Senet.az ədəbiyyat və sənət dərgisində şənbə günləri “Memuar notlar” layihəsi:
***
1941-ci ilin dekabrında, Azərbaycandan birinci dəfə Sovet İttifaqı Qəhrəmanı adına layiq görülmüş İsrafil Məmmədovun xəbərini eşidən kimi şair qəhramanın doğulduğu Qapanlı kən-dinə, oradan da Gəncəyə – İsrafilin anası Gülsüm xalanın yanına getmiş, onu alqışlamış, sonra da mitinqdə demişdir:
– Gəncə bizə böyük şair Nizamini vermişdir. Xalq qəhrəmanı İsrafil Məmmədovu də həmin torpaq yetirmişdir. Sağ olsun belə oğulllara döşündən süd verib, onları məhəbbətlə böyüdüb, vətənin xidmətinə verən analar!
***
Səməd Vurğun müharibənin ilk illərində, cəbhədə qəhrəmanlıq göstərən Babaş Dadaşov haqqında “Partizan Babaş üçün” şeirini yazmışdır… Şair 1943-cü ildə iki dəfə Babaşla görüşmüş, 1945-ci ildə isə Moskvada Qələbə paradında qalib partizanı qucaqlayıb bağrına basmışdır. Sonra o, cibindən iki min manat çıxarıb Babaşa və onun döyüş dostu gürcü Avtandil Gülbaladzeyə vermiş və demişdir:
− Gedin, hər ikiniz Qorki parkında dincəlin, qəşəng qızlarla bir qəhrəman kimi gəzin.
Lakin dostlar belə qərara gəlirlər ki, Səmədin bağışladığı pula kişilik rəmzi, qəhrəmanlıq simvolu olan papaq alsınlar. Elə də edirlər. Qaragül dərisindən olan papaq sonralar da Babaşda əziz bir yadigar kimi qalıb.
***
Səməd Vurğun haqlı tənqidi məm-nuniyyətlə qəbul edən sənətkar idi. “Vaqif” pyesində İbrahim xanın düz verilməməsini, bu sahədə buraxdığı yanlışlığı şair dəfələrlə etiraf etmişdir. 1946-cı ildə o demişdir: “Mən, çox sevdiyim “Vaqif” əsərinin gələcək taleyini düşündüyüm zaman, orada yol verdiyim bir çox tarixi təhriflər, xüsusən İbrahim xan surətinin təhrifi məni çox incidir, lakin əsər elə bir vəhdət təşkil edir ki, mən hələ də bu təhrifi əsərin bədii təsirini azaltmamaq şərti ilə düzəltməyə çox çətinlik çəkirəm”.
***
1946-cı ilin noyabr ayında, şair öz dostu Allahyar Cavanşirlə Kür çayının sağ sahilindəki Mehman meşəsinə ova gedirlər. Onlar çayın qalın cığ ilə örtülü körpə söyüd pöhrəliyində gəzdikləri vaxt, birdən iki qırqovul xoruzu havaya qalxır, Səməd sərrast atəşlə hər ikisini vurur. Xoruzlar çaya düşür. Su xoruzları axıdır. Reks və Heran adlı ov tulaları da onların dalınca üzür. Şair dərin kədər içərisində öz dostuna deyir:
− Ay Uzun! İtlər də qərq olacaq, quşlar da əlimizdən çıxacaq, bəs biz nə edəcəyik?!
Dostu da ona təskinlik verir:
− Şair, hövsələn olsun, quşları da əldə edəcəyik, itlərimiz də salamat qayıdacaq.
