Səməndər Rzayevin xatirə gecəsi

33 Baxış

semendernağıllarımızdakı xeyirxahlıq personajını xatırlatmasından tutmuş həyati bənzərsizliklərinədək…

Ondakı həyat eşqi, sənət atəşi, nəhəng cüssəsilə səhnə və ekran gərdişi kimə müsbət təsir etməyib, görəsən? Məncə, hamıya. Xüsusən də müxtəlif səbəblərdən yekrəng həyatlarından bezib çoxrəng sənət cəzbinə düşən, bu tərzdə istedad və qabiliyyətə həsəd aparan, hətta, öz “qisməti-ilahi” mikrocisimliyindən küsənib bu “neytral” makro can-cüssə sahibinə “bəxtəvər” rəğbəti bəsləyən kəslərə…

Mənim çox qısa şəkildə canlandırmağa çalışdığım bu böyük sənətli-sənədli obraz haqda – görkəmli teatr və kino aktyoru, Əməkdar artist Səməndər Rzayev barədə – onun 70 illiyi münasibətilə Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı ilə düzənlənən xatirə gecəsində bütün özəllik-gözəlliyilə bəhs edildi.
Fevralın 11-də Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında keçirilən tədbirin əksər iştirakçıları salona teatrın foyesində aktyorun teatr və kinoda (təəssüf ki, Azərbaycan radiosunun “Bulaq” verilişində ona məxsus “qızılsəs erası”nın istisnalığında…) yaratdığı obrazları əks etdirən fotosərgiyə nəzər yetiribən keçirdilər. Mənsə həmin anlar onun, bu yazıda mötərizə içərisində verdiyim məsələylə ilgili bir istedad “pərdəsi”nə – “efirarxası” bir mizan-düzən “tryuk”una xəyallanmışdım. Bəli, minlər-milyonlarla gözün tamaşa etdiyi səhnədə, ekranda böyük sənətin yüzlərlə gözəl-gözəl oyunlarından çıxmış bu bənzərsiz sənətkar o verilişin iki-üç nəfərlik yaradıcı kollektivi önündə də qeyri-adiliklər edirdi ki, bunlardan biri də verilişin xudahafizləşmə anında əllərini ağır-ağır mikrofon stoluna dayayıb, asta-asta qalxıb, dalı-dalı qapıya sarı uzaqlaşa-uzaqlaşa: “Həə, di sağ olun, salamat qalın, istəkli dinləyicilər…” eləməsi…
Hə, bu da yubilyarın öz sənət ömrünü keçirdiyi əkən-kökən odası. “Özləri burda olmasalar da, ürəkləri…” deyimini də əlavə etmək şərtilə, ağzınadək dolu salon.
Tədbir böyük sənətkarın lent yazısının səsləndirilməsi ilə başlayır. Ardınca teatrın çağdaş aktyorları “öz sevimli, həyatdan vaxtsızdan da vaxtsız getmiş bu insafsız yubilyarın tərcümeyi-halından bəzi məqamları çatdırırlar. Bildirilir ki, 1945-ci ildə Ağsuda anadan olub, hələ orta məktəbdə ikən kütləvi tədbirlərdə və dram dərnəyində fəal iştirak edən Səməndər Rzayev səhnə-sənətə o dərəcədə bağlı olub ki, Azərbaycan Dövlət Universitetinin (BDU) filologiya fakültəsini buraxaraq, 1964-cü ildə Azərbaycan Dövlət Teatr İnstitutunun aktyorluq fakültəsinə daxil olub.
Tədbirdə çıxış edənlər görkəmli aktyorun statistik tamaşaçı aləminə bəlli olmayan çox önəmli xüsusiyyətlərindən, son dərəcə maraqlı, sırf xarakterial keyfiyyətlərindən söhbət açdılar.
Mikrofona ilk dəvət olunan Əməkdar incəsənət xadimi, teatrşünas, professor İlham Rəhimli belə bir tədbirin keçirilməsini bu çoxdiapazonlu, son dərəcə xəlqi və eyni dərəcədə intellekt-elitar sənətkara ehtiramın əlaməti kimi qiymətləndirdi. Hələ institut illərində belə seçkin bir tələbə kimi qiymətləndirdiklərini bildirən natiq vurğuladı ki, 18 ilə yaxın səhnədə olan Səməndər Rzayev heç bir rolunda-çıxışında tamaşaçı alqışından xali qalmayıb.
Səməndəri “danışmaqla qurtarmayan aləm” adlandıran İlham Rəhimli bu təkrarsız adamın tələbə yoldaşı və dostu kimi də xatirələrini bölüşdü. Bu fenomen səhnə ustasının teatrda və kinoda canlandırdığı obrazlar barədə ətraflı məlumatında onu son dərəcə enerjili-energetikalı, coşqun-daşqın bir aktyor kimi səciyyələndirdi və fikrini “Səməndər Rzayevin kino, teatr və televiziya yaradıcılığı “ustad dərsi” kimi qəbul olunmalıdır” sözlərilə yekunlaşdırdı.
Xatirə gecəsində Azərbaycan Teatr Xadimləri İttifaqının sədri, Xalq artisti, professor Azərpaşa Nemətov, xalq artistləri Rafiq Əzimov və Hacı İsmayılov, Əməkdar incəsənət xadimi Məhərrəm Bədirzadə çıxış edərək cəmi 41 il ömür yaşamış sənətkarın Azərbaycan teatr və kino sənətində qoyduğu izdən söhbət açdılar. Qeyd etdilər ki, Səməndər Rzayev milli və dünya klassiklərindən Hüseyn Cavidin “Xəyyam” (Xacə Nizam), “Knyaz” (Knyaz) və “İblis” (İbn Yəmin), Mirzə Fətəli Axundzadənin “Müsyö Jordan və dərviş Məstəli şah” (Hatəmxan ağa), Səməd Vurğunun “Vaqif” (Vaqif), “İnsan” (Valentin), Cəlil Məmmədquluzadənin “Dəli yığıncağı” (Fazil Küleyni), Cəfər Cabbarlının “Aydın” (Balaxan) və s. əsərlərin tamaşalarında müxtəlif xarakterli rolları son dərəcə özünəməxsus səpkilərdə yaradıb.
Rəngarənglik baxımından fərqli-bərqli çıxışlarıyla bütöv bir Səməndər Rzayev tablosu yaratmağa çalışan natiqlər bunu da xüsusi vurğuladılar ki, fundamental teatr obrazları ilə yanaşı, Səməndər Rzayev “Evləri köndələn yar” televiziya tamaşasında, “Nəsimi”, “Babamın babasının babası”, “Od içində”, “Babək”, “Bəyin oğurlanması” və digər filmlərdə çəkilib, onlarla ekran əsərinin səsləndirilməsində iştirak edib. Elə həmin faktlar səsləndikcə, sənətkarın oynadığı tamaşa və filmlərin bəzilərindən (“Dəli yığıncağı”, “Aydın”, “Nəsimi”, “Bəyin oğurlanması”, “Babamın babasının babası” və s.) fraqmentlər nümayiş olunurdu.
Çıxış edənlər aktyorla bağlı “şəxsi” və çox hallarda ictimai məzmun-məna daşıyan xatirələrini də bölüşdülər.
Sevgi və hərarət dolu tədbir sənətkarın qızı Rübabə Səməndərin bu gözəl xatirə gecəsinin təşkilatçılarına və qonaqlara təşəkkürünü bildirməsilə başa çatdı.

medeniyyet.az

Bölmə : Sənət, Teatr
KÖŞƏ YAZARLARI
TOP 10