Sənətşünaslığımızda Ziyadxan Əliyev ucalığı – Təbrik yazısı

8 Baxış

ziyadxan eliyev

Əməkdar incəsənət xadimi, Azərbaycan Rəssamlar İttifaqının “Tənqid və sənətşünaslıq” bölməsinin sədri, “Sənətşünaslığın təbliği” İctimai Birliyinin sədri, sənətşünaslıq üzrə fəlsəfə doktoru, professor Ziyadxan Əliyev çağdaş sənətşünaslığımızın inkişafında müstəsna xidmətləri olan yaradıcı şəxsiyyətdir.

40 ildən çoxdur ki, elmi yaradıcılıqla məşğul olan Ziyadxan Əliyev, yerli və beynəlxalq (ABŞ, Rumıniya, Rusiya, Ukrayna, Özbəkistan, Qırğızıstan və s.) mətbuatda dərc olunan çoxsaylı elmi məqalələrin müəllifidir. O, sənətşünaslıq sahəsinə hələ tələbəlik illərində “Ədəbiyyat və incəsənət” qəzetində işıq üzü görən “Şamaxının memarlıq abidələri” adlı ilk məqaləsi ilə qədəm qoymuşdu. Zamanında yaradıcılığına və şəxsiyyətinə böyük ehtiram göstərdiyi Xalq rəssamı Səttar Bəhlulzadənin Ziyadxan Əliyevə “yaxşı rəng hissiyyatın var, səndən yaxşı rəssam olar” deməsinə baxmayaraq, o, sonradan bəzi məlum səbəblərdən məhz elə S.Bəhlulzadənin xeyir-duası ilə sənətşünaslıq aləminə gəldi, ancaq bir qədər fərqli: özündən əvvəlki sənətşünasları təkrarlamaq üçün yox, yeni söz demək üçün gəldi.

Dövrünün bədii yaradıcılıq proseslərinə obyektiv “bədii güzgü” tutması, düzədüz, əyriyəəyri deyə bilməsi onu bir çox həmkarlarından daim fərqləndirib. Elə bu səbəbdən onun rəssamlar arasında “acıdil” sənətşünas kimi tanınması da haradasa təbii görünür. Ziyadxan Əliyev öz milli-mənəvi kimliyinə sadiq qalmaqla, özünün bu gün də nümayiş etdirdiyi əqidə saflığını və əzmkarlığını qoruyub saxlamaqdadır. Bu mənada, əgər zamanında əhatələndiyi gerçəkliyə ədalətli tənqidi baxışlarına görə Əzim Əzimzadəni “Rəssamlığımızın Sabiri” ayaması ilə fərqləndirmişiksə, yazılarında və çıxışlarında sənət məkanında yaşanan bədii proseslərə obyektiv – kimlərəsə xoş gəlməyən münasibət göstərən Ziyadxan Əliyevi də “Sənətşünaslığımızın Sabiri” kimi dəyərləndirmək mümkündür.

Ziyadxan Əliyevin özünəməxsus cəhətlərindən biri də özündən sonra gələn gənc sənətşünas nəslinə son dərəcə xeyirxah münasibət göstərməsidir. O, müraciət edən gənclərdən heç vaxt öz mənəvi dəstəyini əsirgəmir. Əksinə, onlara bu sahənin incəliklərinin dərindən mənimsənilməsində böyük köməklik göstərir, məqalə yazmaqda – sənətşünaslığın sirlərinə yiyələnməkdə lazımi istiqamət verir.

Ziyadxan Əliyevin uzun illər ərzində Azərbaycan Rəssamlar İttifaqındakı müxtəlif nəsil təmsilçilərinin bir araya gəldiyi “Tənqid və sənətşünaslıq” bölməsinə rəhbərlik etməsi də ona həmkarlarının rəğbətinin ifadəsinin nəticəsidir. Qeyd edim ki, Ziyadxan Əliyev 1984-cü ildən Azərbaycan Rəssamlar İttifaqının, 1987-ci ildən isə həmin təşkilatın Rəyasət Heyətinin üzvüdür.

