Sən kimsən?

54 Baxış

Yeqzar (1)Kim olduğunu bilmək istəsən, bir anlıq dayan və düşün! Özünə “görəsən mən kiməm, nə üçün yaşayıram?” sualını ver. Bir müddət ağlına bir cavab gəlməsə demək ki, hələ adam ola bilməmisən…

 

İnsan ilk yaradılış anlarından məhz bu sualın  cavabını tapmağa çalışıb, həmişə bu sirli cavab tələb edən quyunun ətrafında fırlanıb. Ya quyunun içərisinə girməyə cürəti çatmayıb, ya da çatıb, amma elə ordaca batacaq dərəcəyə qədər. Bəzi “ağıllı” mütəfəkkirlərin də öz instikt və gücünün hesabına bu sualdan yayınma məharətləri, bəlli ki, öz “aləm”lərində, bu fəlsəfi situasiyanın dolğunluğunu şərtləndirir. Heç kimin kim olduğu bilinmədiyi, kim olmaq istədiyinin sual işarəsiylə müşaiyət olunduğu bir dünyada yaşayıblar, daha çox xülyada, xəyallar aləmində, nəinki dünyada.

 

Bu sualı mən özümə çox vermişəm. Düzdür yuxarıdakı sitatın qulağından iraq cavab verməyə çox gecikməmişəm, amma heç vaxt da tələsməmişəm açığı. Özünü doğrultmaq, kim olmağının fərqinə varmaq bir qədər sübhəli və dözüm tələb edən nüans olduğu üçün çalışmışam ki, hər zaman öz yerimi tapım, mövqeyimi əsaslandırım.

Yaxşı bir ifadə də var bu barədə. Bir müdrik kəlamda deyilir ki, – “Allah sizə ağıl veribsə daha nə verməlidir, əgər ağıl verməyibsə bəs onda nə verib?”. Ağılın hesabına 18 səkkiz mərtəbəli bina da tikmək olar, 5 saniyə içərisində kiçik bir çadırı yanğının qucağına atmaq da. 500 səhifəlik roman yazıb camaatı bezdirmək də olar, 90 səhifəlik romanla bestseller adı qazanmaq da…

 

Mən kiməm?, Nə üçün yaşayıram?

Əslində bu sualın özündə dərin və fəlsəfi bir məna var. “Sən kimsən” deyirik, “Sən nəsən” demirik. Şükür ki, hələ əşyalaşmamışıq. Biraz ümidli olmağa, sevinməyə xeyli əsasımız var…

 

Çox zaman tənqidçilər “sən kimsən” sualına cavabı yazıçının əsərində axtarırlar. “Öz dostunu göstər, deyim kimsən” cümləsini “əsər yaz səni müəyyən edim” cümləsinin qucağına atırlar. Bəlkə bu yetim yazıçı posmodern üslubda yazır?! Onda belə çıxır ki, o ya dəlidir, ya da elə dəlidir. Axı postmodernizmdə intertekstuallıq var, metatekstuallıq var, inkaretmə var, ilkə, əvvələ qayıdış var. Bütün bu prizmalara görə əsər qiymətləndirilsə o zaman vay halımıza. Avropa postmodernizmi arxivə salanda biz hələ əlimizdə realizm bayraqları ilə əsərlərə etiraz səsimizi ucaldacağıq…

 

Ədəbiyyat  sahəsində “sən kimsən” sualına cavab tapmaq bir qədər mürəkkəb və məsuliyyətli məqamdır, həm də əksinə olaraq çox incə və zərif məqamdır. Kitab təqdimatı keçirib özünü dağ başına qoyan birindən soruşa bilərsən “sən kimsən” deyəcək ki, sən hələ məni anlamaq üçün çox balacasan, biraz böyü anlayacaqsan. Feysbukda “mənalı” statuslarına görə minlərlə “like” yığan birindən soruşa bilərsən “sən kimsən” deyəcək ki, xalq məni sevir, sən paxıl olduğun üçün məsələyə belə yanaşırsan. Bir millət vəkili ilə rahat görüşdüyün halda adi bir yazıçının (yəni vəzifəsiz, bir qədər də ətraflı desək millət vəkili vəzifəsindən çox aşağı vəzifəsi olan biri) qəbuluna düşə bilməyəcəksən və ondan “sən kimsən” deyə soruşmağa imkan belə tapa bilməyəcəksən, çünki o sənin düşündüyün qədər də balaca adam deyil. Sən gərək onu görəndə bir həftə dayanmadan toy, bayram edəsən…

 

Kimliyinə əminlik və bu əminlikdən doğan təkəbbür… Bu xüsusiyyətin bolluğu uçuruma sürüklənmək üçün ən vacib bir faktordur, şablon olsa da. Kimlərsə özündən əminliyə arxanalanıb çox irəli gedirsə, sonra “Kəlilə və Dimnə”də yazıldığı kimi:

 

Dağdan hey götürüb desən ki çoxdur,

Bir də görərsən ki, dağ özü yoxdur.

 

-misrasının sədaları altında ilə mənəvi yoxluğun əbədi sakininə çevriləcək…
Yeqzar Cəfərli

Bölmə : Nəsr, Ədəbiyyat
KÖŞƏ YAZARLARI
TOP 10