Sənət və sənətkar haqqında

475 Baxış

11111“Sənət və sənətkar haqqında”.

“Xalçanı sevin. Xalça heç vaxt sizi tənha qoymaz,

xəyanət etməz. Xalça həmişə sizi saxlayar, müdafiə

edər, kömək edər və sevindirər!”

Lətif KƏRİMOV

Azərbaycanın xalq rəssamı.

Dünyanın ən qədim ölkələrindən biri olan Azərbaycanın tarixi taleyində onun çoxçeşidli və çoxçalarlı zəngin mədəniyyətinin öz yeri və tutumu var.

Xalça sənəti Azərbaycan mədəniyyətinin ayrılmaz hissəsidir. Xalça sənətinin ənənələri əsrlər boyu formalaşmış inkişaf etmişdir. Xalçaçılıq ən qədim tətbiqi-sənət növlərindən biridir. Azərbaycanda istehsal edilən xalçalar və xalçaçılıq nümunələri dəfələrlə tarixi kitablarda, ədəbiyyatda və folklorda qeyd edilərək, qiymətləndirilmişdir.

Xalq arasında belə deyirlər: “İstedad və sənətə meyillilik şuşalı üçün sadəcə məcburidir”. Cabbar Qaryağdıoğlu, Bülbül, Rəşid Behbudov, Üzeyir Hacıbəyli, Mir Möhsün Nəvvab və milli dekorativ sənət ustası, ornamentçi rəssam, xalçaşünas və sənətşünas, əməkdar incəsənət xadimi, Azərbaycanın xalq rəssamı Lətif Hüseyn oğlu Kərimov da Şuşada doğulmuş, məhz Şuşada boya başa çatmışdır. Altı yaşı olanda ailəsi İranın Məşhəd şəhərinə köçür. Bu şəhər balaca Lətifin xalça toxumasına böyük təkan verir. O, İran və cənubi Azərbaycan şəhərlərini çox gəzir, xalçaçılıq işi texnologiyasını öyrənirdi. O, Azərbaycana 1929 – cu ildə qayıdır. Bir il sonra “Azərxalça” birliyində rəssam-tərtibatçı vəzifəsində çalışır. 1930-cu ilin əvvəllərində onu “Qarabağ Xalça” idarəsinə ixrac üzrə təlimatçı vəzifəsinə işə götürdülər. Lakin onu işə götürən şəxslər heç ağıllarına belə gətirmirdilər ki, bunula Azərbaycan xalçaçılığında mühüm çevrilişin əsası qoyulur. Lətif Kərimov fəaliyyəti dövründə hamıdan fərqlənməyi bacarır. Lətif Kərimov xalça istehsalında da ilk təşkilatçı olur və ətrafına peşəkarları cəm edir. Daha sonra o, pedaqoji fəaliyyətini Ə. Əzimzadə adına Azərbaycan Dövlət Rəssamlıq Məktəbinin tətbiqi-sənət şöbəsində, Mirzəağa Əliyev adına İncəsənət İnstitutunda kurs aparmaqla davam etdirir.

Xalçaçılıq elminin banisi

Lətif Kərimovu məhz belə adlandırırlar. Azərbaycan xalçası uzun illərdir ki, Azərbaycan alimlərinin hərtərəfli tədqiqat obyektidir. Respublikada isə bu işin görkəmli nümayəndəsixalçaşünas, alim Lətif Kərimov olmuşdur. O, Azərbaycan xalça sənətinin əsas istiqamətlərini müəyyənləşdirərək, onun elmi əsasını qoydu. Kərimov Azərbaycan xalçalarının təsnifatını verərək, yeddi xalça məktəbi müəyyən etdi: Quba, Şirvan, Bakı, Qazax, Gəncə, Qarabağ, Təbriz məktəblərinin səciyyəvi xüsusiyyətlərini açıb göstərdi. Eyni zamanda, unudulmuş, itirilmiş milli ornamentlərin, kompozisiyaların bərpa edilməsinə, xalq ənənələrinin yenidən həyata qaytarılıb zənginləşməsinə öz töhfəsini verdi. Azərbaycan xalça sənətinin elm sahəsi kimi öyrənilməsi və professional rəssamların yaradıcılığında müasir inkişaf Lətif Kərimovun adı ilə bağlıdır. Tədqiq etdiyi xalçaları o, 1961-ci ildə kitab halında çap etdirərək, xalçasevərlərin ixtiyarına verdi. “Azərbaycan xalçası” adlanan kitab milli xalçaçılığa dair bütün bilikləri, müxtəlif ornamentləri, kompozisiyaları, çeşniləri, 1300-dən artıq elementin açmasını, əyani təcrübələri bir yerə topladı. Demək olar ki, bütün elementlərə onların xalq arasında işlədilən adları verilmişdir. Bu elementlərin istifadə edildiyi kompozisiyalar göstərilmiş, habelə həmin elementlərin, göllərin, detalların mənsub olduğu məntəqələr sadalanmışdır.  “Azərbaycan xalçası” adlı üç cildli Azərbaycan xalça ensiklopediyası xarici tədqiqatçılar üçün də mühüm mənbə rolunu oynadı. L.Kərimov Azərbaycan xalçaçılığının arealını cənuba və şimala bölmədən bütövlükdə Azərbaycan xalçasının inkişaf genezisini izləyərək, ilk dəfə olaraq xalça növlərinin dəqiq təsnifatını vermiş, sırf Azərbaycan xalçalarını İran, Qafqaz və s. xalçalardan fərqləndirmişdir. Çoxlu faktiki materialı öyrənərək belə nəticəyə gəlmişdir ki, “…Azərbaycan həmişə Qafqaz xalçaçılığı üçün məktəb olmuşdur. “Qafqaz” xalçaları kimi şöhrət qazanmış xalça kompozisiyalarının 90 %-ni Azərbaycan ustalarının kompozisiyaları təşkil edir”. Onun inkar edilə bilməyən bu araşdırmasına Londonda keçirilən beynəlxalq elmi konfrans iştirakçıları da biganə qala bilməyərək, onu ayaq üstə alqışlayıblar. «Azərbaycan xalçası» əsəri keçmiş SSRİ-də, Amerikada, Avropa və Şərq ölkələrində böyük maraq doğurmuşdu. Azərbaycan xalçaçılıq sənətinə həsr etdiyi üç cildlik kitabları isə sənətşünaslıq elmimizə ən qiymətli töhfədir.

