Şəmil Sadiqin yeni hekayəsi – “İngilis iti”

97 Baxış


shamil sadiq


- Qəmbər, gəl görək bə, qardaş! Acından öldük ki.

- Deyəsən, məni yaman çox istəyirsiniz? Hazırlayın, gəldim. Yaman acmışam.

- Pomidor demişdik, aldın?

- Hə, “ruqzakı” açın, üstə qoymuşam, – deyib Qəmbər hamama keçdi.

          Qəmbər İnşaat Mühəndisləri Universitetini bitirsə də, Riyaziyyat fakültəsində oxuyan qardaşı ilə birgə BDU-nun 9 nömrəli yataqxanasında qalırdı. Hər gün səhər saat 6-da işə gedər, axşam  yeddiyə, səkkizə ancaq gəlib çıxardı. Kök, sarışın, saçları vaxtından tez ağarmış bir gənc idi. Hamı ona “ağsaqqal deyərdi. Qəmbərgil otaq qonşuları Samirgillə mehriban qonşuluq siyasəti aparırdılar. Hətta bir ailə kimi idilər də, demək olardı. Yeməklərini də bir yeyərdilər. Qəmbərin kiçik qardaşı Dəmir yemək bişirər, Samirin də kiçik qardaşı Elgün qabları yuyardı. Dəmirin çuğun tavada bişirdiyi yeməyi bu dörd qardaş elə tavadaca, iştahla yeyərdilər. Hamı bəyənirdi Dəmirin yeməklərini.

          Qəmbər də axşamlar evə gələndə bazarın axır-uxuruna qalan tərəvəzdən- filandan alardı ki, ucuz olsun. Hamı onu xəsis bilirdi. Amma Qəmbərin çəkdiyi əziyyəti görəndə onu başa düşürdülər. Evə necə girirdisə, yeməyi necə yeyirdisə, elə ağzındakı son tikə mədəsinə gedən kimi, yixilib xorultu ilə yatardı. Otaqda təlbələrin istənilən səs-küyünə məhəl qoymazdı.  Mühavizəçi işləyirdi BP-nin işçilərinin yaşadığı kompleksdə Qəmbər. İşi çox ağır idi. Axşama qədər ayaq üstə dururdu, üstəlik də maaşı çox az idi. Amma CV-ni verəndə ona ixtisasına uyğun bir iş verəcəklərini demişdilər.

          Qəmbər bir gün yataqxanaya gələndə elə sevincli idi ki, sanki tələbəyə rayondan ət gəlmişdi. Düzdür, hərdən onun rəhmətlik anasının Lənkərandan göndərdiyi döyülmüş ət, ya da sadəcə qızardılması qalmış balıq ləvəngisi gələndə həmin gün bu, qardaşlar üçün bayram havası olardı. Bir də hər qış Samirin anasının Naxçıvandan göndərdiyi qovurma zamanı. Naxçıvan və Lənkəran birliyi, deyəsən, cənubun təsiri idi.

Amma Qəmbərin bugünkü sevinci bir başqa idi. Etdiyi bazarlıqdan da hiss edilirdi ki, Qəmbər çox ciddi bir xəbər alıb. Çünki aldığı pomidorların, badımcanların heç biri əzik-üzük deyildi. Zirə pomudorunun ən yaxşısını almışdı. Hətta həmişə yemək yeyəndə yuxarı mərtəbədəki Elmanın məhz yemək saatlarında gəlməsinə deyinən Qəmbər bu dəfə: “Elmanı da yeməyə çağırın”,- demişdi. 170 sm boyla, 120 kq çəki ilə elə çırtma çalıb oynayırdı ki, az qala binanın bütün qonşuları şikayətə gələcəkdi. Onun bu sevincinin səbəbi isə şirkətdən ona iş təklifinin gəlməsi idi. Sadəcə bir şərtləri vardı: ingilis dilini öyrənmək. Bu xəbəri eşidəndə Qəmbərin niyə bu qədər sevindiyini anlamamışdıq. Axı o zamanlar hamımıza elə gəlirdi ki, ingilis dilini bilənə hər yerdə iş var. Bütün ölkə gəncliyi durmadan ingiliscə öyrənir, bununla da işsiz qalmayacağı düşüncəsində olurdular. Qəmbər bu dili bilsəydi, heç problemsiz iş tapardı. Digər tərəfdən də Qəmbər ingilis dilini zərrə qədər də bilmirdi axı. 3 ay içində necə öyrənəcəkdi bu dili? Amma o, bizimlə razı olmadı. Mən öyrənərəm və bu qapı qulu vəzifəsindən azad olaram, siz baxarsınız.

