Şəhər (rayon) mədəniyyət mərkəzlərinin illik ümumrespublika müşavirəsi keçiriləcək

15 Baxış

Mədəniyyət və Turizm NazirliyiMədəniyyət və Turizm Nazirliyi tərəfindən dünyanın qabaqcıl ölkələrinin mədəniyyət siyasəti sahəsindəki təcrübələri nəzərə alınmaqla Azərbaycan mədəniyyətinin, xüsusilə qədim və möhtəşəm Azərbaycan qeyri-maddi mədəni irsinin qorunması, bərpası və istifadəsində aparıcı mədəni-siyasi texnologiyaların tətbiqi vasitəsilə aparılan əsaslı və hərtərəfli islahatlar uğurla davam etdirilir.

Azərbaycan qeyri-maddi mədəni irs sahəsinin dəstəklənməsi, əhalinin asudə vaxtının mədəni təşkili üçün, o cümlədən onun infrastrukturunu təşkil edən klub müəssisələrinin fəaliyyətinin yenidən qurulması məqsədilə “Qeyri-maddi mədəni irsin qorunmasına dair” YUNESKO Konvensiyasının tövsiyələrinə əsasən və qeyri-maddi mədəni irs sahəsində beynəlxalq təcrübədən, o cümlədən Avropa Şurasının “Avropada mədəniyyət siyasəti və təmayüllərin Kompendiumu” kimi beynəlxalq layihələrdən bəhrələnərək hazırlanmış Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin “Şəhər (rayon) mədəniyyət mərkəzlərinin yaradılması” layihəsi ilə əlaqədar klub sistemində mərkəzləşdirilmə və profilləşdirilmə üzrə əsaslı islahatlar həyata keçirilir. Bununla bağlı yerlərdə şəhər (rayon) mədəniyyət evləri əsasında mədəniyyət mərkəzləri və onların diyarşünaslıq, folklor, sənətkarlıq və digər profilli filialları yaradılır.

Layihə ilə bağlı həyata keçirilən islahatlar Şəki və Lənkəran şəhər, habelə Abşeron, Balakən, Gədəbəy, Göygöl, Xaçmaz, Qazax, Qəbələ, Masallı, Şamaxı, İsmayıllı rayonlarının klub müəssisələrinin fəaliyyətinə öz müsbət töhfəsini vermişdir. Aparılan islahatların davamı olaraq Gəncə, Mingəçevir, Naftalan, Sumqayıt, Şirvan, Yevlax şəhərlərində və Ağcabədi, Ağdaş, Ağstafa, Ağsu, Astara, Bərdə, Beyləqan, Biləsuvar, Cəlilabad, Daşkəsən, Goranboy, Göyçay, Hacıqabul, Xızı, İmişli, Kürdəmir, Qax, Qobustan, Quba, Qusar, Laçın, Lerik, Neftçala, Oğuz, Saatlı, Sabirabad, Salyan, Samux, Siyəzən, Şabran, Şəmkir, Tərtər, Tovuz, Ucar, Yardımlı, Zaqatala, Zərdab rayonlarında mədəniyyət mərkəzləri yaradılmışdır. Yekun mərhələdə islahatların Bakı şəhərinin və ərazisi müvəqqəti işğal olunmuş rayonların respublikanın müxtəlif bölgələrində yerləşdirilmiş klub müəssisələri üzrə tətbiq olunması planlaşdırılır.

Məsələ ilə əlaqədar görülmüş işlərə və qarşıda duran vəzifələrə dair 10 fevral 2016-ci il tarixində Beynəlxalq Muğam Mərkəzində Şəhər (rayon) mədəniyyət mərkəzlərinin illik ümumrespublika müşavirəsi keçiriləcəkdir.

Müşavirədə Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin, Mədəniyyətşünaslıq üzrə Elmi-Metodiki Mərkəzin, Respublika Mədəniyyət Müəssisələri İşçilərinin Hazırlıq və İxtisasartırma Mərkəzinin nümayəndələrinin, habelə respublikanın bütün şəhər və rayonlarının mədəniyyət və turizm idarələrinin (şöbələrinin) müdirlərinin və Şəhər (rayon) mədəniyyət mərkəzlərinin direktorlarının iştirakı nəzərdə tutulur.

Müşavirədə Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin “Şəhər (rayon) mədəniyyət mərkəzlərinin yaradılması” strategiyası”, “Azərbaycan mədəniyyətinin və xalq yaradıcılığının dəstəklənməsində, qeyri-maddi mədəni irsin qorunmasında, əhalinin asudə vaxtının mədəni təşkilində Şəhər (rayon) mədəniyyət mərkəzlərinin rolu” və digər mövzularında çıxışlar planlaşdırılır.