Şəmil Sadiqin “Odərlər” romanın müzakirəsi

279 Baxış

“Hədəf Oxucu Klubu”nun idarə heyətinin üzvləri Odər Sərdar və Qəhrəman Qəhrəmanlının moderatorluğu ilə Kitabevim.az kitab marketində filologiya üzrə fəlsəfə doktoru Şəmil Sadiqin “Odərlər” romanının müzakirəsi keçirilib. Müzakirədə müəllimlər, ziyalı gənclər, oxucularla yanaşı müəllif də iştirak edib. Müəllif öncədən müzakirədə sadəcə dinləyici kimi iştirak edəcəyini vurğuladı.

Odər Sərdar: Mehman bəy, “Odərlər” romanında “saf qan” məsələsi var. “Saf qan”la bağlı fikirlərə münasibətiniz necədir? “Saf qan”lı olmaq üçün mütləq insan türkmü olmalıdır?

Mehman Həsən: İsa Muğannanın əsərlərində qoyduğu idealların davamını Şəmil Sadiqin “Odərlər” əsərində gördüm. Əlbəttə ki,  hər bir insanın qanını yoxlamaq imkanımız yoxdur. Düşüncə ilə türk ruhuna, düşüncəsinə, tarixinə bağlı olan insan da “saf qan”lıdır. Şəmil Sadiq də əsərində vurğuladığı “saf qan” mövzusu, düşünürəm həm də bununla bağlıdır.

Odər Sərdar: Əsərdə dini mövzular, dini yanaşmalar var. Xüsusilə, Məhəmməd (s.a.s) peyğəmbərə olan yanaşmaları qeyd etmək istərdim. Məsələn, bizdə hədislərdə peyğəmbərin adı gələndən sonra sallalahu aleyhi və səlləm (s.a.s) deyilir və yazılır. Ancaq əsərdə peyğəmbərin adı sadəcə Məhəmməd deyə çəkilib. Buna qarşı reaksiyası, münasibəti olan oxucu varmı?

Sara Ağayeva: Mən düşünürəm ki, Məhəmməd ona görə yazılıb ki, əslində deyilir ki, Allah yer üzünə din göndərib, hər bir millətin dinlərini Allah yaradıb.

İsa Muğannanın əsərlərini oxuyandan sonra belə qənaətə gəlirik ki, Allah din yox, elm göndərib. Sonradan bu elmi dinə çevirmək, təriqətlər yaratmaq bu cahillərin əməlidir. Əsərlərdə də oxuyuruq ki, Məhəmməd peyğəmbər, Hz Əli  cahilliyə qarşı nə qədər mübarizə aparıb. Ərəblərdə Əli adı yoxdur. Əl təmiz türk sözüdür. “Əl” yəni ki, Məhəmmədin “Əli”, sağ əli, onun köməkçisi. Hz Əli “SafAğ” elmini yaymaqda ona çox kömək olub. Dilimiz o qədər təhrif olunub ki, bu əsərləri oxuyanda görürük ki, dinimiz, dünya hansı vəziyyətdə olub. Ona görə də Muğanna deyir ki, biz qədim OdƏr dininə qayıtmalıyıq. OdƏr  dinini biz öyrənsək bütün həqiqətlər açılacaq.

Qəhrəman Qəhrəmanlı: Əsərdə Məhəmməd Peyğəmbərin (s.a.s)  türk olmağı göstərilir.Bu fikirə olan münasibəti bilmək istərdim.

Xaliq Səfəvi:  İmam Həsən və İmam Hüseynlə olan döyüşlərin birində Müttəhid adlanan  bir döyüşçü İmam Hüseynə kömək edir. İmam Hüseyn döyüşdə qalib olub qayıdanda  ondan soruşurlar:

-Ya Peyğəmbərin vəlisi, gələnlər kimlər idi?

İmam Hüseyn cavab verir:

-Onlar mənim babamın qohumlarıdır.

