabski musiqiyə böyük həvəsi və yaxşı səsi ilə seçilirdi. Əsl soyadı Rzayev olan Hüseynqulunun sonralar götürdüyü səhnə təxəllüsü-Sarabski də bu güclü təəssüratın əks sədası oldu. 1931-ci ildə məşhur ustada Azərbaycan Xalq Artisti adı verilir. Hüseynqulu Sarabski 1945-ci ildə xərçəng xəstəliyindən vəfat edir. Hüseynqulu Sarabski ömrünün 40 ilini teatr sənətinə həsr etmişdir.

Bölmə : Manşet, Sənət, Teatr
KÖŞƏ YAZARLARI
TOP 10