Şəhriyarın əsərləri təhrif və dəyişikliklər müstəvisində…

593 Baxış

bu AMEA Nizami adına Ədəbiyyat İnstitutunun

Aparıcı elmi işçisi, Filologiya üzrə fəlsəfə doktoru  Esmira Fuad

 

 

(“Heydərbabaya salam” və “Səhəndim” poemaları əsasında)

        İranda, Araz çayı boyunca o tay və bu taya bölünmüş Azərbaycanda, eləcə də bütün türk dünyasında sevilən, XX əsrin sənət dahisi kimi dəyərləndirilərək bədii irsi bir sıra elmi tədqiqatların mövzusu olan Şəhriyar poeziyasına maraq və sevgi ölçüyəgəlməzdir. Şairin poetik fikir və hissin, ağıl və istedadın daim vəhdət təşkil etdiyi, dilinin aydınlığı, əlvanlığı, rübabının ahəngdarlığı, ritmikliyi ilə sevilib-seçilən bir sıra əsərləri üzərində gedən mübahisələr, aparılan dəyərləndirmələr, heç şübhəsiz, bu gün üçün də aktualdır. Lakin bu dəyərləndirmələr bəzi hallarda şairin əsərlərini bir sıra təhrif və dəyişikliklərə məruz qoymaqla həyata keçirilir. İlk öncə türk dünyası ədəbiyyatının şah əsəri sayılan “Heydərbabaya salam” poemasının Bakı nəşrlərində – Rəhim Sultanovun ön sözü ilə 1964-cü ildə buraxılmış “Heydərbabaya salam”, Həmid Məmmədzadənin tərtibatı və ön sözüylə “Aman ayrılıq”, Nazim Rizvan və Hökümə Büllurinin hazırladıqları (Ön söz Hökümə Büllurinindir) “Yalan dünya” və Qulamhüseyn Beqdelinin (Bəydili) öz müqəddiməsilə çap etdirdiyi “Seçilmiş əsərləri”nin 1966-cı il nəşrində, eləcə də 2000, 2003, 2004 və 2005-ci illərin çap məhsulu olan “Məhəmmədhüseyn Şəhriyar. Seçilmiş əsərləri”ndə bəzi yanlışlara nəzər yetirməyi məqsədəuyğun saydıq. “Yalan dünya” istisna olmaqla, bu nəşrlərdə “Heydərbabaya salam” poemasının I bəndinin ilk – “Heydərbaba, ildırımlar şaxanda” misrasındakı son söz “çaxanda” kimi verilmişdir. Bəzi nəşrlərdə III bəndin – “Heydərbaba, gün dalıvı dağlasın” misrasında isə “dalıvı” sözü “sinəvi” kəlməsilə əvəzlənib… Amma əksər nəşrlərdə, eləcə də Əsgər Fərdinin tərtibatı ilə latın qrafikasında çıxan bütün külliyyatlarda “dalıvı” sözü olduğu kimi saxlanmışdır. Altını cızaraq qeyd edirəm ki, Bakı nəşrlərindəki təhriflər, yanlış və əlavələr əsasən sovet ideologiyasının basqısından və mütərcimlərin fars dilini yetərincə başa düşməməsindən irəli gəlmişdir. Elə “Gün sinəvi dağlasın” ifadəsini götürək. Şəhryar biçinçidən söz açır və təbii, biçinçi toprağa doğru əyilər və günəş onun sinəsini deyil, kürəyini (dalını) dağlayar, yəni, yandırar. Şəhryar musiqini yaxşı bilən, duyan şair idi. O bilirdi ki, “d” hərfi ilə başlanan “dağlasın” sözündən öncə  “d” hərfi ilə başlanan “dalını” sözünü qoyub, “s” hərfi ilə başlanan “sinəvi” sözünü gətirməzlər, çünki belə olduqda misra öz musiqililiyini, ritmikliyini itirir. Fars dilində bu proses “Vac arayi” adlanır.

14  Bir yanlışlıq da budur ki, poemada şairin intensiv şəkildə işlətdiyi Təbriz şivəsinə məxsus fel boxçasından olan əksər fellər, eləcə də bir sıra sözlər Quzey Azərbaycanda mövcud olan ədəbi dilə uyğunlaşdırılaraq nəşr edilmişdir… Məs: “qərə-qara, qədəğən-qadağan, bədöy-bədöv, qeyidəx-qayıdaq, gidax, yaxud gedax -gedək, Əncela-Ancela”, Əyəsofya-Ayasofya, Qunya-Konya, Rafayıl-Rafael, bayda -badya, dövəndə-döyəndə (DT-s.18), söygülüydü-sevgiliydi”, qeytər-qaytar kimi və s. Yalnız Əsgər Fərdi “qeytər (s.27), söygülüydü (s.25), qədəğən” və s. sözləri şairin işlətdiyi tərzdə, yəni, orijinalda olduğu kimi vermişdir. Lakin o da bir qədər yanlışlığa yol verərək “bayda” sözünü “badya” (DT, s.31; Külliyyat, s.127), “qeyitdux qaşdıx-qayıtdıq qaçdıq”, “şəsli-şəstli”, “Çox şükrü var, genə gəldux, görüşdux, İtənlərdən, bitənlərdən soruşdux, Küsmüşdux da, Allah qoysa barışdux (s.31)” bəndindəki, həmçinin 65-ci bənddəki fellər Təbriz şivəsində, yəni danışıq dilində olduğu kimi işləndiyi halda, “Divani-türki”də “uçarlar”, “açarlar”, qaçarlar” (s.25), həm də “Ustad Şəhriyar. Azərbaycan türkcəsilə külliyyatı”nda “gəldik, görüşdük, soruşduq, barışdıq, küsmüşdük (1, s.126)” – Azərbaycan ədəbi dilində olduğu kimi təqdim etmişdir. “Genə” sözünü isə şair “Heydərbaba”da və digər şeirlərində “ginə” yazdığı halda, Quzey Azərbaycanın ədəbi dilində işləndiyi variantda – “yenə” (Küll., s.126, 11-ci bənd) kimi təqdim edilmişdir. Biz “Ustad Şəhriyar. Azərbaycan türkcəsilə Külliyyatı”nda yer almış, ancaq öncəki “Divani-türki” nəşrlərinin heç birinə salınmamış“Türkiyəyə xəyali səfər” şeirində olan yanlışları korrektə-mətbəə xətası sayırıq… Çünki Şəhriyar “Jan Darkı” yazmaqla Yüzillik müharibədövründə fransız xalqının ingilislərə qarşı azadlıq mübarizəsində iştirak etmiş və mübarizlik simvoluna çevrilmiş (2), Fransa xalqının milli qəhrəmanı, Orlean qızı Janna Darkı nəzərdə tutduğu ifadənin “üzəndarkı”, “Baş tuta tutmaya”nın isə “Baş tuna tumaya”, “qul”un “qol” kimi verilməsi və bir sıra digər sözlərin də kitabda əslinə uyğun əksini tapmamasını məhz mətbəə xətası kimi düşünməkdən başqa yolumuz qalmır… Mətbəə xətalarından söz açmışkən, şairin əsərlərinin Bakı nəşrlərində də bəzən elə mətbəə xatalarına təsadüf edilir ki, oxucu bütün bunların qarşısında çaş-baş qalır. Örnək üçün gətirdiyimiz: M.Müsəddiqin adını da doğru olaraq Azərbaycan türkcəsinə çevirdiyi “Şair və yazıçıların qurultayında Ülya Həzrət Şahbanu Fərəhin xitabəsi“ sərbəst şeirinin bir nəşrdə “Şair və yazıçıların qurultayında Ülyanalənan Şahlanu”, “Hafiz barigahı”nın isə “Hafiz borcani” kimi təqdim olunmasını diqqətsizlik, yaxud təcrübəsizlik kimi dəyərləndirirk.

Qeyd edək ki, Şəhryarın fars dilində və Azərbaycan türkcəsində olan bütün yaradıcılığında iki deyim tərzi özünü yansıdır: 1. Tehran boğazı-farsca; 2. Təbriz boğazı, yəni, türkcə. Onun bu iki deyim tərzi bütün dilçilər və şeir-sənət xiridarları tərəfindən təsdiq olunmuşdur. Deməli, şairin “qara” yerinə “qərə”, yaxud yuxarıda sadaladığımız digər söz və ifadələr də səbt və təsdiq olunmuş Təbriz şivəsilə bağlıdır. Dilçi və ədəbiyyatçılara, geniş oxucu auditoriyasına məlumdur ki, Şəhryar ilk, orta və ali təhsilini ana dilində almamış, Azərbaycan türkcəsində olan şeirlərini də məhz boğaz ədəbiyyatı biçimində yazmışdır. Bu isə hər bir şəhryarşünasın, alim və mütərcimin Təbriz, eləcə də Azərbaycan folklorunu dərindən bilməsini, şairin işlətdiyi yerli şivə və dialekt sözlərinin mahiyyətini anlamasını, eyni zamanda özəlliklə çevirmənlərin fars dilinin incəliklərinə bələd olmasını tələb edir. Bütün bu cəhətlər naqis olduqda, təbii, çevirmə işi də, nəşr işi də naqis şəkildə ortaya çıxır.

