Şəmil Sadiq də “SİQARETƏ YOX!” dedi

93 Baxış

shamil-sadiq-300x300F.ü.f.d.,dos. Şəmil Sadiq Senet.az-ın “SİQARETƏ YOX!” aksiyası üçün çağırışına qoşuldu:

 

Müşfiq Xan “SİQARETƏ YOX!” adlı kampaniyaya start verib. Xəbəri oxuyanda sevindim, çünki tanıdıqlarım içində ən çox siaqret çəkən dostum o idi. Demək ki, daşlaşmış “başına gələn başmaqçı olar” prinsipi öz işini yenə də görür.

Cəmiyyətdə məsləhət verməkdən asan və qəbul etməkdən çətin məsələ yoxdur. Rahatlıqla “çəkmə” deyə və tövsiyə verə bilirik. Xüsusən də, siqaretlə bağlı. Hətta andıra qalmış bu zəhrimarın üstündə də “siqaret çəkmək sağlamlığınıza zərərdir” şüarı yazılıb. Bu haqda danışmıram, çünki internetdə axtarış versək, bu mövzuda külli miqdarda material tapa bilərik. Amma mən məhz “çəkməy”in ziyanından danışım.

Dilimizdəki “çəkmək” sözü, ümumiyyətlə, daha çox neqativ anlamda işlənir. Siqaret çəkmək, dərd çəkmək, vicdan əzabı çəkmək, əl çəkmək. Özünə tərəf çəkilən hər şey ziyandır. Biri ruhumuza, biri isə cismimizə. Rəsm çəkmək kimi  məfhumlar da var ki, bu zərərli deyil. Çünki burda özünə çəkmirsən, özündən ötürürsən. Hə bir də çəkdirmək var. Bu da eqoizmin əlamətidir. Kiməsə dərd çəkdirirsən və s.

Siqareti çəkməkdən əl çəkmək bir başqa məsələdir. Yəni əli siqaretdən çəkməklə içinə çəkəcəyin tüstüdən yaxa qurtarırsan. Buna öyrəşmək nə qədər asandırsa, bunu tərgitmək çox çətin məsələdir. İradə istəyir, səbr istəyir, dəyanət istəyir.

Bir yaxınım var. Bir neçə ildir ki, bu andıra qalmışı tərgidib. Amma maşınında həmişə siqaret olur. Bir gün bunun səbəbini soruşdum. Dedi, bir dəfə yönişığında bir qəşəng qız yaxınlaşıb siqaret istədi. Yox dedim. Qız ironiya ilə “Bu da adını kişi qoyub” dedi. O gündən bu cür halla rastlaşmamaq üçün maşında siqaretim olur həmişə.

Bu gün həyatın bir parçasına çevrilib siqaret. Söz sözü gətirdiyi kimi siqaret siqareti, siqaret çəkən də siqaret çəkəni gətirir. Siqareti qara rəngli boyaya bənzətsək, görərik ki, istənilən ağın üstünə düşəndə ləkəsi görünür. Amma ağ qaranın üstünə töküləndə hiss olunmur. Bunun üçün də təklif edirəm ki, siqaretdən əl çəkmək istəyirsinizsə, hökmən ətrafınızdan siqaret çəkənləri təmizləyin.

Azərbaycanda siqaretlə bağlı duruma həyəcan təbili çalmaq lazımdır. Çünki xeyli uşaq və qadın bunun aludəçisi olmaqdadır artıq. Bunun üçün dövlətin də atmalı olduğu addımlar var. Məsələn Avropada siqaret hər yerdə, hər dayanacaqda, hər marketdə satılmır. Xüsusi mağazalar var ki, onların da vitrinində reklam edilmir. Təklif edirəm ki, qəzet köşkləri adı ilə qoyulan köşklərimizdə heç olmasa siqareti yığışdıraq.

Nəsə çətin məsələdir. Amma bir lətifə danışım, bəlkə bəzilərinə dərs oldu.

Bir gün bir nəfər həkimə gedib, boğazım ağrıyır, deyir. Siqaret çəkirsən?, –deyə sual verir. –Bəli, düşəndə çəkirəm. –Nə çəkirsən, adətən? – Vallah doktur, nə gəldi. Hansından düşdü çəkirəm. Həkim deyir ki, ya çəkmə, ya da birinə öyrəşdir özünü. Tez-tez dəyişmə. Xəstə az qala dəli olacaq səviyyəsində, -deyirsən indi mən düşüm bir nəfərin dalınca gəzim!

P.S. Bu yazını yazmayacaqdım. Çünki nədən çox danışılırsa, o daha da diqqət çəkir. Bu cür məqamların ictimailəşdirilməsinin əlyehinəyəm. Lakin Siqaret aludəçisi XAN qardaşımın bu təklifini, özünə də bir nümunə olacağını düşünüb, yazdım.

 

 

Müşfiq XAN-ın “SİQARETƏ YOX!” aksiyası üçün çağırışı

Elxan Nəcəfovun “SİQARETƏ YOX!” aksiyası üçün çağırışı

Emin Pirinin “SİQARETƏ YOX!” aksiyası üçün çağırışı

Azad Qaradərəlinin “SİQARETƏ YOX!” aksiyası üçün çağırışı

Dilqəm Əhmədin “SİQARETƏ YOX!” aksiyası üçün çağırışı

 

 

 

 

KÖŞƏ YAZARLARI
TOP 10