İlham Aslanov:
Arxada əzablı, gerçək bir ömür,
Qarşıda kim bilir, nəyim var mənim.
Hələ neçə gələn günüm, gündüzüm,
Neçə gecəm, neçə röyam var mənim.
Mən səndən bir damla sevgi istədim,
Sən məni boğdun çağlayan ümmanda.
İndi səndən ayrı, səndən uzaqda,
Məhəbbət dolu bir dəryam var mənim.
Adınla başlayır könül səhifəm,
Dərdimin azı da, çoxu da sənsən.
Özün yoxsan, xəyalını yaşadan,
Ürəyimdə şirin xülyam var mənim
Xəta etdim, sevdamı verdim bada,
Qaldım səfalətdə, sənsiz dünyada,
Nə yaxşı ki, dünyam sənsiz olsa da,
İçimdə bir sənli dünyam var mənim.