Sənətdə həqiqət və həqiqətə bənzərlik haqqında

171 Baxış

hote25Senet.az Hötenin “Sənətdə həqiqət və həqiqətə bənzərlik haqqında” essesini təqdim edir:

Bir alman teatrının səhnəsində ovalşəkilli amfiteatr çəkilib, lojalarında isə sanki aşağıda baş verənlərdə iştirak edən tamaşaçılar təsvir edilib. Parterlərdə və lojalarda oturan əsl tamaşaçılardan bəziləri bundan narazıdılar ki, onlara həqiqət və həqiqətə bənzərliyə zidd olan nəyisə qəbul etdirməyə çalışırlar. Bu xüsusda, təxminən aşağıdakı məzmunda belə bir söhbət baş tutur.

Rəssamın vəkili: “Görək necəsə razılığa gələ biləcəyikmi?”

Tamaşaçı: “Başa düşmürəm, belə bir təsvirə siz necə haqq qazandırmağa hazırlaşırsız”.

Vəkil: “Məgər siz teatra gələndə, gözləyirsiz ki, səhnədə oynanılanların hamısı doğrudürüst və gerçək olsun?”

Tamaşaçı: “Yox! Amma istəyirəm ki, heç olmasa, mənə hər şey düzgün və gerçək kimi görünsün”.

Vəkil: “Əgər sizin dediyinizin əksinə olaraq, buna qətiyyən cəhd etmədiyinizi israr etsəm, o zaman məni bağışlayın”.

Tamaşaçı: “Çox qəribədi! Əgər mən buna cəhd etməsəydim, onda mənzərənin uzaqdan görünüşünü dəqiqliklə verən və bütün əşyaları incəliklərinə qədər canlandıran dekorçunun səyləri nəyə gərəkmiş? Müxtəlif dövrlərin geyimlərini öyrənmək nəyə lazımmış? Böyük vəsait sərf edib onları kifayət qədər dəqiq təsvir eləmək məgər məni uzaq zamanlara alıb aparmaqdan ötrü deyilmi? Nəyə görə hisslərini başqalarından daha dəqiq çatdıran aktyorun şəninə hamıdan çox tərif deyirlər, onun nitqi, hərəkəti, jestləri gerçəkliyə daha uyğun gəlir və illüziya yaradır ki, guya mən təqlidi deyil, həqiqətən baş verən nələrisə görürəm?”

Vəkil: “Siz dərk etdiklərinizi əla çatdırırsınız, amma nəyi dərk etdiyinizi kifayət qədər aydın başa düşmək, görünür, siz düşündüyünüzdən çətindi. Sizi əmin edə bilərəm ki, teatr tamaşalarını heç də gerçəklik kimi yox, gerçəkliyin görüntüsü kimi qəbul edirsiniz.

Tamaşaçı: “Bütün bu təfərrüatlar, onsuz da söz oyunundan başqa bir şey deyil”.

Vəkil: “Ancaq mən isə cəsarət edib sizə deyirəm ki, ruhumuzun təzahüründən danışanda, hətta ən zərif söz belə onu ifadə eləməkdə acizdi və bu qəbildən söz oyunu ruhumuzun ona olan tələbatını göstərir, çünki daxilimizdə baş verənləri ifadə etməkdə gücsüzük və işin mahiyyətinə varmaq üçün məsələyə müxtəlif tərəflərdən yanaşmaq lazım gəlir”.

Tamaşaçı: “Olsun! Ancaq, lütfən, əgər mümkünsə, bunu aydın və əyani örnəklərlə izah edin”.

Vəkil: “Öz xeyrimə nə qədər desəniz misal çəkə bilərəm. Məsələn, operada olarkən, məgər siz zövq almırsınız?”

Tamaşaçı: “Hər şey yetərincə bir harmoniya içindədirsə, mənim həzzimin də həddihüdudu yoxdur”.

