Sənət.az – 1 YAŞ

68 Baxış

12671611_747835922014926_7635673434068689777_oFevralın 2-də SENET.AZ ədəbiyyat və sənət dərgisinin 1 yaşı tamam olur.

Sizcə bu onlayn dərgi ötən bir il müddətində ədəbiyyatın, sənətin ətrafında birləşən insanların diqqətini çəkə bilibmi?

 

 

 

 

 

 

 

 

 

Aqşin Evrən

 

Yazıları və kollektivi ilə bizə doğma olan Sənət.az-ı yaş ili münasibətilə təbrik edirəm. Ədəbiyyatın binasında işığı yanan bu tip pəncərələrin olması çox müsbət haldır. Mən Sənət.az-da həm öz dostlarımızın, həm də klassiklərin indiyə qədər mediada işıq üzü görməyən əsərlərini oxuyuram. Xüsusən, “Memuar notlar” layihəsi çox maraqlıdır. Axundov, Hüseyn Cavid, Səməd Vurğun kimi klassiklərin həyatı və mahiyyəti ilə yazılar bu gün çox nadir hallarda üzə çıxır. Sağ olun ki, zaman-zaman bizim bu mövzularda aydınlanmağımıza şərait yaratmsınız.

 

Cəlil Cavanşir

 

Öncə onu qeyd edim ki, “Hədəf” ailəsinə aid bütün qurumlar – hazırlıq kursu, kitab mağazası, nəşriyyatı, mətbəəsi, hətta nəşriyyatın bufeti də mənim üçün doğmadır. Eyni zamanda xeyli müddət birlikdə çalışdığım “Hədəf” kollektivi mənə əzizdir. Senet.az “Hədəf” ailəsinin sonbeşiklərindəndir və sonbeşiklər daha sevimli, daha əziz olur. Senet.az mənim üçün xüsusi yeri olan ədəbiyyat saytıdır. Çünki saytın ilk moderatoru, redaktoru və hətta müxbiri olmuşam. Saytın yaranma sevincini, həvəslə ictimaiyyətə təqdim etməyimizi indiki kimi xatırlayıram. Uzun müddətdir yollarımız ayrılsa da, tam səmimi deyirəm, mənim üçün Senet.az hələ də doğmadır, əzizdir. Hərdən mədəniyyətlə, ədəbiyyatla bağlı maraqlı informasiya gözümə sataşanda “admin panel”ə daxil olub, sayta yerləşdirmək istəyirəm. Bu gün də maraqla izləyirəm saytın fəaliyyətini.

Senet.az-ın ən böyük üstünlüyü dəstəbazlığa, qrupbazlığa meyl göstərməməsi, milli ədəbiyyatımızın təbliğatında israrlı olması və yazarlar arasında ayrı-seçkilik yaratmamasıdır. İlk gündən götürülən dəsti-xətt bir il ərzində uğurla davam etdirilib. Hesab edirəm ki, ədəbiyyatla az-çox maraqlanan təbəqə Senet.az saytını tanıyır və izləyir. Senet.az ilk gündən IP arxasınca qaçmayıb və bunu xüsusi vurğulamaq lazımdır.

Təbii ki, tənqidi qeydlərim, iradlarım da var. Amma bu xoş gündə tənqidə gərək görmürəm. Məncə saytın reklamı ilə ciddi şəkildə məşğul olmaq, kitaba, ədəbiyyata maraq göstərən oxucular üçün daha maraqlı məkana çevirmək lazımdır. Mən Senet.az kollektivinə, sayt üçün əziyyət çəkən bütün dostlara, Senet.az-ı daimi izləyən bütün oxuculara uğurlar arzulayıram. Hazırki şəraitdə ciddi ədəbiyyat, mədəniyyət saytına ehtiyac var, çalışın Senet.az yarı yolda qalanlardan olmasın. İnanıram ki, sayt uzunömürlü və uğurlu olacaq, sevə-sevə bu işə can yandıran hər kəsə başucalığı gətirəcək. Fürsətdən istifadə edib köhnə həmkarlarımı yenicə ərsəyə gətirdikləri “Ustad” dərgisinə də uğurlar arzulayıram.

