Şəkinin Türk dünyasının mədəniyyət paytaxtı elan olunması ilə bağlı tədbirlər planı müzakirə olunub

14 Baxış

Şəki şəhərinin 2016-cı il üçün Şəki tədbirlər planıelan olunması ilə bağlı tədbirlər planının müzakirəsinə həsr olunmuş görüş keçirilib.

Mədəniyyət və Turizm Nazirliyindən Senet.az-a verilən məlumata görə, görüşdə mədəniyyət və turizm naziri Əbülfəs Qarayev, Şəki şəhər İcra Hakimiyyətinin başçısı Elxan Usubov, nazir müavinləri və tədbirlər planına cavabdeh əməkdaşlar iştirak edib.

İclasda ilk əvvəl çıxış edən mədəniyyət və turizm naziri Əbülfəs Qarayev Şəkinin Azərbaycanın tarixi şəhərlərindən olduğunu vurğulayıb və şəhərin tarixi əhəmiyyətinin turizm məqsədləri üçün istifadəsinin vacib olmasından bəhs edib.

Şəkinin Türk dünyasının mədəniyyət paytaxtı elan olunmasından bəhs edən Nazir qeyd edib ki, bu il ərzində silsilə tədbirlər keçiriləcək. Hər il Şəki şəhərində keçirilən böyük festivalların turistlər tərəfindən maraqla qarşılandığını vurğulayıb.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 19 yanvar 2016-cı il tarixli “Şəki şəhərinin tarixi hissəsinin qorunması haqqında” imzalanan Sərəncamın əhəmiyyətindən danışan Nazir, hər kəsin ən yaxşı şəkildə Sərəncamın icrasını təmin etməyinin vacib olduğunu diqqətə çatdırıb.

Nazir çıxışında daha bir mühüm məsələyə toxunaraq qeyd edib ki, Şəki şəhərinin YUNESKO-nun Dünya İrsi Siyahısına daxil edilməsi ilə bağlı sənədlər Təşkilata təqdim edilib.

Daha sonra çıxış edən Şəki şəhər İcra Hakimiyyətinin başçısı Elxan Usubov belə bir əhəmiyyətli görüşün təşkili üçün öz təşəkkürünü bildirib və qeyd edib ki, hal-hazırda Şəkidə 84 tarix və mədəniyyət abidəsi mövcuddur və həmin abidələr artıq turizm nümayiş obyektinə çevrilib. Təsadüfi deyil ki, hər il Şəkidə 4 beynəlxalq festival təşkil olunur ki, bunların da iştirakçılarının çoxunu xarici turistlər təşkil edir. Son illər Şəkinin turizm potensialı turistlərin cəlb olunması üçün geniş istifadə olunur. Ötən il 120 000 turist Şəkiyə səfər edib.

Daha sonra görüşdə tədbirlər planının bütün bəndləri üzrə müzakirələr aparılıb. Tədbirlər planına əsasən, təntənəli açılış mərasimi, folklor və musiqi kollektivlərinin konserti, Atüstü milli oyunlar festivalı, Xalq tətbiqi sənət ustalarının və rəssamların əsərlərindən ibarət sərgi, şeir müsabiqələri, festivallar və bağlanış mərasimi kimi tədbirlər müzakirə olunub.

Qeyd edək ki, Şəki şəhəri Beynəlxalq Türk Mədəniyyəti Təşkilatının (TÜRKSOY) Mədəniyyət Nazirlərinin Daimi Şurasının 33-cü toplantısı çərçivəsində Türkmənistan Respublikasının Marı şəhərində keçirilən mədəniyyət məsələləri üzrə məsul nazirlərin toplantısında 2016-cı il üçün Türk dünyasının mədəniyyət paytaxtı seçilib.