Şəmil Sadiqin yeni romanı – “Yuxu maşını”

189 Baxış

Shemil SadiqSenet.az  “Hədəf” Nəşrlərində çapa hazırlanan f.ü.f.d. , dos Şəmil Sadiqin “Yuxu maşnı” romanından bir parçanı təqdim edir.

“Mən arvadımı çox sevirdim. Həm də çox istəyirdim. Sevməyim istəməyimi, istəməyim də sevməyimi elə qucaqlayırdı ki, bəzən ona qarşı olan münasibətimin adını tapa bilmirdim. Onu özüm bilirdim. İndi fikirləşirəm ki, bir zamanlar evliliyimizdən bir xeyli keçməsinə baxmayaraq, heç bir zaman onun mənə xəyanət edəcəyini, edə biləcəyini ürəyimə gətirməmişdim. Heç bu fikir ağlımın ucundan belə keçməmişdi. Kasıbçılıqla keçirdiyimiz günlərdə elə xoşbəxt idik ki… Sanki heç bir dərdimiz yox idi. Nə özümdən boylu-buxunlu, yaraşıqlı, cüssəli, nə də məndən daha imkanlı, daha qabiliyyətli kişilər görəndə ağlıma gəlməzdi ki, görəsən, arvadım buna baxdımı, buna qarşı hansısa bir hissi ürəyindən keçirdimi? Bu fikirlər qəlbimin dərinliklərində, heç kimin eşitməməsi üçün gizlətdiyim qaranlıq otağında belə cücərməzdi. Heç bir zaman onun gözlərinə uzun-uzadı baxıb, “mənə xəyanət edərmi?” sualına cavab da axtarmamışdım. İndi fikirləşirəm ki, görəsən, onda ağılsız idim, yoxsa ürəyimi şübhələrin yeyib dağıtdığı indiki halımda?

Bu sualın cavabını hərdən tapıram. Hərdən də düzgün cavabı tapdığıma inanmayıb yenidən axtarır və sadəcə ölümümü gözləyirəm. Tapdığım cavab, adətən bu olur ki, insan o zaman ətrafındakıları xəyanətkar görür ki, özü xəyanətə bulaşır, insan o zaman ətrafındakılarda saxtakarlıq axtarır ki, özü saxtakarlıq edir, insan yanındakılardan o zaman utanır ki, özü utancverici olur. Elə mən də bu gün eləyəm.

Dərindən düşünəndə xatırlayıram ki, yoldaşıma qarşı inamım  başqa qadınla görüşdüyüm zaman bitdi. O qadın evli idi. Hətta onunla görüşənə qədər namuslu bir qadın olduğunu düşünürdüm. Təsəvvürümdə  siması o qədər saf və aydın idi ki, onunla yatağa girəndən sonra bütün qadınlara  qarşı inamım  qırıldı. Elə həyatımın ən böyük faciəsi də bundan sonra başladı.

Hər axşam evə gələndə vicdan əzabından qurtulmaq və azad olmaq üçün düşdüyüm çirkabın içində arvadımı da axtarmağa başlayırdım. Ona qarşı inamım azalmış, etibarım itmişdi. Çünki artıq insana-qadına qarşı inamım yox idi. Mənə görə, evli qadın xəyanət edə bilməzdi. Düzdür, görüşdüyüm Yeganə bunu xəyanət adlandırmırdı. Deyirdi ki, bu xəyanət deyil. Sadəcə, ürəyim istəyəni edirəm. Çünki ərimi sevmirəm. İki uşağımız var, amma  bu gün də onunla günlərlə yaxınlığımız olmur. Ərim də bunu bilir. Yaxşı bilir ki,  ondan xoşum gəlmir. Buna  o zaman xəyanət demək olardı ki, onu sevim. Sevmirəmsə, deməli xəyanət də etmirəm. Ərim heç bir zaman ürəyimdə olmayıb.

Bütün bunları eşidəndə  öz-özümə sual verirdim: “Axı mən sevirəm… Deməli, xəyanəti mən edirəm?”

Bir dəfə Yeganənin də yanında bunu dilə gətirdim və  münasibətimizə son qoymaq istədiyimi bildirdim. Bu şən və şıltaq qadın mənə maraqlı bir məntiqi izahat verdi: ”Sən kişisən, sev. Burda nə var ki? Hərdən fərqli bir münasibət də yaşa. Sənə kim deyir ki, arvadını mənə dəyiş. Onun yeri başqa, mənim yerim başqa. Qorxma, sənə yük olmaram. İstədiyin zaman görüşərik, dərdləşərik. Nə zaman ki, istəməsən, “yox” deyərsən, bitirərik. Biz sadəcə müəyyən bir müddətdə zamanımızı fərqli və maraqlı yaşayırıq, vəssalam”.