L. Kərimov xalça istehsalı texnikası ilə bağlı olan bir çox sözləri ( əriş, arğac, xalı, xalça, kilim, məfrəş və s.) toplayaraq sistemləşdirmiş və onların türk mənşəli olmasını aşkar etmişdir. “Carpet” sözünün genezisi də təhlil olunmuşdur ( karvud, karpud, karped… ).

Lətif Kərimov Milli xalça sənətimizdə ilk dəfə olaraq Təbriz ənənələrini tətbiq etdi. Az müddət içərisində xalçaların texnologiyasını dəyişdi. Lətif Kərimov Azərbaycan dekorativ sənətini müasir ornamentlərlə zənginləşdirdi, ənənəvi bəzək elementləri əsasında yeni dekorativ motivlər yaratdı.Xalçaçılıq sənətində ilk dəfə olaraq ustad peşəkar ornamentalistlər tərəfindən yaradılmış iki dekorativ istiqaməti – mürəkkəb nəbati ornamentləri və xalq ustalarının toxuduqları son dərəcə həndəsiləşdirilmiş xalçalar ornamentikasını bir xalça kompozisiyasında birləşdirməyə müvəffəq olmuşdur. Bu, “Kətəbəbəndlik” kimi kompozisiyasının timsalında xüsusilə əyani görünür.

Klassik xalçaçılq ənənələrinə ustalıqla yiyələnməsi Lətif Kərimova xalçaların bir çox məşhur naxış kompozisiyalarının inkişafını davam etdirmək imkanı vermişdir. “Buta” naxış elementini Lətif Kərimov həddən artıq çox sevirdi. O, bu sevgisindən hamıya — şagirdlərinə, tələbələrinə, xarici ölkələrdən gələn tədqiqatçılara danışırdı. Onun “butalar”ın əks olunduğu onlarla əl işi var. “Nəvə-nəticəli buta”, “Xeyir və Şər”, “Butabəndlik” kompozisiyası, “Dilikli butalar”, “Çiçəkli buta”, “Pambıq” kimi əsərlərində sənətkar “buta”nı müxtəlif məzmunlarda yarada bilib. Lətif Kərimov ənənələrə çox sadiq idi. Şagirdlərinə, xalçaçılara həmişə ənənələrə hörmətlə yanaşmağı, onlarla hesablaşmağı aşılayardı.

Lətif Kərimov xalça axtarışlarında çoxsaylı səfərlər etmiş, nadir xalça nümunələrini ən ucqar kəndlərdən toplamışdır. Səfərlərin birində onun diqqətini bir o qədər də böyük olmayan, lakin çox qəribə təsir bağışlayan bir xalça cəlb etmişdir. Xalça qeyri-adi tərcümeyi-hala və xüsusiyyətlərə malikdir. Onun naxışları zil qara rəngdən tədricən gümüşü – qara çalarlara, ən axırda isə pəmbə ağ rəngə keçir. Həmin xalçanı xalça ustası olan bir qadın öz saçlarından toxumuşdu. Əvvəllər qap-qara saclara sonralar dən düşmüş, daha sonralar isə qocalıq qadının saçlarını ağappaq rəngə boyamışdı. Doğrudan da bu, əsil həyat xalçası idi.

Universal rəssam

Lətif Kərimov hərtərəfli yaradıcılıq imkanlarını özündə birləşdirərək incəsənətin bütün sahələrində  onun təbiətinə açıq olan universal rəssam obrazını dirçəltmişdir.  O, teatr dərnəyində iştirak edərək daim teatra maraq göstərirdi. Burada rollar ifa edərək, müxtəlif kostyumlar hazırlayırdı. Lətif Kərimov Üzeyir Hacıbəylinin “Məşədi İbad” komediyasını və “Salatın” pyesini farsca tamaşaya qoydu, “Arşın mal alan”ını isə fars dilinə tərcümə etdi. O həmçinin “Rus klubu” nəzdində xor kapellası təşkil etmişdi.