Bu məqamda xatırlatmaq yerinə düşər ki, İİR-in Azərbaycandakı səfirliyi tərkibindəki Mədəniyyət mərkəzinin müdiri ağaye Dr.İbrahim İbrahimi ilə bu ilin may ayında görüşümüz zamanı razılığa gəldik ki, Şəhriyarın həm türk, həm də fars dilində yaratdığı qiymətli irsinin orijinalda olduğu kimi Bakıda nəşrini gerçəkləşdirək və bu kimi yanlışları əsaslı şəkildə aradan qaldıraq. Sayın Dr.İ.İbrahimi təklifimi sevinclə və çox böyük kübarlıqla qəbul elədi… Nəzərə alsaq ki, şairin əsərlərinin Bakı və Təbriz, eləcə də Tehran nəşrlərinin heç birində türkcə yazdığı bütün əsərlər toplanmamış, həmçinin fars dilində olan bəzi əsərlərinin tərcümələri, hətta poemaları da, yəni dördcildlik divani bütöv halda Azərbaycan türkcəsi ilə günümüzədək Bakıda nəşr olunmayıb, bu işin nə qədər böyük əhəmiyyət daşıdığının fərqinə varmış olarıq…

Qeyd edim ki, Bakı nəşrləri içərisində şairin dil özəlliklərini, Təbriz boğazını əsasən saxlayan nəşr “Yalan dünya”dır. Çünki Hökümə xanım Bülluri fars dilini mükəmməl bilirdi, Güneydə doğulub böyümüşdü və 1946-cı ildə, 21 Azər İnqilabı yatırıldıqdan sonra Bakıya pənah gətirənlərdən biri idi. Onun Şəhriyarın əsərlərilə yaxından tanışlığı isə təsadüfü deyildi. Xanım tədqiqatçı şairin həm türk, həm də fars dilində yazdığı bir sıra əsərləri üzərində incələmələr apararaq, 1983-cü ildə “Məhəmmədhüseyn Şəhriyar” adlı dəyərli monoqrafiyasını da çap etdirmişdi…

Şəhriyarın türkcə divanini tərtib edən, həyat və yaradıcılığı haqqında yazdığı irihəcmli araşdırması ilə birlikdə yayınlayan Əsgər bəy “Heydərbabaya salam” poemasına Bakıda çap olunmuş külliyyatların heç birində əksini tapmayan yeni bir bənd əlavə etmiş və şeir parçasının hansı şəraitdə və necə yaranması prosesinə də aydınlıq gətirmişdir: “Ustad Şəhriyar bir gün “Heydərbaba”nı Kirəcdə qurulmuş bir məclisdə oxuyaraq: Uşaqların bir dəstə gül bağlasın, Yel gələndə ver gətirsin bu yana, – bəndinə çatarkən bir uşaq əlində gül dəstəsi Şəhriyara yaxınlaşmış və şair oradaca bədahətən bu bəndi demişdir:

Heydərbaba, yuxum çıxdı doğruma,

Gül dəstəsin aldım, basdım bağrıma.

İsa gəldi əlin basdı ağrıma,

Ayrılığın dığı çıxdı canımdan,

Cəllad dünya keçdi mənim qanımdan… (3,s.28 )

 

Açığı, Şəhriyar nəfəsi duyulan, bütün parametrlərilə mənzumənin digər bəndlərinə uyğun gələn bu bəndin ustadın qələmindən çıxması oxucuda şübhə doğurmur…  Şəhriyar irsinin türkiyəli araşdırıcısı, hətta Təbrizə gedərək ustad şairlə görüşüb söhbətləşən Dr.Yusif Gədiklinin 1990, 1991, 1997 və 2009-cu illərdə çap olunmuş “Şehriyar ve bütün türkce şiirleri”kitabında da eynilə həmin bənd “Heyderbabaya selam”a elave bir bənd” başlığıyla mətndən ayrı verilmişdir.

Şəhriyarın üç müxtəlif adla – “Kəlisa namazı”, “Azərbaycan gözəlinə” və “Qəzəl” kimitəqdim olunan “Naz eyləmisən” qəzəli dəfələrlə fərqli adlarla, “Aman ayrılıq”da isə mətn qısaldılaraq nəşr edilmişdir. Dr.Yusif Gədikli də həmin qəzəlin mətnində dörd beytin ixtisar edilərək,“Azərbaycan gözəli” adı ilə Bakıda yayımlanmasından bəhs etmiş və bu ixtisarı doğru saymamışdır: “Şiir gerek kelime ve mısra farklılıkları, gerek mı sıraların sıralanması, gerekse 4 beytin (3, 4, 5 ve 9. beytlerin) olmaması dolayısıyla bizim neşrimizden ayrılmaktadır”(4, s.94-95)

Çox təəssüflər ki, “Aman ayrılıq” kitabında şairin ən çox sevilən məşhur şeirlərindən biri olan “Türkün dili”nin mətni üzərində də müəyyən dəyişikliklər aparılmışdır. Sirus Təbrizi “Aman ayrılıq” kitabının tərtibatında bəzi qüsurların mövcudluğundan, yəni “Türkün dili” şeirindəki iki misranın (Fars şairi çox sözlərini bizdən aparmış//Sabir kimi bir süfrəli şair pəxil olmaz…(3,s.20)” ixtisar olunmasından, şeirin adının məna və məzmuna qətiyyən uyğun olmayan sözlərlə – “Doşablı xəşil” kimi verilməsindən, bəzi sözlərin isə başqaları ilə əvəz edilməsindən narahatlığını bildirmişdir. Lakin o, səhvən bu qənaətə gəlir ki, Şəhriyar digər həmkarları kimi, mövcud rejimdən çəkinərək Azərbaycan dili əvəzinə, türkün dili” ifadəsini işlətmişdir. Ancaq bizcə, dillərin bir-birilə qarşılıqlı əlaqəsini təbii leksik hadisə sayan Şəhriyar düzgün mövqedədir və Sirus Təbrizinin özü də bilirdi ki, Arazın Quzey sahilindəki Azərbaycanın özündə də Kiril əlifbasının qəbulunadək, bütün xalq və onun yaratdığı mədəniyyət 1937-ci illərdə Sovet imperiyasının amansız repressiyasına məruz qalana qədər dilimiz “Türk dili”, milliyyətimiz isə “Türk” olaraq göstərilirdi.

Şairin öncə, yəni 1992-ci ildə İran İslam Respublikasının “Əlhuda” nəşriyyatının buraxdığı, bir il sonra-1993-cü ildə isə Azərbaycan EA Nizami adına Ədəbiyyat İnstitutunun “Sabah” nəşriyyatı ilə birgə çap məhsulu olan ilk “Divani-türki” nin oxucuların mühakiməsinə verilməsi də çox təqdirəlayiq haldır. Əlbəttə, əvvəlki nəşrlərdə verilmiş “Yetim malı”, “Kərəc xatirəsi”, “Türkiyəyə xəyali səfər”, “Qafqazlı qardaşlarıma” kimi şeirlərin topluda yer almaması təəssüf doğursa da, kitabda “Cəhad fərmanı”, “Bayramın mübarək”, “Analar oxşaması”, “Rehləti-xətmi rəsul”, “Təzmin”, “Şəhidican”, “Hilali-məhərrəm”, “İman müştəri-si”, “Xəlqin əlindən tutmaq”, “Cavidin qəbir daşına”, “Dəllali-yəhud”, “Afərineş”, “Paşa, yenə unutdun müxlisivi” və s. şeirlərin ilk dəfə Arazın Quzey sahilindəki Azərbaycan oxucularına təqdim olunmasını yalnız alqışlamaq lazımdır. Lakin “Məhəmmədhüseyn Şəhriyar. “Divani-türki” kitabına möhtərəm Əsgər Fərdinin yazdığı “Bu karvandan bir səs qalırsa, bəsdir…” adlı ön sözdə indiyədək şəhriyarşünaslıqda təsadüf olunmayan bəzi mülahizələr irəli sürülür. O, şairin əsərlərində (“Səhəndiyyə”, “Əzim şairimiz Füzuli” və s.)müəyyən hissələrə düzəlişlər edərək, onlardan misallar gətirir və beləliklə, öz mülahizələrini əsaslandırmağa çalışır. Qeyd edək ki, o dövrdə Təbriz radiosunun şöbə müdiri və diktoru vəzifələrində çalışan şair-ədəbiyyatşünas Əsgər Fərdi özünün tərtibatıyla 1992-ci ilin dekabrında İranda keçirilən Şəhriyar konqresi münasibətilə “Əlhuda” nəşriyyatında buraxılan “Məhəmmədhüseyn Şəhriyar. Külliyyatı divanı-türki” kitabınayazdığı ön sözdə ilk dəfə bu kimi əlavə və düzəlişlərə aydınlıq gətirməyə başladı… Eyni zamanda “Külliyyati divani-türki”də şairin əsərlərinə edilən bəzi düzəliş, əlavə və dəyişikliklərə filologiya üzrə fəlsəfə doktoru Məmmədəli Müsəddiq elə həmin ildə “Şəhriyara hörmətsizlikdir” adlı məqalə yazaraq (5, s.4) qəti etirazını bildirir, bu cəhdləri bağışlanmaz günah, hətta cinayət hesab edir: “Şəhriyarın büllur kimi duru, bal kimi şirin, həzin musiqi kimi ruhoxşayan şerlərinin ritmini pozmaq böyük cinayətdir… Şairin çap olunmuş şerlərinə əl gəzdirməyə, onun quruluşunu pozmağa heç bir tərtibçi və ya tədqiqatçının ixtiyarı yoxdur” (5,s.5). Açığı, ustadın əsərlərinə edilən belə lüzumsuz düzəliş və əlavə cəhdləri yalnız təəssüf doğurur və sirr deyil ki, qutsal ruhunu narahat edir. Bütün bunların sənətkara və sənət əsərlərinə qarşı ən bağışlanmaz günah olduğu barədə Şəhriyar şeirinin təəssübkeş heyranları və biliciləri professor Həmid Məmmədzadə, Dr.Nazim Rizvan da vaxtında öz etiraz səsini ucaltmış, məqalələr yazaraq Tehran və Bakı mətbuatında çıxış etmişlər…

