Şəmsi getmiş Mövlanədən betərəm!

27 Baxış

1388772275_saqifGülnar SƏMA

Saqif Qaratorpağın kitabına

“Mənə oxşamayan, mənə oxşayan, İçimdə gizlənən məni kim görər?!”- sualı üçün narahatlıq hissi keçirməyə əsas görmürük. Bu ritorikanın cavabları Saqif Qaratorpağın “Bir könül varağında” kitabını vərəqlədikcə öz əksini tapır; “Gəlmişəm, hazıram getməyə hər an, Vaxtın ətəyinə qısılmamışam. Oğurlanmış özgə medalı kimi, Sürtük yaxalardan asılmamışam”. Bənd bütövlükdə şairin poetik məninin ifadə tutumuna malikdir. Üçüncü misradakı bitkin təşbeh əsl ustalıqdan xəbər verir. Böyük sənətə gətirən yollar çox olsa da, onlardan ən başlıcası şifahi xalq ədəbiyyatı pöhrələrindən bəhrələnməkdir. “Xoşbəxtliyi daş bilib, Kimsə atdı quyuya. İndi xoşbəxtlik üçün, Hamı baş vurur suya” misraları şairin folklor nümunələrindən yetərincə qaynaqlandığına işarədir. Həmin bənd “bir dəli quyuya daş atdı, yüz ağıllı yığışdı çıxara bilmədi” məsəlinin özünəməxsus yozumuyla cilalanıb. Sən demə, o dəlinin atdığı daş “xoşbəxtlik daşı” imiş. Digər tərəfdən insanlar özlərini dəliliyə vurub xoşbəxtliyin daşını atıblar.

Üstü bəzək, astarından cin hürkər,

Könül küsər, iman qaçar, din hürkər,

Qabığını çatladacaq bu sirkə,

Sənin yerin deyil, quzum, bu dünya.

Göstərilən bəndin misralarının əsasında atalar sözləri dayanır. Səbəbsiz olmayan nəticə elə budur. Şair əmindir ki, ağız ədəbiyyatı hər zaman yazarların sözünü söz eləyib. İstər fəlsəfi, istər bədii fikirlərin ifadəsi üçün ən yaxşı  vasitə olub. “Yaltağı yoxlasan ayağını bas, Hazırdı vurmağa daşı əlində” fikri də folklorun təsir gücü ilə təsdiqini tapır. Bununla yanaşı, S.Qaratorpaq poeziyasının qidalandığı digər bir mənbə klassiklərimizin yaratdığı ədəbi abidələrdir. “Füzulinin ələmindən süzülüb, Loğmanların məlhəmindən süzülüb, Vidadinin qələmindən süzülüb, Qərib ötən “Durnalar”dı şeirimiz” etirafı da bizə haqq verir.

Şəhid oğulların qanı yerdədir!

Şuşamız yıxılıb, yanı yerdədir!

Füzuli salamı hanı?- yerdədir!

Daha dərd əlindən çıxammır dağa,

“Hayıf, Qaçaq Kərəm, İsrafil ağa!”

Barat Vüsalın eyni rədifli şeirinə nəzirə yazılmış bu beşlikdə sənətkar sözün bütün poetik imkanlarını nümayiş etdirib. Şeirin ilk iki misrası vətən təəssübkeşliyinin sızıltılarıları kimi başa düşülür. “Yıxılıb yanı yerdə qalmaq” frazemi xalq dilindən alınaraq məharətlə bədiiləşdirilmiş ifadədir. Bəndin 3-cü və 4-cü sətirləri həm poetik ifadə imkanlarına, həm də bədii strukturuna görə çox orijinaldır. Üçüncü misra Füzulinin məşhur “salam verdim, rüşvət deyildir deyə almadılar” aforizmini yada salır. Ən maraqlısı həmin misraların mükəmməl sintezindədir. Üçüncü misradakı “Füzuli” sözüylə dördüncü misradakı “…dərd əlindən çıxammır dağa” sözlərini bir araya gətirsək “Füzuli dərd əlindən dağa çıxdı” misrası alınar. Bu da S. Qaratorpağın sözdən sənətkarlıqla istifadə edə bilməsinin təsdiqidir.