Bir az keçdikdən sonra itlər xoruzları ağızlarına alıb, geri qayıdanda, Səmədin halı tamamilə dəyişir. O, tüfəngi saz kimi döşünə basıb, aşıqlar kimi oxuya-oxuya və oynaya-oynaya itlərə sarı gedir. Onlara çatanda, tüfəngi çiyninə alıb, xoruzların hər birini bir əlində sallayaraq yenidən “qağılı-quğulu, quğulu-qağılı” sözlərini mahnı üzrə təkrar edir, oynayır. Sonra ovçu dostuna söyləyir:
− Ay Uzun! Düz iyirmi il cavanlaşdım. Sən özün bilirsən ki, xalq arasında mənim hörmətim, şöhrətim çoxdur. Mən onu sevdiyim kimi, o da məni sevir. Bu hörməti qazanmaq üçün iztirab da, gərgin vəziyyətlər də keçirmiş, nəhayət sevinmiş, ləzzət anlamışam. Amma bugünkü aldığım ləzzətdən heç olmaz. Sağlıq olsun, ay Uzun, sənin başın üçün, bu hadisədən böyük bir poema yazacağam və sən də onun qəhrəmanı olacaqsan…
***
1949-cu ildə şair ovçu dostu ilə maşında gedərkən, uzaqda, altı yüz, yeddi yüz metrlikdə bir ceyranın qaçdığını görürlər. Səməd istəyir ceyranı vursun, dostu etiraz edir:
− Bu ceyran ya boğazdır, ya da doğub. Onun vurulması böyük günahdır. O, bizi xəbərdarlıq etmək üçün ya ceyran sürüsünün, ya da öz balasının üstə aparacaqdır.
Doğrudan da elə olur. Maşın ceyranı təqib edir. Birdən maşının on metrliyindən, qarağat dibindən bir bala ceyran qalxır. Sürücü maşını saxlaya bilmir. Bala ceyranı maşın vurur. İkinci bala ceyran maşının səsinə ayılıb, hürkmüş vəziyyətdə ətrafa diqqətlə baxır və adamları görcək dağ tərəfə yönəlib qaçır. Anası ceyran da onun ardınca götürülür.
Həmin faciəli halı görən şair iki əli ilə başını sıxıb, qalın saçını qarışdırır və ovçu dostuna:
− Ay Uzun, biz nə etdik?! – deyə qışqırır.
− Şair! Biz yaman böyük zülm etmişik!
Həddindən artıq pərişan, peşman olan şair dərin fikrə gedib, papiros çəkə-çəkə qaçan bala və ana ceyrana kədərli-kədərli baxır.
Onlar yenidən maşına oturub, geri qayıdırlar. Yol boyu şair nə dinir, nə də danışır. Maşın mənzil başına çatanda, o, üzünü ovçu dostuna tutub deyir:
− Ay Uzun, sabah axşam bizə gəl, ceyran haqqında sənə şeir oxuyacağam.
İkinci gün şair ovçu dostuna məşhur “Ceyran” şeirini oxuyur.
***
Şairin ovçu dostlarından biri nəql edir:
− … Dan yeri xoruz quyruğu kimi qızaranda, çöllərdə dovşanlar tullana-tullana yuvalarına çəkiləndə, torağaylar cığırlarda məclis quranda, qoyun-quzular mələşə-mələşə sübhün əsrarlı açılışında otlağa yayılanda Gədəbəyin Aytala kəndindən, bu yerlərdə Yanıq Həsən adı ilə məşhur olan kişi ilə bərabər dağlara sarı üz tut-duq.
Səməd az dinirdi, az danışırdı. Bələdçimiz Yanıq Həsənin sorğularına müxtəsər cavablar verə-verə o, dağların başını, yüksəklikləri, dərələri yalçın qayaları, axar-baxarları qartal nəzərləri ilə seyr edirdi.
Sona kəkliklər pıqqıldayıb kol dibindən qalxır, dağ keçiləri quşqonmaz qayaların sinəsini dırnaqlaya-dırnaqlaya gözdən itir, dağ hinduşkaları əcayib səslər çıxararaq yatanları oyadır, Səməd isə susurdu. Hər dəfə fikirləşərdik: “Görəsən, nə üçün atmadı? Ovçu da bu fürsəti əldən verərdimi?”
Mən yavaş-yavaş ona yan aldım:
− Səməd qağa, meşədə ov eləmək çətindir, quş qalxan kimi ağacın arxasında görünməz olur.
Səməd bığaltı gülümsədi, başı ilə təsdiq etdi:
− Ovçu, insaf elə … Buranın gözəllikləri bir-birinə elə yaraşır ki, meşəni onlardan məhrum etməyə adam qıymır. Mənə nə deyərlər, şairin birinci, bəlkə də axırıncı dəfə bu yerlərə ayağı düşür, onda da qırğın törədir.