Bizim Şəhriyarın “Səhəndiyyə-Səhəndim”, “Əzim şairimiz Füzuli” və s. şeirlərinə edilən əlavə və dəyişikliklər barədə cəsarətli söz deməyimizə hörmətli güneyli alimimiz, Dr.Məmmədəli Müsəddiq və dr.Nazim Rizvanın qənaətləri, görkəmli şair və tədqiqatçı Yəhya Şeydanın “Külliyati Divani-türki”si və tanınmış şəhriyarşünas alim, təbrizli Həmid Məmmədzadənin tərtibatı ilə Şəhriyarın türkcə əsərlərinin 1987, 1988, 1989, 1990 və 1996-cı illərdə nəşr edilmiş nüsxələri və digər çap variantları (“Yalan dünya”, “Məhəmmədhüseyn Şəhriyar. Seçilmiş əsərləri”- nin 1999, 2000, 2005, 2010, 2014) əsas verir. Əlbəttə, şairin maqnitofon lentinə ləngərli səsilə yazdırdığı “Səhəndiyyə”ni dinlədikdən, əldə olan çap variantlarını təkrar oxuduqdan sonra, Şəhriyarın məhz ölümündən sonra, heç bir dildə misli-bərabəri olmayan poemanın məna, məzmun və vətənpərvərlik ruhuna qətiyyən uyğun gəlməyən, qafiyə və rədif sisteminə yad olan 17 misranın artırılıb çap edilməsi təəccüb, eyni zamanda xoş mərama şübhə doğurur. İlk öncə əsərin adı barədə…

Şəhriyarın doğal varisi, adını daşıyan muzeyin direktoru və çağdaş dövrdə onun ən böyük təbliğatçısı olan oğlu Hadi Behcətlə telefon danışığımız zamanı “Səhəndiyyə”, yaxud “Səhəndim” poemasını həsr etdiyi Bulud Qaraçorlu Səhəndə atasının özəl bir münasibət bəslədiyini, onu çox sevdiyini və bəzi məsələlərdə məhz ona güzəştə getdiyini açıqladı. Hadi bəy dedi ki, təpədən dırnağa milli şair olan Səhəndə xitabən yazdığı əsərin əslində adı “Səhəndim”dir. “Səhəndiyyə” isə “Səhəndim”in ərəb dilində səslənişidir. Maraqlıdır ki, Şəhriyarın əsərlərinə xüsusən Bakı nəşrlərində edilən haqsız təhrif və dəyişikliklərdən ən çox bəhs açan sayın Əsgər bəy də tərtib etdiyi bütün “Divani-türkü”lərdə mənzuməni “Səhəndiyyə” adı ilə təqdim etmişdir. Həqiqətən də, Şəhriyar bu eşsiz əsərdə istər şair Səhəndə, istərsə də göylərə baş vuran əzəmətli Səhənd dağına məhz “Səhəndim” deyə müraciət edir:

Şah dağım, çal papağım, el dayağım, şanlı Səhəndim,
Başı dumanlı Səhəndim!

Yaxud

Amma məndən sarı, sən arxayın ol, şanlı Səhəndim!
Dəli ceyranlı Səhəndim!

O da şerin, ədəbin şah dağıdır, şanlı Səhəndi,

O da sən tək atar ulduzlara şeriylə kəməndi
O da Simurğdan almaqdadı  fəndi…
(6, s.32-38)

 

Qeyd edim ki, Hadi Behcət də söhbətimiz zamanı vurğuladı ki, mənzumədəki Dədə Qurqud səsin aldım, dedim arxamdı, inandım, Arxa durduxca Səhəndim savalan tək havalandım, Selə qarşı qovalandım”, – hissəsindəki “Dədə Qurqud” ifadəsini Şəhriyar Səhəndin istəyilə əlavə etmişdi. Çünki Şəhriyar poemada öncə onun “Heydərbabaya salam”ına İraqdan səs verən və “Gur-gurbabaya salam” adlı nəzirə yazmış Əbdüllətif Bəndəroğlunun poemasının qəhrəmanı – Baba Gur-gur dağının səsini aldım”, – deyə yazıbmış və öz səsilə lentə yazdırdığı mənzuməni şair iki variantda oxumuş, hər iki müraciət obyektini səsləndirmişdir…

Bu cür coşğun, Qıratın ayaq səsləri, şaqraq musiqi sədaları tək ritmik, ahəngdar mənzuməyə Əsgər Fərdinin etdiyi yalvarış nidalı əlavədə oxuyuruq:

 

Dərdimiz sanma ki, bir Təbrizi Tehrandır, əzizim,

Ya ki, bir türkə cəhənnəm olan İrandır, əzizim,

Yox, bu din davasıdır, dünya tilit qandır, əzizim,

Türk ola, fars ola, düzlük daha talandır, əzizim (3.s.60).

 

unnamed (5)Beləcə, əsərə “Əzizim” rədifli 11, “Olmaz” rədifli isə 6 misralıq şeir parçaları artırılandan sonra qəribə mənzərə yaranır. Bir ömür Quzey həsrətilə yaşayan Şəhriyar “Səhəndim”in əsas hissəsində xəyalən səfər etdiyi, əfsanəvi İrəm bağına, cənnət məkana, Rafael tablosuna bənzətdiyi Azərbaycanı, Şirvanı vəsf edir. Ölkənin “Qaflan”, “Aslan” kimi mərd oğullarını, Şəhriyarın səsinə can, düşmənə qan-qan deyən igidlərini, laləyanaqlı, qönçədodaqlı, mələklərə bənzər qızlarını, pərilər kimi ənlik-kirşansız, həyalı gəlinlərini, qızıldan qəsrlərini, əqiqdən qalalarını, “cənnəti-məvanı” xatırladan, aynatək parlaq məkanı coşqun sevgi ilə mədh edir və gözlənilmədən qan qardaşlarını “dinsiz”, “Allahsız”, “Şeytan” adlandırır. Türk üçün İran cəhənnəmə çevrilir, türk və fars olan yerdə düzlük talan olur, din davası tüğyan edir, dünyanı qan bürüyür. Şeir parçasının müəllifi bu “dini atan elə” və onun sakinlərinə “bel bağlamaq olmaz!“ hökmünü verir. Həqiqətən düşündürücüdür… “Divani-türki”də şairin “Səhəndim”inə əlavələrin edilməsini 1993-cü ildə İran İslam Respublikası İslami İrşad (Mədəniyyət) nazirinin müşaviri, “Əlhuda” nəşriyyatının direktoru işləyən, fəlsəfə və filologiya elmləri doktoru, cənab Əli Əsğər Şeirdust da təqdirəlayiq hal kimi qiymətləndirərək yazırdı: “Keçmiş çaplardakı təhrif və səhvlər bu yeni çapda təshih edilib düzəldilmişdir” (7, s.4). Bəs, görəsən, Şəhriyar həyatda ikən dəfələrlə çap edilən “Səhəndim” və digər əsərlərindəki təhrif və səhvləri niyə görməmişdi? Yaxud şair öz səsilə lentə yazdırdığı poemada həmin əlavələri nədən söyləməmişdi?! Durum bəlli, saxtakarlıq isə ortada!.. Amma şairin əsərlərinin təhrif edilməsi, ölməz əsəri- “Azərbaycan” qəzəlinin türkcəyə tərcüməsində saxtakarlığa yol verilməsilə bağlı ən çox danışan, müsahibələr verən, qəzəlin çevirmənlərini aşağılayan, hətta “rejimin yaltaq köpəkləri” adlandıran da elə Əsgər Fərdi cənablarıdır… Əlbəttə, bu cəhdlər, əlavələr sağlığında ikən edilsəydi, heç şübhəsiz, əsərlərinə qarşı son dərəcə ciddi, məsuliyyətlə yanaşan diqqətli şair həmin andaca sezər, lazımi cavablar verərdi… Qardaş Türkiyədə Şəhriyar yaradıcılığını araşdıran, şairin türkcə divanını dəfələrlə nəşr etdirən Yusif Gədikli də “Səhəndim” əsərinə olunmuş əlavələrdən bəhs edərək yazır: “Esger Ferdi’nin Divan-ı Türki (Bakü 1993, s.60) isimli eserinde şiire şu mısralar ilave edilmiştir:

Derdimiz sanma ki, bir Tebriz ü Tehran’dır, ezizim

      Ya ki biz Türk’e Cehennem olan İran’dır, ezizim

      Yoh, bu din davasıdır, dünya tilit gandır, ezizim

      Türk ola, Fars ola, düzlük daha talandır, ezizim

      Biz atan dindir, atan da bizi imandır, ezizim

      Samiri mürted édip her ne müselmandır, ezizim

      Ümmetin Harun’u men tek lelegiryandır, ezizim

      Her terefden gılıc éndirsele, galhandır, ezizim

      Bir bizim dermanımız Musi-yi İmran’dır, ezizim

      Gelecek, şübhesi yoh aye-yi Gur’an’dır, ezizim

      O hamı derdlere dermandır, ezizim!

 

      Dohtur oldugda beşer bu yaranı sağlamag olmaz

      Olmasa Allah eli din merezin çağlamag olmaz

      Dağlamagda elac olsa, bir eli dağlamag olmaz

      Dini atmış éle yavrum, daha bél bağlamag olmaz

      O gülüp-ağlaya da, onla gülüp-ağlamag olmaz

      Şéytanı yağlamag olmaz.