          Qəmbər elə həmin gündən işə girişmiş, aldığı danışıq kitablarını vərəqləməyə başlamışdı. Bu hamıda belə olur. Dil öyrənməyə başlayanda bir neçə gün, bəzən də bir neçə həftə böyük həvəslə oxumağa başlayır, gündə bir neçə söz öyrənərək özünü qəhrəman zənn edir. Hələ ingilis dili müəllimin xanım oldusa, bir az da gənc oldusa, bunun gözəlliyi bir başqa idi. Hələ kənd uşağı oldunsa, bunun zövqü-səfası isə aləm olurdu. Şəhər uşaqlarından fərqli olaraq, kənd uşaqları zərif cinsin nümayəndələri ilə həmsöhbət olmaqda çətinlik çəkirdilər. Amma müəllimləri bunlarla işi naminə maksimumum ünsiyyətcil olduqları üçün ingilis dili öyrənmək bir az da özünü ifadə etmə imkanı idi. Müəllimin ingilis dili biliklərini inkişaf etdirmək üçün tələbəsinə verdiyi şəxsi suallar tələbənin xarici dili dili unudub ona dərd- sərini, içini açmağa qədər gedib çıxardı.

          Qəmbərlə də belə olmuşdu, elə səhər gedib kurslardan birində bir müəllim tapmışdı. Bu müəllim gənc bir xanım olsa da, dul idi. Ərindən tez ayrılmışdı. Sinif yoldaşlarından və İnşaat Mühəndisləri Universitetindəki bir- iki qadın müəllimdən başqa Qəmbərin yaxın olduğu qız olmamışdı. Çox utancaq olduğu üçün təhsil aldığı dörd il müddətində ədəbli-ərkanlı qızlar kimi, instituta, institutdan da yataxanaya gedib- gəlmişdi. Bir az da xəsis, bəlkə də, qənaətcil olduğundan tələbə yoldaşlarına qoşulmaz, bununla da özünü pul xərcləməkdən yayındırardı. Qruplarında da qız yox idi ki, adam bir özünü kişi kimi hiss etsin.

          Amma Qəmbər bir ömür anlamadı ki, xərcləmədikcə, gəlir yeri də artmayacaq. Bu bir ilahi qanun idi. Gərək ki, səndə olanı, sənə veriləni kiməsə verəsən ki, yenidən nəsə gəlsin. Xəsislərin fərqinə varmadığı bir amildir bu. Deyəcəksiniz ki, axı xəsis olub, imkanlı olan şəxslər də var. İnanın, ətrafımızı diqqətlə nəzərdən keçirsək,  xəsislərin iylənmiş suya bənzədiyini görərik.

          Bir bəşəri qanundu, keçiricilik. Səndən gələn keçmədisə, sən ölüsən demək.

          Nəsə, Qəmbər də həm kasıbçılığın göstərdiyi təsirdən, həm də tələbəlikdən əziyyətlə beş-üç qəpik qazanıb dolanmasından pulu lap Hacı qara kimi sevirdi. Buna görə də şəhərin heç bir əyləncələri, iyrənclikləri ilə tanış olmamışdı. İngilis dili müəllimi isə ondan bir neçə yaş böyük olduğundan aralarında simpatiya da yaranmışdı. Bu simpatiya ora qədər gedib çıxmışdı ki, müəllim ondan hamilə qalmış, təcili də abort elətdirmişdi. Pul xərcləməyən Qəmbəri o qədər xərcə salmışdı ki, bu itin dilini bilən müəllim, axırda dilə gəlmişdi bizim dostumuz.

