Səmadan bir damla” 3-cü pablik-art festivalı keçiriləcək

10 Baxış

yarat_poster_110615
13 iyun – 5 oktyabr tarixlərində YARAT Müasir İncəsənət Məkanı tərəfindən hazırlanan “Səmadan bir damla” 3-cü pablik-art festivalı keçiriləcək.

Festivalda Vafaa Bilal, Ergin Çavuşoğlu, Fərhad Fərzəliyev və Nəzrin Məmmədova kimi rəssamlar iştirak edəcəklər.

Onların əsərləri şəhərin müxtəlif yerlərində nümayiş etdiriləcək. Həmçinin eksponatların internet vasitəsilə onlayn nümayişi də nəzərdə. Festival çərçivəsində Kino Klubun toplantıları, sənətkarlarla görüşlər, ikihəftəlik praktiki məşğələ, bir də Londonda yerləşən AA Memarlar Birliyinin (AA – Architecture Association) əməkdaşlığı ilə, AA-nın müəllimləri olan memarlar Omid Kamvari və Kasper Əksin rəhbərliyi altında AA-Baku məktəbi təşkil olunacaq.

Guggenheim UBS MAP layihəsinin Yaxın Şərq və Şimali Afrika üzrə kuratoru, YARAT-ın tədris üzrə direktoru Sara Razanın kuratorluğu ilə hazırlanmış bu festival hazırda Bakı və onun ətrafında təbiət, elm və texnologiya ilə bağlı cərəyan edən sürətli dəyişikliklərin müasir sənətkarlar və seyrçilər tərəfindən necə qəbul olunduğunu araşdırır.

Festival rus futuristi Velimir Xlebnikovun şeiriyyat və təfəkkür örnəklərindən ilhamlanaraq, poeziya, fəlsəfə, astronomiya, məntiq və qeyri-məntiqi təzahürlərlə bağlı ideyaları araşdırır. Böyük ticarət mərkəzi və liman olmuş şəhərin zəngin tarixinə, eləcə də onun son zamanların yeniləşmələrinə müraciət edərək, “Səmadan bir damla” həm keçmişə, həm də gələcəyə uzanan nostalji, bir də qədimlə müasirin kəsişdiyi nöqtəyə dair ideyalarla səsləşir.

Festival iyunun 13-də, türk əsilli bolqariyalı rəssam Ergin Çavuşoğlunun əsəri ilə açılacaq. İçərişəhərdə nümayiş etdiriləcək bu əsər 2015-ci ildə ərsəyə gətirilmişdi, “Mayenin yayılması” (Liquid Breeding) adlanır, sərgilənmə yerinə uyğun qurulmuş xüsusi anamorfik perspektivə malik döşəmə təşkil edir. Bu əsərin ideyası rəssamın konseptual sənət pioneri Marsel Düşamın yaradıcılığına illərboyu göstərdiyi marağından, eləcə də Bakının şaquli və üfüqi istiqamətlərdə artmasından doğur. Çavuşoğlunun təqdim etdiyi rəsm həcmli memarlıq modeli (3D) kimi hazırlanmışdı və ziyarətçilər əsərin üstündən keçməyə dəvət olunur. Hər gün adamlar onu tapdalayıb keçirlər, bu da video-kameraya çəkilir, kameranın çəkdiyi kadrlar isə elə bir monitorda göstərilir ki, ona baxanda heykəlin içində gəzən adamlar təəssüratı yaranır. İyunun 13-də Çavuşoğlu YARAT Müasir İncəsənət Mərkəzində bu festival əsəri barədə məruzə ilə çıxış edəcək.

Gənc sənətkar Nəzrin Məmmədova Bakının memarlıq inkişafını daha çox sınağa çəkir. Onun hazırladığı “OUROBORUM” (2015) adlı video oyun bizə Bakının gələcək görünüşünü müxtəlif hallarda görməyə imkan yaradır. Oyunun iyulun 22-də keçiriləcək təqdimatına ələlxüsus kompüter oyunçuları dəvət olunurlar ki, bu maraqlı və həvəsləndirici oyuna qatılaraq şəhərimizin gələcək görünüşünü axtarsınlar. Oyunun adı qədim yunan əsatirlərindəki öz quyruğunu dişləyən ilan Oroborosa işarə vurur. O əfsanəvi ilan obrazı xeyli populyardır, təkrarlanan yeniləşmə rəmzidir, Azərbaycan mədəniyyətində də dəfələrlə öz əksini tapmışdır – ədəbiyyatdan tutmuş, həndəsi fiqurlar dilinə, futuristik memarlığa, ənənəvi və müasir musiqimizə qədər. Oyunun iPhone platformasına uyğun variantını internetdən pulsuz əldə etmək olacaq. “OUROBORUM” oyun proqramını onlayn yükləyə bilərsiniz.