 

Varis

 

Medianın, ümumən cəmiyyətin ədəbiyyata olduqca az diqqət yetirdiyi, kölgədə saxlamağa meylləndiyi bir dönəmdə Senet.az dərgisinin yaranması lap yerinə düşdü. Ədəbi klassiklərimizin irsi, ədəbiyyat tariximizin qaranlıq məqamları, müasir dövr ədəbi palitrasının bütün rəngləri, gənc yazarların tanıdılması strategiyası, yeni kitabların təqdimatı, ədəbi polemikalar, eyni zamanda əsas incəsənət hadisələrinə reaksiya – Senet.az-ın əhatə dairəsi göründüyü kimi çox genişdir. Əlbəttə ki, bir il medianın, xüsusən də mədəniyyət sahəsi üzrə ixtisaslaşmış profilli medianın tanınması və sevilməsi baxımından çox kiçik bir zaman parçasıdır. Növbəti illərdə dərginin ədəbi proseslərə təsir edə biləcək dərəcədə nüfuz qazanacağına məndə tam əminlik var.

 

Şəmil Sadiq

 

Yaşın(m)ız mübarək! Sənət meydanı çox böyükdür. Azərbaycan sənət meydanında adınız eşidildi. Düzünü desəm, Sənət.azın atının nəriltisini eşidmədik, şahə qalxışını görmədik. Bütün bunlara baxmayaraq, ədəbi mətbuata adını yazdırdığını düşünürəm. Birtərəfliyiniz tərəfsiz olmaq anlamına gəlməməlidir. Ədəbiyyat dinamikanı sevir. Məncə saytda dinamika zəif oldu. Bəlkə də, ilk addımlar atıldığı üçün belədir. Digər bir tərəfdən sensasiyalı yazılarla gündəmə gəlməklə sabit qədəmlərlə təmkinlə yürümək daha məqsədəuyğundur. Mən bunu Sənət.azda gördüm. Bu xətti alqışlayıram. Bir ildə üç redaktor dəyişilməsi bir tərəfdən saytın axtarışda olmasının, öz xəttini axtarmağının göstəricisi kimi qəbul edilsə də, zənn edirəm ki, müəyyən ləngimələr də yaratdı. Lakin Sənət.azın bir yaşında çap ediləcəyini söz verdiyi dərgisinin vaxtında çatdırılması sabaha ümidlə baxmağı deyir. Arzum odur ki, bir az cəsarətli yazıları görək, oxuyaq. Sənət yollarınızda rəngarənglik arzu edirəm!

 

Rövşən Danyeri

 

Senet.az saytı Azərbaycan ədəbi mühitində bir nəfəslikdir desək yanılmarıq. Şoudan, ucuz qalmaqaldan uzaq, sırf ədəbiyyat və mədəniyyətə xidmət edən bir saytın fəaliyyətini yüksək qiymətləndirirəm. Düşünürəm ki, Senet.az-ın bir illik fəaliyyətinin uğurlu yekunu kimi “Ustad” dərgisinin çap edilməyini göstərmək olar. Bir yaşı münasibətilə Senet.az kollektivini, onun yaradıcılarını təbrik edirəm.

 

Pərviz Cəbrayıl

 

“Senet.az”ın 1 yaşını təbrik etməklə yanaşı, kədərli müşahidəmi də elə “Senet.az”la bölüşüm; fikir vermişəm – sənət saytları sənət adamları kimi nəsibsiz tale yaşayır. Məsələn, haçansa bir holdinqdə cəmləşən iki sayt, ya iki qəzet bağlanmaq şərti qarşısında qalsa, Əzrayıl gəlib evdən iki nəfər aparmalı olduğunu bildirəndə ağanın ev əhlinin dərhal gözünü nökərə zilləməsi kimi, gözlər dərhal sənət saytına zillənir.