 

Bu mısraların şiire Esger Ferdi tarafından eklendiğini söyleyen edipler de çıkmış ve bu konuda Güney Azerbaycan’da bir dizi tartışma yaşanmıştır. Şehriyar’ın şiirlerini neşretmekle tanınan Hamid Memmedzade, Yol dergisinin 29. sayısında, Ali Esğer Şiirdost’un “Biz Şehriyar şiirlerinde yol tapmış tahrifleri düzeltmeye çalışırık” başlıklı yazısına, Türkçe-Farsça çıkan Mehd-i Azadi (azadlık beşiği) gazetesinin 5 Behmen 1372 (25 Ocak 1994) tarihli 311. sayısında cevap vermiştir. Hamid Memmedzade cevabında Şehriyar’la 1366 yılının Hordad (1987 yılının 22 Mayıs – 21 Haziran) ayındaki ilk görüşmesinde Türkçe şiirlerini tertip etmek için arşivine girdiğini, Ferdi’nin kitabında olan ve yukarıda verdiğimiz mısraların esas elyazmasında olmadığını bildirmiştir (4,s.55).“

Biz bu poemanın Bakı nəşrlərində vaxtilə dövrün tələblərindən irəli gələn bəzi qüsurların islahını alqışlayırıq. Şairin “Mən Əli oğluyam” fikrini “Mən elin oğluyam”, “Ayələrdir dodağımda” misrasının “Arzulardır dodağımda” və yaxud “Şəhdi var bal dodağında” kimi verilməsinə Əsgər Fərdinin etirazını da təbii qəbul edirik. Çünki dilində ilhamlı şeirlər söyləyib, qulaqlarına mələklər pıçıldayan Şəhriyar seyid idi, özünü Əli oğlu sayırdı və dodağında da, əlbəttə, ayələr olacaqdı!.. “Ancaq Sovet mətbuatında qatı ateizm mühitində “Əli”nin “el”, “ayə”nin “arzu” yazılması heç də təəccüblü deyil. Lakin “həqqi” “din” sözü ilə əvəz etməyə çalışan qardaşımız sadə bir məntiqi nəzərə almır. Nəzərə almır ki, əllər haqqa – Allaha doğru açılır” (8, s.4). Həqq-təala, Allah-təala ifadəsi təsadüfi yaranmayıb. Özünü “əbədiyyət gülü”, “haqq yolunda məşəl” adlandıran Şəhriyar belə səhvə yol verməzdi. Şair bilirdi ki, din qəbul olunar, Allaha yaxın olmaq, itaət etmək üçün (Deyirlər, şairlər Tanrıya ən yaxın olan insanlardır), haqqı isə insan ömrü boyu arayır, axtarır, ona doğru gedir. “Yad məni atsa da, öz gülşənimin bülbülüyəm mən” misrasındakı “yad” sözü isə “el”sözü ilə əvəz olunub. Anlaşılmazlıq yaradır bu məntiqsiz dəyişikliklər… El öz şairini atandan sonra, o eldə hansı güllər qalır ki, Şəhriyar onların bülbülü olsun? Şair isə ərklə, iftixarla demək istəyir ki, yad məni atsa da, nə dərdim, qəmim kəm, öz elim, obam, vətənim var və mən elimin gülşənində becərilmiş əbədiyyət güllərinin sevgili bülbülüyəm…

O, özünü elin gülüstanında sevgili bülbül saymaqda yanılmırdı, çünki ölümündən illər keçib, nə az, nə çox, düz 27 il… Bu 27 ildə təkcə İranda, Arazın həm o tay, həm də bu tayındakı Azərbaycanda deyil, bütün Türk dünyasında əbədiyyət güllərinin sevgili bülbülü olaraq qalır, hər il adına ən yüksək səviyyədə törənlər düzənlənir, mükafatlar təsis olunur, 1988-ci ildən bəri şərəfinə İranda Milli şeir günləri keçirilir… Əsərləri ən yüksək poliqrafik səviyyədə, kütləvi tirajla çap olunur, xatirələri toplanaraq yayımlanır… İran İslam Respublikasının ustad şairə verdiyi böyük qiymət, bədii irsinin nəşrinə göstərdiyi diqqət və qayğı isə xüsusilə təqdirəlayiqdir.

unnamed (4)12Qeyd edək ki, 1992-ci ildə “Əlhuda“ nəşriyyatının çap etdiyi “Divani-türki“də “Məmməd Rahim həzrətlərinə cavab“ şeirinə olunan dəyişikliklər də istər-istəməz təəssüf doğurur. Məmməd Rahimin timsalında bütün quzeyli qardaşlarının şirin dillərinə qurban-sadağa deyən, canını canlarına, malını mallarına qatmağa hazır olan, ağ göyərçinlərdən, səba yellərindən öpüş, peyğam göndərən və şair qardaşının eşq əhli olaraq onu dərindən duymasından sevinib məmnun qalan, ürəyində də olsa, “qonaq” edən Şəhriyar, bu düzəliş üzündən birdən-birə qardaşını lənətləyir, ona küfr edir. Belə ki, 25-ci bəndin birinci: “Təməddünün görüm gözü kor olsun” misrası düşüb və nəticədə aşağıdakı forma alınıb:

 

 

Ağzındakı şirin şərbət şor olsun,

Bal da yesə zəhər olsun, çor olsun,

Ağzımızın dadın qapıb apardı,

Ürəkləri çəkib kökdən qopardı (3.s.46).

 

26-cı bənddən isə 1-ci misra: “Gah ərəbi, gah əcəmi kişləsin” düşüb və bütün bunların nəticəsində sonuncu bənd 3 misraya enib. Yenə də altını cızaraq deyirəm ki, məhz mətbəə xətası üzündən belə alınıb, çünki Əsgər Fərdi kimi dərindən düşünə bilən və poetik təbə malik bir insan belə yanlışlığa yol verə bilməzdi… Nəticədə yenə də qəribə durum yaranıb: Ustad Şəhriyarın təməddünə – İrana Amerika imperialistlərinin gətirdiyi Ağ inqilaba, yalançı mədəniyyətə yağdırdığı lənətlər, ərəb, əcəm atlarının kişnəyərək, bir-birini dişləmələri bu dəyişikliklər üzündən şairin Rahim qardaşına və canı qədər sevdiyi xalqına da aid olunub. Halbuki Şəhriyar sənətinə bələd olanlar gözəl bilirlər ki, o, hər sözün, qafiyənin, rədifin üstündə əsərdi. Şairin büllur kimi saf, həzin musiqi kimi ahəngdar, sözləri incitək sanki ipək sapa düzülən, qəlb oxşayan şerlərinin ahənginin də, ritminin də, qafiyə, rədif sisteminin də pozulduğu həmən görünür. Nə xoş ki, Əsgər Fərdi qardaşım şairin əsərlərini incələyib yazdığı monoqrafiyası ilə birlikdə çap etdirdiyi bizə də çox hörmətli Dr.İbrahim İbrahiminin təqdim etdiyi “Ustad Şəhriyar. Azərbaycan Türkcəsilə Külliyyatı”nda, eləcə də “Divani-türki”nin 1993-cü il çapında “Məm-məd Rahim həzrətlərinə cavab” şeirindəki bu dəyişiklikləri aradan qaldırmış, şeiri əslində olduğu kimi vermişdir. Məhz bu səbəbdən də düşünürəm ki, 1992-ci il Təbriz çapında “Məmməd Rahim həzrətlərinə cavab“ şeirində gedən dəyişikliklər yenə də mətbəə xətası üzündən baş vermişdir. Lakin digər əsərlərindəki dəyişikliklərin olduğu kimi saxlanması isə yalnız təəssüf doğurur…

“Əzim şairimiz Füzuli” əsərinə edilmiş əlavənin elmi nöqteyi-nəzərdən, sənətkarlıq baxımından Şəhriyarın əsərlərinə, onların dil, üslub, məzmun xüsusiy-yətlərinə, vəzn və qafiyə sisteminə qətiyyən uyğun gəlmədiyini sağlam məntiqlə açıqlığa qovuşduran professor Həmid Məmmədzadədir.

Qəzəl janrının tələblərini, daxili qanunauyğunluqlarını mükəmməl bildiyinə görə, H.Məmmədzadə bu əlavə cəhdlərinin elmi əsassızlığını asanlıqla sübuta yetirir: “Mən yazanda ki, “Əzim şairimiz Füzuli” qitəsində təxlisdən sonra gələn beytə təəccüb edirəm, bu o demək deyil ki, ümumiyyətlə, təxlis beytindən (qəzəldə adətən son beyt, yəni şairin öz adını və ya soyadını bildirdiyi məqtə beyt – E.F.Ş.) sonra müəyyən bir beytin gəlməsini rədd edirəm. Belə bir zəif beytin təxlis beytindən sonra gəlməsinə təəccüb edirəm. Qafiyədə tutduğum irad yerində qalır. Ona görə ki, yuxarıdakı beytlərin hamısında ənatın (ənat sənəti –E.F.Ş.) əlzam növündən istifadə olunmuş, yeni hərf rəvidən əvvəl bircə “z” səsini gətirmək əlza-milə kifayətlənməmiş, ondan əvvəl gələn “a” hərfi də nəzərə alınmışdır. Əgər son beytdə “mənzil” yerinə, məsəla, “bazil” gəlsə idi, ənatın əlzam növü əvvəlki beyt-lərində olduğu kimi, əmələ gəlmiş olardı” (9,s.31). Həqiqətən də, H.Məmməd-zadənin Hafizdən gətirdiyi nümunədəki qafiyə sözlərlə: “səlamət-məlamət-iqamət-qamət-nədamət-səlamət-qəramət-imamət-kəramət-qiyamət”– “Divani-türki”də yer almış “Əzim şairimiz Füzuli” qəzəlindəki “fazil-nazil-ərazil-əfazil-mənazil-zəlazil” qafiyə sözlərini əlavədəki “mənzil” sözü ilə tutuşduranda, mənzərə aydınlaşır. Göründüyü kimi, ənat sənətinin əlzam növündə sözlərin iki hərfi əlzam olunmalıdır. Mənzil sözündə isə bu xüsusiyyəti görmürük. Həm də 5-ci beytdəki “Nazilə yol uzunu nazlı mənazil doğulur” misrasında eynitərkibli söz əlzam olunduğundan, Şəhriyar kimi şeirin texnikasına dərindən bələd olan ustad şairin qəzəlin:

Şəhriyar bu gəmiyə əyləşəli Nuh kimi,

Gör nə tufan qoparır, bax, nə zəlazil doğulur,

 

kimi son, məqtə beytindən sonra belə zəif bir beyti yazması ağlabatan deyil…

Cənab Əsgər Fərdinin əlavə etdiyi həmin beytdə isə oxuyuruq:

 

Fərdinin xidməti izzətlə qəbul olmalıdır,

Mənzilə xidmət üçün xadim-i mənzil doğulur.(10, s.259)

 

Unutmaq olmaz ki, təbii qaynar çeşməni andıran Şəhriyarın könülləri fəth edən misilsiz əsərlərinin ritmini pozmaq, ahəngini dəyişmək ən böyük qəbahətdir. Heç uzağa getməyək. Ədəbiyyatşünaslığımızın şəhriyarşünaslıq qolunun formalaşmasında, inkişafında əvəzsiz rolu olmuş görkəmli alim H.Məmmədzadə-nin 1996-cı ildə Təbrizdə çox nəfis şəkildə, professional poliqrafçının yüksək zövqü əsasında çap edilmiş “Məhəmmədhüseyn Şəhriyar. Divani-türki”nin daha bir mükəmməl nəşri, eləcə də Yəhya Şeydanın tərtib etdiyi “Şəhriyarın Azərbaycan dilində əsərləri” əlimizdədir. Burada yuxarıda sadaladığımız əlavə və dəyişikliklərin heç biri öz əksini tapmayıb. Halbuki professor H.Məmmədzadə hələ Şəhriyar həyatda ikən onunla sıx əlaqə saxlamış, isti, səmimi münasibətdə olmuşdur. Onun farsca gözəl bilməsini, mükəmməl təhsilini, bədii irsinə son dərəcə ciddi və məsuliyyətli münasibətini, diqqət və qayğısını təqdir edən şair əsərlərinin orijinalını – ilk variantlarını, çapa gedəcək nüsxələri məhz vicdanlı, sözü ilə əməli üst-üstə düşən, hər bir yaradıcılıq işinə yüksək məsuliyyət-lə yanaşan alimə – Həmid Məmmədzadəyə etibar edər, ona oxuyar, çap məsuliyyətini üzərinə qoyarmış. Əlbəttə, bizə bütün bunları deməyə filologiya elmləri doktoru, professor H.Məmmədzadənin hazırladığı Şəhriyarın türkcə divanının 5 nəşri əsas verir: Ustad şairin əsərlərinin ritmini, ahəngini, harmoniyasını pozan, məna fərqi yaradan belə əlavə və düzəlişlər ədəbiyyat, şeirsevənlərə heç də xoş təsir bağışlamır.

Ustad Şəhriyarın əsərləri arasında ən çox dartışma mövzusuna çevrilən fars dilində yazdığı “Azərbaycan” qəzəlinin tərcüməsindəki yanlışlar, orijinal mətnin çevirisində olan naqislikdir. Açığı, bu barədə bəhs açmaqdan, mübahisə aparmaq-dan yorulmayan cənab Ə.Fərdinin sözlərinə görə (Modern.az), “Azərbaycan” qəzəlinin həqiqi və məzmununa görə tam fərqli nüsxəsi 1941-ci ildə qələmə alınıb və “Ba yad-e Azərbaycan” adlı həmin qəzəl Şəhriyarın farsca divanının I cildinə daxil edilib.  Yəni, bu şeir 1941-ci ildə sovet qoşunlarının İran ərazisinə müdaxiləsi dövründə yazılıb. Həmin vaxt müttəfiq orduları da ölkənin cənub və şərq ərazilərində nəzarəti ələ keçirib”lərmiş… Nə fərqi var, Şəhriyar bu qəzəli “Be yade Azərbaycan (Azərbaycanı xatırlarkən)”, yaxud sadəcə “Azərbaycan” adı ilə hansı tarixdə yazıb, 1941-ci ildə, yaxud ondan sonra… Zamanından asılı olmayaraq Şəhriyar bu qəzəlində yenə də “lirik mən”inə sadiq qalıb, xalqının başından keçənləri, üzləşdiyi çətinlikləri böyük cəsarətlə qələmə alıb, – əbədi Azərbaycan sevdasını, uluyurd sevgisini, türkçü-Vətənçi mövqeyini sərgiləyib… Hətta Urmu gölünün bugünkü qara gününü də həssas şair o vaxtlardan duyub və bu beytdə mövcud mənzərəni necə də dəqiqliklə təsvir edib: Urmiyanın göz yaşına bax, Salmas və Xoyun ürək qanı ilə, Qarışaraq dərya olub və Azərbaycanı kökündən qoparır…”“Urmu-türkün ilk beşiyi, sevgi ocağı” adlı yazımda Urmu gölünün artıq qurumaq üzrə olduğunu, sanki son nəfəslərini çəkdiyini bədii nümunələr əsasında işləmişəm və ustadın bu beytindən xəbərsiz olduğum üçün, təəssüf ki, həmin yazımda bəhs etməmişəm… Bu beyti və digər üç beyti də bizə təqdim etdiyi üçün Əsgər Fərdi cənablarına təşəkkürümü bildirirəm…

Ancaq unutmayaq ki, şeirin yazılma tarixində də hörmətli həmkarım səhvə yol verir, çünki 1941-ci ildə şair bunalımda idi və ruhi sarsıntılardan hələ ki, qurtula bilməmişdi, anası Kövkəb xanım Təbrizdən Tehrana gələrək oğlunun dərdinə məlhəm olmaq üçün çaba göstərirdi… Və Ə.Fərdi bu yanlışlığa yol verməklə bərabər, təqdim etdiyi sətri tərcümə mətnində də tələsiklik nümayiş etdirib, səhvən orijinaldakı bir beyti, təbii, F.Sadığın “ixtisar etdiyi” beytlərdən birini verməyi “unudub”. M.Məhəmmədi yazır ki, “Ə.Fərdi qəzəlin sətri tərcüməsində də xətalara yol verib. Belə ki, o, şeirin 2-ci beytində müxatəbi, yəni müraciət obyektini dəyişdirib; beytdə Azərbaycana müraciət olunmur. Daha 2 beyti (orijinalda 5-ci və 10-cu beytlər) isə qeyri-dəqiq tərcümə edib. Həmin beytlərdə uyğun olaraq, Fərhad və Şirin, Zöhhak və Kavə süjetlərinə işarə ilə obrazlar yaradılmışdır:

Zəhhakiyan-e mərkəzi birun bərənd əz həd setəm,

Ta sər bər arəd kaveye həddade Azərbaycan.

(Mərkəzdəki zalimlər həddən artıq zülm edirlər,

Qoy Azərbaycanın qəhrəman oğlu baş qaldırsın.)

Halbuki sətri tərcümədə həmin obrazlılıq yarımçıqdır, yaxud da məna itmiş, anlamsızlıq yaranmışdır. Beşinci beyti Ə.Fərdinin çevirisində oxuyuruq:

 

Bisütun inqilabda, şirin-şəkər Vətən üçün 

Külüng vurmuş Fərhad kimi zaman-zaman Azərbaycan. 

 

Halbuki beytin dəqiq tərcüməsi belədir:

 

İnqilab Bisütununda vətən Şirininin şövqü ilə 

Azərbaycan Fərhadı öz başına çox külüng vurub.” 

 

M.Məhəmmədi Ə.Fərdinin “Bisütun inqilabda” ifadəsini anlamsız, “şirin-şəkər” ibarəsini isə yersiz sayır, onun bəyənmədiyi, hər yazı və müsahibəsində dönə-dönə qınadığı F.Sadığın tərcüməsində isə beytin mənasının daha dəqiq verildiyini bildirir:

Bisütuni-inqilabda Şirin – vətən ucun Fərhad 

Külüng vurmuş oz başına, zaman-zaman, Azərbaycan! 

 

unnamed (1)Bilirk ki, sayın Əsgər Fərdi filoloqdur və filoloq ən azından belə yanlışlığa yol verməməlidir… O, F.Sadığı qəzəli yanlış tərcümə edərək saxtakarlığa yol verdiyinə görə aramsız tənqid atəşinə tutduğu halda, onun sətri tərcüməsinin 14-cü və 12-ci beytlərini, 5 və 6-cı beytlərinsə bir misrasını orijinal mətn kimi təqdim edir, farsca olan bu mətnin transkripsiyasında isə bir sıra səhvlərə yol verir. O,“nə qədər İran aşiqi olduğunu anlamaq üçün ustadın öz şeirlərini oxumaq lazımdır.  Azərbaycanın hər zaman İranın gözü olduğu pəhləvi və aryan dillərinində beşiyi olduğuna dair söhbətləri də mövcuddur (11)”, – deyərək Şəhryarın mövqeyini də müzakirəyə çıxarmağa cəhd edir. Doğrusu, buna nə dərəcədə ehtiyac olduğunu anlamıram: Şəhriyarın bütün əməlləri, yaratdığı zəngin bədii irs və müsahibələri əsl şair “elinin, yurdunun oğlu, yaşadığı ölkənin vətəndaşıdır” fikrinin-hökmünün təsdiqi deyilmi?! İstər-istəməz sual doğur,  elə isə məqsəd nədir?!