Fərhad Fərzəliyevin “Göydə göy-göyərti göyərdi” (2015) adlı neon işıqlı bilbord layihəsinin açılışı iyunun 26-da keçiriləcək. Layihənin adı dil və lirika zərrələri ilə oynayan poetik bir yanıltmacdır. Reklam mətnlərinin dilini yamsılayaraq, neonla yazılmış sözlərdə eyni sait səslərin dəfələrlə təkrarlanması vasitəsilə Fərzəliyev ictimaiyyət qarşısına çıxarılan obyektlərin bəzən necə mənasız mətn, dil və alliterasiya ilə hazırlandığını araşdırır. Yerlə göy arasındakı əlaqəni tərs çevirərək, rəssam tamaşaçıları həm məntiq, həm dilçilik baxımından dolaşdırmaq, hər gün gözümüzə batan reklam yazılarına yumoristik şərhlə yanaşmaq istəyir.

Oktyabrın əvvəllərində İraq-Amerika mənşəli rəssam Vafaa Bilal özəl bir kamera-obskura heykəli hazırlayacaq. Heykəlin adı “Mövcudların iyerarxik düzümü”dür və ilk dəfə belə heykəl 2013-cü ildə Maraya Art Park (Birləşmiş Ərəb Əmirlikləri) üçün hazırlanmışdı. Bilalın layihəsi ilk İslam alimlərindən ilham alır, ələlxüsus da ki, optika və kinetik hərəkət sahəsində iki mötəbər iraqlı alimin işlərindən. Bunlar, İslamın Qızıl Əsrində, yəni təqribən 750–1258-ci illərdə fəaliyyət göstərmiş İbn Əl-Haytam və Əl-Cəzari adlı alimlərdir. Bakı kontekstində Bilal memarlığın əhali ilə əlaqəsinə nəzər salır – Bakının Xəzər sahilində qurulmuş möhtəşəm daimi instalyasiya olduğunu, daim genişləndiyini və yalnız sahildən o yana addımlaya bilmədiyini qeyd edir.

Festivalla əlaqədar olaraq, iyun ayında sənətkar görüşləri şəklində maraqlı tədris proqramı da həyata keçiriləcək. İyuldan avqusta kimi YARAT Müasir İncəsənət Mərkəzinin zalında və YAY Qalereyasının damında yerləşən açıq kinoteatrda fantastika və futurizm filmlərinin silsilə nümayişi keçiriləcək. Proqrama Larissa Sansur, Şezad Davud, Deniz Üster və Vahid Vakilifar kimi müasir sənətkar və rejissorların əsərləri daxildir. Bunlardan əlavə, memar və AA-nın müəllimləri olan Omid Kamvari və Kasper Əksin rəhbərliyi altında London Memarlar Birliyinin əməkdaşlığı ilə təşkil olunmuş AA-Baku məktəbi əsasında ikihəftəlik xüsusi praktiki məşğələ də keçiriləcək. AA-Baku məktəbi Qafqaz regionunda bu qəbildən ilk məktəb olacaq. Burada memar, yazıçı, rəssam və filosoflara fikir mübadiləsi aparmaq üçün yer ayrılacaq, məkanı düşünən müasir ideyalara dair intensiv praktiki məşğələdə iştirak etməyə imkan yaradılacaq.

Pablik-art festivalının proqramı

13 iyun, saat 17:00-da Ergin Çavuşoğlu
“Mayenin yayılması” (Liquid Breeding), İçərişəhər, Kiçik Qala küçəsində açılışı
13 iyun, saat 19:00-da Ergin Çavuşoğlu
YARAT Müasir İncəsənət Mərkəzində rəssamla görüş
26 iyun, saat 21:00-da Fərhad Fərzəliyev
“Göydə göy-göyərti göyərdi”, 28 May küçəsində açılışı
03 iyul, saat 19:30-da Vahid Valikifar
Sənətkarın təqdimatı ilə “Taboor” filminin nümayişi, YARAT Müasir İncəsənət Mərkəzinin zalında
10 iyul, saat 19:30-da Larissa Sansur
Sənətkarın təqdimatı ilə “Xalq sərvəti” filminin nümayişi, YARAT Müasir İncəsənət Mərkəzinin zalında
22 iyul, saat 19:00-da Nəzrin Məmmədova
“OUROBORUM”, YARAT Mərkəzinin video salonunda açılış
11 avqust, saat 21:00-da Deniz Üster
“Arxadakı öndədir” (Beyond is before) filminin nümayişi, YAY Qalereyasının damında – açıq havada kinoteatr
18 avqust, saat 21:00-da Şezad Davud
“Mümkün filmə doğru” (Towards of a possible film ) filminin nümayişi, YAY Qalereyasının damında – açıq havada kinoteatr
05 oktyabr, saat 19:00-da Vafaa Bilal
“Mövcudların iyerarxik düzümü” (The Hierarchy of Being), yaxında elan olunacaq bir məkanda açılışı

Sərgi barədə məlumat:

Adı: Səmadan bir damla
Yeri: Müxtəlif məkanlar, Bakı
Tarixi: 13 İyun – 5 Oktyabr, 2015
Vebsayt: http://www.yarat.az/en
Twitter: @yaratartspace Facebook: facebook.com/Yarat.Art
Instagram: @yaratcontemporaryartspace

 

Bölmə : Sənət xəbər
KÖŞƏ YAZARLARI
TOP 10