Biz kəndə dönəndə, öz səxavətini hər yana səpələyən təbiətin seyrindən doymayan Vurğun dağın döşü ilə dolaylananda, Həsən kişi məni saxladı:
− Əliboş qayıdaq, ayə? Şair tüfəngi özünə havayı yük eləyib. Hə özü vurdu nə də bizi qoydu.
Səmədin qulağı uzaqdan elə bil deyilənləri aldı. O, bizə baxıb gülümsədi:
− Deyəsən, qeybət qırırsınız, ayə? Ovçu insaf elə …
***
Bir gün Səməd Vurğun Yazıçılar İttifaqının klubunda çoxlu adam toplaşdığını görür. Xəbər alır ki, bunlar kimdir, nə işlə məşğuldurlar? Şairə cavab verirlər ki, toplaşanlar gənc dramaturqlardır, əsər müzakirə edirlər. Səməd Vurğun bir an dayanıb ah çəkir:
− Kaş bunların hamısı əvəzinə bircə Cəfər Cabbarlı sağ olaydı.
***
Səməd Vurğun Cəfər Cabbarlını çox sevirdi. Bir çox tənqidçi və yazıçılar S. Vurğuna irad tuturdular ki, Cəfərin yaradıcılığında yalnız müsbət cəhətləri görürsən. Bəs onun bir çox çatışmayan, yaxud nöqsanlı cəhətləri yoxdurmu?
S. Vurğun onlara belə cavab vermişdir:
− Mənim sizə cavabım hazırdır. Siz təsəvvür edin ki, mən bu saat mahir bir heykəltəraşın yaratdığı və “gözəllik abidəsi” adı verdiyi bir heykəl qarşısındayam. Bəlkə bu gözəl abidənin sifətindəki bir çox cizgilər də öz yerində deyil. Bəs nə üçün mən onları görməliyəm? Çünki mənim bütün huş və diqqətim, bütün daxili aləmim bu “gözəllik abidəsi”nin gözlərindəki, surətindəki mənaya bağlanmışdır. Bəli, bu sənətdəki ülviyyət, məni özünə məftun etmişdir. Mənim fikrim və diqqətim cizgilər ilə deyil, mənalar ilə məşğuldur. Fəqət, gözəllikdə çirkinlik, yaxşılıqda yamanlıq, işıqda qaranlıq axtaranlar isə yaman gözlərdir.
***
1953-cü ildə, Nizaminin vəfatının 750 il-liyi tədbirlərində iştirak etmək üçün Səməd Vurğun bir qrup alimlə Gəncəyə gedir. O, gənclik dostlarından bir müəllimə ilə görüşərkən, müəllimə ərklə deyir:
− Şair, nə yaman qocalmısan?
Şair müəllimənin bu sualından tutulur və heç bir söz demir. Axşam Səməd, Nizami haqqında gözəl bir nitq söylədikdən sonra, əlavə edir:
− İndi də mənə “Şair, nə tez qocalıbsan?” sualını verən müəllimə cavab olaraq bir şeir oxu-yacağam.
Bundan sonra, o, məşhur “şair nə tez qocaldın sən?” şeirini oxuyur və iclasdan sonra şeirin əlyazmasını həmin müəlliməyə hədiyyə edir.
***
Səməd Vurğun gözəllik, sevgi vurğunu idi. O, gözəllikdən, sevgidən söhbət düşəndə ən çox Hüseyn Cavidin aşağıdakı sözlərini təkrar edərdi:
Cahan cənnət olsa, insanlar mələk,
Dağlar inci saçsa, dənizlər çiçək,
Mənim tanrım gözəllikdir, sevgidir!
***
1954-cü ilin 22 aprel günü. Səmədin anadan olması günü. Şair çoxlu dostları ilə Göy gölə gəzməyə çıxmışdır. Güllər-çiçəklər bir-birini səsləyir, tər bənövşələr günəşlə oynayırdı. Səməd diz çökdü, bənövşəni qoxladı:
− Şair bənövşəni ancaq tağında qoxumalıdır. Torpaqdan ayrılmadan qoxumalıdır. Elə ki, qoxuladı, torpaq və bənövşəyə şeir deməlidir.