Azərbaycanda və ölkədən kənarda fəaliyyət göstərən çağdaş Azərbaycan təsviri sənəti nümayəndələrinin əksəriyyətinin (ehtiram əlaməti olaraq adlarını qeyd etmirik) tanınmasında da Ziyadxan Əliyevin rolu böyükdür. O, Azərbaycanda bütün tanınmış və görkəmli rəssamların emalatxanasında olub, onların yaradıcılıqlarını müxtəlif illərdə maraqlı yazılarla işıqlandırıb. Bu mənada onun ilk uğuru kimi 1989-cu ilin iyulun 5-də indiki Azərbaycan Milli İncəsənət Muzeyində respublikada ilk dəfə olaraq ölkəmizin hüdudlarından kənarda yaşayan azərbaycanlı rəssamların əsərlərindən ibarət “Əzizim Vətən yaxşı…” adlı sərgini təşkil etməsini qeyd edə bilərik. Bu, sözün əsl mənasında Azərbaycan incəsənətində böyük bir tarixi hadisə idi.

Ziyadxan Əliyev yaradıcılığının xarakterik xüsusiyyətlərindən biri də yazdığı məqalələrin mövzu dairəsinin geniş olmasıdır. Müstəqillik illərində yazılan dissertasiyaların ədəbiyyat siyahısına nəzər yetirməklə buna əmin olmaq mümkündür. Başqa sözlə desək, Ziyadxan Əliyevin təsviri sənətin bütün sahələri, eləcə də dekorativ-tətbiqi sənət və memarlıq haqqında olan monoqrafiyaları, kitab və kataloq mətnləri, çoxsaylı məqalələri öz aktuallığı və oxunaqlılığı ilə daim tədqiqatçıların diqqət mərkəzində qalmaqdadır. Bu mənada onun rəngkarlıq sahəsinə aid “Famil Əliyev” (1986), “Sənan” (1987), “Mir Möhsün Nəvvabın rənglər aləmi” (1996), “İradə Avşar və Rza Avşar. Qoşa qanad” (2006), “Altay Hacıyev” (E.Qasımova ilə birlikdə, 2011), “Zakir Hüseynov. Tənha döyüşçü” (2011), “Azərbaycanın Xalq rəssamı Davud Kazımov” (2012), “Ceyhun Həmzəyev. Sönmüş ocağın işıqları” (2013), “Bəhruz bəy Kəngərli yaradıcılığının bədii xüsusiyyətləri” (2016), “Bəhruz bəy Kəngərli taleyi” (2017), “Rafael Abbasov” (2017), “Gennadi Brijatyuk və onun mənəvi dəyərlər dünyası” (2020), “Yaşar Səmədov. Rənglərin simfoniyası” (2020), “Rəssam İlham Səfərli. Kainat haqqında düşüncələr” (2021) və digər kitablarını qeyd edə bilərik.

Ziyadxan Əliyevin “Naməlum Səttar” (2006), “Sənətin Məcnunu” (2009), “Günahlı dünyanın günahsız adamı və yaxud Səttar Bəhlulzadə romantizmi” (2014) və “Səttar Bəhlulzadə yaradıcılığında sənətkarlıq məsələləri” (2019) kitablarını isə görkəmli rəssamın xatirəsinə yaradıcı və insani ehtiramın göstəricisi hesab etmək olar.

Ziyadxan Əliyevin “Səməd Vurğun təsviri sənətdə” (2010), “Sabir təsviri sənətdə” (2012), “Nəsimi dünyası rənglərin işığında” (2019) adlı kitablarında geniş tədqiqat işi aparmaqla görkəmli poeziya nümayəndələrinin bədii obrazlarını bir araya gətirib.

“Azərbaycan ekslibrisi” (1989), “Cəmil Müfidzadə. Cizgilərə hopan ömür” (2011), “Fəxrəddin Seyfəddinoğlu (Məmmədvəliyev). Çağdaş rəssamlığımızın fenomeni” (2012), “Arif Hüseynov. Cizgilərin hikməti” (2014) təsviri sənətin qrafika sahəsinə aid olan yüksək bədii dəyəri ilə seçilən kitablardır. “Azərbaycan ekslibrisi” kitabının olduqca böyük elmi əhəmiyyəti vardır. Belə ki, kitab nişanının uzunəsrlik inkişaf tarixi Avropa və rus tədqiqatçılarının nəzərindən kənarda qalsa da, görkəmli sənətşünas Ziyadxan Əliyev tutarlı elmi mənbələr əsasında ilk kitab nişanlarının XVI əsrdə Qərbi Avropada deyil, məhz XIII əsrdə Azərbaycanda yarandığını isbat etmişdir.

Azərbaycan heykəltəraşlığının inkişaf tarixini və görkəmli nümayəndələrinin həyat və yaradıcılığını özündə əks etdirən “Görüş Nurəddinoğlu. Plastikanın poetik çalarları” (2013), “Tamilla Seyidova. Gerçəkliyin rəngi” (2014), “XX əsr Azərbaycan heykəltəraşlığının inkişaf mərhələsi” (2016) kitabları da Ziyadxan Əliyevin Azərbaycan incəsənətinə verdiyi dəyərli töhfələrdəndir.