-Onlar fars idilərmi?

-Mənim kökümdə haramzadə olmamışdır.

-Bəs səndən idilərmi?

-Əmin ola bilərsən ki,ərəb dilində danışmırdılar.

-Bəs onlar kim idilər?

-Sən batıdan gələn qıpıqgözlüləri unutdunmu?

Digər bir döyüşdə Uhud döyüşündə yenə də səlcuq tayfasından olanlar gəlib peyğəmbərə kömək edirlər. Museyi Kazım Əleyhissəlam öz kitabında yazır: “Babam buyurduğu kimi gələcək türklərindir və türk mənim soyumdur”. Əgər peyğəmbərin də türk soyundan olması onun nəticəsi tərəfindən, yeddinci İmam Museyi Kazı tərfindən təsdiqlənirsə bu o deməkdir ki, Məhəmməd peyğəmbər (s.a.s) türkdür.
Mən əsərdə istəyərdim ki, türklərin qədim, müqəddəs rəqəmləri göstərilsin.Məsələn, türklərdə 278 rəqəmi müqəddəs rəqəmdir. İnsanın dünyaya gəlişini, doğuşunu simvolizə edir. Qədim türk kitabələrində, Ağ kitabədə 278 rəqəmi haqqında məlumatlar var. Bütün bəşəriyyət 278 rəqəminin  üstündə bərqərardır. Bu sufilikdə, islamda, yəhudilərdə, xrsitianlarda da belədir. İnsanın ana bətnindən dünyaya gəliş günü 278 gündür.

Kənan Quluzadə: Məhəmməd peyğəmbərin türk olması ilə bağlı məlumatı “Odərlər” kitabından almışam. Peyğəmbərin türk  olması mənim üçün qeyri-adi və yeni məlumatdır. Bu məlumatın  isbatı mənim üçün önəmlidir. Mən bunun axtarışındayam.

Odər Sərdar: Əsərdə Quranın bəzi surələrinə- Nisa və Əl-Bəqərə surəsinə elmi olaraq tənqidi yanaşmalar var. Jalə xanım, bu haqda sizin fikirlərinizi bilmək istərdik.

Jalə Abbasova: Etiraf edim ki, “Odərlər” kitabını oxuyandan sonra müəmmalı fikirlər burulğanına düşmüşəm. Bu müəmmalı fikirlərin yaranmasına səbəb olan məlumatlar həm  İsa Muğannanın  əsərlərində, həm də Şəmil Sadiqin “Odərlər” romanında yer alır. İslam dinini tam mükəmməl bilmədiyimə görə bu haqda heçnə deyə bilmirəm.

Odər Sərdar: Deyirsiniz  əsəri oxuyanda bəzi müəmmalı fikirlər yaranıb. Bu sizin imanınızda yaranan şübhələrlə əlaqadardır, yoxsa necə? Müəmmalı fikirlər nədən ibarətdir?

Jalə Abbasova: Deməzdim ki, bu imanla bağlıdır. İman mübahisəli məsələdir. Amma mən dindarlıqdan daha çox millətçiliyə, vətənpərvərliyə üstünlük verirəm. Çünki, bu gün Azərbaycanda dinin müxtəlif qol və cərəyanları var: nurçuluq, vəhabilik, sələfilik, şiəlik, sünnilik. Qarışıqlıq yaranıb. Bu gün mən çox təəssüf edirəm ki, bəzi gənclər  bizim milli təəssübkeşliyimizin əvəzinə hər hansı bir dini təəssübkeşliyin üstündə mübahisə edirlər. Mən millətimi qoruyan, Qarabağ uğrunda şəhid olan atesitə üstünlük verirəm nəinki, hər hansı bir ölkənin dinini təbliğ edən insana.

Odər Sərdar: Əsəri oxuyan digər gənc oxucu Aytac xanıma sualımı ünvanlamaq istərdim. Əsərin hansı bölmələri ilə bağlı tənqidi fikirləriniz var və sizcə əsərdən hansı hissələri ixtisar etmək lazımdır?

