“Sən niyə susursan?”

28 Baxış

Respublikamızda kino sənətinin yüksəlişi ötən əsrin 60-cı illərinə təsadüf edir. 70-80-ci illərdə Azərbaycan kinosu özünün intibah dövrünü yaşamışdır. Həmin illərdə milli kinematoqrafiya yetkinləşmiş, möhkəmlənmiş və peşəkar təcrübə toplamışdır. Bu illərdə – xüsusilə altıncı onilliyin ikinci yarısında öz dəsti-xətti ilə seçilən, müəlliflərin həyat mövqeyini üzə çıxaran, yaradıcılıq və mövzu baxımından diqqəti cəlb edən əhəmiyyətli filmlər istehsal olunmuşdur. Təkcə 60-cı illərdə C.Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyasında 40-a qədər bədii film yaradılmışdır. Onların arasında qəhrəmanlıq və məhəbbət mövzularında – “Koroğlu” və “Leyli və Məcnun”, tarixi-inqilabi mövzuda – “Səhər” və “Yenilməz batalyon” filmləri vardır. Filmlərin çoxu müasir mövzu ilə bağlıdır. Məsələn, “Telefonçu qız”, “Möcüzələr adası”, “Əhməd haradadır?”, “Sən niyə susursan?”, “Bir cənub şəhərində”, “Uşaqlığın son gecəsi”, “İstintaq davam edir”, “Qanun naminə” və s.

