“Sən məni özümlə üz-üzə qoyma…” – Nəriman Həsənzadə

76 Baxış

aaaaaaaaaa

 

SÜRGÜN HƏYATI

60 illik yubileyi günlərində

böyük yazıçı Mir Cəlalın xanımından soruşdum:

- Püstə xanım, niyə Mir Cəlal müəllim

yaşından çox görünür?

- Hər gün sürgün saatını gözləyirdi, – dedi.

Müəllif

 

Cavid getdi sürgünə,

Rus saldatı, yanına.

Müşfiq qolları bağlı

KQB

zindanında.

Cavad itkin düşübdü,

Yoxdu səsi, sorağı.

Mir Cəlal göz dustağı.

Püstə xanım deyirdi, demirdi, inləyirdi,

Nəvəsi dinləyirdi.

Mən də qulaq asırdım,

Ürəyimə yazırdım.

-Gecə ayrıldıq, gecə,

-Cavidin ad günüydü,

-Bir ziyarət günüydü.

-Mişkinaz xanımıydı,

-Dilbəriydi,

- Məniydim,

Bir də Qədriyyə xanım,

Elə bil dünəniydi.

Danışırdıq, gülürdük,

Sevinirdik,

Nə deyim,

Kim qalıb, kimə deyim?!

-Bizə deyin, siz bizə, -

Evdə gəlininizə,

Qonşuda bacınıza,

Qohum-qardaşınıza,

Üç oğul payınıza,

Çatsın harayınıza.

O iki qızınıza,

millətə, hamımıza!

 

-Səhər eşitdim, səhər

Radiodan xəbəri.

Həbs olunub dedilər

Vətən, xalq düşmənləri.

Cavid əfəndi,

Müşfiq,

Əhməd Cavad -

Hər üçü.

Alın yazımız imiş

Son ayrılıq görüşü.

Gülüşlər yalanıymış,

Sevinc-filan da yalan.

Əvvəl yazılanıymış,

Əvvəldə də oxunan.

Həyatın özü buymuş,

Astarı, üzü buymuş,

Tale güzgüsü buymuş!

 

Püstə xanım deyirdi,

Demirdi, inləyirdi.

Nəvəsi dinləyirdi,

Mən də qulaq asırdım,

Ürəyimə yazırdım.

 

-Aşağıdan, küçədən

Qəfil gəlsəydi bir səs,-

Mir Cəlal deyəsiydi:

-Yol çantamı ver, tələs,

Onlar məni gözləməz.

 

Mir Cəlal həssasıydı,

Mən də bir az təngnəfəs.

Mir Cəlal gözləyirdi:

Günü,

Anı,

Saatı.

Evdə – müddətsiziydi

Onun sürgün həyatı.

 

 

İSTİQLALIN İLK GÜNÜ

X.R.Ulutürkün xatirəsinə

 

Xəlil təzə qayıtmışdı

Dönüb oda,

Oxuyurduq, tələbəydik

Dünənəcən

Moskvada.

KQB-nin

zindanından

Qayıtmışdı,

O, yarıcan qayıtmışdı

Öskürürdü aradabir.

Yox, öskürmür,

Püskürürdü

Aradabir.

Ordan vulkan qayıtmışdı.

Azərbaycan həbsdəydi,

Azərbaycan

qayıtmışdı.

Sığışmırdı məcrasına -

Daşa-daşa

qayıtmışdı.

İçində bir Nazim Hikmət,

Nuru Paşa

qayıtmışdı.

Firəngizi yanındaydı,

Təbrizi yox.

O, Təbrizi evdə görmək

istəyirdi,

Ta bizi yox.

Təbriz yoxsa, bir kəsi yox!

Bu istidə üşüyürdü

Xəlil Rza.

Moskvadan Bakıyacan

Yüyürmüşdü,

Töyşüyürdü

Xəlil Rza.

Anan ölsün sənin, şair!

Anan hanı?

Səni bir də doğan hanı?

 

Qol çəkirdim,

Müstəqillik

Aktımıza.

Taleyin bir töhfəsiydi

Bu da bizim

baxtımıza.

Ulu öndər yanımdaydı,

Onda Xəlil,

Sən – Yadımda.

Öz imzam bir möcüzəydi

Həyatımda:

Zaman bizə qaytarırdı

Haqqımızı

Üçrəngli bayrağımızı

Himnimizi,

Gerbimizi.

Əsr-əsr almışdılar

Məndən səni,

Səndən məni,

Bizdən bizi!

Ad günüydü – doğum günü,

İstiqlalın

Şahlıq günü.

Tanrım mənə çox görməsin

Himnimizin sözlərini

Oxuduğum

O ilk günü,

Bir də səni!

 

 

SƏN SEVDİN

MƏNDƏN BETƏR

Danışıram, gülürəm

Yadımdan çıxmır bu qəm.