Aytac Qədimbəy: Əsərdəki  hansısa fikirlərin ixtisar edilməsi haqqında deyil, əsərin məndə yaratdığı təəssürat haqqında fikirlərimi bildirmək istəyirəm. Romanı oxuduğum zaman özümü müsbət qəhrəmanların yerində hiss etdim. Onların yerində olmaq, onlar kimi qəhrəmanlıq etmək, şücaətli olmaq arzusu məndə yarandı. Müəllifə təşəkkür edirəm ki, bu hissləri mənə yaşatdı.Əsərdə ən çox pərəstiş etdiyim qəhrəman Arslan oldu və əsərin sonunadək  sanki onun düşmənlə olan  mübarizələrində mən də iştirak etdim. Azərbaycan bayrağının Xankəndində, Şuşada dalğalandırılması məni bir vətəndaş kimi çox sevindirdi və bunun tezliklə həqiqətə çevrilməsini arzuladım.

Romanı oxuduğum zaman müəllifin ön sözdə özünün qeyd etdiyi fikirlə bağlı məndə sual yarandı. Burda müəllif qeyd edib ki, Dədə Əfəndinin söhbətlərini romana qatmaqda əvvəl tərəddüd edib. Bu tərəddüdün səbəbini bilmək istərdim. Sonradan fikrinizi nə dəyişdi ki, o söhbətləri romana əlavə etdiniz?

Şəmil Sadiq: Biz romanın təqdimatını keçirməmişik. Müzakirəni həm də təqdimat hesab edirəm.Kitab oxunub və roman haqda müxtəlif fikirlər var. Romanın 2 və 3-cü hissələrini yazmaq arzusundayam. Romanın yazılmasının iki məqsədi var: 1) Fəlsəfi düşüncələrimi çatdırmaq; 2) Vətənpərvərlik, gənclərdə mübariz ruhun oyadılması.

Milli Qəhrəman Mübariz İbrahimovun etdiyi qəhrəmanlıq bu əsərin yazılmasına bir zəmin yaratdı. Düzdür, Mübarizlə bağlı xeyli romanlar yazılmışdır. Məncə, ona tamamilə başqa cür yanaşmaq lazımdır. Romanımdakı qəhrəmanların heç biri Mübariz İbrahimovun birbaşa prototipi deyil. Çünki, bu cür insanları ifadə etmək çox çətin olur. Hüseyn Cavid Topal Teymur haqqında əsər yazır, amma xaiş edir ki, onu tamaşaya qoymasınlar. Hərçənd bu gün “Topal Teymur” tamaşaya qoyulur. Mübariz də elə bir şəxsdir ki, onun qəhrəmanlığı xalqın təsəvvüründə o qədər geniş formadadır ki qələmə alsan kiminsə gözlədiyindən əskik və ya artıq olacaq. Düşünürəm o qələmə alınarsa ona qarşı münasibət dəyişə bilər. Buna görə romanımı vətənpərvərlik, qəhrəmanlıq ideyaları üzərində yazsam da, prototip olaraq onu canlandırmadım. Aytac xanımın sualına qaldıqda isə, insan var açıq fikirlidir. Onunla rahat şəkildə peyğəmbəri, Quranı, ümumilikdə dini müzakirə etmək olar. İnsan da var ki, səni dinləmək istəməz.  Sadəcə öz pəncərəsindən baxır hər şeyə. İnsanlar müxtəlif düşüncəyə malik olduğundan Dədə Əfəndinin söhbətlərini romana əlavə etməyə tərəddüd edirdim. Narahatçılığım kitab çap ounandan sonra baş verdi. Əsərə  əlavə etməkdə tərəddüd etdiyim hissələr əlavə olunduqdan və roman çap olunduqdan sonra mətbuatda “Azərbaycanda islam əleyhinə çap olunmuş ilk kitab” başlıqlı məqalələr dərc olundu.

