Səməd Vurğunun bu çıxışı Mirzə İbrahimovu pərt etdi

100 Baxış

semedvurgun25

Senet.az  “XAN” Xatirə Ədəbiyyatı seriyasından çapa hazırlanan yazıçı-dramaturq Altay Məmmədovun “Tanıdığım Əli Kərim” əsərindən bir hissəni təqdim edir:

“Gənclər günü” Mirzə İbrahimovun ciddi nəzarəti al­tında idi. Onun partiya və dövlət idarələri yanında nüfuzu böyük idi və buna görə də görkəmli şairlər və nasirlər bu günlərin mün­tə­zəm, səliqəli keçməsi üçün əllərindən gə­ləni edirdilər. Bu “Gənclər gün”lərinin bir neçəsində işti­rak etdiyim üçün onların mahiyyəti barədə müəyyən tə­səv­vürlərim var.

Yazıçıların rəhbərliyinin ritorikadan poeziyanı uzaq­laş­dır­maq barədə fikirləri başa düşülən idi. Əsl məsələ yeni poezi­yanın qarşısına qoyulan vəzifənin nədən ibarət olmasında idi. Şeir­dən konkretlik tələb olunurdu. Nədən ibarət idi o konkret­lik?

Mən ilk dəfə “Gənclər günü”nə 1950-ci ilin payızında get­mişəm. O tarixi bir gün idi Azərbaycan poeziyası üçün. Həmin “Gənclər günü”ndən düz bir həftə əvvəl ke­çirilmiş gündə o za­man gənc şair Ağacavad Əlizadə­nin “Kartof” şeiri oxunmuş və çox təriflənmiş, bəyənilib çapa məsləhət görülmüşdür. Həmin şeirin bir misrası təx­mi­nən belə səslənirdi:

“Kartof nə kartof, düzülüb yan-yana kartof…”

Ən böyük sensasiya orasında idi ki, həmin məclisdə iştirak edən professor Mikayıl Rəfili bu şeiri az qala Azərbaycan poe­zi­yasında hadisə adlandırmışdı. Poeziya­mızın yeni bir mərhə­lə­yə daxil olduğunu söyləmişdi.

Bugünkü məclisdə demək olar ki, canlı klassiklərin hamısı iştirak edirdi. Məclisi Mirzə İbrahimov aparırdı, şa­irləri təqdim eləyən isə Məmməd Rahim idi. Şeirlər oxu­nur, kəskin tənqidi qeydlər eşidilirdi. Yavaş-yavaş hiss etdim ki, məclisdə deyəsən ikitirəlik var. Söz verildi Lən­kərandan gəlmiş Məmmədhüseyn Əliyevə (o vaxt şeir yazırdı). O, “Düyü” adlı bir şeir oxudu. Məzmunu təx­mi­nən belə idi: Lənkəranda gözəl düyü yetişdirilir. Bu düyü qablanıb ölkənin müxtəlif yerlərinə göndərilir, oralarda hamı düyüdən gözəl xörəklər bişirir, bu düyünü yetiş­di­rən­ləri yada salırlar. Və sairə və ilaxirə… Şeir çox tərif­ləndi, çıxış elə­yənlərdən böyüklərə macal yox idi. Nəha­yət ki, şeirin çapa la­yiq olduğu barədə təklif verildi. Sə­məd Vurğun əl qaldırıb söz aldı. O, ağır-ağır məclisdəki­lərə göz gəzdirdi. Elə bil başlamağa çətinlik çəkirdi. Nə­hayət, başladı (yadımda qalanlar): “Yoldaş­lar, qardaş­lar, bu cavan oğlanın şeirini çox təriflədiniz, bu, şei­rin öz mə­ziyyətlərindən yox, keçən həftə burada oxunulub bə­yə­ni­lən “Kartof” şeirinə verilən qiymətdən irəli gəlir. Hələ eşit­dim ki, hörmətli professor Mikayıl Rəfili də həmin şeir barədə çox yüksək fikirlər söyləyib, nəticə hökmən belə də olmalı idi. Görünür, yoldaşlar poeziyanın mahiyyətini düzgün dərk edə bil­mə­yiblər hələ. Növbəti yığıncaqlarda şirnikmiş cavanlar burada “Soğan”, “Sarımsaq”, “Pomi­dor”, “Kələm” adlı yazılar oxu­ya­caq­lar, buna heç şübhə­niz olmasın. Yoldaşlar, poeziya nə dirlikdir, nə də bos­tan. Yenə bu cavan oğlan şalvarının balağını dizə qədər çır­ma­layıb qızmar günün altında suyun içində əllə­şən zəh­mətkeşin obrazını yaratmağa çalışsaydı, bir təhəri var­dı, Səməd Vurğun o dövr üçün çox kəskin səslənən (hələ Sta­lin sağ idi) çıxışının tonunu elə bil bir qədər yum­şalt­ma­ğa çalı­şırdı. Yoldaşlar, siz pambığa, neftə baxmayın, bunlar strateji əhə­miyyətli məhsullardır. Mənə qalırsa… Əşşi, demirəm” – de­yə əlini yellədib oturdu. Əslində dedi sözlərini Səməd Vurğun bədii həqiqətin vasitəsi ilə. Mirzə İb­rahimov, Məmməd Rahim və baş­qaları bir qədər pərt ol­muşdular. Onlara elə gəlirdi ki, yeni poeziyanın “şah da­marını” tapmışdılar artıq, Səməd Vurğun gəlib əllərindən çıxartdı. Məclisin ahəngi pozulmuşdu elə bil. Son­ra mə­həb­bət mövzusunda oxunan və kəskin tənqid edilən lirik bir şeiri də Səməd Vurğun tərifləyib “əjdahaların” ağ­zın­dan qopardı.