Açılanda da ən az maddi vəsait sənət saytlarına ayrılır. Həmişə, ta sovet dövründən bu yana mədəniyyət xəbərləri blokda ən axırıncı olardı. Yəni sənət adamı yaşayanda hamıdan kasıb, məşəqqət, zillət, mərhumiyyət içində yaşadığı, öləndə isə hamıdan əvvəl öldüyü kimi sənətin xəbər daşıyıcıları da eyni taleyi yaşayır.

Sözümün canı: bu gün bir yaradıcının nəsə yaratması qəhrəmanlıq olduğu kimi, hansısa sənət saytının yaşaması da qəhrəmanlıqdır. “Senet.az” da düz bir ildi bu qəhrəmanlığı göstərir. Ulu Yaradandan diləyirəm ki, bu qəhrəmanlığa tezliklə heç bir gərək qalmasın. Yaradıcı uğurunuz bol, bazarınız böyük, gəliriniz çox olsun.

 

Əkbər Qoşalı

 

“Senet.az” Ədəbiyyat-sənət portalının 1 yaşı tamam olur. – Özü də, fevralın 2-də! – Bu gün artıq 19 ildir, təqvimə Azərbaycan Gənclər Günü kimi düşüb. “Senet.az”ın “Gənclər Günü”ndə yayıma başlaması bir baxıma, rəmzi anlam daşıyır. Bu portalı yaradanlar gənclərdi, yeni nəsil aydınlarımızdı. Portalda daha çox gənc qələmlərə meydan verilir. Artıq bir neçə gənc istedadın üzə çıxarılmasında, tanıdılmasında “Senet.az” adı keçməkdədir. Ayrıca, portal həm respublikamızda, həm də, gənəl olaraq, dünyada baş verən sənət yeniliklərinə urvatlı yer verir, ədəbiyyat-sənət dünyasında yaşanan tendensiyaları, sözün ahəngini, səsin ritmini, tişənin işləmlərini… özgü biçimdə çatdırır… Özəlliklə, qabaqcıl Türk Dünyası yönü ilə seçilən portalın yaşama haqqı ötən 1 il ərzində öz təsdiqini tapıb, deyə düşünürəm. Bütün “Senet.az” çalışanlarını, bu portalın yaradıcılarını ürəkdən qutlayıram! Sənət bayrağınız uca olsun!

 

Elxan Nəcəfov

Senet.az portalı bir il müddətində böyük uğurlar əldə etdi. Ədəbiyyat və incəsənətin müxtəlif sahələrinin güzgüsünə çevrildi. Qısa zaman ərzində ad olaraq ədəbi mühitin leksikonunda və beynində yer tuta bildi. Bütün bunlar asan başa gələn işlər deyil. Əlbəttə, böyük bir zəhmətin, yaradıcı bir zehniyyətin, əzmkar bir iradənin təzahürüdür. Mən də öz yazılarımın senet.az portalında dərc olunmasından çox məmnunam. 1 yaşda əldə edilmiş uğurların növbəti illərdə daha da çox olmasını arzu edirəm. Kollektivə yorulmaz güc və yaradıcılıq enerjisi arzulayıram. 1 yaşınış mübarək. Sizinləyik…!!!

 

Rəbiqə Nazimqızı

 

Senet.azın cəmi bir yaşı olur? Mən də elə bilirəm, çoxdan varsınız. Dərgi nəinki ədəbiyyat adamlarının diqqətini çəkib, həm də diqqəti ədəbiyyata çəkib. Tədbirlərimiz işıqlandırılıb, sorğulara cəlb olunmuşuq, bizim üçün şeir günləri keçirilib, bir çox tədbirlərin informasiya dəstəkçisi kimi Senet.az-ın adını görmüşəm. Bütün bunlar, əlbəttə ki, sevindirir. Bu, indiki dövr üçün qəhrəmanlıq sayıla bilər. Uğurlar arzulayıram və sizi daim yanımızda, bizimlə görmək istəyirəm. Hər şey üçün sağ olun!

