Səsini öpdüyüm – Şahanə Müşfiq

28 Baxış

112924_qcmwydzisj

İşdən-gücdən yorulub, dünyanın səs-küyündən usanıb, problemlərin arsız sifətindən diksinib süstləşdiyin məqamda hardansa gələr, əllərinlə bərk-bərk qapadığın qulaqlarına İlahi səs, İlahi nəfəs kimi bir “can” pıçıldayar və sən bu üç hərflə canına yeni can üfürülmüş kimi yenidən sarılarsan həyata, dünyaya, insanlara…bu dəfə “eşqəlli”…

Eşq bədənin ən kiçik hüceyrəsinə, varlığın ən sonuncu zərrəsinə qədər insanı yaşamağa sövq edən ən ülvi duyğudur. Eşqsiz bir dünyanı çox yox, vur-tut bir neçə saniyəlik təsəvvür edərsinizmi?! İnsanların ürəyindəki sevmək qabiliyyəti birdən-birə yox olur, heç olmayıbmış kimi ərşə çəkilir… Və nəticə?! Köhnə bir mahnıda da deyildiyi kimi, “Qalmaz nişanım, izim, məhəbbət olmayanda…”

Eşqin min bir halı, min bir obyekti var. Kimi insanı sevər, kimi vətəni, kimi təbiəti, kimi özünü, kimi də sadəcə yaşamağı…

Bir də var əllə tuta, gözlə görə bilmədiyin, sadəcə duyğu üzvlərinlə, ya da hisslərinlə “toxunduğun”, hardasa bir yerlərdə var olduğunu bildiyin nələrisə sevmək. Yanında olması şərt deyil, sən onu hiss edirsən, gözünün görməyi gərəkməz, sən onu belə də duyursan.

Bax, elə səsi sevmək kimi… Ya da sevdiyinin səsinə aşiq olmaq. O qədər bir-biriylə eyniləşər ki, bir vaxtdan sonra sən belə unudarsan hansını öncə sevmişdin, səsini, ya özünü? Bir də nə fərqi var ki?! Sevirsənmi, sevirsən, özləyirsənmi, özləyirsən, güc alırsanmı, alırsan. Səbəbi nə olursa olsun, xoşbəxtsənmi? Xoşbəxtsən!

Səsi duymaq üçün onu qulaqla yox, ürəklə dinləmək lazımdır. Dağ şəlaləsi kimi coşğun, duru səs vardır. Hər nəfəsindən səmimiyyət yağar, məhrəmlik tökülər. Elə ilk nəfəsdəncə “qorxma, məndən sənə zərər gəlməz”- deyər. Və ruhun şüurunun üzünə baxa-baxa sənə hiss etdirmədən qaçar ona. Bir də gözünü açarsan ki, o səsə bürünüb yaşayırsan.

Hisslərin ən gözəlidi səsə vurulmaq… Səs elə bir şeydi ki, harda olsan, nə etsən də səninlədi, gözünü yumanda da, açanda, susanda da, danışanda da, yazanda da. Hətta hər şeydən, hər kəsdən qaçıb sığındığın ala qaranlıq otağının bir küncündən belə ürkək-ürkək boylanar sənə. Halından narahat olar. İstəsən də, istəməsən də səni tək buraxmaz, qovsan da getməz. Çünki bilər sənin özündən də xəbərsiz ona möhtac olduğunu, daim onu arzuladığını, özün də hiss etmədən onunla var olduğunu. O da ən sadiq həmdəmin kimi həmişə qulağına pıçıldayar. Sahibi getsə belə o getməz, səni atmaz.  Nəfəsini bədəninə, ruhuna yayar və sən o səsi qucaqlayarsan, öpərsən. Gah bətnində böyütdüyün körpə qədər əziz, gah da bətnindən qopduğun anan qədər doğma olar.

Nədən danışmağı, nə deməyi önəmli deyil. Dünyanın ən vacib məsələsi, ən qlobal problemi imiş kimi diqqətlə dinləyərsən. O danışar, sən dinləyərsən, o danışar, sən o səsdən yapışıb heç vaxt görmədiyin, bilmədiyin gözəlliklərə gedərsən. O susar, sən yenə də onu eşidərsən. Varlığı tək təsəllinə çevrilər…

Öpdüyün, acgözlüklə ciyərlərinə çəkdiyin səsin içərisində yol gedərsən. Hərdən hamar, düz, gül-çiçəkli, hərdən də daş-kəsəkli olar onun sənə açdığı yol. Addımlarını düz onun açdığı izlərə basarsan, birdən azıb qalaram qorxusu ilə.

Hərdən günəş doğar o səsdə, hərdən də külək əsər, yağış isladar. Canına elə bir üşütmə salar ki, sözlərin dilində buz bağlayar. Ruhunu donduran o səsdən qurtulmaq üçün də elə o səsin üstünə qaçarsan, ilıqlığına, istiliyinə sığınarsan.

İlk ünvanın, son mənzilin olar o İlahi səs. Yorulanda başını ona söykəyib xəyala dalar, susuzluğunda su kimi başına çəkərsən.

Bircə səslə başlayan eşqin artar, çoxalar, sarmaşıq kimi dolanar ruhuna, qucar varlığını. Bir də onda ayılarsan ki, təkcə səslə bitməyib işin, səs sahibinə də vurulmusan, aşiq olmusan. Özü də qəflətən, necə gəldi yox, aram-aram…

Həm də bir dəfə sevmək xoşuma gəlmir axı, hələ tam sevməkdən lap acığım gəlir… Qışın sazağında donmuş dodaqlarınla qaynar çaya toxunur kimi sevəcəksən, asta-asta, həzz ala-ala, qurtum-qurtum…

Hər gün bir az sevəcəksən. Bax, gündə bircə dəfə, yox ya da iki dəfə: səhərdən axşama, axşamdan səhərə. Bu gün gözlərini sevəcəksən, sonra gülüşünü, baxışlarını sevməyi sabaha saxlayacaqsan. O şirin səsinə çoxdan vurulmuşdun onsuz da… Bir səhər yerişinə aşiq olduğunu görəcəksən, elə həmin axşam sənə toxunuşunu sevəcəksən…

Gün gələcək nifrət etdiyin siqaretinin dumanı olmaq keçəcək ürəyindən, siqaretə toxunuşunu qısqanacaqsan…

Hər gün bir az sevəcəksən, hər gün yenidən aşiq olacaqsan o səsin sahibinə…

Bir dəfə cəhd edin. İnsandan öncə səsə aşiq olun. Eşqin əl dəyməmiş, bakirə halıdır səsi sevmək.