          Utandığından bu söhbəti uşaqlardan gizlətsə də, bir gün ağappağ bədənində olan göyərtilər onu yataqxana yoldaşlarının dilinə salmişdı. Hətta sinəsində tük olmadığı üçün tez-tez sinəsini də qırxması diqqət çəkmişdi. Ona görə qırxırdı ki, bəlkə, kosa tükləri çoxala, qızın xoşuna gələ. Amma nə fayda, onun sinəsi də cibi kimi tüklənmədi ki, tüklənmədi.

          Qəmbər gündüzlər işləyir, həftədə üç gün 17-də işdən icazə alıb müəllim yanına gedir, gecə saatlarına qədər söz əzbərləyirdi. Üç aya bu ingilis dilini öyrənməli idi ki, öz vətəndində işə düzələ bilsin. Tələbələrin də zəhləsini tökmüşdü. Çörək yeyə-yeyə də söz əzbərləyirdi. İnanılmazdı. Çünki Qəmbər günə bəzən yüz söz əzbərləyirdi. Heç nəyə baxmadan, heç nəyi vecinə almadan irəliləyirdi. Bu qızın xoşuna gəlmək üçün həm də arıqlamalı idi. Ona görə də, səhər işə səkkizdə getsəydi də, altıda durmalı olurdu ki, bir az qaçsın. Universiteti bitirsəydi də, bu hal yataqxanada qalanlar üçün qeyri-adi haldır. Gözümüzün qabağında bu kişi əriyib gedirdi. Bir neçə ayın içində hardasa 100 kq-a enmişdi çəkisi. Çəkisi azaldıqca ingiliscə bildiyi sözlərin də sayı artırdı.

Beləcə, üç aya Qəmbər ingiliscə babat danışır, fikrini bildirir, suallara cavab verir, bir sözlə, ünsiyyətə girə bilirdi. Biz artıq onun yeni, səviyyəli bir işə düzəlmə arzusunu və ona verilən sözü unutmuşduq. O isə yorulmadan davam edirdi. Artıq kiçik bədii əsərlər oxuyur, musiqilər dinləyir, filmlərə baxırdı. Tələbələrin heç bir əyləncəsinə qoşulmurdu bu “üzdə fağır kənd balası”. Sanki özünü tapmışdı. Çəkdiyi yeganə dərd vaxtından əvvəl ağarmış saçları idi. Yaş isə 30-a yaxınlaşırdı.

Bir gün yenə 12 kvadratlıq yataqxana otağında bayram havası əsdi. Stəkan əvəzinə bir termos qapağı, iki stəkan, bir kasadan istifadə etdiyimiz yataqxanada bizə koko-kola içmək nəsib olmuşdu. Həm də bu dəfə mənşəyi bəlli olmayan budlardan yox, bütöv toyuq almışdıq. O vaxt budlar toyuqdan hardasa iki dəfə ucuz olduğundan kasıblar bud, ortabablar toyuq, daha imkanlılar isə kənd toyuğu yeyirdilər. Ona görə də bu dəfə Qəmbər toyuq almışdı. Həmin gün bir neçə dostumuz da gəlmişdi. Məclis tam idi. Qəmbərin BP kimi şirkətdə işə düzəlməyi böyük hadisə idi. Axı bir də adamsız adamın belə bir şirkətdə işləməsi möcüzə idi. İndikindən fərqli olaraq, kimsə tapşırmasa idi, rüşvət verməsə idin, səni kim idi işə düzəldən? İndi, maşallah, bacarırsansa, imtahana gir, istənilən dövlət qulluğunda işə düzəl.