 Yol da filmin bərabərhüquqlu qəhrəmanına çevrilir.
 Əgər o vaxtlar bütün ölkədə hay-küyə səbəb olmuş “Bir cənub şəhərində” filmi 1969-cu ilin məhsulu idisə, “Sən niyə susursan?” macəra filmi bundan bir qədər əvvəl, 1966-cı ildə çəkilmiş, o dövr üçün gözlənilməz mürəkkəb mənəvi-əxlaqi problemlərə toxunulmuşdur. Bu film şərəfsizlik, biganəlik, möhtəkirlik, xalq malının talan edilməsi kimi eybəcər hallara qarşı mübarizəyə çağırış idi.
Filmin qəhrəmanı Rasim təhsil almış, texnikum bitirmiş gəncdir. Onun valideynləri yoxdur. Avtomobil qəzasında faciəli şəkildə həlak olublar. O, avtobus parklarından birində növbətçi mexanik işləyir. İş elə gətirir ki, Rasim sevdiyi qızın – Sürəyyanın atası Şirməmmədə – brakonyerə balıqları lazımi yerə çatdırmaqda kömək etməyə razılaşır. Rasim ümid edir ki, bu, sevdiyi qızın ailəsinin ağır borcdan qurtarmasına kömək edəcəkdir. Brakonyerlər Rasimə yetim qızı, dinib-danışmayan Cəmiləni də qoşurlar. Qız bu çətin reysdə gəncə kömək etməlidir. Bir-birini tanımayan, lakin cinayət tərkibli bir işi yerinə yetirməli olan gənclər yolda olarkən müxtəlif adamlarla qarşılaşırlar, insanların necə sakit və rahat yaşadıqlarını görürlər. Rasim başa düşür ki, hətta məhəbbət naminə olsa belə, öz vicdanına qarşı kompromisə gedə bilməz. Filmdə magistral yol rəmzi məna daşıyır. Yol bizim həyatımızdır. Geniş yollar şəhərləri və kəndləri, hətta insanları birləşdirir. Məsələn, yolda avtomobil müfəttişi ilə Rasimin söhbəti diqqəti cəlb edir. Naməlum adam Rasimin maşınına əyləşir. Məlum olur ki, bu milis işçilərinin təqibindən qaçan qatildir. Milisionerlər qatili tutmaq üçün Rasimin maşınından istifadə edirlər. Milis işçilərindən birini – milis mayorunu aktyor H.Turabov oynayır. Kənd müəllimi gecə vaxtı yağışın altında dayanıb maşın saxlatdırmağa çalışır. Yenə də onun köməyinə Rasim gəlir. O, xəstə uşağı xəstəxanaya çatdırır…
Bu yollarla yeni tikintilər üçün materiallar daşınır, yolların kənarlarında ağaclar əkilir. Bu yola insan gərək mənən təmiz çıxsın. Axı, Rasim və Cəmilə brakonyerlərin dəstəsinə təsadüfən düşmüşlər. Filmin qəhrəmanı tədricən bunu başa düşür. Əslində bu cavanlar namuslu və xeyirxah insanlardır. Ona görə də Rasim yola çıxandan sonra ona müraciət edənlərə kömək etməyə çalışır. Yol gəncləri bir-birini başa düşməyə kömək edir. Bir-birilərinə qarşı inam yaradır, onların həyatına daxil olan hər cür natəmiz işlərdən azad olmağa imkan verir. Beləliklə də, magistral  yol da filmin bərabərhüquqlu qəhrəmanına çevrilir.
 Filip Jolodo bu filmi niyə seçib? 
 “Sən niyə susursan?” macəra filminin quruluşçu rejissoru H.Seyidbəyli həm də ssenari müəllifidir. Quruluşçu operator R.Ocaqov həm də II rejissordur. Film çox yüksək peşəkarlıqla çəkilmişdir. Burada istər rejissor, istərsə də operator işi diqqəti cəlb edir. “Sən niyə susursan?” qeyri-adi filmlərdən biridir. Burada əsl sənətin ab-havası duyulur. 1995-ci ildə Nant kinofestivalının direktoru Filip Jolodo Azərbaycan kinosuna həsr olunmuş retrospektiv baxış üçün bu filmi bəyənib seçmiş və kinofestivalda nümayiş etdirmişdir.
Kinofestivalın rəhbərinin diqqətini bu filmdə cəlb edən dövrümüzün son dərəcə aktual və mühüm bir probleminə toxunulmasıdır. Bu problem gənc nəslin həyatda özünə düzgün yol seçə bilməsi ilə bağlıdır. Bu yolda gəncləri min-bir çətinliklər gözləyir, onlar müxtəlif maneələrlə qarşılaşmalı və üz-üzə gəlməli olurlar. Film məhz bu çətinliklərlə mübarizəyə, maneələrin dəf edilməsinə həsr olunmuşdur. Filmin qəhrəmanı səhv də edir, bəzən əsl mənəvi sərvətləri lazım olan yerdə axtarmır, müxtəlif adamlarla, insan taleləri ilə qarşılaşır. O, dövrün böyük həqiqətini – ilk növbədə ədalət uğrunda mübarizə aparmağın vacibliyini həmin an dərk edə bilmir. Buna yiyələnmək üçün o, sınaqlardan keçməməlidir. Çünki məhz bu çətin sınaqlar onun daxilində gizlənmiş böyük insani hisslərin oyanmasına kömək edəcəkdir. Nəhayət, Rasim öz həyat yoluna qalib kimi çıxır və başa düşür ki, insan cəmiyyətimizdə ara-sıra rast gəlinən natəmizlikləri görəndə susmamalıdır, var qüvvəsilə bu cür nöqsanlara qarşı mübarizə aparmalıdır.