Hətta bir dostum dedi ki, romandakı Dədə Əfəndinin söhbətlərini çıxarsam, roman metodik vəsait kimi istifadə edilə bilər. Yəni məsələn, şagirdlərə, tələbələrə, əsgərlərə paylanılmaqla  bu əsər onlarda vətənpərvərlik hisslərinin güclənməsinə və oyanmasına səbəb ola bilər.

Romanda 5 qəhrəman var: sünni, şiə, odər, deist və ata-anası müsəlman olan. Amma ateist fikrini yaxın buraxmıram, çünki ateizmi özüm də qəbul etmirəm.Obrazların içərisində atesit yoxdur. Sadəcə tanrısına inanan obrazlar var.

Ədəbiyyatda din müxtəlifliyi mövzusu həmişə olub. Məsələn, Daniel Defonun “Robinzon Kruzo” əsərində  Robinzonun Cümə ilə söhbətinə nəzər salsaq, Robinzon Cüməyə öz allahını, Cümə də həmçinin  Robinzona öz allahını təbliğ  etməyə çalışır. Bu zaman onların arasında nifaq düşür və onlar küsürlər. Cümə ondan uzaqlaşır. Robinzonun dilindən əsərdə belə bir fikir söylənilir: “ Bu kimsəsiz adada bir nəfər insan tapdım, onunla da dinə görə münaqişəmiz yarandı”.

Odər Sərdar: Mən belə anladım ki, bəşəriyyətin sağlam yaşaması üçün vahid din lazımdır. Yəni bəşəriyyətdə millətlər dinlərə bölünməməlidir. Vahid dinin hansı din olması haqda istərdim ki, Asif bəy öz fikrini bildirsin.

Asif Paşayev: Şəmil Sadiqi Azərbaycan xalqının, uşaqlarının, gənclərinin özlərini bənzətmək istədiyi milli qəhrəman obrazlarının yaradıcısı olaraq görmək istəyirəm. Mənim əsas istəyim odur ki, bizlər mənsubiyyətini bilmədiyimiz Şvartsneger, Rembo  əvəzinə, Fərid Əhmədova, Mübariz İbrahimova  bənzəmək istəyək. İstərdim ki, onlar lazımi formada ədəbi obraz olaraq canlandırılsın.

Dini məsələyə qaldıqda isə, insanlığın xilası üçün , məncə, bütün dinlərin içərisində vahid din olaraq islam ən mükəmməlidir.

Odər Sərdar: “Odərlər” romanı haqqında Zöhrə Cəfərovanın fikirlərini bilmək istərdim.

Zöhrə Cəfərova: Əsərin ilk oxucularından sayıla bilərəm. Kitab çap olunmamışdan əvvəl onu kağız üzərində oxumuşam. Əsərlə bağlı fikirlərimi iclaslarda hədəfçilərlə, Şəmil Sadiqlə bölümüşəm. Əsəri oxuduqdan sonra insanda cəbhəyə yollanmaq arzusu yaranır. Roman insana o qədər vətənpərvərlik hisslərini aşılayır ki, vətənpərvər olan bir kəs bu əsəri oxuduqda bu hiss onda daha da artır. Gənclərin bu kitabı oxuması çox önəmlidir.

Din mövzusuna qaldıqda isə, qeyd olundu ki, vahid din olsun və buna ad verək. Məncə, onun adının olması mütləq deyil. Bunun adı insanlıq, vicdan ola bilər.