Dr.M.Məhəmmədi Azərbaycan” şeiri saxta deyil! adlı məqaləsində duru-ma açıq münasibət bildirir və yazır ki, (12) Ə.Fərdinin niyyəti Şəhriyarı irançı biri kimi göstərməkdir, onun “Azərbaycan”a etirazı da burdan qaynaqlanır. Lakin bu məsələdə birmənalı mövqe sərgiləmək özünü Şəhriyar yaradıcılığının bilicisi kimi təqdim edən şəxsə yaraşmaz. Həmin mövzuda Şəhriyarın baxışları kifayət qədər mürəkkəbdir. Şəhriyar irançıdırsa da, Azərbaycan mərkəzli irançıdır. “Azərbay-can” şeirinin farscasını Şəhriyarın öz ifasında dinləyin (13). Orada özü izahat verir ki, Azərbaycan İranın mərkəzidir, ona görə də özünə layiq münasibət görməlidir. Elə həmin şeirdə Tehran hakimiyyətinin, “İran-mədarların” Azərbaycana ögey münasibətindən söz açır. Şəhriyarın bu qədər Azərbaycançılığı bizə yetər və Əsğər Fərdi kimilər bunu ört-basdır etməyə cəhd etməsinlər, faydası yoxdur”.

Təəssüflə qeyd edirəm ki, qəzəlin tam mətni əldə olunmadığından Bakı nəşrlərinin hamısında “Azərbaycan” şeiri 11 beyt həcmində və şair Fikrət Sadığın çevirisilə yayımlanmışdır. Şərqşünas alim Məsiağa Məhəmmədi də yazır ki, F.Sadığın çevirdiyi “şeir heç də Ə.Fərdinin dediyi kimi, saxta deyil, yəni ortada hansısa falsifikasiya faktı yoxdur. Bəlkə də o, tərcüməni qüsurlu və yarımçıq adlandırsaydı, onunla birtəhər razılaşmaq olardı. Lakin onun: “Böyük ehtimalla saxta “Azərbaycan” şeirinin müəllifi elə Fikrət Sadığın özüdür”, “…Bu şeirin Şəhriyara heç bir aidiyyəti yoxdur. Onun farsca yazıldığı və guya Fikrət Sadığın tərcümə etməsi ağ yalandır” kimi fikir və hökmləri ən azından filoloq yanaşması deyil…”( modern.az )

Şair Fikrət Sadıq isə bu şeirin tərcüməsinə görə çox əziyyətlər çəkdiyini, yersiz hücumlara məruz qaldığını deyib və tərcümənin yaranma prosesinə aydınlıq gətirib: “Çoxları elə bilir ki, mən bu şeiri 1988-ci ildə, “Meydan hərəkatı” zamanı çevirmişəm. Amma elə deyil, şeiri mən hələ tələbə ikən tərcümə eləmişəm. 1961-ci il idi. Bakı Dövlət Universitetində təhsil alır, sonuncu kursda oxuyurdum. Diplom işimin mövzusu “Məhəmməd Hadinin şeirləri”, diplom rəhbərim isə şair Bəxtiyar Vahabzadə idi. Bir gün Bəxtiyar müəllimgildəydik, iranlı filoloq Qulamhüseyn Beqdeli şair Şəhriyarın 3 şeirini gətirdi. Bəxtiyar müəllimdən xahiş etdi ki, bu şeirləri Azərbaycan dilinə çevirsin. Çünki Şəhriyarın şeirlərindən ibarət kitab hazırlamaq istəyirdi. Lakin Bəxtiyar müəllim məzuniyyətə gedəcəyini deyib, şeirləri mənə verdi. “Azərbaycan”, “Mumiyayi” və “Eynşteynə məktub” adlı şeirlərdən yalnız sonuncunu çevirmədim. Onu da deyim ki, Qulamhüseyn Beqdeli iranlı idi, BDU-da dərs deyirdi. Ustad Şəhriyarı da Azərbaycana ilk dəfə o tanıtdırdı (14).”

Onu deyə bilərik ki, tərcümə mətnində bəzi çatışmamazlıqlar olsa da, Fikrət Sadıq “Azərbaycan” qəzəlinin ümumən sərbəst bədii tərcüməsini uğurlu edib… və “Şəhriyarın Azərbaycanla bağlı ağrısını, özü demişkən, fəryadını verə bilib, müəllifin mesajını çatdırıb, mətnin ümumi ruhunu ifadə etməyə nail olub. Onun sərbəstliyə vardığı məqamlar da həmən ruhdan doğur, orijinalın əsas havasına zidd deyil. Eyni zamanda, mütərcimin bir sıra beytləri orijinala sadiqlik baxımından kifayət qədər dəqiq çevirdiyini də qeyd etmək lazımdır. Məsələn, bu beyti:

 

Qurtarmaqcün zalımların əlindən Rey şümşadını, 

Öz şümşadın başdan-başa olub al qan, Azərbaycan!

 

Yaxud “Vətən eşqi məktəbində can verməyi öyrənmişik” misrası eynən orijinaldakı kimidir: “Dər məktəbe-eşqe-vətən can baxtən amuxte”. Bir sözlə, tərcüməçini yalnız şeiri tam tərcümə etmədiyinə, bəzən də sərbəstlik etdiyinə görə qınamaq olar, saxtakarlığa görə yox!” kimi fikirlərilə məsələyə obyektiv münasibət sərgiləyən Məsiağa Məhəmmədinin bu söylədiklərinə qatılaraq deyərdim ki, bədii-poetik tərcümələrdə mütərcim sərbəstliyə yol verə bilər və bu tip çevirmələrə xas əlamət kimi təkcə Fikrət Sadığın tərcüməsində deyil, digər çevirmənlərin işlərində də rastlaşmaq mümkündür… Ədəbi aləmdə Puşkinin əsərlərinin bütün tərcümələri, əlbəttə, orijinaldan qat-qat zəif qiymətləndirilir, Avropa, yaxud Amerika yazarları-nın əsərlərindən olunan tərcümələr də həmçinin… Çünki tərcümə olunduqda orijinal mətnin formasını saxlamaq mümkün olsa da, mənası, heç deyilsə, 40 faiz itirilmiş olur.

Əlbəttə, qəzəlin təqdim etdiyimiz nüsxəsindən də aydın görünür ki, “Azərbaycan” şeirinin tərcüməsi həm də yarımçıqdır, yəni farsca orijinal mətn 15 beyt olduğu halda, Azərbaycan dilinə tərcüməsi 11 beytdən ibarətdir…Əsgər Fərdi “modern.az” saytındakı “Şəhriyarın saxta və əsl “Azərbaycanşeiri – orijinal mətn müsahibəsində (15)15 beytlik qəzəlin orijinal mətninin 14 beytini təqdim etdiyinə görə sağ olsun, oxuyanlar bildilər ki, bu məşhur qəzəldə daha dörd beyt tərcümə olunmamış qalıb… Və bizlərin ürəyindən yalnız təəssüf hissi keçir ki, kaş, əruzun qaydalarını gözəl bilən F.Sadıq ölməz Şəhriyarın bu qəzəlindəki həmin dörd beyti də axıcı türkcəyə çevirib oxucularını feyziyab edəydi!..

Bu qəzəlin mahiyyətində yatan dərin mənalara istinadən bir məsələni də vurğulamağı gərəkli sayırıq: Erməni qəsbkarlarının yurdumuzu işğal altına aldığı, milli-mənəvi sərvətlərimizin tar-mar olunduğu indiki məqamda məhz “Azərbay-can”, yaxud “Be yad-e Azərbaycan” qəzəli xalqı birliyə, bir yumruq kimi birləşib yağı düşmənə zərbələr endirməyə çağırış, himn kimi səslənir… Əsgər Fərdinin qəzəldən sətri tərcümə etdiyi bu beytdə deyildiyi kimi:

 

İranın azadlığı sənə bağlı, İranın abadlığı da!

Azad ol, ey abad məmləkət, Azərbaycan!

 

Beytdən də göründüyü kimi, bu iki tərcümə mətninin mahiyyət və məzmununda müəyyən dərəcədə fərqlər olsa da, əsasən, Şəhriyarın milliliyə söykək mübariz ruhu, yurdçu, vətəndaş mövqeyi, dərin bilgisi, iti zəkası, hadisələrə fəlsəfi baxışı göz önündədir.

Nəhayət, bütün söylənənlərə aydınlıq gətirmək üçün ilk olaraq “Azərbaycan” qəzəlinin farsca mətnini, sonra Əsgər Fərdinin “modern.az“ saytına təqdim etdiyi 14 beytlik sətri tərcüməni, daha sonra isə Fikrət Sadığın sərbəst bədii tərcüməsini və yazar, dilçi alim Əli Daşqının lap bu günlərdə etdiyi çevirmə mətnini  ard-arda  oxuculara təqdim edirik.

 

  1. Pər mizənəd morğ-e deləm ba yad-e Azərbaycan,

Xoş bad vəqt-e mərdom-e azad-e Azərbaycan.

(Könül quşu qanad açar yad etdikdə Azərbaycanı,

Baxtın-halın xoş olsun, Azərbaycanın hürr xalqı! (Ə.F.)

Könlüm quşu qanad çalmaz sənsiz bir an, Azərbaycan.

Xoş günlərin getmir müdam xəyalımdan, Azərbaycan. (F.S.)