Şair şeirini oxudu, tər-bənövşələrlə söhbət etdi, yaşarmış gözləri ilə söhbət etdi.
Dostlardan biri əyilib bənövşə yığmaq istədi, Səməd qoymadı:
− Əzizim, əyil, bənövşəni tağı üstə qoxla.
Dostu dedi ki, onu özü üçün yox, qadını üçün yığır. Qadın çox gözəl idi. Şair qadına baxıb, gözəllikdən vəcdə gəldi:
− Gözəllər üçün qaydanı pozmaq olar.
Özü dəstə bağlayıb qadına verdi:
− Alın, qurusa da, yenə öz ətrini itirməyəcək. Torpağın ətrini itirməyəcək. Bənövşə şair kimidir. Şair ölüb gedir. Ancaq onun şeiri həmişəlik qalır.
– Mən bu bənövşəni saxlayacağam,– deyə qadın şairi süzdü,– anadan olmağınızın yüz il-liyində gətirib sizə verəcəyəm.
Şair dəyişildi. Oldu sifəti daha yaraşıqlı göründü, sevinclə dolu uşaq görkəmi aldı.
– Dostlar,–deyə,–dilləndi.– Bu gün burada, Göy gölün sahilində, bənövşələrin arasında ilk dəfə inandım ki, yüz il ömür sürəcəyəm. Siz də mənimlə bir yerdə. 2006-cı ilin baharında, aprelin 22-də mənim ad günümü burada keçirərik. Gəlin and içək.
– And içirik! – hamı bərkdən cavab verdi.
Şair sevincdən aşıb-daşırdı:
– İnanıram, yüz il yaşayacağam.
***
Səməd Vurğunun romantik arzuları daima qanadlanırdı. 1955-ci ilin yayında “İstisu” yaylağında olanda, o, sanki təbiətlə vidalaşırmış kimi dağlara, dərələrə, düzəngahlara baxmaqdan doymurdu. Şair, onunla birlikdə gəzib-dolanan dostuna deyir:
– Nə ola, yüz ildən sonra insan bir anlığa qayıdıb hündür bir dağdan Azırbaycana tamaşa edə. Yəqin ki, elektrik şəfəqləri hər tərəfə nur səpələyəcək. Yəqin ki, bütün yer üzərindən ehtiyac, göz yaşları əbədi olaraq götürüləcək. Yəqin ki, ceyran sürüsü də insandan qaçmayıb dumduru bulaqlardan, Kürdən, Arazdan, uzanıb gedən ka-nallardan su içəcəkdir…
– Nə gözəl danışırsan, ay Səməd.
– Səməd nə vaxt pis danışıb, ayə… – deyə şair cavab verir.
***
Səməd Vurğun Kəlbəcərdə, Dəlidağda gəzərkən birdən qara bulud karvanı göy üzündə çaxnaşır. Dəlidağın qaş-qabağı tutulur, dağda şaqqıltı-gurultu qopur. Şair tez özünü çobanların alaçığına verir. Görüşür, sonra üzünü onlara tutur:
– Ayə, tütəyiniz varmı?
Çobanlardan biri heybəsindən alabəndli bir ney çıxarıb şairə uzadır. Səməd tütəyin o tərəf, bu tərəfinə baxıb, mənalı baxışlarla çobanı süzür:
– Ayə, bir çoban bayatısı çal görüm.
Çoban əvvəl duruxur. Sonra tütəyi alıb dodaqlarına yapışdırır. Tütək əvvəlcə bəmdə səslənib sonra zilə qalxır, səsi yağan yağışa, dağ çiçəklərinin ətrinə qarışıb, qarşı dağlara əks-səda verir… Şair xəyala dalmış, tütəyə qulaq kəsilmiş, gözləri yaşarmış halda çobana yaxınlaşır, onu bağrına basır:
– Ayə, nə yaman çaldın, məni keçmişlərə apardın. Sağ ol, çoban qardaş, tamam-kamal, əsil çobansan, – söyləyir.