“Şəhid, səndən başlayır Vətən!” sənədli filminin təqdimatı keçiriləcək

6 Baxış

şəhid səndən başlayır vətən 22016-cı il iyulun 1-də Azərbaycan İstiqlal Muzeyinin ekspozisiyasında “Torpaq uğrunda ölən varsa Vətəndir!” adlı aksiya çərçivəsində İTV-nin “Carçı” Film Yaradıcılıq Birliyinin aparıcısı, tarix üzrə fəlsəfə doktoru Mahir Qəribovun müəllifi olduğu Milli Qəhrəman Səyavuş Həsənova həsr olunan “Şəhid, səndən başlayır Vətən!” sənədli filminin təqdimatı keçiriləcək.

Cari ildən Azərbaycan Respublikasının Milli Qəhrəmanlarını bir daha anmaq məqsədilə muzeyimiz “Torpaq uğrunda ölən varsa Vətəndir!” adlı aksiyaya start verib. Bu aksiya çərçivəsində Azərbaycan İstiqlal Muzeyi Paşa Nəzərov adına 60, Şəfiqə Əfəndizadə adına 13, Hikmət Nəzərli adına 27, Səbail rayonu 163 saylı və digər məktəblərdə, hərbi hissələrdə Milli Qəhrəmanların ailə üzvlərinin iştirakı ilə sərgi-tədbirlər keçirib, onların həyat və fəaliyyətini əks etdirən sənədli filmlər nümayiş etdirib.

Tədbirdə Azərbaycan İstiqlal Muzeyinin elmi-kütləvi işlər şöbəsinin müdiri Sədi Mirseyibli, Müdafiə Nazirliyinin Mənəvi-Psixoloji Hazırlıq və İctimaiyyətlə əlaqələr İdarəsinin rəis müavini, polkovnik Abdulla Qurbani, Milli Qəhrəman Səyavuş Həsənovun oğlu Həsən Həsənli, döyüş yoldaşı Telman Tağıyev və digər qonaqlar çıxış edəcəklər.

Tədbirdə Milli Qəhrəman Səyavuş Həsənovun qohumları və dostları, Milli Qvardiyanın, Daxili Qoşunların əsgərləri, Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının, Azərbaycan Dövlət Pedaqoji Universitetinin tələbələri və digər qonaqlar iştirak edəcəklər.