Vəkil: “Səhnədəki o mehriban insanlar görüşərək bir-birlərini oxumaqla salamlayanda, aldıqları məktubları bir-birlərinə nəğmə kimi oxuyanda, öz sevgilərini, nifrətlərini, bütün iztirablarını nəğmələrlə ifadə eləyəndə, oxuya-oxuya savaşıb, oxuya-oxuya öləndə, bütün tamaşanın və ya heç olmasa, onun bir hissəsinin sizə həqiqət kimi göründüyünü deyə bilərsinizmi?”

Tamaşaçı: “Doğrudan, fikirləşəndə, çətin ki, belə demək olar. Bunların heç biri mənə həqiqət kimi görünmür. Vəkil. Bununla belə, siz, hər halda, zövq alırsınız, məmnun olursunuz”.

Tamaşaçı: “Şübhəsiz. Gerçəkliklə uyuşmadığına görə bir vaxtlar operanın ələ salındığı yaxşı yadımdadı. Buna baxmayaraq, operadan həmişə böyük zövq almışam və o mükəmməlləşdikcə, kamilləşdikcə bu zövqüm daha da artıb”.

Vəkil: “Bəs siz özünüzü operada da aldadılmış hiss etmirsinizmi?”

Tamaşaçı:  “Aldadılmış? Məncə bu, düzgün ifadə deyil – həm hə, həm də yox!”

Vəkil: “Siz bu məqamda özünüzə zidd gedirsiniz, bu isə, çox güman, söz oyunundan da betərdi”.

Tamaşaçı: “Əsəbiləşməyin. Biz sizinlə hər şeyə aydınlıq gətirəcəyik”.

Vəkil: “Aydınlıq gətirsək, razılığa da gələcəyik. Qaldığımız yerdən tərpənmək üçün sizə bir neçə sual verməyə müsaidə edərsinizmi? ”

Tamaşaçı: “Suallarla məni dolaşıq vəziyyətə saldığınız kimi, suallarla da bu vəziyyətdən çıxarmaq sizin borcunuzdur”.

Vəkil: “Deməli, siz operanın doğurduğu təəssüratı yalan adlandırmaq istəmirsiniz?”

Tamaşaçı: “Yox, istəmirəm, amma, hər halda, ona oxşar bir şeydi”.

Vəkil: “Siz, az qala, özünüzü unudursuz, elə deyilmi?”

Tamaşaçı: “Az qala yox, əgər bütün opera, ya heç olmasa, onun bir hissəsi doğrudan da gözəldisə, özümü tamamilə unuduram”.

Vəkil: “Siz heyran olursunuz?”

Tamaşaçı: “Bu, dəfələrlə başıma gəlib”.

Vəkil: “Bunun məhz hansı məqamlarda baş verdiyini deyə bilərsinizmi?”

Tamaşaçı: “Belə anlar o qədər çox olub ki, onları sadalamaqda çətinlik çəkirəm”.

Vəkil: “Amma siz bu suala artıq cavab vermisiniz: ilk növbədə, əlbəttə, hər şey məlum harmoniya içində olarsa”.

Tamaşaçı: “Şübhəsiz”.

Vəkil: “Belə mükəmməl ifa özüylə harmoniya əmələ gətirir, yoxsa təbiətin hansısa bir yaratdığıyla?”

Tamaşaçı: “Sözsüz ki, özüylə”.

Vəkil: “Axı harmoniya da bir incəsənət işidi”.

Tamaşaçı: “Təbii”.

Vəkil: “Operanın gerçək olduğunu biz indicə inkar elədik; təsdiqlədik ki, təqlid elədiyini o heç də həqiqətə uyğun ifadə eləmir; amma biz sənət əsərinin məntiqindən doğan daxili gerçəkliyini inkar edə bilərikmi?”

Tamaşaçı: “Opera yaxşıdısa, əlbəttə, o, özlüyündə hər şeyin məlum qanunlar üzrə baş verdiyi kiçicik bir dünyadı və haqqında fərdi qanunlarıyla mühakimə yürüdülməsini, onu xüsusi keyfiyyətlərinə istinadən duymağı tələb edir”.