Gönlüm quşu qanad çalır Azərbaycan şövqi ilə,

Azad Azərbaycan xalqı xoş yaşasın hər bir zaman! (Ə.D.)

 

  1. Diyrist dur əz damən-e məhrəş məra əfsorde del

Baz ey əzizan zendeəm ba yad-e Azərbaycan.

(Səndən iraq düşdüyümdən könlüm viran,

Amma yenə diriyəm mən xatirəndən, Azərbaycan.)

 Səndən uzaq düşsəm də, mən eşqinilə yaşayıram,

Yaralanmış qəlbim kimi qəlbi viran, Azərbaycan!

Uzun zamandır düşmüşəm ondan uzaq, gönlüm sınıq,

Yenə diriyəm əzizlər, Azərbaycan şövqi ilə!()

 

  1. Azadi-ye İran ze to! Abadi-ye İran ze to!

Azad baş, ey xette-ye abad-e Azərbaycan.

(İranın azadlığı sənə bağlı, İranın abadlığı da!

Azad ol, ey abad məmləkət, Azərbaycan!

Bütün dünya bilir sənin qüdrətinlə, hünərinlə,

Abad olub, azad olub, mülkü-İran, Azərbaycan. F.S.)

 İranın həm azadlığı, həm də abadlığı sənsən,

Ey abadlığın beşiyi Azərbaycan, azad yaşa!

 

  1. Dər bistun-e enqelab əz şur-o şirin-e vətən (izafət-o pozulub)

Bəs tişe bər sər kufte Fərhad-e Azərbaycan

(Bisütun inqilabda, şirin-şəkər vətən üçün

Külüng vurmuş Fərhad kimi zaman-zaman Azərbaycan.)

(hərfən: duzlu-şirin(dadlı) olmalıdır, mətndə isə gedib: şirin-şəkər)

Bisütuni-inqilabda Şirin – vətən üçün Fərhad 

Külüng vurmuş öz başına, zaman-zaman, Azərbaycan! 

İnqilab bisitununda vətənin dadlı şurundan(həyəcanından),

Azərbaycan Fərhad`ı çox qazmalar vurubdur başa!

 

  1. Dər məktəb-e eşq-e vətən can baxtən amuxte

Ya Rəbb kə budəst əz əzəl ostad-e Azərbaycan.

(Vətən eşqi məktəbində can verməyi öyrənib,

Ya Rəbb, kimmiş ustadı əzəldən Azərbaycanın? (Ə.F.)

Vətən eşqi məktəbində can verməyi öyrənmişik,

Ustadımız demiş heçdir vətənsiz can, Azərbaycan.F.S.)

Vətən eşqi məktəbində can verməyi öyrənibdir,

Tanrım, əzəldəndir belə ustad, Azərbaycan! (Ə.D.)

 

  1. Şemşad-e Rey ra ta bovəd azadi  əz cəllad-e dey

Dər xak-o xun ğəltidə bəs şemşad-e Azərbaycan

(Qurtarmaqçün zalimlərin əlindən Rey şümşadını,

Öz şümşadın başdan-başa olub al qan, Azərbaycan.)

 Rey İgidi azad olsun dünkü cəlladlardan deyə,

Qana bulaşıbdır bir çox Azərbaycan cavanları!

 

  1. Avəx ke neyrəng-e ədu ba dəst-e napak-e xodi

Boqsixt tuq-e taət əz əkrad-e Azərbaycan.

(Əfsus, düşmən hiyləsi özümüzkülərin napak əliylə

Azərbaycanda kürdlərin itaət zəncirini qırıb.)

 Heyf ki, düşmən hiyləsi doğma murdar əlilə,

Azərbaycan Kürdlərinin yeni buxovunu qırmış*[1]!

 

  1. Əşk-e Urumi bin ke ba xun-e del-e Səlmas-o Xoy

Dərya şod-o bər mikənəd bonyad-e Azərbaycan.

(Urmiyanın göz yaşına bax, Salmas və Xoyun ürək qanı ilə

Qarışaraq dərya olub və Azərbaycanı kökündən qoparır.)           

Urmunun göz yaşına bax, Xoy-Salmasın ürək qanıyla,

Dənizə dönüb, qoparır, Azərbaycanı kökündən!

 

  1. Zəhhakiyane mərkəzi birun bərənd əz həd setəm,

Ta sər bər arəd kave-ye həddad-e Azərbaycan.

(Mərkəzdəki  zalimlər həddən artıq  zülm edirlər,

Qoy, Azərbaycanın qəhrəman oğlu baş qaldırsın.)

Bəsdir fəraq odlarından kül ələndi başımıza, 
Dur ayağa! Ya azad ol, ya tamam yan, Azərbaycan!
 
Mərkəz zöhhaklarının zülmü həddin aşır, gərək
Baş qaldırsın Azərbaycanın dəmirçi Gavələri.

 

  1.  Xun şod del-e azadegan ya Rəbb pəs əz çəndin setəm

Kam-e setəmgər midəhi? Ya dad-e Azərbaycan?

(Ya Rəbb! Bunca zülmdən azadə insanların bağrı qan oldu,

Zalimləri kamına yetirirsən? Ya Azərbaycanın dadına çatırsan?

Yarəb nədir bir bu qədər ürəkləri qan etməyin,

Qolubağlı qalacaqdır nə vaxtadək Azərbaycan?!)

 Tanrım,özgürlərin gönlü, qana döndü zülümlərdən,

Sən düşməni sevindirirsən? Yoxsa Azərbaycanı?

 

  1.   Can dade Azərbaycan əmdad İran ra vənist

İranmədaran ra sər əmdad Azərbaycan.

(Azərbaycan canından keçib İran üçün, ancaq

İran hakimləri Azərbaycanın dadına yetmir.)

İgidlərin İran üçün şəhid olub, əvəzində 
Dərd almısan, qəm almısan sən İrandan, Azərbaycan.
 
 İranın səsinə səs və can verdi Azərbaycan,

İrançılar  etməz nədən Azərbaycana bir kömək?
 

  1.  Ta çənd dər hər bum-o bər avarəid-o dərbədər

Dəsti be həmi namu rulad Azərbaycan. 

(Övladların nə vaxtadək tərki-vətən olacaqdır?

Əl-ələ ver, üsyan elə, oyan, oyan, Azərbaycan!)

 

  1. Əz atəş paşedegi ta çənd xakstərneşin

Abad bayəd xane-ye bərbad Azərbaycan. 

(Pərişanlıq atəşindən yoxsulluq nə vaxtadək?

Azərbaycanın bərbad evi abad olmalıdır.)

 Dağınıqlıq atəşindən nə qədər kül olacaqdır?

Azərbaycanın yıxılmış evi abad olmalıdır!

 

  1.   Bər zəxm-e Azərbaycan han Şəhrayara mərhəmi

Ta şad gərdani del-e naşad-e Azərbaycan

(Şəhryarın ürəyi də səninkitək yaralıdır,

Azadlıqdır mənə məlhəm, sənə dərman, Azərbaycan.)

Azərbaycanın dərdinə bir dərman elə Şəhryar!

Sevindirəsən  bəlkə  onun  kədərli ürəyini!

 

3 mart 2014-cü il tarixində qafqaz.ir/az saytında yayımlanmış “Ustad Şəhri-yarın adına çıxarılan “Azərbaycan” şerinin əsl əsası nədir?” adlı məqaləsində isə Əsgər Fərdi15-ci beyti də vermişdir:

Azərbaycan var olduqca İranla bir və bölünməzdir, vəssalam,

  Bunu yüksək səslə fəryad edərək dedi Azərbaycan(qafqaz.ir/az/?p=6879)

 

Azərbaycan varlıq boyu İrana bağlı qalacaq,
Yüksək səslə bunu dedi Azərbaycanın öz səsi!(Ə.D.)

Azərbaycan İslam Universitetinin məzunu Cavid Cabbarlı və AYB Cənubi Azərbaycan şöbəsinin müdiri yazar Sayman Aruzun sətri tərcümələrində isə tam fərqli, Azərbaycan” qəzəlinin orijinal mətnində olmayan beytlərin çevirisilə üz-üzəyik. Bu çevirmə mətnlərinin hər ikisində Təbrizin,onun “Kamsal” küçəsinin, Səttarxan, Şeyx Məhəmməd Xiyabanı kimi tarixi qəhrəmanların adlarına rastlayı-rıq ki, bunlar nə qəzəlin orijinal mətnində, nə də təhriflərlə edilən tərcümələrdə yoxdur?.. Beləliklə, öncə Cavid Cabbarlının (16) sətri tərcüməsindən örnək olaraq bir neçə beyti təqdim edirəm:

 

  1. İranda arayan (sayılıb seçilən tayfaya deyilir) nəsli çoxdur.

          Ləhcənin müxtəlifliyi kiməsə fayda verməyib,

  1. Əgər bu məntiqlə sənə iranlı deyirlərsə…

          Sübhü oxudular, yerlə asimanı birləşdirdilər,

  1. İran kimsəsizdir. Nakəslərin sözüylə getmə,

          Vətənin yüksək namlı əsgəri Səttarxan

  1. Bu həmən Təbrizdir ki, “Kamsal” küçəsi ondadır,

          Canlarını pərvanə kimi vətən şamlarına bağışladılar.

  1. Bu həmən Təbrizdir ki, cavanların qanı hələ də

          Muğan çölünü lalə rənginə boyayıb…

Bu da güneyli şair Sayman Aruzun Şəhriyarın “Azərbaycan” qəzəlinin orijinalından çevirdiyi bəzi beytlər:

1. İran kimsəsizdir və sən nakəslərin sözünə(ylə) qulaq asıb (?!) ayrılmağı fikirləşmə, Ey sənə qurban mənim canım, Azərbaycan!