O, sözdən peşəkarcasına istifadə bacarığını 4-5 hecalı şeirlərdə elə gözəl göstərib ki, heyranlıq doğurur. Dördhecalı “Anrı” və beşhecalı “Yazıq” şeirlərindəki poetizmə baxaq: “Qanlı yaşlar, Gözümdə car, Ömür başlar, Yaşdan anrı”. Qərb dialektində işlənən “anrı” sözü “o yana”, “o tərəfə” anlamına gəlir. “Yazıq” şeirindəki az sözlə çoxmənalılığa diqqət yetirək: “Olan gerçək, Qalan gerçək, Yalan gerçək, Düz-yazıq”. Rədif kimi işlədilmiş “yazıq” sözü şeirin müxtəlif bəndlərində cinas təsiri də bağışlayır. İlk baxışda “yazıq” sifəti quruluşca sadə sözdür. Eyni zamanda “yazmaq” felindən əmələ gəlmiş düzəltmə sifət kimi də anlaşılır. Həm də yaz (bahar) isminin birinci şəxsin cəmi kimi də yozumlana bilər; biz yazıq-baharıq. “Yazıq-yazı” isimləri çöl, düz mənasını da verir. Bütün bu açıqlamaları bir yerə yığdıqda şairin azhecalı şeirdə də çox irəli getdiyini çəkinmədən söyləmək olar. Yazar bəzən riyazi qaydalara da fəlsəfi çalar qatır: “Demə bu dünya heçdi, Demə bir köhnə köçdü, Ya beşdi, ya da üçdü, Dördün yanında olar”. Aksioma təsiri bağışlayan rəqəmlərin düzülüşündə həyati fəlsəfə aparıcıdır. Məlumdur ki, 3+1=4, 5-1=4 olur. Həm toplama, həm də çıxma əməllərini birləşdirən 1-dir, yəni vahidlik, bütövlük. Amma diqqət yetirdikdə görürük ki, birin sayəsində 3 artır, 5 azalır. Bu qəribə qanunauyğunluqda doğumdan ölümə gedən yolun izləri sezilir. Buna bənzər başqa bir şeirinə göz gəzdirək:

Doğrunun qolunda, zamanın qandalı.

Yalan at oynadır, “İki”lər “beş”dən qabaqda.

“İkrek”lər “iks”dən böyük, Bənövşə boynubükük.

Zəhərə qatıb balı, Kim açar bu “inteqralı”?

Uzun illərdir ki, qiymətləndirmə meyarı kimi əsasən “2” və “5” rəqəmlərindən istifadə olunur.

İki mənfi nəticəni, beş əla nəticəni qiymətləndirir. Lakin adi hal kimi qəbul etdiyimiz bu rəqəm

düzülüşündə mənfi nəticəni bildirən ədəd müsbət anlamlı rəqəmdən qabağa keçib. “X”ın aldığı

qiymətlərə əsasən “y” dəyişir. Bu riyazi asılılıqla ömür yolu arasında bir bağlılıq var. Hər keçən

gün bizi doğum anından uzaqlaşdırır. “X” oxunun oxşarı yaşadığımız günlər  “Y” oxuna bənzəyən

yaşlanmanı təmin edir. Əslində bu inteqralın da cavabı insan ömrünün zaman və məkan

hüdudlarındakı sayılı günləridir. Həmin şeirin daha aşkar hisslərə əsaslanan eyniliyi “Zarafat”

adlı əsərində həqiqətdə bu zarafatın çox ciddi olduğunu xatırladır.

Gözləyir bizi, minib gedəcəyimiz yəhərli at kimi

Şəkərli diabet, infakt kimi!

Saymaqla qurtaran deyil adı, Nə qədər həyat var,

Nə qədər insan var – Bitib tükənən deyil “Zarafat”.

Göründüyü kimi söz sərrafı ölüm reallıqlarının adını çəkmədən onun əlamətlərini təşbeh və metaforalar vasitəsilə elə ustalıqla sadalayır ki, söhbətin nədən getdiyi aydın olur. Yer üzündəki insanların sayı qədər ölümlərin sayı var. Bu say daim dəyişir. Sabitliyi mümkün deyil, doğumlarla ölümlərin sayı zaman və məkan baxımından bərabər ola bilməz. Əslində bir yaranış bərabərdir bir ölümə. Bu baxımdan şairin fəlsəfi lirikasına baş vurduqca çox şey aşkarlanır. “Uzağı görmək asan, Yaxını görmək çətin. Yüz çiçəyin içindən, Bir çiçək dərmək çətin”- ən uzaq görən dahilər də bəzən ən yaxındakı həqiqətdən xəbərsiz olublar. Məsələn bəşəri yazıları ilə dünyanın gələcək mədəni irsini yönləndirən Puşkin duelə çıxarkən bir addımlığındakı ölümü görməməzliyə vurub, həqiqət isə yanılmağı sevmir.

Yatarsan ağın altında,

Yatma bayrağın altında!

Qəbrin ayağın altında,

Ümid başının üstündə.

İkinci misrada güclü hərbi pafos var. Bayrağın kölgəsində yuxulamaq vətəni fəlakətə sürükləyər. Üçüncü və dördüncü misralara diqqətlə nəzər saldıqda şaquli formada yaradılmış mükəmməl təzadın şahidi oluruq. Qəbir-ümid, ayaq-baş, alt-üst antonimləri ardıcıllıqla hərəsi bir misrada orijinal bədii təzad yaratmışdır. “Həm balığam, həm quşam, Bir sevdadan bihuşam. Baxma xırda bir daşam, Öz yerimə hör məni”. Balıq olmaq arzusunda olan insan zəkası gəmiləri, quş olmaq arzusu təyyarələri yaratdı. Bu sevda yaratmaq sevdası idi. Son misraların poetik tutmu ağır çəkilidir. Əhəmiyyətsiz hesab etdiyimiz xırdaca daş öz yerinə hörüləndə Misir piramidaları, Çin səddi yaratmaq olar. Həmin sətirlərdə hər şeyin öz yerində olmasına əməl etmək çağırışı da vardır.