Şəmil Sadiqin “Odərlər”  əsərini oxumamışdan öncə məndə əsərdə qeyd olunan fikirlər var idi. Sadəcə cəsarətsizlik, bu haqda heç kimin danışmamağı  bu fikirləri kimlərəsə deməyə məndə tərəddüd  yaradırdı. Romanı oxuduqdan sonra Şəmil müəllimə bildirdim ki, mənim düşündüyüm fikirlər əsərdə yer alıb. Artıq bundan sonra fikirlərimi rahatlıqla, cəsarətlə kimlərinsə, cahil olmayan kəslərin yanında bildirə bilirəm. Mənim üçün insanın xristian və yaxud müsəlman olması önəmli deyil. Əgər bunu yaradan yaradıbsa, o insan yaxşı insandırsa mən onu sevərəm. Sadəcə humanist olmaq lazımdır.

Sara Ağayeva: İmadəddin Nəsimi deyir ki, güclü-gücsüz insan yoxdur. Kamil və cahil insan var. Bu gün bəşəriyyəti cahillik ələ alıb. Dinin müxtəlif  və ya vahid olması mütləq deyil. Hər şey insanın kamilləşməsinə xidmət etməlidir. Bizim bir düşmənimiz var o da cahillikdir. İsa Muğannanın “İlan dərəsi” əsərində Süleyman peyğəmbərdən danışılır. Süleyman peyğəmbərin ordusu olur. Yoldaşı ondan soruşur ki, əgər sən bu ordunu istifadə etməyəcəksənsə, bu ordunun vuruşmağa icazəsi yoxdursa onu niyə saxlayırsan? Süleyman peyğəmbər də  Bağ Ata-dan icazə istəyir. Bağ Ata buna icazə vermir: “Bizim bir düşmənimiz var, o da cahillik. Biz vuruşa bilmərik, qan tökmək olmaz”.

İnsanın ruhu saf olmalıdır. Uşaqlıqdan insanı düzgün tərbiyə etmək lazımdır. Kamil insanları yetişdirmək üçün kamil cəmiyyət yaranmalıdır.

Odər Sərdar: Sosial şəbəkədə  bir çox məndən kiçik və ya mənimlə yaşıd olan gənc deyir ki, əsəri oxuduqdan dinə qarşı münasibətim dəyişib. Hətta bir çox gənc deyir ki, mən artıq müsəlman deyiləm, mən türkəm, mənim dinim Göy tanrıçılıq dinidir, bütün dinlər yalandır. Hətta məndə bu tipdə 50-yə qədər  mesaj var. Bunun səbəbini siz əsərdə görürsüz yoxsa oxucunun iradəsinin, düşüncəsinin zəifliyində?

Yusif Ali Afşar: Mən Şəmil Sadiqin “Odərlər” romanının redaktoruyam. “Odərlər” haqqında belə bir fikir yazmışdım: “Odərlər” zəmanəni qabaqlayan, həm gecikmiş həm də zamanında yazılmış bir əsərdir. Bu əsər yetişməkdə olan gənc ədəbi mühit üçün fundamental mənbə kimi stimul vericidir. “Odərlər” türk prinsipi əsasında türk milli kimliyini kökündən anlada bilən bir əsərdir.”

Sizə gələn mesajlar  cəmiyyətimizdə hər sahədə olan boşluqlarla əlaqədardır. Boşluqları yad qüvvələr tez bir zamanda mənimsəyir. Böyük problemlərdən biri islam dinini, dəyərlərini lazımi səviyyədə bilməməyimizdir. Bu gün din zəminində bir çox hadisələr baş verir. Bunun səbəbi din bilgisinin zəif olmasıdır. Bu kitab dini  məqamlara bilərəkdən toxuna bilməyib.Çünki elə məsələlər var onların üzərindən keçməyə məcbursan. Cəmiyyət buna hazır deyil. Bu kimi romanlar cəmiyyətimizə lazımdır. Bu gün biz belə əsərlərin yazılmasını çoxaltmalıyıq.