2. İran tarixində böyük hərflərlə yazılıbdır

Səttarxanın çəkdiyi əziyyətlər.

3. Bura həmən Təbrizdir ki, Xiyabanı kimilər vətən (İran?!) üçün

Can verdilər, pərvanə kimi şam işığına yığışdılar.

4. Bura həmin Təbrizdir ki, gənclərinin qanı

Araz çayı və Muğan torpaqlarına tökülüb!” (14)

 

unnamedAltını cızaraq qeyd edirəm ki, şair, nasir, çevirmən, eyni zamanda türkoloq olan Əli Daşqının və Əsgər Fərdinin yalnız “qafqaz.ir/az/”-dakıçevirisi istisna olmaqla, heç bir çevirmə mətndə Dəmirçi Gavə obrazına da rastlamadıq…

Ayrı-ayrı çevirmənlərin – sayğıdəyər Əsgər Fərdi, Cavid Cabbarlı, Sayman Aruz və Əli Daşqının çevirilərindən gətirdiyim bu örnəklər – tərcümə mətnlərindəki ciddi fərq və qüsurlar bizim nə dərəcədə haqlı olduğumuzu bir daha təsdiqləyir: Şəhriyarın dördcildlik divanı orijinalda olduğu kimi, türkcəsi türkcə, farscası isə Azərbaycan türkcəsinə çevrilərək oxucuların ixtiyarına verilməlidir.

İndiyədək ediləntərcümələrdə müşahidə etdiyim bir nüansı da diqqətə çatdırmaq istəyirəm: Şair tərcüməçilər Şəhriyarın çoxqatlı məcazlarının mahiyyətinə varıb qarşılığını taparaq nəzmə çəkməkdə… aciz qalmış və sərbəstliyə daha çox meydan vermiş, orijinal mətndən uzaqlaşmışlar. Sətri tərcümə edənlərinsə təbii, ilhamı o səviyyədə olmayıb ki, şairin əsərlərinin bədii siqlətini, poetik gücünü duyaraq sözlərlə ifadə etsinlər.

Bu məsələlərdə son dərəcə ehtiyatlı, diqqətli olan və yazdıqlarına qarşı xüsusi bir məsuliyyətlə yanaşan, hər bir şairin divanının onun sağlığında çap olunmasını daha gərəkli sayan Şəhriyar hətta qələmdaşı Nima Yuşicin əsərlərinin ölümündən sonra nöqsansız və təhrifsiz nəşrinə də böyük həssaslıq və ciddiyyətlə yanaşmışdır. O, şairin oğluna məktub yazaraq,“əgər Tehranda yaşasaydım, imkanım və hövsələm çatsaydı, bu mənim işim və borcum idi. Ancaq təəssüf ki, mən orada deyiləm və belə olduqda, bu barədə əsaslı düşünmək lazımdır” deyə bildirmiş, tövsiyələr etmiş, bu mühüm və çətin işi icraçının çiynində ağır bir yük sanmışdır. Çünki şairin qənaətinə görə, müəllif özü həyatda olarkən divanı nəşr ediləndə son gücünü toplayaraq, əsərlərinə bir əl gəzdirir: “İndi ki, Nima yoxdur, ya gərək seçilmiş əsərləri çap edilsin, ya da özü kimi elə bir varisi olmalıdır ki, bəzi dəyişiklik və artırıb-əskiltmələrə ehtiyac olsa, təhriflərə yol verilməsin və atanın ruhu da onları qəbul etsin. Çünki Nima sözlərə fərdi yaradıcılıq xüsusiyyətindən doğan, bədii məqsədinə uyğun elə yanaşmalar (məs: hərdən sifətdən isim düzəltmişdir) etmişdir  ki, onlara əl vurmaq olmaz… Mənim əziz balam, “Əfsanə” Nimanın elə misilsiz, şedevr əsəridir ki, onun özünü belə “Əfsanə”nin şairi kimi tanıyırlar. Kim ki, Nima haqqında bir söz deyib, haqqında bəhs edibsə, daha çox “Əfsanə”yə əsaslanıb. Məhz buna görə də “Əfsanə” mütləq və mütləq bir əldən çıxmalı, tam qüsursuz olmalıdır. “Əfsanə”nin əlimə çatmış son nəşrində bir neçə bəndinə əl gəzdirilmişdi və bu düzəlişlərdə səliqəsizlik gözə dəyirdi” (17, 658-660).

Son olaraq qeyd etmək istərdim ki, Şəhriyarın özü də şeirlərinin adlarını bəzi hallarda daha uyğun bildiyi adlarla dəyişmişdir. Buna görə də əsərlərinin müxtəlif nəşrlərində həmin dəyişikliklər nəzərdən qaçmır. Nəticədə ustadın sağlığında ikən şeirləri iki və daha çox adla yayınlanmışdır. Məsələn: “Türkün dili – Əsil olmaz”, “Dərya elədim – Təbrizin şəbçırağı”, “Məmməd Rahimə cavab – Məmməd Rahimə məktub və ya Məmməd Rahim həzrətlərinə cavab“, “Səhəndim – Səhəndiyyə“, “İki qardaş arasında -Yetim malı“, “Paşa can yangılıcı-Oğlum səreyinli şairə”, “Gözümün yaşları – Bayatılar”, “Uşaqlar – Zümzümələr”, „Naz eyləmisən – Kəlisa namazı və ya Qəzəl, yaxud da Azərbaycan gözəlinə”, “Zaman səsi – Əzan səsi“, “İman müştərisi – Qaranlıq gecələr”,Behişt və cəhənnəm-Cənnət və cəhənnəm”, “Kərəc xatirəsi – Nənəqız əmqızının oğlu Əliağaya bir yadigarlıq”, “Yata bilməyirəm – Satirik şeir və ya Bilməyirəm, “İns-ü Cin – Öz dilimizin duası”, “Əzizə – Bir gəlin və ya Yar ölümü, “Əzizə can – Şair həmsəri Əzizəyə deyir”, “Əski dostum Məhəmməd Əli Məhzunun xatirəsinə – Beyad-ı dost-ı dirinəm Məhəmməd Əli Məhzunun xatirəsinə“, “Rehləti xətm-i rəsul – Kərbəla faciəsi”, “Hafiz doğulurmu? – Cəhad fərmanı”, “Baba xatirəsi – Be-yad-i pedər”, “Tehran və tehranlı-Ey tehranlı” və s… Bütün bu ad dəyişmələrini şair sağlığında öz əlilə etmiş, çap məsuliyyətini də üzərinə götürmüşdü… Ancaq dünyasını dəyişdikdən sonra onun yoxluğunda əsərlərinin nizamını pozmağa, düzəlişlər etməyə heç birimizin mənəvi haqqı yoxdur…

Əlbəttə, yazdıqlarına qarşı son dərəcə tələbkar və məsuliyyətli olan Şəhriyar bütün yaradıcılığı boyu istedad və idrakın göstərdiyi yolla getmiş, təmtəraqlı şeir və qafiyə quraşdırmaq həvəsindən uzaq olmuş, əsərlərini ağılla düşüncənin, fikirlə hissin vəhdətini əsas götürərək qələmə almış, xalqına və bütün sevənlərinə zəngin bir ədəbi miras qoymuşdur. Bu mirasa sahib çıxmaq, qorumaq və orijinalda olduğu kimi gələcək nəsillərə ötürmək isə bizlərin vicdan borcudur…

 

                                                                         Qaynaqlar:

  1. Ustad Şəhriyar. Azərbaycan türkcəsilə külliyyati, Tehran, 1380//2001, 410 səh.
  2. az.wikipedia.org/wiki/Janna_d’Ark
  3. Ustad Seyid Məhəmmədhüseyn Şəhriyar. Divani-türki, “Əlhuda-Sabah”, Bakı-1993.
  4. Yusuf Gedikli. Şehriyar ve Bütün Türkce Şiirleri, İstanbul, Ötüken, 1997, 492 say.
  5. “Aydınlıq” qəzeti, 12 iyul 1992-ci il.
  6. Məhəmmədhüseyn Şəhriyar. Seçilmiş əsərləri, Bakı: “Elm”, 2000, s.32-38
  7. “Şəhriyar” qəzeti. 25 fevral 1993.
  8. „Şəhriyar“ qəzeti. 3 oktyabr 1996.
  9. «Yol» məcmuəsi. Tehran. №34-42, avqust 1996-cı il.
  10. Ustad Şəhriyar. Azərbaycan türkcəsilə külliyyatı, Tehran, 1380//2001,
  11. qafqaz.ir/az/?p=6879
  12. http://modern.az/articles/65 777/1/;http://litdiaspora.az/?p=-5213
  13. https://www.youtube.com/ watch?v=HpJhjh3vLA
  14. http://teleqraf.com/arxiv.php
  15. http://modern.az/articles/65679/1/18.10.2014,11:00
  16. http://yaxa.org /az/xeber/2258
  17. Elə həmin sadəlikdə və gözəllikdə (məqalələr toplusu), Tehran, «Mərkəz» nəşriyyatı, 1995.

 

  • Bisitun inqilabı dedikdə Ustad Şəhriyar Məşrutə inqilabını nəzərdə tutub, “Kürdlərin itaəti zəncirini qırması” ifadəsi həmin dövrdə bir sıra Azərbaycan şəhərlərində kürd mənşəli iğtişaşçıların törətdikləri qırğınlara işarədir.

 

 

 

 

 

 

 

Bölmə : Manşet, Tənqid
KÖŞƏ YAZARLARI
TOP 10