Şairin yaradıcılığında təbiətlə dərdləşmənin özəl pıçıltılarını dinşəmək olar; “Sirli könüllərin butasıydı o, Bir eşqin sonuncu xatasıydı o, Naməydi, kiməsə çatasıydı o, Bir çinar yarpağı düşdü ovcuma” bəndində həm gözəl qafiyələnmə, həm də təbiətin ahənginə uyğun ruhsallıq  görünür.

İçib gözlərimin yaşını torpaq,

Yetim xatirələr boynubükülü.

Çiynimə toxunan hər qızıl yarpaq,

Payızın üşüyən xınalı əli.

Torpağı göz yaşı ilə sulamaq mübaliğəsi nə qədər şişirdilmiş olsa da, bu fikirlərin arxasında torpağa bağlılıq dayanır. Payız ömrü yaşayan yarpaqla xınalı əlin müqayisəsi gözəl epitetdir. Bərk üşüdükcə insan əsməyə- titrəməyə başlayır. Bu durumla payız küləyindən əsən yarpağın halı möhtəşəm formada müqayisə edilərək, yarpağın üşüməsi anlamına gəlir. Üşüyən yarpaq metaforası tapıntı misiyalı poetizmdir.

Bütün bunlarla yanaşı şairin həzinlik süzülən xatirələrini dinlədikcə insanın içi titrəyir. “Güdüb bostançını bir qarpız üçün, kolların dibinə sindiyim günlər” etirafını gözəlləşdirən əsas cəhət ədəbi dilimizdə az işlənən, “sinmək” felinin məharətlə yerində oturdulmasıdır. “Suyu süzülmüştək bir gün görüşdən, Peşiman-peşiman döndüyüm günlər” həqiqəti bir çox insanların reallığıdır. “O dağ döşü, kitablar, bir də körpə quzular, “Beş daş”da əllərini qanatdığım o qızlar, Bir də geri dönərmi o illər, o arzular?! Mən məktəbə gedirdim…” Bir bəndini misal gətirdiyimiz həmin şeir bütövlükdə könül tərpədən xatirələr toplusudur.

S.Qaratorpağın şeirlərində diqqət çəkən əsas məsələlərdən biri də milli kimlikdir. “Türk hardan gəlir, Saz yaxşı bilir” xəbərdarlığında Şimal yarımkürəsində tarixin o tayından sazı-sözü ilə tarix yazan türkün ayaq səsləri eşidilir. “Türkün bələkdəki qığıltısıdı, Dünyada ən böyük  əlifbadı saz” misralarının birinci sətrində yeni metafora yaradılıb. Musiqinin, melodiyanın insanın ruh dünyasını yazaraq, nəsildən-nəsilə ötürməsi həmin fikirlərdə ifadə olunub. Türkçülük mövqeyində əsas məsələlərdən biri də bölünmüş vətən problemidir. “Kəsdilər Babəkin qolları kimi, Kəsdilər Təbrizin yolları kimi” beytindən vətəndaş iniltisinin hıçqırıqlarını eşitmək olar. “Dərd burda dərman ordadı, Aparır Təbrizə yollar” fikirlərində də bölünmə xəstəliyini Təbrizə qədər yolların türkün ayağına döşənməsində görür; “Gücü hər sözə yetsin! Göyə, dənizə yetsin! Uçub Təbrizə yetsin, Gərək quş olsun könül!”

Milli şeir janrlarındakı ustalıqla yanaşı, S.Qaratorpaq milliləşdirdiyimiz qəzəl janrında da qələmini uğurla sınayıb;

“Heyhat! Batacaq yelkənim eşqin dənizində,

Yarın xalı boyda mənə bir ada yazıblar”

beytində şairin öz fikirlərini necə bədii ustalıqla ifadə etməsini görürük. “Xəyal eyləməyə xəyal qalmayıb” deyən sənətkar xəyallarıyla bizi lirikasında tanışdırır. Yaxından tanışlıq göstərir ki, “Şəmsi getmiş Mövlanədən betərəm!” ifadəsini şair boşuna işlətməyib. O, daxili dünyasına yaxın insanlardan uzaq düşmək istəmir. Çünki həmin insanların hamısını sözün qüdrəti bir araya gətirir. Söz ilə Tanrının adını çəkirik. “Tanrım elə ucasan, Söz səndən aşağıda”.

 

Bölmə : Bölməsiz, Manşet
KÖŞƏ YAZARLARI
TOP 10