 Rejissor baş qəhrəmanları minlərlə şagirdin arasından seçib
 Yazıçı Y.Əzimzadə dostu H.Seyidbəylinin yaradıcılığı barədə yazmışdır: “Həsən povestlərində, romanlarında, ssenarilərində, hekayələrində, hətta oçerklərində bugünkü insanın həyatı və işi haqqında ürək açıqlığı ilə, sadə və aydın söhbət açmağı xoşlayır və bu cəhət onun əsərlərində oxucuya, mən deyərdim ki, tamaşaçıya xoş hisslər təlqin edən səmimiyyətə bağlanır.”
H.Seyidbəylinin filmlərinə baxanda burada diqqəti cəlb edən başqa bir məsələ də ortaya çıxır. Həmin məsələ Həsən müəllimi görünür çox narahat edirdi. Bu, cəmiyyətdə yaşayan və çətinliklərlə üz-üzə qalan qadınların taleyidir. “Telefonçu qız” filmindəki Mehriban, “Möcüzələr adası”ndakı Məryəm, “Sən niyə susursan?”dakı Sürəyya, Cəmilə, “Bizim Cəbiş müəllim”dəki Cəbişin arvadı və Nəcəfovun arvadı, “O qızı tapın”dakı Əminə, “Nəsimi”dəki Şəms və Fatimə, “Xoşbəxtlik qayğıları”ndakı Rüxsarə belə qadınlardandır.
“Onun xoşbəxtlik qayğıları” məqaləsinin müəllifi M.Adilov çox düzgün olaraq qeyd edir ki, H.Seyidbəyli Azərbaycan qadınının, ələlxüsus gənc qızların, azərbaycanlı ailəsinin xoşbəxtliyini arzulayır, buna mane olan problemləri qabardırdı. Onun əsərlərində və filmlərində gənc qadın və ailə problemi qoyulur və müəllif məsələni özünəməxsus şəkildə həll etməyə çalışırdı.
Həsən müəllim “Sən niyə susursan?”  filmi ilə bağlı demişdir: “Mənim bütöv yaradıcılığımın əsas mövzusu insanın xeyirxahlığı, insanın mənəvi gözəlliyi ilə bağlıdır. Əgər əvvəlki filmlərimdə əsas mövzunun ayrı-ayrı hissələrini işləmişdimsə, “Sən niyə susrsan?” filmində bütün bu motivlər ümumiləşdirilmişdir.”
Rejissor baş qəhrəmanları minlərlə şagirdin arasından seçmişdir. Rəna Səlimova və Xəyal Axundzadə inandırıcı və təbii oyun nümayiş etdirmişlər. Maraqlıdır ki, nə Xəyal, nə də Rəna gələcəkdə kinoaktyor olmaq fikrinə düşməmişlər. Amma onların hər ikisi “Cazibə qüvvəsi” novellasında çəkilmişdir. Rəna Səlimova sonralar da bir neçə filmdə iştirak etmişdir. Sürəyya rolunun ifaçısı Zemfira Sahilova  o vaxtlar Moskvadakı Şukin studiyasının tələbəsi idi. Sonralar o, rejissor A.Babayevin “Birisi gün gecəyarısı” macəra filmində əksinqilabçı Ağabəyova və “İnsan məskən salır” filmində Ədilə rollarında çəkilmişdir.
 Filmdə aktyorlardan Yusif Vəliyev Şirməmməd, Oleq Xabalov Nəcəf, görkəmli aktyor Yaşar Nurinin atası Məmmədsadıq Nuriyev Arıq, Kamil Qubuşov Bəbir, Sadıq Hüseynov sahə müvəkkili rollarında çıxış etmişlər.
Moskvanın “Romen” Qaraçı Teatrının aktyoru və rejissoru, bir neçə pyesin müəllifi Oleq Xabalov “Qaraca qız” və “Möcüzələr adası” filmlərində maraqlı surətlər yaratmışdır.
Filmin operatoru R.Ocaqovun həm də II rejissor olması təsadüfi deyildi. Çünki o, 10-dan artıq filmdə operator işləyəndən sonra rejissorluğa keçmiş və bu sahədə bir sıra dəyərli filmlər, o cümlədən “Ad günü”, “Tütək səsi”, “Özgə ömür”, “Təhminə”, “Ölsəm, bağışla”, “Otel otağı” və s. ekran əsərləri yaratmışdır.

Filmin quruluşçu rəssamı Kamil Nəcəfzadə, bəstəkarı Tofiq Quliyevdir.

 

 Aydın Kazımzadə,

əməkdar incəsənət xadimi  

Mənbə: http://kaspi.az/az/50-ildir-aktual-olan-sual-sen-niye-susursan/

KÖŞƏ YAZARLARI
TOP 10