Soruşma heç,

bilmirəm.

Olsaq da hansı yaşda,

Hansı rütbədə, oğlum,

İstər bu evdə yaşa,

İstər Kəbədə, oğlum,

Bir candan törəmişdin,

Bir beşikdə – iki can.

İki canda – bir ünvan.

Bir cığırda – iki iz

Ananla sən – ikiniz.

 

Mən sevmişdim ananı,

Sən sevdin, məndən betər.

Mənimiydi,

Sonradan

Sənin oldu bəxtəvər.

Mən adıyla çağırdım,

Sən dəyişdin adını.

Sənin “Ana” sözünə

Həsr etdi həyatını.

Hissini, duyğusunu,

Gündüzlər qayğısını,

Gecələr yuxusunu.

Sən onda ağlayırdın,

Sən qucaq istəyirdin.

Özün oyuncaq idin,

Oyuncaq istəyirdin.

İndi mən ağlayıram,

Dost-düşmən baxır oğlum.

Ataların göz yaşı,

İçinə axır, oğlum.

Birimizi böyütdü,

Birimizi yaşatdı.

Tanrı -

Yerə püşk atdı,

İkimizi qoydu tək.

Bir qadın ömrünü də

Yaşayaydı

O gərək.

 

SƏNƏ QURBAN

Səadət! – deyirdim üzünə gülsün,

Mənası bilmirdim nəydi o sözün.

Sonradan nə mənim ağlıma gəldi,

Nə sən mənə verdin o səadəti.

 

Xoşbəxt ol! – dedikcə əsən ürəyi

Çıxartdıq, nə bilim, bəlkə də yaddan.

Sən məni, mən səni xoşbəxt etməyi

Niyə düşünmədik, ay sənə qurban?

 

Nə qədər xoş günlər arzu elədik,

Dedikcə doymadı könül arzudan.

Niyə o günləri biz yelə verdik,

Tutub saxlamadıq, ay sənə qurban?

 

Qonşular, tanışlar görürdü bizi,

Gah ondan qaçırdıq, gah da ki, bundan.

Biz niyə görmədik bir-birimizi,

Haraya baxırdıq, ay sənə qurban?

 

 

SƏN YAŞA, DEYİR

Xalq artisti Mənsum İbrahimova

 

Mənsum havalanıb oxuyur yenə,

Havalar bənövşə qoxuyur yenə.

Səsin ipəyini toxuyur yenə,

Rəngləri yaddaşdan-yaddaşa deyir.

 

Hər söz, hər qafiyə, hər kəlmə yanır,

Dəymə, mən yandığım bu qəmə yanır.

Yanıb kül olmuşam,

Külümə yanır,

Çəkdiyi hər nalə sən yaşa, deyir.

 

Elçin, yerə qoyma əlində tarı,

Elnurun kamanı, göynədən tarı.

Qarabağ tarıdı, o vətən tarı,

Bu Ağdam deyəndə,

O Şuşa deyir.

 

Nədir o pərdənin, o simin səsi?

Duyğumun səsidi,

Hissimin səsi.

Allahım, nə deyir Mənsumun səsi? -

Milləti qoymayın daşdaşa, deyir.

 

 

YERİ GƏLMİŞKƏN

Tarix hesabatdı, ömür hesabdı,

Canı bəsləmirəm, can qoyuram mən.

Sinəm – stolüstü qalın kitabdı,

Hər gün varaqlayıb oxuyuram mən.

***

Həyat, səndən ötrü bəlkə təzəyəm,

Hər qəmin adını sən təzə qoyma.

Tanrım, taleyimlə mən üz-üzəyəm,

Sən məni özümlə üz-üzə qoyma.

***

Vətən oddan keçib, alovdan keçib,

Dönmə, vətən oğlu, bu yoldan, and iç.

İstiqlal yolunda millət and içib,

And içən millətə Nəriman,

And iç!

***

Ədalətdən danışırdı

Hər gələndə o,

işə.

Ədalətsiz iş görürdü

Gələndə də

Həmişə.

***

Nə soruşan varıydı,

Nə də gedib dindirən.

Öz-özünə deyirdi:

Rüşvətə

Düşmənəm mən!

 

BAYATI

Poyludan qatar keçər,

Yatanı, yatar keçər.

Mənim sərnişin könlüm,

Gedər, qayıdar keçər.

 

TƏK

-Tək olanda zəng elə.

-Sənsiz həmişə təkəm.

Gələndə evə – təkəm,

Gedəndə işə – təkəm.

Tək doğuldum anadan,

Bir həmdəmim var – ürək!

Səndən ayrı da təkəm,

Sənin yanında da – tək.