Yaxşıca yedik-içdik, dedik- güldük. Səhər Qəmbərin aldığı yeni kostyum, qalstuk, ayaqqabısını geyməyini zarafatlarla seyr etdik. Elgün dözə bilməyib: yəqin, bundan sonra əzilmiş pomidor yemərik,-dedi.

Qəmbər özünü təzə bəy kimi hiss edirdi. Çəkdiyi zəhmətin bəhrəsini almışdı. Həyat həmişə belədir. İşləməyən dişləməz. O işlədi, işlədi, axırda da ingilisin dilini bilib, dünyaca tanınmış şirkətdə işə düzəldi. Qəmbər artıq tələbələri fəxri idi. Aralarında bir nəfər də olsa, evdən gələn pula möhtac olmayacaq, diplomuna görə işləyəcək, şərəfli pul qazanacaqdı. Hamının  bu dilə və ingilisə rəğbəti artmışdı. Qısa zamanda bütün tələbə dostlar da dil öyrənərək, gələcəkdə onun köməyi ilə işə düzələcəyi  xəyallarını qururdu.

Aradan bir neçə gün keçdi. Ondan işinin nə olduğunu soruşmağı da ağlımıza gətirmirdik. BP- də nə iş ola bilərdi?! Böyük neft şirkəti idi. Amma bir gün nəsə yenə aralarında yaşca balaca olan, zarafatı sevən, yetənə yetən, yetməyənə daş atan Elgün bu səssizliyi pozdu. Yaşca böyük olduğu üçün ona“Qəmbər dayı” deyirdi Elgün.

-Dayı, sən demədin axı, nə işləyirsən? İşinin adı nədir?

Dayı yola verməyə çalışsa da, bütün tələbələrin gözü onda idi. Axırda dözməyib gördüyü işi dostlara utana-utana danışdı. Sən demə, dayı Stompeyin binasında yaşayan ingilislərin itlərinə baxırmış. İtlər ingiliscədən başqa bir dil bilmədiyi üçün onlara baxan şəxs hökmən bu dili bilməliymiş. Hələ üstəlik, Qəmbər bir ay da kursa getməli imiş, itlərə baxmaq üçün. Onların dişini necə yumaq, necə gəzdirmək, necə çimizdirmək kimi mühüm məsələləri bilməli imiş Qəmbər. Amma bunun müqabilində xeyli də pul alacaqmış: günə 10 dollar. Bunu eşidən tələbələr məyus olsalar da, aldığı maaşın dövr üçün çox yüksək olduğunu düşünərək, susdular. “Bir də ki kişi üçün heç nə ayıb deyil ki”,- deyə ona təsəlli verməyə çalışdılar.

Düzdür, atalarımız kişinin dilənçilik etməsindənsə, fəhləlik etməsini daha uyğun hesab etmişdilər.

Beləcə, ingilis dilini zillətlə öyrənən Qəmbər itlərə baxır, it zülmü ilə pul qazanırdı. Artıq Qəmbər itin dilini bilirdi. Amma Qəmbər də ağıllı adam idi haaa. Yavaş-yavaş bu biznesi böyütdü. Bir it yox, bir neçə itə baxdı. Hərdən ingilislər xaricə getdikləri üçün müxtəlif sort itləri yataqxanaya da gətirdi. Bu ən çox Elmanın işinə yaramışdı. Qəmbərdən itləri gəzdirmək üçün alıb Elmlər parkına gedər, gəzdirər, beləcə qızların diqqətini çəkərdi. Qızlar da bir sirli məxluq idi. Boylu-buxunlu Elmanın üzünə dünyanın düz vədəsində baxmasalar da, bu eybəcər itlərə görə onunla həmsöhbət olurdular. Bu da ona zövq verirdi. İtin dilini bilən Qəmbər pul, Elman isə itə görə qızların yanında itin hesabına hörmət qazanırdı. Həm də milli itin yox, ingilisin itinin…

Bölmə : Nəsr
KÖŞƏ YAZARLARI
TOP 10