Vəkil: “Məgər elə buradan, sənətdəki və təbiətdəki gerçəkliklərin ayrı-ayrı şeylər olduğu ortaya çıxmırmı? Axı sənətkar heç vaxt can atmamalıdı ki, onun əsəri təbiət əsəri kimi görünsün”.

Tamaşaçı: “Amma o, çox vaxt bizə təbiət əsəri kimi görünür”.

Vəkil: “Bunu inkar edə bilmərəm. Amma icazənizlə fikrimi açıq söyləyim”.

Tamaşaçı: “Başqa cür ola da bilməz. Axı biz bura məddahlıq eləməyə gəlməmişik”.

Vəkil: “Onda mən özümə rəva görüb deyə bilərəm ki, yalnız cahil tamaşaçıya incəsənət əsəri təbiət əsəri kimi görünə bilər, məhz belə tamaşaçı müəllif üçün əziz və dəyərlidi. Ancaq təəssüf ki, sənətkar onun səviyyəsinə enənə qədər tamaşaçı ondan razı qalacaq; di gəl əsl sənətkar ilhamla ucalarda qanad çalıb əsəri tam şəkildə bitirərkən, həmin tamaşaçı onunla heç vaxt yüksəklərə ucala bilməz”.

Tamaşaçı: “Qəribə də olsa, dinləmək maraqlıdı”.

Vəkil: “Əgər özünüz o yüksək pilləyə çatmış olmasaydız, bunları həvəssiz dinləyərdiniz”.

Tamaşaçı: “İcazə versəydiniz indi mən sualverən qismində çıxış edib, müzakirə etdiklərimizi nizamlamağa cəhd göstərərdim”.

Vəkil: “Buyurun, lütfən”.

Tamaşaçı: “Deyirsiniz ki, incəsənət əsəri ancaq cahillərə təbiət əsəri kimi görünə bilər?”

Vəkil: “Əlbəttə, dahi sənətkarın çəkdiyi gilənarlara uçub qonan quşları yada salın”.

Tamaşaçı: “Məgər bu, gilənarların yüksək səviyyədə çəkildiyinə dəlalət etmir?”

Vəkil: “Qətiyyən yox, bu daha çox onu sübut edir ki, aludə olanların özü əsil sərçələrdi”.

Tamaşaçı: “Buna baxmayaraq, mən belə bir əsərə gözəl deməyə bilmərəm”.

Vəkil: “Sizə yeni bir lətifə danışımmı?”

Tamaşaçı: “Mən çürükçü nəsihətlərdənsə, lətifələrə daha həvəslə qulaq asıram”.

Vəkil: “Dahi bir təbiətşünasın ev heyvanları arasında meymun da varmış və bir gün onun yoxa çıxdığını görür. Uzun axtarışdan sonra onu kitabxanada tapır. Meymun döşəmədə oturub təbiətşünaslığın tarixinə dair cildlənməmiş əsərlərdən birinin qravürlərini ətrafına səpələyibmiş. Onun elmə marağından heyrətlənən sahibi təəccüblə yaxınlaşanda görür ki, ağzının dadını yaxşı bilən bu canlı rəsmlərdə təsvir edilən bütün böcəkləri dişləyib qoparıb”.

Tamaşaçı: “Yetərincə qəribə lətifədi”.

Vəkil: “Güman edirəm, söhbətimizə də uyğun gəlir. Siz həmin rənglənmiş rəsmləri böyük yaradıcının əsərləriylə eyni səviyyəyə qoymazdınız ki?”

Tamaşaçı: “Çətin! Vəkil”.

Bəs meymunu cahil tamaşaçılar cərgəsinə qoymağı fikirləşməzdiniz?

Tamaşaçı: “Eyni zamanda həm də acgözlər cərgəsinə qoyardım. Siz məni qəribə bir fikrə sövq etdiniz! Görəsən, doğrudanmı cahil həvəskar əsərdən ona görə naturallıq tələb edir ki, özünün kobud və bayağı ehtiyacını təmin edib ləzzət alsın?”