O qədər maraqlı biri idi ki, dedikləri xoşuma gəldi.

Heç vaxt arvadım haqqında soruşmurdu. Heç əri haqqında da danışmırdı. Bilirdi ki, nəsə soruşsa, hirslənəcəyəm. Ona görə də bu barədə söhbət açmırdı. Hər görüşdən sonra özümü o qədər alçaq və miskin hiss edirdim ki, izahı belə mümkün deyil. Amma onun fikirlərinə inanmaq istədiyim üçün inanırdım. Təsəllini onda tapırdım ki, hər dəfə görüşə gələndə ürəyim narahat olur, bunu özümə yaraşdırmıram. Heç vaxt onu arvadımdan artıq hesab etmir. Ona həqiqi mənada aludə olmurdum. Bu da o demək idi ki, arvadımı doğrudan da sevirəm. Bir də  Yeganə demiş, kişiyəm də, nə olacaq ki? Hərdənbir macəra yaşasam, yəqin ki, heç nə olmaz. Burda nə var axı?

O, ərini necə aldadıb evdən çıxırdı, telefonda necə inandırıcı cavablar verirdisə, heyran qalırdım. Düzdür, bu barədə  mən də fərasətsiz deyildim.

Faciə onda idi ki, onun ərini necə aldatdığını gördükcə, ürəyimdən keçirmək belə istəmədiyim fikirlər ağlıma gəlirdi. Birdən mənim də arvadım bu cür aldadarsa… Amma tez də rədd edirdim bu fikri. Di gəl ki, fikirlərdən qaçmaq olmur… Gərək onları tanımayasan, tanıdınsa, elə lazımsız, elə mənasız yerdə yaxalayır ki səni, gəl görəsən… Bu ya yeni bir elmi kəşfi bitirənə yaxın olacaq, ya arvadımın qolları arasında olanda, ya da hansısa dəxlisiz iclasların birində…

Hərdən düşünürdüm ki, nə vaxtsa elə bir aparat icad etməliyəm ki, virus kimi görünməz olan, amma insan şüurunu pozan bu fikri tutub biti əzən kimi əzsin. Axı əzanın hansı hissəsini kəsib atasan ki, bu axmaq və iyrənc fikirlər ağlına gəlməsin?!

Özümdən asılı olmayaraq, mənsiz hara və niyə getdiyini arvadımdan tez-tez soruşur, hərdən evə qəfil gəlirdim ki, birdən… Düzdür, günümüz, demək olar ki, arvadımla bir keçirdi. Amma işə görə hərdən ayrılırdıq… Bir müddətlik… Buna görə də vicdan əzabında qovrulurdum. Zaman keçdikcə hiss edirdim ki, artıq bu fikirlərin əsirinə çevrilirəm. Dəfələrlə beynimdəkiləri açıb arvadıma demək və onun fikrini bilmək istəsəm də, özümə də, ona da bunu yaraşdıra bilmirdim. Axı belə bir şey necə mümkün ola bilərdi ki?!.

Bir dəfə romantik anlarımızın birində, – “mənə heç zaman yalan danışma”, – dedim. Əslində isə, – “mənə heç vaxt xəyanət etmə”, – demək istəyirdim.

Sonra da özümü danladım: “Axı mən kişiyəm, bu nə fikirdir ağlıma gəlir, adamın qeyrəti olar”, − onları özümdən bir müddətlik də olsa, rədd etdim.

Dünya şöhrətli biri olmağıma baxmayaraq, bu cür cılız düşüncələrlə döyüşür, şənimə yaraşmayan lüzumsuz fikirlərə qarşı çıxa bilmirdim. Daha doğrusu, şübhələr məni didirdi. Onlar həqiqəti tapmaq üçün açar yox, rahatlığıma sarılmış bir partlayıcı idilər. Artıq arvadımın telefonlarına gələn mesajlara baxmağa çalışır, zəng gəldikdə kim olduğunu açıq-aşkar soruşurdum. Bəzən yataqda yaxınlıq etmək istəmədikdə səbəb axtarır, müxtəlif yerə yozur, gecəni səhərə qədər yata bilmirdim. Mənim bu hərəkətlərimə arvadımın laqeyd yanaşması isə məni daha da dəliyə çevirirdi. Onun hesabat verməməsindən daxilən gərilir, onun məni sakitləşdirmək üçün nəsə etməsini gözləyirdim. Lakin bu baş vermirdi. Sanki heç nə vecinə deyildi. Əvvəlki kimi yaşayır, öz güzəranını keçirirdi. İşdən soyumamışdı. “Ərgənəkon prodakşn”ın işlərini daha yaxşı həyata keçirmək üçün gecə-gündüz çalışırdı. Bütün layihələrimizi vaxtlı-vaxtında şirkətlərə göndərir, yeni razılaşmalar əldə edirdi.