 

Mirmehdi Ağaoğlu

Ədəbiyyata laqeydliyin olduğu bir dövrdə ədəbi saytların olması təqdirəlayiqdir. Sənət.az kimi saytlar nə qədər çox olsa ədəbiyyatın təbliğatı üçün bir o qədər faydalı olar. Sənət.az bizimlə rəqib sayt hesab olunsa da, buna sevinirəm, qoy ədəbiyyat saytları çox olsun, yazıçılar, şairlər əsərlərini çap etdirmək üçün seçim qarşısında qalsınlar. Senet.az-a uğurlar arzu edirəm. Uzunömürlü olsun.

 

 

Əhməd Qəşəmoğlu

Senet.az səviyyəli bir ədəbiyyat saytıdır. İlboyu dəfələrlə oradan xeyli maraqlı yazılar oxudum. Öz yazılarımın da orada çıxmasından məmnunam.

 

Svetlana Turan

Senet.az ədəbiyyat və sənət dərgisinin bir yaşının tamam olması münasibətilə İnternet dərgisinin rəhbərliyini və oxucularını təbrik edirəm! Ədəbiyyata marağın canlandığı dövrdə Senet.az dərgisinin incəsənətin böyük oxucu kütləsinə təqdim olunmasında, özü də məhz çox keyfiyyətli şəkildə təqdim olunmasında böyük rolu var. Senet.az dərgisinin işi, sözsüz ki, bütün ədəbiyyatsevərlər tərəfindən yüksək qiymətləndirilir. Ümid edirəm ki, bu İnternet dərgisi öz fəaliyyətini uzun illər ərzində daim uğurlaq qazanaraq davam etdirəcək!

 

Nərgiz Cabbarlı

Təbriklər. 100 də olmasa 20-30 il yaşamasını diləyək. Özü özlüyündə müəyyən bir aiditoriyasınln olduğuna ümid edirəm. Bəlkə də başqa dərgilərlə müqayisədə səs-küy yaratması, polemika doğuran addımları az oldu. Amma ədəbiyyat və sənət adına atılan hər addımı yalnız alüışlamaq və dəstəkləmək lazımdır.

 

Arif Əsədov

Senet.az bir il ərzində yeni bir söz kollektivi formalaşdırıb ki, bu da özünəxas auditoriyası olan müəlliflərin cəmidir. Eyni zamanda maraqlı ədəbi araşdırmalar tirajlaya bilib ki, bu da onu analoji resurslardan tamamilə fərqləndirib. Uğur və yeni nailiyyətlər arzu edirəm.

 

Xanım İsmayılqızı

SENET.AZ diqqət çəkib. Mən öz adımdan danışım, mənim diqqətimi çəkib. Təbrik edirəm. Həmişə sənətə xidmət etsin və dəyərli oxucu qazansın.

 

Nisə Bəyim

Müasir ədəbiyyatımızı işıqlandıran, təbliğ edən hər bir dərgi çox əhəmiyyətlidir. Müəlliflə oxucu arasında əlaqə yaratmaq baxımından, indiki dövrdə elektron saytlar əvəzsiz vasitədir. Yazıçı olaraq, bütün təşəbbüsləri, o cümlədən, “Sənət” dərgisini alqışlayıram. Xüsusən, mənə ayırdığı diqqət üçün minnətdarlığımı bildirirəm. Dərgidə dərc olunan materialları davamlı şəkildə izləyirəm,yeniliklərlə tanış oluram. Dərginin birilliyi münasibəti ilə əməkdaşlarını təbrik edirəm, işlərini genişləndirməyi, zənginləşdirməyi arzulayıram. İşlərində uğurlar diləyirəm. İnanıram ki, yaxın gələcəkdə ədəbiyyatımızı əhatə edən ən oxunaqlı dərgilərdən birincisi olacaqdır. Adına uyğun sənətkarlıq və əbədiyaşarlıq arzulayıram. Yeni yaşınız mübarək olsun!