Vəkil: “Mən bu fikri tamamilə bölüşürəm”.

Tamaşaçı: “Və ona görə təsdiq edirsiniz ki, yaradıcı şəxs bu cür tələbatları nəzərə alıb işləyəndə özünü alçaldır?”

Vəkil: “Mən buna tam əminəm!”

Tamaşaçı: “Amma mən burda bəzi ziddiyyətlər də görürəm. Siz indicə ehtiram göstərib məni, ən azından yarısavadlı həvəskarlar sırasına daxil etdiniz”. Vəkil: “Mükəmməl bilik almaq yolunda olan həvəskarlar sırasına”.

Tamaşaçı: “O zaman deyin görüm, nədən kamil bir sənət əsəri mənə təbiət əsəri kimi görünür?”

Vəkil: “Çünki sənət əsəri təbiətdan yüksəkdi, amma ondan kənarda deyil. Mükəmməl sənət əsəri – insan ruhunun məhsuludu və bu mənada o da təbiət əsəridi. Ancaq təbiətdə səpələnmiş əşyalar onda bir yerə cəmləşdiyindən və ən bayağısı da öz yaxşı cəhətləriylə təsvir olunduğundan, təbiətdən yüksəkdə durur. Yalnız inkişaf etmiş ruh sənət əsərini qəbul etmək gücündədir, o da öz növbəsində əsərdə tamamilə təbiətinə uyğun, kamil və gözəl olanı tapır. Ortabab həvəskarın bu haqda anlayışı olmur və incəsənət əsərinə bazarda satılan bir əşya kimi baxır, amma əsil sənət vurğunu nəinki təsvir olunanın gerçəkliyini, həm də bədii seçimin üstünlüyünü, yenidən bir araya gətirilənin mənəvi dəyərini, sənətin yerüstü mikroaləmini görür; o, hiss eləyir ki, sənətkarın əsərindən zövq almaq üçün onun səviyyəsinə yüksəlməlidi; həyatın mənasızlığından qopub özünə qapılmalı, bu sənət əsəriylə eyni həyatı yaşamalı, ona dönə-dönə tamaşa eləməli, bununla da öz varlığını ucaltmalıdı”.

Tamaşaçı: “Doğrudur, dostum. Rəsmlərin, teatrın, poeziyanın digər növlərinin doğurduğu bu cür hisslər mənə də tanışdı, sizin təbirinizcə desək, həssas tamaşaçıların duyduqlarını təxminən mən də yaşamışam.Gələcəkdə həm özümə, həm də incəsənət əsərlərinə daha diqqətcil olacağam; amma indi baxıb görürəm ki, bizim bu söhbəti başlamağımıza səbəb olan amildən necə uzaqlaşdıq. Siz istəyirdiniz operamızdakı cızma-qara edilmiş tamaşaçı rəsmlərini qəbul etməyim üçün məni basqıya alasınız; intəhası, sizin indiyə qədər gətirdiyiniz bütün dəlillərlə razılaşsam da, bu sərbəstliyə necə haqq qazandıracağınızı, tamaşaçı rəsmlərini mənə necə qəbul etdirəcəyinizi bilmirəm.

Vəkil: “Xoşbəxtlikdən opera bu gün təkrar oynanılacaq, siz yəqin ki bu şansı əldən vermək istəməzdiniz”.

Tamaşaçı: “Qətiyyən”.

Vəkil: “Bəs tamaşaçıların rəsmləri?”

Tamaşaçı: “Məni hürküdə bilməzsiz. Sərçə deyiləm”.

Vəkil: “Qarşılıqlı maraqlarımızın bizi yaxın zamanlarda yenidən bir araya gətirməsini arzulayıram”.

 

Tərcümə etdi: Zahid Sarıtorpaq/ “Xəzər” jurnalı

 

 

 

Bölmə : Nəsr
KÖŞƏ YAZARLARI
TOP 10