“Şərq-Qərb” nəşriyyatında Nəsimi ilə bağlı yeni yanaşmanı əks etdirən kitab dərc edildi

22 Baxış

79774867_953145268418662_8197524161971617792_n

Bu günlərdə “Şərq-Qərb” nəşriyyatında Azərbaycan Respublikasının Əməkdar elm xadimi Qəzənfər Paşayevin “Nəsimi: Edamdan sonrakı həyat” kitabı işıq üzü görüb.

Nəşriyyatın baş redaktoru Nərgiz Cabbarlının verdiyi məlumata görə, kitab nəsimişünaslar və oxucular tərəfindən böyük maraqla qarşılanacaq: “Çünki bu nəşr şairin həyat və yaradıcılığı ilə bağlı bir çox məqamlarla, xüsusən də onun edamı və “dönüklüyü” məsələsinə yeni rakursdan yanaşma ilə diqqət çəkir. Professor Qəzənfər Paşayev kitabında elm aləmi üçün yeni olan bir çox məsələdən söz açır”.

Onu da qeyd edək ki, kitabda “Nəsimi: edamdan sonrakı həyat”, “Nəsimi obrazı bədii ədəbiyyatda”, “Bədii fikir tariximizdə Nəsimi zirvəsi”, “Nəsimi sənətinin folklor qaynaqları və aşıq şeiri qatları”, “Nəsimi irsinin tədqiqində yeni mərhələ” məqalələri tamamilə yeni elmi qənaətləri əks etdirir. N.Cabbarlının sözlərinə görə, kitabda ən maraqlı məqamlardan biri Nəsiminin edamı ilə bağlı din xadimlərinin fətva vermədiyi qənaətinin irəli sürülməsidir: “Halbuki, bu məsələ ilə bağlı indiyə qədər irəli sürülən fərziyyə tamamilə fərqli idi. Bu səbəbdən və bir çox başqa məqamlara işıq saldığı üçün inanırıq ki, monoqrafiya oxucu və tədqiqatçılar tərəfindən maraqla qarşılanacaq”.

Kitaba, həmçinin şairin divanının heç bir nüsxəsində təsadüf edilməyən 11 və yalnız bir divan nüsxəsində rast gəlinən 63 şeiri daxil edilmişdir. Kitabın ön sözünün müəllifi akademik Rafael Hüseynov, rəyçisi akademik Möhsün Nağısoyludur.

ELEKTRON KİTABXANA
ustadejurnalyukle
USTAD / E-versiya
ustadejurnalyukle
KÖŞƏ YAZARLARI
TOP 10