Onun tələbəsi Sürayə Ağayeva müəllimini belə xatırlayır: “Daim öz istedadlı musiqiçiləri ilə tanınan Qarabağın yetirməsi Lətif Kərimov hətta ahıl yaşında öz aşağı səsi ilə muğamlardan hissələr oxuyur, muğamı dərindən hiss edirdi. Onun dediyinə görə, İranda yaşadığı müddətdə Quran-i Kərimi oxumağda mədrəsənin ən yaxşı şagirdlərindən biri idi. Onda güclü hisslər oyadan isə Bayati – Türk muğamı idi. O, bu muğamı göz yaşlarsız dinləyə və ifa edə bilmirdi”.

Lətif Kərimovun fəaliyyəti, sənətşünas kimi tədqiqatları daim dövlət tərəfindən yüksək qiymətləndirilmişdir. L.Kərimov I dərəcəli Dövlət mükafatı laureatı, Əməkdar incəsənət xadimi, Xalq rəssamı, müxtəlif orden və medallara layiq görülmüşdür. Azərbaycan Rəssamlar İttifaqının İdarə Heyətinin üzvü idi.  Lətif Kərimov Nizami muzeyinin yaradıcılarından biridir, tərtibatçılar kollektivində aparıcı rəssam və elmi məsləhətçi olmuşdur. O, Azərbaycan tarixi muzeyinin və indiki Azərbaycan Milli İncəsənət muzeyinin elmi məsləhətçisi idi.

Unudulmaz iz

İndiki Azərbaycan xalçası və xalq tətbiqi sənəti Dövlət muzeyinin yaranmasında Lətif Kərimovun rolu danılmazdır. Kərimov bu muzeyin yaranmasının təşəbbüsçüsü, yaradıcısı və elmi məslətçisi olub. Hal – hazırda bu muzey onun adını daşıyır. Muzey Azərbaycanın bir neçə min xalça və xalça məmulatından ibarət böyük kolleksiyayasına malikdir. Ulu öndər Heydər Əliyevin şəxsi təşəbbüsü ilə 1983-cü ildə Bakıda Şərq Xalça Sənəti üzrə I Beynəlxalq Simpozium keçirildi. 1983 – 1988-ci illərdə bu Simpoziumun keçirilməsində böyük tədqiqatçı və rəssam Lətif Kərimovun da rolu əvəzsiz idi. Lətif Kərimovun irsi bu gün də qorunur və təbliğ edilir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 27 oktyabr 2006-cı il tarixli sərəncamına əsasən Azərbaycanın Xalq rəssamı Lətif Kərimovun 100 illik yubileyi təntənəli şəkildə qeyd olunmuşdur. YUNESKO-nun Baş Assambleyasının 33-cü qərarına əsasən tanınmış azərbaycanlı sənətşünas, rəssam Lətif Kərimovun yüz illik yubileyi 2006-2007-ci illərdə YUNESKO-nun mötəbər tarixlər Siyahısına daxil edilmişdir.  Azərbaycan xalçaçılıq sənəti də beynəlxalq səviyyədə dəyərləndirilərək YUNESKO-nun “Bəşəriyyətin Qeyri – Maddi Mədəni İrsinin Reprezentativ Siyahı” sına daxil edilmişdir. Azərbaycan xalça sənətinin də qeyd olunan siyahıda yer alması bu sənətin qorunması və beynəlxalq miqyasda tanıtdırlması istiqamətində çox mühüm hadisədir.

Gün o gün olsun ki, muğamın konservatoriyası Şuşada dünyaya göz açan ölməz sənətkarımızın il dönümlərini və yubileylərini qeyd edək!

 

İstifadə olunan ədəbiyyat:

1.Sənətşünaslıq üzrə fəlsəfə doktoru, professor, “Şöhrət” ordenli Röya TAĞIYEVA “Lətif Kərimov fenomeni”. (Bakı, 2006-cı il).

2.Sənətşünaslıq üzrə fəlsəfə doktoru, professor Kübra ƏLİYEVA “Lətif Kərimov”. (“Sərvət”. Bakı, 2013-cü il).

3.Sənətşünaslıq üzrə fəlsəfə doktoru, dosent Aygül HÜSEYNOVA “Xalça sənətinin inkişafında Lətif Kərimovun rolu”. (“Mədəniyyət dünyası”.-2009.-№18.-S.119-122.).

4.Fəlsəfə doktoru, əməkdar mədəniyyət işçisi Kərim TAHİROV “Azərbaycan xalçası” biblioqrafiyası. (Bakı, 2012-ci il).

  1. Рамиз Абуталыбов “Он служил красоте”. (Журнал “Огонек” – 1950,  # 17).

Məmmədsalahov Hüseyn Zakir oğlu

Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti

Rəssamlıq fakültəsi, Sənətşünaslıq ixtisası, I kurs.

 

 

Bölmə : Manşet
KÖŞƏ YAZARLARI
TOP 10