Amil Həsənov: Məlumatlı insanla nəyisə müzakirə etmək olur, amma məlumatsız insanla müzakirə dava-dalaşa gətirib çıxardır. İslam əxlaqı pisliklərdən qorunmağın qalxanıdır. Bir nəfəri öldürmək bütün insanlığı öldürməyə bərabərdir. Bu gün İraq, Suriya, Misir, Livanda ərəb ərəbi, müsəlman müsəlmanı “Allahu-əkbər” deyib öldürür. Amma İslama görə bu günahdır. Bu gün həqiqətdir ki, islam donunu geymiş, islam əxlaqını təmsil edən insanlar bu cür qətlləri törədirlər.
Şəmil Sadiq romanda mübahisəli məqamları yaradır, düşünməyə sövq edir. Müəllifin düşüncəsindən təsirlənib insan öz düşüncəsində yanılırsa o həmin insanın imanının zəifliyidir. Yarımçıq islam əxlaqına malik olan insanın yarımçıqlığı islamın yarımçıqlığı deyil.

Odər Sərdar: Xristianlıq dini tarixində reformasiyalar olub. Bütün xristian ölkələri xristianlığı öz adət-ənənələrinə, təfəkkürünə görə yaşayıb.
Ancaq biz islamı ilkin formada yaşayırıq. Sizcə, günümüzdə islamın reformasiya edilməsinə ehtiyac varmı?

Məzahim Mustafazadə: Mənim üçün bir müəllim olaraq şagirdimin  Şəmil Sadiqin “Odərlər” əsərini oxuduqdan sonra götürəcəyi nəticə maraqlıdır. Mənə görə əsərdə vətənpərvərlik, vətənə sədaqət kimi mövzular din mövzusundan daha üstündür. Çünki, ilk olaraq gələcəyimizi   şagirdi vətənpətvər kimi yetişdirməliyik. Bunun üçün bu cür əsərlərin yazılması çox önəmlidir. Bu əsəri şagirdə anladan zaman onun din tərəfini kənara qoyub romanda verilən vətənə sədaqət, sevgi, vətənpərvərlik kimi mövzuları önə çəkməliyik. Bir oxucu, tarixçi kimi kitabı oxuduqda gözümün qabağına Azərbaycanı birləşdirən Mərzban İbn Məhəmməd, I Təhmasib, I Şah İsmayıl gəldi. Düşünürəm, dini məsələləri kənara qoymaq lazımdır. Əlbəttə, islahatlara ehtiyac var, amma bu mümkünsüzdür.