Ziyadxan Əliyev eyni zamanda, təsviri sənətlə yanaşı, dekorativ-tətbiqi sənətə aid özünəməxsus dəst-xətlə yazılmış bir neçə kitabın müəllifidir. “Mənbələr” (N.Quliyeva ilə birlikdə, 2006) “Azərbaycan rəqs geyimləri” (2010), “Gözəllik yaradanlar” (2011), “Eldar Mikayılzadə. İlmələrin hikməti” (2013), “Cavid Bayramlı və Asiman Əkbərov. Qoşa qanad” (2014), “Sənətkar ömrü. Şaiq Məmmədov” (2016) kitabları bu qəbildəndir.

Azərbaycanda bərpaçılıq elminin inkişaf tarixindən bəhs edən “Xilas olunmuş gözəllik” (2007), Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin fəaliyyətini əks etdirən “Azərbaycan gömrüyünün tarixi təsviri sənətdə” (2007), Azərbaycan incəsənətinə aid ensiklopedik məlumat xarakteri daşıyan “Azərbaycan incəsənəti ensiklopediyası. I-III cildlər. (A.Xəlilovla birlikdə, 2010-2011), azərbaycanlı rəssamların həyatında baş verən ən maraqlı və yaddaqalan hadisələri özündə ehtiva edən “Boyalı gülüşlər” (2014) adlı kitabları fədakar alim Ziyadxan Əliyevin milli-mədəni irsimizə verdiyi yüksək bədii dəyərin ifadəsidir.

2018-ci ildə Ziyadxan Əliyevin anadan olmasının 70 illiyi münasibətilə “Keçmişə salam”, “Bir əsərin tarixçəsi”, “Müasirlərimiz” və “Düşüncə quraması” başlıqları altında müəllifin yaradıcılıq dünyasını əks etdirən yüzə yaxın məqaləsi toplanmış “Sənətşünas taleyi” və “Sənətşünas düşüncələri” kitabları işıq üzü görüb.

Sənətşünasın yaradıcılıq bioqrafiyasında atribusiya, yəni müəllifləri bu vaxta qədər naməlum qalan əsərlərin kimliyinin müəyyənləşdirilməsi məsələsinin yer alması da onu digər həmkarlarından fərqləndirir. Bu mənada Azərbaycan Milli İncəsənət Muzeyinin elmi şöbəsinə rəhbərlik etdiyi müddətdə P.Klass, J.Düpre, K.Korovin, F.Hals, Zivər bəy Əhmədbəyov, Usta Qənbər Qarabaği və b. müəlliflərin əsərlərinin müəllifliyini elmi əsaslarla təsdiqləməsi, zamanında mədəni hadisə kimi dəyərləndirilib.

Ziyadxan Əliyev 2009-cu ildə “Azərbaycan Respublikasının Əməkdar incəsənət xadimi” fəxri adına layiq görülüb, 2014-cü ildə isə sənətşünaslıq üzrə fəlsəfə doktoru elmi dərəcəsi almaq üçün “Səttar Bəhlulzadənin yaradıcılığında romantizm” mövzusunda dissertasiya müdafiə edib.

Onun hazırda yeni kitablar üzərində çalışması göstərir ki, tezliklə sənətşünaslığımız maraqlı tədqiqatlarla zənginləşəcək.

2017-ci ildə təsis etdiyi “Sənətşünaslığın təbliği” İctimai Birliyinin sədri olan Ziyadxan Əliyev, müxtəlif illərdə Azərbaycan Milli İncəsənət Muzeyi, Azərbaycan Yaradıcılıq Fondu, Azərbaycan Rəssamlar İttifaqında əmək fəaliyyəti göstərib, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti, Azərbaycan Dövlət Pedaqoji Universitetində pedaqoji fəaliyyətlə məşğul olub. Hazırda isə Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının “İncəsənət tarixi” kafedrasının professoru vəzifəsində çalışır. Sənətşünaslığımızın inkişafı naminə fədakarlıqla çalışdığı, əzmlə irəlilədiyi bu fəaliyyət yolunda Ziyadxan müəllimə yeni nailiyyətlər arzulayırıq.

Aslan XƏLİLOV
ADMİU-nun “Təsviri sənət tarixi və nəzəriyyəsi” kafedrasının müdiri, sənətşünaslıq üzrə fəlsəfə doktoru
525.az