 

KÜL ELƏYƏ-ELƏYƏ

Uçdun, getdin durnalara qarışdın,

Qaldım yerdə əl eləyə-eləyə.

Məni qoydun çölün-düzün içində,

Çölü-düzü gül eləyə-eləyə.

 

Qayıtmadın, gedən getdi, qayıtdı,

Yatan qalxdı, yatanları ayıltdı.

Sənə qurban, sənə çölmü qəhətdi,

Keç üstümdən yol eləyə-eləyə.

 

Səndən sənə bir az umu-küsüyəm,

Barmağından düşüb itən üzüyəm.

Qoca palıd kötüyünün közüyəm,

Söndür məni kül eləyə-eləyə.

 

ÜLFƏT

Alimlər yüz ildi yazıb-pozurlar,

Alimlər səs gəzir Qalaktikada.

Cihazlar kəşf edib qulaq asırlar,

Axtarhaaxtardı,

Nə səs, nə səda!

Mən tapdım o səsi – sənin səsində,

Dünyanın ən uzaq bir ölkəsində.

Sənin başqa səsə səsin bənzəməz,

Göydə axtarıblar, yerdəymiş o səs.

Bir zəngin bəsiymiş, kifayətiymiş,

Bu kəşfin səbəbi – bir ülfətiyimiş.

 

GÖRDÜM

BİR ƏSGƏR DURUR

Xalq şairi Fikrət Qocaya

 

Fikrətə söz verdilər,

İstədilər danışsın.

Kürsülərdə görünsün,

Natiqlərə qarışsın.

-Salam! – dedi, – qardaşlar,

Səsim yoxdu, sözüm var.

Nitqim – sözdü, kürsüm – söz,

Özüm – sözəm, sözüm – söz.

Mən də əlimdə qələm,

Keşikdəyəm, əsgərəm.

Durduğum yer də səngər,

Bağışlayın, bu qədər.

 

Burda Cocuq Mərcanlı,

Orda da Lələtəpə.

Küləklər əsə-əsə,

Yağışlar səpə-səpə!

Gördüm bir əsgər durur,

O da dinmir, danışmır,

Kürsülərdə görünmür,

Natiqlərə qarışmır.

Səsi yoxdu, sözü var,

Dağ kimi kürsüsü var.

İstədim ki, çağıram,

Deyəm ki,

Fikrət,

salam!

 

COCUQ MƏRCANLI

ŞAGİRDLƏRİNƏ

Yüyürür üstümə bir qız uşağı,

İpək saçlarında parlayır günəş.

Mən də pillələrlə enib aşağı,

Bağrıma basıram:

-Salam, ay nənəş!

 

Mənim Gülüşümsən, mənim Almazım,

Var olsun analar, bir də atalar.

Bir addım solunda – sərhəddi, qızım,

Bir addım sağa da getmə, atallar!

 

İkinci sinifə gedirsən hələ,

Yolun,

kənd olsa da, kənd yolu deyil.

Bəlkə təyyarənin uçuşu belə

Bunca səksəkəli, qorxulu deyil.

 

Deyirlər nəğmədi sonuncu dərsin,

Demirəm tar götür, ya ələ saz al.

Bərk oxu,

Qoy keçsin sərhədi səsin,

Burda sən əsgərsən, sən də qisas al.

 

Cocuq Mərcanlıdan – Lələtəpəyə

Uzatsam, əlimin kölgəsi yetər.

Sinifdə şagirdlər ürək-ürəyə,

Nəğmə oxumağı öyrənirdilər.

 

SEYİDLƏRİM,

ŞƏHİDLƏRİM

Mənim Tanrım!

Mənim ulu peyğəmbərim!

Seyidlərdən-seyidlərə

İstəyirəm, salam deyim.

Mən, Mir Sədi Ağam, – deyim.

Səfər bəyə, bəyim,- deyim.

Mir Cəlalı doyunca

Dinləyim,-deyim.

Bakıda Mir Möhsün Ağa!

O torpağa

Üzümü söykəyim, – deyim.

Məni Cərcis peyğəmbərim

Çağırmışdı Beyləqana,

Orda ona

Dəyim, deyim.

Hacı Mahmud əfəndini

Ziyarət eyləyim, -deyim.

Haqq yolunda haqsız gedən

Seyidlərim!

Şəhidlərim!

Sizsiz qalan bu dünyaya

Heç bilmirəm nəyim,-deyim?!

 

 

İSTƏR SƏNİ

Bir nəğməsən, oxuyuram,

Axşam səni, səhər səni.

Ağlar mənim uşaq könlüm,

Hər gün görmək istər səni.

 

Zəmilərdə sünbül açıb,

Adın könlümdə gül açıb,

Könlüm də təzə dil açıb,

Öz dilində səslər səni.

 

Ömür şirin bir yuxudu,

Taleyimi kim oxudu?