Vüqar Zifəroğlu: İslam haqqında danışarkən ümumiyyətlə tealogiyanın əsaslarını bilmək lazımdır. Düşünürəm, “İslama reforma lazımdır” demək gülünc bir iddiadır. Çünki, islam öz-özünə yenilənən və yenilənməyi sevən bir dindir. Müasir zamanda islam ölkələrinin bugünkü vəziyyətinin səbəblərini öyrənmək üçün Yaxın Şərqi oxumaq lazımdır. 4000 min ildir Yaxın Şərqdə bu mübarizə davam edir.
Şəmil Sadiqin “Odərlər” romanı şəxsən mənim çox xoşuma gəldi. Amma orda Ən-Nisa surəsinin açıqlaması ilə qəti razı deyiləm. Orada qeyd edilir ki, mən sizə 1,2,3 hətta 4 həyat yoldaşı almağa icazə verdim, əgər siz onların hamısına
eyni gözlə baxa bilərsinizsə. Düşünən insan bilir ki, o heç vaxt 4 qadına eyni gözlə baxmayacaq. Baxa bilmədiyi halda bu haramdır. İslam elmi-halında kişi-qadın münasibətləri, ailə münasibətləri barədə açıq şəkildə islam alimlərinin fikirləri yer alır. Onu oxumaq lazımdır.
Romanda ən çox bəyəndiyim məqam milli kimlik və müəllifin  islama olan baxışı oldu. İslam elə bir dindir ki, ona hər kəsin öz yanaşması ola bilər. Şəmil Sadiq də öz baxışını göstərib və məsələləri maraqlı şəkildə ortaya qoyub. Romanda gizli təşkilatlardan söhbət açılır. Düşünürəm ki, türklərdə gizli təşkilatların tarixi Midiya dönəminə gedib çıxır və bu təşkilatlar maq sistemi ilə bağlıdır. Maq sistemində gizli idarəçilik sistemi, ilahi sirrlər və s bu kimi məsələlər öz əksini tapıb. Türklər islama gəldikdən sonra əxi təşkilatının yaradılışında Nizami Gəncəvinin şeyxi, hamımızın Molla Nəsrəddin kimi tanıdığımız  Şeyx Mahmud Xoyiiştirak etmişdir. Bu təşkilat Yaxın Şərqdə ilk dərin dövlət anlayışını ortaya qoyan bir təşkilatdır. Bu təşkilatın nəinki Osmanlının, hətta Səfəvilərin yaranmasında, Şirvanşahların idarə edilməsində rolu olub. Bununla bağlı həm Azərbaycan türklərində, həm də Anadolu türklərində ciddi araşdırmalar var.
Maariflənmənin düzgün aparılmaması islamı gözdən salır, islam haqqında yanlış fikirlərin ortaya çıxmasına gətirib çıxardır. İslam türkü parçalamayıb. Bunu çox zaman məzhəb məsələsi ilə əlaqələndirirlər. Məzhəb fiqhi məktəbdir. İslam məzhəblərinin tarixini oxumaq lazımdır. Onu oxuduğunuz zaman aydın olur ki, şafilik, hənəfilik, malikilik, cəfərilik,hənbəliliknədir və bu məzhəblərin əhli-beytə münasibəti necədir.
Məsələn mən Tövratı, Zəburu, İncili və Quranı oxumuşam. Quranda aydın olmayan məqamlar ola bilər bu zaman əgər Tövrat, Zəbur və İncili də oxuyarsınızsa ciddi qaranlıq məsələlər qalmaz. Quran “öldür” kəlməsi ilə deyil, “oxu” kəlməsi ilə başlayır. İsa Muğannanın “İdeal” və “Məşhər” əsərləri Azərbaycan çağdaş ədəbiyyatının zirvəsidir. Şəmil Sadiqin “Odərlər” əsərini oxuduqda sevindim ki, bu ənənə davam edir. Müasir Azərbaycan ədəbiyyatında Fərman Kərimzadə, İsa Muğanna, İsmayıl Şıxlı ənənəsinin davam etdirilməsinə ehtiyac var. Dünya ədəbiyyatını bilməklə yanaşı milli kimliyimizdən, mədəniyyətimizdən qidalanan ədəbiyyat ənənəmizi yaşatmalıyıq.
Qeyd edildi ki, əsəri oxuduqdan sonra islamdan uzaqlaşanlar şəxslər var. O insanın imanının zəifliyidir. Bu kitab oxunub nəticə çıxarılmalı bir əsərdir, dindən imtina edilməli bir əsər deyil.

Fərid Hüseynli: Məşhur bir insan var  Rocer Ebert .Onu film dünyasının tanrısı adlandırırlar. O həm də tənqidçi idi. Ömrünün son 5 ilində xərçəngdən əziyyət çəkdiyi üçün çənəsini çıxarırlar. İnsanlarla əlaqə qura bilməsə də hər yeni çıxan filmi kinoteatrda izləyirdi. O deyirdi ki, film necə olur olsun, mənim zövqümə uyğun olmasa da mən ona baxıram. Onun üzərində əziyyət çəkilib və mən bu əziyyəti düşünəndə o filmi bəyənməyə başlayıram. Çünki, onun üzərində əmək və sevgi var. Bu əsər yazılanda Şəmil müəllim minlərlə mənbədən istifadə edib. Bu əsərdə heç kimin milli kimliyi təhqir olunmur. Bu ədəbiyyatdır, belletristikadır. İlk növbədə biz ona sənət kimi qiymət verməli, daha sonra onun digər tərəflərini müzakirə etməliyik.
Kimsə bu kitabı oxuyub dinindən dönürsə, demək bu onun alt şüurunda var idi. Bu kitab sadəcə ona təkan oldu.

