Sənsizliyin yiyəsizlik halı

207 Baxış


mushfiqxan
Müşfiq XAN

 

səkkiz il əvvəl ağ ölümə ən son addımda

məğlub olan əziz dostum C.-ın unudulmaz xatirəsinə…

Onu öldürmüşdülər. Öldürmüşdülər deyəndə ki, əslində qanına qəltan eləmişdilər. Gözünü oymuşdular. Sağ gözünü. Sonra sağ qulağını, sağ qolunu, sağ ayağını kəsmişdilər. Ölümə doğru cəmi 2-3 addım, 3-4 ah, 4-5 tələsik nəfəsalma və cəmi 5-6 ürək döyüntüsü ayırırdı onu həyatdan.

Bir ölüm ancaq bu qədər ucuz, bu qədər sadə və bu qədər mənasız ola bilərdi. Qatil onun sonuncu varlığını – tənhalığını ikiyə bölmüşdü. İndi tənha deyildi – sağa-sola bölünmüşdü. Düşünməyə bəzən macal olmur. Onun da indiki halı belə idi. Düşünə bilmirdi. Düşünə bilsəydi, əslində tənhalığın nə qədər gözəl həyat tərzi olduğunun fərqinə də varardı. Tənhalığının, kimsəsizliyinin sağını sol gözü ilə sonuncu dəfə yola salırdı, torpağa tapşırırdı.

1,2,3,4,5,6,7… qəribədi, ölə bilmirdi. Birdən-birə daha miskin tənhalaşma hiss etdi ürəyindən üzü aşağı – sol ayağına doğru. Səssizlikdi. Qatil yoxdu. Sağ yarısını da yığıb müəmmalara qarışmışdı o. Yox, qatil, ümumiyyətlə, olmamışdı. Xatırlaya bilmirdi onun üz cizgilərini. Yerində şəffaf bir boşluq var idi. Amma belə ola bilməzdi, yuxu görmüş olmalıydı. Ayılmağa çalışdı.  Şiddətli ağrıdan sarsıldı. Yuxu deyildi. Sol əli ilə özünü yoxladı. Həqiqətən də yarısı yox idi. Ən pisi burasındaydı ki, bu hala necə düşdüyünü xatırlaya bilmirdi. Gözü toranlaşmağa başladı. Tədricən şəffaf insan silueti görünürdü. Nəsə deyirdi. Yox, danışmırdı, bayaqkı kimi gülürdü. Tanış səs idi. Həmin qatil olmalıydı. Diqqətini topladı. O, yaxınlaşırdı. İndi daha yaxşı seçə bilirdi. Gözünə inanmadı. Gülə-gülə ona doğru gələn qatilin yarısı yox idi. Solu yox idi bu əcaib varlığın. Gülməyi gəldi. Uğunmaqdan özünü zorla saxladı. Onun gülüş səsləri yüksəldikcə qatil susqunlaşırdı. Üz-üzə dayandılar. Bir-birini xatırlamağa çalışdılar. Çox çəkmədi, ani sürdü. Hər ikisinə elə gəldi ki, min ildir tanışdırlar.

İndicə ayrılmışdılar biri o birinə çox bənzəyən bu yarılar. Solun qolları deşik-deşik idi. Sağın əlində tiyəsinə qədər qana bələnmiş balta vardı. Sümükləri sızıldadı. 1,2,3,4… alınmadı, hava çatmırdı sanki. Son taqətlərini toplayıb yanaşı dayandılar. Dayandılar deyəndə ki, birləşib sonuncu dəfə bütövləşdilər. Ətrafa ağappaq pərdə çökdü. Qandan əsər-əlamət yox idi. Bircə addımlıqdan səda eşidildi. Tanış səsiydi. Ötənlərdə gəlib-getdiyi çox olmuşdu. “Yox”, – deyə bilmədilər, uzanan tanış əldən yapışdılar. Bərk-bərk. Gələn ölüm idi. Rəngi  dördyanlarını saran qatı pərdədən seçilmirdi – ağappaq idi. Getdilər…

p.s. Bu abstrakt monoloq müəllifin “Qatil üçün nekroloq” detektiv romanındandır.

 

 

 

Bölmə : Müşfiq XAN
KÖŞƏ YAZARLARI
TOP 10