Gözlərim göz muncuğudu,

Yaman gözdən salar səni.

 

 

BAKIDA

Moskva tankla yeridi,

Bəd gəldi o il, Bakıda.

Cavanların al qanına

Boyandı sahil, Bakıda.

Bir tabut olmasa, Tanrım,

Bitmir qərənfil, Bakıda.

 

 

AĞLAMA MƏNİ

Həsrətəm “ay can” səsinə,

Yanan, yandıran səsinə.

Hardasan qurban səsinə,

Nigaran saxlama məni.

 

Bu dünyanın üzü qəmdi,

Biri zildi, biri qəmdi,

Məcnun mənim tələbəmdi,

Təzədən yoxlama məni.

 

Qəmim sahilə yan alır,

Ünvan verib, ünvan alır.

“Ay can” deyənim can alır,

Ölməmiş ağlama məni.

 

 

YERƏ ENƏN KİMİ

Marksın “Kapital”da

Araşdırdığı tilsim,-

Mübtədadı, ya isim?

Bəlkə adicə “izm”?

Yoxsa, kapitalizm?

İki yerə bölünüb

Təyyarənin də içi.

Biri “birinci klass”,

O biri də “ikinci”.

Yox, burda fərq eləməz,

Toya gedirsən, yasa;

Gedib keçə bilməzsən

O “birinci klass”a

Biznes!

Yəni pul-para,

Səlahiyyət veribdi

Sahibkar sahibkara.

Ya Nizami Gəncəvi,

Ya Nizami Cəfərov -

İki ustaddan biri,

Alimi, ya şairi,

Toya gedir, ya yasa,

Olmaz,

Biznesi yoxsa.

Gəlir kapitalizm,

Yeni ənənə kimi.

Tanrı bizi qorusun

Yerə enənə kimi.

 

 

1. DƏRDİŞ*

Mən bu alın yazımızı

Oxuya bilmədim, dərdiş.

Sən gedəndə, mən də getdim

Yuxuya, bilmədim, dərdiş.

 

Bir palıd qopdu kökündən,

Dünya dəyişdi o gündən.

Öpdüm üzündən-gözündən

Heç doya bilmədim, dərdiş.

 

Şikarım, ovçun məniydim,

Ağlasan, ovcun məniydim.

Sənin qoruqçun məniydim,

Qoruya bilmədim, dərdiş.

 

 

2. DƏRDİŞ

-Hardasan, mənim şairim?!

-Sən olan yerdəyəm, dərdiş.

Həmişə çağrılan yerdə,

Sayılan yerdəyəm, dərdiş.

 

Ordayam – saz olan yerdə,

Taleyim yazılan yerdə.

Nəsimi asılan yerdə,

Soyulan yerdəyəm, dərdiş.

Qar yağır yenə Şuşada,

Ulu öndər düşür yada.

Vaqifə – heykəl abidə

Qoyulan yerdəyəm, dərdiş.

 

Yağış gəlir səpə-səpə,

Eşq olsun, ay Lələtəpə!

Hərbi yürüş, ilk qələbə

Yayılan yerdəyəm, dərdiş.

 

Gözəllik sərgisindəyəm,

Mərmərə dənizindəyəm.

Günelin məclisindəyəm,

Toy olan yerdəyəm, dərdiş.

 

Gülə-gülə, küsə-küsə,

Dumanlardan çıxdım üzə.

Yaş çatır doxsana, yüzə, -

Heyif olan yerdəyəm, dərdiş.

 

*Bizim Qazax-Ağstafa tərəflərdə əziz, doğma adamlara müraciətlə deyilən sözdür (müəllif)

 

 

OLUN

Gözümü yollarda keşikçi qoydum,

Dedim ki, yatmayın, siz oyaq olun.

O gələn yollarda duman-çən olsa,

Hərəniz ya bir şam, ya çıraq olun.

 

Heç kəsə bənzəmir, özü kimidi,

Taxdığı o yaqut üzük kimidi.

Göz – Məryəm anaın gözü kimidi,

O gözü görsəniz, göz-qulaq olun.

 

Güləndə, ürəkdən uğunub gedər,

Sonra hər yanaqda bir lalə bitər.

Könül aynasında görünər, itər,

Görünsə görünün, itsə yox olun.

 

Dünyaya gələli dünya işıqdı,

Kölgəsi – yerə də bir yaraşıqdı.

Bu ahıl yaşımda könlüm uşaqdı,

Ya ahıl olun siz, ya uşaq olun.

 

Görün, həsrət qonub yola haçandı,

Haqqı çağırdım ki, düyün açandı.

Amma kəklik kimi, hürküb qaçandı,

Nə çox yaxın durun, nə uzaq olun.

KÖŞƏ YAZARLARI
TOP 10