Tamara Məmmədova:  Kitab əsasən gənclər üçün yazılıb. Romanda vətənpərvərlik məvhumu yer alır. Qoy bu müzakirə məktəbdə də olsun. Şəmil müəllim hər şeydən əvvəl vətəndaşdır. Qoy onda olan vətəndaşlıq düşüncəsi yeniyetmələrə də siraət etsin.

Xəyalə Nəsirli: Təəssüf edirəm ki, müzakirədə daha çox din mövzusu qabardılıb. Əslində millətçilik, türkçülük önə çıxarılmalıdır.
Ümid edirəm ki, bundan sonrakı kitab sırf türkçülük ideyası üzərində qurulacaq.

Şəmil Sadiq: Bir daha Hədəf oxucu klubuna minnətdarlığımı bildirirəm. Səmimi oxucuların əsər haqqındakı fikirlərini eşitmək çox maraqlı idi. Əsərə də sadəcə saf oxucu münasibəti ilə yanaşmanız məni duyğulandırdı. Çünki pafosdan uzaq səmimi bir ortam idi. Düzdür, mən müzakirəyə qoşulmaq istəməsəm də, bəzi suallara cavab vermək məcburiyyətində qaldım.

Mən bu əsəri yazanda çoxlu araşdırma aparmışam. Hətta Goranboyun Ağcakəndinə qədər  getmişəm. Ehtiyatda olan zabitlərlə, 10-a yaxın kəşfiyyatçı ilə görüşmüşəm. Kəşfiyyatçı xəritələri əldə edib onun üzərində romandakı kəşfiyyatçıların getdikləri yolu işləmişəm ki, işin içində olum. Hətta Şuşalı bir ağsaqqaldan Şuşaya gizlin girmək üçün hansı cığırlardan istifadə etməyin mümkünlüyünü soruşdum. O da izah etdi. Ayrılanda isə boynumu qucaqlayıb dedi ki, “bala çox adam demə, tutarlar səni. Satarlar səni.”

Romanın ikinci hissəsinin adı “Odərlər 2 – Tanrı Dağı” olacaq. Odərlər Tanrı dağının ətəyində görüşəcəklər. Onu qeyd edim ki, müzakirədə iştirak edən Amil müəllim (Amil Həsənov) əsərdəki Ayxanın prototipidir. Əsərdə 5 gənc var. Onlar azərbaycanlı olsalar da müxtəlif dindaxili fərqli dünya görüşlərinə sahibdirlər. Amma buna baxmayaraq onlar vətən, millət üçün, Azərbaycanın üçrəngli bayrağını Xankəndində, Şuşada dalğalandırmaq üçün birləşiblər. Onların amalı türk dünyasını xilas etməkdir.
Romanın 2-ci hissəsində Tanrı dağının ətəyində görüşən müxtəlif dinlərə sahib türklər olacaq.
Yaddaşımıza, milli təfəkkürümüzə dönüş arzu edirəm.

Odər Sərdar: Müzakirədə iştirakınıza görə hər birinizə təşəkkür edirəm.

“Hədəf Oxucu klubu” nun müzakirəsində yaratdığı şəraitə görə Kitabevim.az kitab marketinin rəhbərliyinə təşəkkürümüzü bildiririk.

 

Səma Fuadqızı

oderlerteqdimatiningossekilsema-1 oderlerteqdimatiningossekilsema-3 oderlerteqdimatiningossekilsema-4 oderlerteqdimatiningossekilsema-5

Bölmə : OxucuKlubu
ELEKTRON KİTABXANA
ustadejurnalyukle
USTAD / E-versiya
ustadejurnalyukle
KÖŞƏ YAZARLARI
TOP 10