 

Səma Fuadqızı

Əvvəla bu saytın müxbiri və oxucusu olaraq Senet.az-ın 1 yaşını təbrik edirəm. Komandanın hər bir heyətinə uğurlar arzu edirəm. Məncə, bu sayt sənət insanlarını, incəsənəti, mədəniyyəti sevənlərin diqqətini çəkib. Saytın fəaliyyətə başlayandan bu günə kimi Vətən və millət yolunda apardığı düşüncə savaşı hər kəsin gözü önündədir. Obyektiv olaraq saytdakı yazıların “baxış say”ları göstərilir. Saytdakı yazıların “baxış sayı”nda fantastik rəqəmlər az-az müşahidə olunur. Senet.az saytı yaranandan bəyan etmişdi ki, reytinqə yox, əsl sənətə, ədəbiyyata, mədəniyyətə xidmət edəcək. Bu istiqamət bu gün də davam edir. Mən özüm də filmlər haqqında yazı hazırlayanda çalışıram elə filmləri seçim ki, bu oxucunu düşündürsün, hansısa pis vərdişindən çəkindirsin, mütaliəyə sevgi oyatsın. Mənim üçün rəqəmlər yox, bu yazının oxucuda buraxdığı təəssürat, hiss önəmlidir. Ədəbiyyatımızın dühalarından biri Hüseyn Cavid mədəniyyəti qılıncdan daha kəskin ulu qüvvət adlandırmışdı. Bizim də qılıncımız mədəniyyətdir. Sənətsevərlərin bayramı mübarək.

 

Səxavət Sahil

 

Senet.az-ın yaranması ədəbiyyatımızda, mədəniyyətimizdə irəliyə atılmış addımdır. Bunu yalnız alqışlamaq olar. Dünyanın virtuallaşdığı bir dövrdə sənətin də virtual aləmə keçməsi labüd idi. Hesab edirəm ki, Senet.az bu baxımdan öz üzərinə düşən işi laiqincə həyata keçirməyə çalışıb. Sayt mədəniyyətin müxtəlif sahələri lə bağlı xəbərlər, araşdırma yazıları, reportajlar, müəllif yazıları ilə özünə auditoriya toplamağı bacardı.

Son dövrlərə mədəniyyət və ədəbiyyat portallarının azalması fonunda Senet.az-ın fəaliyətə başlaması təqdirə layiqdir və yaranan boşluğu doldurmağa xidmət edir.

Saytın kollektivini, müəliflərini və oxucularını təbrik edirəm, uğurlar arzu edirəm.

 

Vüsal Nuru

 

Bütün ədəbiyyata xidmət edən saytların insan kimi öz xarakteri, səviyyəsi, mövqeyi, dost-tanışları, ətarafa yanaşma tərzi var. Eynicür görünsələr də əslində saytlar çox fərqlənir. Mənə elə gəlir ki, Senet. az saytı daha sakit, təmkinli, bir az özünə qapalı, bir az qayğılı, bir az da akademik bir saytdı. Reklam çağrışlarının, baner boşluqlarından da görünür ki, bu sayt başını aşağı salıb öz işiylə məşğul olur. Odur ki, Senet.az saytının öz fərqli yeri var. Saytı, kollektivi, redaktoru, bütün Senet.az-dan qidalanan hər kəsi fürsətdən istifadə edib təbrik edirəm.

 

Rövşən Yerfi

 

Əlbəttə, hesab edirəm ki, müəyyən dərəcədə çəkə bilib. İndi virtual aləmlə təmasda olan əksər sənət adamları, qələm əhli belə bir saytın varlığını qəbul edir və yeri gəldikcə izləyirlər. Amma hər şey əladır, demək də düz deyil. Verilən materiallardan hiss olunur ki, sayt hansısa məhdudiyyət, çərçivə daxilindədir. Bəlkə də bu səbəbdəndir ki, onunla eyni vaxtda yaradılan bəzi ədəbi saytlardan reytinq baxımında bir az geri qalır. Onun birinci yarımillik fəaliyyətində mən də yazılarımla çıxış etmişəm. Buna görə “Sənət”i özümə yaxın saytlardan biri sayıram və gələcək fəaliyyətində uğurlar arzulayıram!

 

 

Gülnar Səma

 

Senet.az qısa zamanda özünəməsusluğuyla ədəbi orqanlar sırasında mövqe tuta bildi. İstər sanballı bədii əsərlər, istərsə də tədqiqat tipli publisistik əsərlər diqqəti cəlb edirdi. Hətta konfranslar bölməsindən də yetərincə yararlanmaq mümkündü.

