“Səni sevməyə haqqım var…” – Hədiyyə Şəfaqət

53 Baxış

photo_1165

Şeirlər

…Keç ağ xəyallarınla gecənin ortasından

Göm-göy suları yatır gölün

Yuxusundakı adamları unudub…

Tozsuz cığırlarında nə bir ayaq izi var

Nə bir yolçu həniri

Ən uzaq məbədlərin qapısını kol tutub….

Bomboz bozarıb çölün çiçəksiz torpaqları.

O bəlkə canlanacaq,

Canlanacaq

Yenə də…

Göy ovcunun içində göz kimi, qapaqları qapanmadan, o üzdə

Bir ulduz uçub gedir

Bir ulduz

Eh…

Kimə nə…

Çay yatağı ən gözəl sularını dəfn edib

Baxır qarşı sahilə.

Baxır, susur quanqlar…

Boşluğun bu üzündən o üzünə səslənib

Gözləməkdə nə məna

Çağırışı  kim anlar…

Quş uçuşu ağırdır,

Kəpənək olmaq yetir.

Zamanı saxlayanda eşidilir ən kiçik

Çırpıntı

Aram-aram…

Çaxılmağa yeri yox,

Uçub getməyə göyü…

İndi ölüm gərəkdir

Qırılmış qanadların sahibinə,

Vəssalam…

***

Bir quş uçdu budağından

Ağacın

Gözləri yuvaya dikildi…

Axşam oldu, quş qayıtmadı,

Səhər oldu, quş qayıtmadı,

Qış gəldi, quş qayıtmadı,

Yaz gəldi, quş qayıtmadı…

Ağacın

Yuva olan tərəfi qurudu…

***

…Mən sənin əlindən alınmış bətnindən gəldim, kişi,

Bunun üçün bu qədər sənəm,

Bunun üçün bu qədər axtarırsan özünü qadın bədənində-

Bədən üzdür…

Sən üzdə deyilsən…

Dərinləri duy….

Qoy

Kim nə deyir-desin,

Bu dönüklük deyil, sənin haqqındır…

Özünü dağıldığın hər yerdən

Yığ….

Yaşa…

Hamı bir gün başa

Düşəcək ki…

Sənin

Yeganə özünü yaratmaq cəhdinəm – sev məni…

Yəni

Yeganə bağınam belinlə,

Əlinlə,

Ruhunla…

Qorxunla

Heç nə edə bilməyəcəksən…

Unut  onu…

Çıx,

Çıx bu çənbərin içindən,

Kim  səni günahlandıra bilər, kişi?

Axtar…

Dolaşdığın

Bütün qadınların bətnində özünü…

Bir gün ona qayıdacaqsan…

…Bunu qadından xəbər al,

Kişi…

Xəbər al, de ki:

-Səni mənmi doğdum?..

Hardaydın?..

Yoxdun…

***

…Bir daş qopar divarından

Bir pəncərə şüşəsi sınar

Bir ağac kəsilər bağçasında ömrün.

Olsun…

Daş qopub düşmək üçündür

Şüşələr sınmaq…

Amma

Ağacları kəsməsinlər,

Ağaclar özü qurusun vaxtı çatanda…

***

Sən indi öldürməyə hazırlaşırsan,

Mən

Son sözümü söyləməyə…

Söyləmək istəyirəm, əllərin necə titrəyirdi, gördüm,

Gözlərin necə yaşarmışdı,

Ürəyin necə kiçilib bir damcı qalmışdı, gördüm…

Bunlar

Üzünə gülümsəməyimə yetir…

Mən mərhəmətə inanıram,

İnanıram baxışlarındakı gizli işığa.

Qəlbinin dərinliyindəki adama,

O adamın içindəki uşağa…

Bəlkə sən də

Gül bəsləyirsən pəncərəndə,

Axşamlar nəzərlərini üfüqə dikirsən…

Çörək dilimləyirsən, su içirsən

Bəlkə ağlayırsan da acı şeylər yada düşəndə?..

Bəzən hamıdan, hər şeydən qurtulasan deyə

                                   baş götürüb gedirsən…

Sənin də

Hardasa qoxusunu içinə çəkdiyin bir uşaq,

Çörək qırıqladığın quşlar,

Sevdiyin bir qadın var…

Sən də hamı kimi…

İnsansan yəni…

Səni sevməyə haqqım var…

KÖŞƏ YAZARLARI
TOP 10