Mirzə ona dedi:

– Səməd, madam bəyənirsən üzərində yenidən işlə­məkdə cavana kömək etməyi də sənə tapşırırıq.

– Neynək, – dedi Səməd Vurğun.

“Gənclər günü”ndə süjetli, konkret məzmunlu şeirlər tələb olunduğundan “bicləşmiş” cavanlar ritorik misraları baba ilə nəvə, ana ilə oğul, yaxud bacı ilə qardaş arasın­da bölüb adını qo­yurdular “süjetli şeir”. Bəzən belə şeir­lər də mətbuata yol tapa bilirdi. “Yeni şeir” adı altında ba­yağı yazılar da çap olu­nurdu. Bütün bunlara baxmaya­raq, ağsaqqal yazıçıların gərgin əməyi sayəsində keçirilən “Gənclər gün”ləri səmərəli bəhrə verirdi. Deyək elə Sə­məd Vurğunun gəlib məclisdə sırf poe­zi­yanın mahiyyətin­dən danışması gənclər üçün böyük hadisə idi. Həmin məclisdə yaranmış gərginlik nə qədər qəribə olsa da öm­­ründə birinci dəfə belə nüfuzlu məclisdə iştirak etmək hü­qu­qu qazanmış mənim hesabıma oldu. Mən özümlə Bakıya Nəri­man Həsənzadənin iki şeirini, özümün də iki şeir, bir hekayəmi aparmış, Məmməd Rahimin yanında qeydiyyatdan keçirmiş­dim. M.Rahimin siyahısında növ­bə­də mənim adım idi. Əvvəlcə Nərimanın şeirlərini oxu­dum (Nərimanla Gəncə Pedaqoji İnsti­tutunda bir qrupda oxuyurduq), tənqid etdilər. Növbə özümə gəldi. Hekayə­min adını çəkdim.

Mirzə təkidlə dedi:

– Şeirdən başla.

Mən yenə hekayənin adını çəkib oxumağa başlamaq istə­dim.

Mirzə israrla dedi:

– Əvvəlcə şeiri oxu.

Dedim:

– Şeiri oxuyası olmadım.

– Niyə? – soruşdu Mirzə.

– Ona görə ki, mən pay bölməyi gözü çıxan qardaş­lardan öyrəndim artıq.

– Bir aydınlaşdır görək nəyi öyrənmisən.

Dedim:

– Mirzə müəllim, mənim sizə oxuyacağım şeirlər bu­ra­da bayaqdan bəri oxunulub tənqid olunan şeirlərdən qat-qat zəif­dir, ona görə deyirəm ki, mən pay bölməyi gö­zü çıxan qardaşlarımdan öyrənmişəm.

Mətləbin məğzi indi çatdı onlara. Məclis uzun sürən gülüşə qərq oldu, elə bil onlara belə bir bəhanə lazım imiş. Gərginlik qalxdı aradan, mən də hekayəmi oxudum bir nəfəsə, çox bəyəndilər, Mirzə heç kəsə aman vermə­dən özü danışdı, çox tərif dedi… Amma hekayə çap olunmadı. Neynək, ilk çıxış üçün o da bəs idi…

İlk “Gənclər günü”ndən cavan nəsildən ikicə nəfər yadım­da qalıb: Xəlil Rza (sonralar Ulutürk) və Qulu Xəli­lov. Xəlil Rza şeir oxuyanda hər beytdən sonra gözlərini yazıdan ayırıb məclisin üzərində hərləyirdi, görünür, reak­siyanı yoxlamaq istəyirdi. Qulu isə hər dəfə kəskin çıxış­ları ilə fərqlənirdi. Onların yaxın dost olmaları hiss edilirdi.

Mən başqa cavanların adlarını yalnız Əli ilə bağlı mətləb­lərdə çəkəcəyəm, çünki imkan çox azdır və Əli haqqındakı fikir­ləri yığıb yığışdıra bilmərəm. Təbii ki, mən Əlini bu məclisdə görə bilməzdim, Əli həmin ildə hələ Göyçayda idi. Lakin tale Əli­nin də yolunu “Gənclər gü­nü”ndən salmalı imiş. Yaxşı ki, onun uşaqlıq və gənclik dostu Əli Səmədov Əli Kərimin yara­dı­cı­lığında mühüm hesab etdiyim məqamları yadında yaxşı sax­layıb yazıya köçürübmüş.

 

 

 

 

 

 

 

Bölmə : Araşdırma, Manşet
KÖŞƏ YAZARLARI
TOP 10