“Şəhər və teatr” elmi praktiki konfransı keçiriləcək

7 Baxış

 AzərbaycaADMİUn Dövlət Mədəniyyət və İncəsənət Universiteti 4 mart 2016-cı il tarixində Şəhər və Teatr mövzusunda Milli teatr gününə həsr olunmuş elmi-praktiki konfrans keçirəcək.

Konfransın açılışı 4 mart 2016-cı il tarixində saat 10.00-da AMEA-nın Əsas binasında (4-cü mərtəbə) Ədəbiyyat İnstitutunun elektron konfrans zalında olacaq (Ünvan: Bakı, Hüseyn Cavid prospekti, 115.).

Konfransı giriş sözü ilə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin rektoru, professor Fərəh Əliyeva, Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirinin müavini, professor Ədalət Vəliyev və AMEA-nın vitse-prezidenti, akademik İsa Həbibbəyli açacaq.

ADMİU-nun prorektoru, Əməkdar incəsənət xadimi, professor Məryəm Əlizadənin, Q.Kamal adına Tatarıstan Dövlət Akademik Teatrının ədəbi hissə müdiri Niyaz İqlamovun, Gürcüstanın İliya adına Sənət Tədqiqatları İnsittutunun direktoru, professor Levan Xetaqurinin iştirakı ilə keçirilən plenar iclasdan sonra elmi-praktiki konfrans “Teatr və şəhərin iqtisadi mənzərəsi” və “Şəhərin kommunikativ şəbəkəsində teatr” adlı iki seksiyada davam etdiriləcək.

Konfransın “Teatr və şəhərin iqtisadi mənzərəsi” seksiyasında YUĞ Dövlət Teatrının direktoru Tərlan Rəsulov “İnteraktiv teatr və şəhər”, teatrın mətbuat katibi Könül Əliyeva-Cəfərova “Kiçik və orta şəhərlərdə teatr” adlı məruzə ilə çıxış edəcək. Həmçinin teatrın ədəbi hissə müdiri Elçin Cəfərov konfransın “Şəhərin kommunikativ şəbəkəsində teatr” seksiyasında “Müasir şəhər həyatında teatrın rolu: sosioloji analiz”, teatrın aktrisası Natəvan Qeybani isə “Şəhər adamının teatral oyun məkanında təbii transformasiyası” adlı məruzə ilə çıxış edəcək.

Rusiya və Gürcüstan teatrşünaslarının da qatılacağı konfransın məqsədi çox mühüm elmi-nəzəri bir mövzunu gündəmə gətirmək, şəhər və teatr əlaqələrinin təhlilini vermək, məsələnin tarixi ənənəsini araşdırmaq, şəhərin infrastrukturunda teatrın tutduğu yeri və daşıdığı funksiyaları müasir gerçəkliyin etno-psixoloji parametrlərinə söykənərək çözmək, mövzunun kulturoloji, fəlsəfi və sosial aspektlərini şərh etməkdir.

Konfransın hədəflədiyi ikinci məqsəd isə müasir Azərbaycan teatr düşüncəsinin hüdudlarını və perspektivdə mümkün inkişaf istiqamətlərini müəyyənləşdirməkdir.