Mənsə cismani tələbatımı ödəmək üçün ayda bir neçə dəfə Yeganə ilə görüşürdüm. Onunla yataqda hər şey fərqli olurdu. Çox xoşuma gəlirdi. O, cazibədar olmasa da, hərəkətli və bacarıqlı qadın idi. Sanki eşqbazlığa mən yox, o gəlirdi. Elə sevgi oyunları edirdi ki, istər-istəməz hər ay onu görmək istəyirdim. Hətta iş o yerə çatmışdı ki, arvadımla münasibətdə olanda belə gözlərimin qarşısına o gəlirdi. Bu zaman az qala özümdən iyrənir, hər şeyi yarımçıq qoymaq istəyirdim. Bu çox çətin idi… Sevdiyin qadınla sevişəsən, ağlından da başqası keçə….

Hər dəfə belə olanda özümə sual verirdim: deməli, arvadımı sevmirəm.  Bu ki əsl faciə olardı… Yox, mümkün deyildi… Mən arvadımı sevirdim… Bir anlıq şəhvani hiss üçün sevgi qurban gedə bilməzdi…

O vaxtdan etibarən sevgini “ruhi” və “cismani” olaraq iki yerə böldüm. Və başladım özümə haqq qazandırmağa. Mənim ruhum həmişə arvadımın-sevgilimin yanındadır, cismim isə gəldi-gedər olduğu üçün istənilən yerdə ola bilər. Hətta bir fəlsəfi nəticəyə gəlmişdim: “Ruh göylərə uçduğu halda, cism qurdun-quşun yemi olub çürüyür. Deməli, Tanrı da cismə ya etibar etmir, ya da özü istəyir ki, cism istədiyini etsin”.

Sonra da bu fikrin ütündə duraraq, başlayırdım daha dərin fəlsəfə yürütməyə. Əgər kişidə belədirsə, deməli, qadında da bu cür ola bilər. O zaman qadının da ərindən başqası ilə görüşüb, macəra yaşaması mümkündür. Bu zaman o, əri ilə yaşaya bilmədiyini başqaları ilə yaşayar.

Bu fikirlər ağlıma gələndə isə istər-istəməz özümdən çıxırdım. Hətta bir neçə dəfə əsəbiləşib, qeyri-ixtiyari öz- özümə “yox” dediyim də olmuşdu.

Həmin anlarda gözümü yumub hər şeyi unutmaq, beynimdə bu fikri yaradan mexanizmi kökündən dağıdıb atmaq istəyirdim. Hətta bir neçə dəfə laboratoriyama girib, bu fikri yaradan hüceyrələrin məhvi üçün işləmişdim də. Amma bacarmamışdım.

Elə güman edirdim ki, yuxu elmi üçün gətirdiyim yeniliyi, fikir üçün də tətbiq edə bilərəm. Amma şübhə mexanizmi buna imkan vermədi. Məni məhv etdi. Uzun illərin zəhməti olan “Ərgənəkon prodakşn” başsız qaldı və mən vətənimdən − Azərbaycanımdan, bir zamanlar sevgi ifadəsinin belə ona olan sevgimi ifadə edə bilmədiyini düşündüyüm         Aycanımdan − arvadımdan, bir neçə ildə Hollivud kinolarının ümumi satışından çox gəlir gətirən kinostudiyamdan, “Yaşa, istədiyin kimi”  oyunlar istehsal edən laboratoriyamdan vaz keçib, dünyanın axırına gəlib çıxdım. Gözdən və könüldən iraq yerə. Bütün sahib olduğum dəyərləri və gerçəklikləri rədd etdim. Hər şeyin səbəbi isə o video oldu”.

Bilgənin yazmaq istədiyi, amma sonra yarımçıq qoyduğu bu sətirləri oxuduqca, dəhşətə gəlirdim. Bu, dünyaya, bəşərə ismarıc verən bir insanın düşüncələri deyildi, sanki. Onun elminin zənginliyi, məntiqinin və intellektinin yaratdıqları ilə tanış olan hər kəs mənim kimi düşünərdi. Nəinki ölkəndə, hətta dünyada belə əlçatmaz biri olasan, özün də bu qədər sadə bir şey yazasan. Heç inanılası deyildi.