Müxtəlif yaş təbəqəsinə məxsus yazarları bir araya gətirən sayt gənclərə də kifayət qədər yer ayırır. Mənim yazılarımın da Senet.az-da yayımlanması məni çox sevindirir. Bir daha bütün kollektivimizi təbrik edir və uğurlar arzulayıram.

 

Aytən Cavanşir

 

Əlbəttə, Senet.az şəxsən mənim mütəmadi olaraq izlədiyim mədəniyyət portallarından biridir. Yeri gəlmişkən, sənətə xidmət edən saytınıza uğurlar və geniş zövqlü oxucu kütləsi diləyirəm.

 

Fərid Hüseynli

 

Düzdür ölkədə kifayət qədər ədəbi portallar var. Senet.az isə fikrimcə, onlar arasında heç bir əlavə faktoru nəzərə almadan yalnız ədəbiyyat, incəsənət təbliğ edən tək ünvandır. Düşünürəm ki, məhz bu məfkurə ilə bu brend daha böyük zirvələri də fəth edəcək.

 

Nəriman Əbdülrəhmanlı

 

Məncə, çəkib. Dərgidə sanballı yazılar, maraqlı müsahibələr, səriştəli tərcümələr yer alır. Yarandığı gündən “Sənət.az” mənim daim izlədiyim elektron dərgilərdən biridi. Ümidvaram ki, dərgi daha da təkmilləşəcək, uzunömürlü olacaq.

 

Azad Qaradərəli

 

Senet.az saytına hərdən özüm də yazdığıma görə, onun bir illik fəaliyyətini izləyə bilmişəm. Düşünürəm ki, ədəbiyyat sahəsinə bu sayt öz töhfəsini verə bilib: yeni kitabların təqdim olunması, müxtəlif analitik yazılar və sair. Lakin bu sayt adından da göründüyü kimi, sənətin bütün sahələrinə nüfuz etməyə iddialıdır. Çox istərdim ki, ədəbiyyatla yanaşı, rəssamlıq və musiqi sahəsində də maraqlı yazılara yer verilsin. Nədən ki, 60-70-ci illərdə bu sahədəki intibah (Qara Qarayev, Arif Məlikov, Fikrət Əmirov, Toğrul Nərimanbəyov və b.) indi özünün düşüş dövrünü yaşayır. Bu sahədə analitik təhlillərə ehtiyac var. İnanıram ki, Senet.az bu işin də öhdəsindən gələ biləcək. Uğurlar Senet.az!

 

İlqar Fəhmi

 

Sənət.az saytında mənim ən çox xoşuma gələn cəhət məhz mötədilliyini qoruyub saxlamağındadı. Müasir dövrdə əfsus ki belə bir fikir yaranıb ki, istənilən bir dərginin, jurnalın, əsərin aktual olmağı, maraqla qarşılanması üçün mütləq epotaj yolu tutmalı, oxucunu qıcıqlandıran məsələlərə üstünlük verməli, başqa sözlə desək qaşınmayan yerdən qan çıxartmalıdır. Buna görə də saytlarımızın çoxuna fikir verəndə görürü ki sənət bir tərəfdə qalır, bütün diqqət yönəlir yalnız zahiri effektlərə. Sanki tanınmış yazıçıların əsərindən yox, onun məşuqələrindən yazmaq; məşhur şairlərin şeirlərini yox seksual orientasiyasını müzakirə etmək və bu tip yazılar daha müasirdi və bu yolla oxucu diqqəti qazanmağa çalışırlar. Lakin Sənət.az bu yolu getmir, məhz həqiqi sənət, ədəbiyat mədəniyyəti işıqlandırmaqla maraq yaratmağa çalışır. Əslində bu çox çətin yoldur, çünki hansısa qeyri-adiliklərlə oxucu diqqətini çəkmək çox asandır. Ümid edirəm ki, Sənət.az saytı bundan sonra da eyni mədəni siyasəti davam etdirəcək və incəsənətimizin, ədəbiyatımızın təbliğində yorulmadan çalışacaqdır.

Bölmə : Manşet