SƏN HARDASAN “ÇİÇERO“ ?

15 Baxış

Orhan ArasOrhan Aras /Almaniya

SƏN HARDASAN “ÇİÇERO“ ?

Senet.az “Ustad” jurnalının ikinci sayında dərc olunan məqaləni təqdim edir.

Yox, yox, mən o məşhur Romalı siyasətçi və filosofdan bəhs etməyəcəm. Hətta onun bu anda bizə lazımlı olan “Bir yerdə həyat varsa orda ümid də vardır” sözünü də şərh etməyə çalışmayacağam. Mənim çağırdığım və sizlərin hüzuruna gətirmək istədiyim “Çiçero“ almanların əhəmiyyətli mədəniyyət və ədəbiyyat jurnallarından biridir. Şərq ədəbiyyatına bu aralarda o qədər də üz verməyən “Çiçero“ öz dərdi ilə məşğul imiş. Ən son “Yazın sürətiylə” (Mit der Geschwindigkeit des Sommers, 2009) romanıyla alman oxucularının diqqətini çəkən yazıçı və tərcüməçi Yuliya Şox (Julia Schoch) “Çiçero“ jurnalı üçün gözəl bir məqalə yazdıqdan sonra onun dərdindən xəbərdar ola bildik.  Yuliya Şox “Nə üçün ədəbiyyatın böhrana ehtiyacı var” başlıqlı məqaləsində Qərb ədəbiyyatının hansı səbəbdən yoxsullaşdığını, gücünü itirdiyini izah edir.

Əslində, Yuliyanın məqaləsinin əvvəlində yazılmış “Banklar iflas edirlər, iş yerləri bağlanır, insanlar işsiz qalırlar, satılan kitab sayı azalır, naşirlər şikayət edirlər“ sözləri bu yazının içindəcə itib gedir. Məqalənin hamısını oxuduğunuzda anlayırsınız ki, əvvəldə qeyd edilən bütün bu iqtisadi böhranlar Yuliyanın heç vecinə də deyilmiş. Onun dərdi insanın daxili dünyasındakı yoxsullaşma imiş. Məsələn, “Divarlı” zamanı yaşamamış bir yazar yaxşı yazar deyil” yazmasının səbəbi budur. Çünki Qərb dünyası Sovetlər Birliyi çökənə qədər divar və qadağalardan həm yaxşı bir ədəbiyyat yaratmağı, həm də böyük pullar qazanmağı bacarmışdır. Məşhur “007″ Ceyms Bond filmləri də bu ədəbiyyatın reklam bölümləri idi. Təbii ki, Sovetlər Birliyi də eyni yolu izləyirdi və onların filmlərinə, romanlarına görə də Amerika və Qərb dünyası yerlərdə sürünürdü.

Yuliya bütün bu kompleks qaralamalar, propaqandalar sonrası həll edilən, yox olan bir dünyanın zərər çəkmişlərini axtarıb tapır, onları deşifrə edir. Məsələn sürgün edilmiş Praqalı rəssam Sabina…

“Praqalı rəssam Sabina, “öz divarının öhdəsindən gəlməyi“ Milan Kunderanın “Mövcudluğun Dayanılmaz yüngüllüyü” romanından öyrənir. Amma İsveçrəyə 4 illik sürgün həyatından sonra nəhayət ki, o daşımaq məcburiyyətində olduğu heç bir yükün qalmadığını dərk edir. Nə istəyirsə edə bilir. Məsələn, təqib olunmaq və intiqam alınma qorxusu olmadan sevgilisini tərk edir. Bundan başqa, azadlığa qaçışından sonra ağır həyat şərtləri və siyasi günahlandırmalar ortadan qalxır. Birdən-birə başa düşür ki, insan, ölkəsi, ailəsi, eşqi haqqında danoslar da yaza bilərmiş. Amma ölkə, ailə, eşq yoxsa, nə edəcəksən? Kim haqqında danos yazacaqsan? Bu, maraqlı və ağrıverici bir itki deyilmi? Sabinanın birdən-birə hiss etdiyi və fərqində olduğu dərin, sərhədsiz bir boşluqdur. Bir psixiatr bu vəziyyəti, keçmiş və yox olmağın ortasında qalmış bir insanın həyatboyu sürəcək melanxoliyası kimi görür və dəyərləndirir”.

Yuliya soruşur: Sabinanın bu qorxusu, bu hüznü, bu təkliyi bizlərə tanış deyilmi? Çətinliklərdən boşluğa, qələbəliklərdən təkliyə, həbsxanalardan azadlığa keçiddə insan nələri itirir? Dəyişən dünyalar, dəyişən yazılar, ailələr, ətraf mühit, insanlar, birdən-birə yox olan sistemlər, diktatorlar və boşluq… Bu boşluqda hansı ədəbiyyatı yazacaqsan?

Bütün zəncirlərdən xilas olmaq… Bu nə deməkdir? Təcrid (izolyasiya) edilməkmi? Bu təcrübə yalnız siyasi sistemlərin dəyişməsiyləmi ortaya çıxır? Yoxsa başqa səbəblər də var? Dəyişən sərhədlərdirmi? Dəyişən, kövrəkləşən həyat hekayələridirmi? Məgər “zamanın divarı“ özünü hər yerdə göstərmirmi? Conatan Franzen (Harper’s Essay!), yazısında “Nə üçün bu səy?” – deyə qışqırarkən, sürətlə inkişaf edən və dəyişən ünsiyyət dünyasının da Qərb insanının təkliyi, təcridi üzərindəki təsirini sorğulayırdı. Əvvəllər qarşılaşmalarda doğan anlaşılmazlıqlar indi tənhalıqlar və özünü cəmiyyətdən soyutlamaqla ortadan qalxırdı (Bunlar klassik cəmiyyət romanlarının təməli olan hadisələrdir!) Artıq çox normal birliklər belə təklik və ünsiyyətsizliyi seçərkən bütün bağlardan xilas olan İnsan dünya səthində daha da kiçilərək görünməz hala gəlir.

Amma bütün bu mənfiliklərə baxmayaraq Yuliya öz dünyasını yazıq rəssam Sabinanın dünyasına bənzətmək istəmır və belə yazır: “Öz gələcəyimi yazmaq istədiyimdə Sabinanın sindromunu yaşamayacağam. Mən uçarılığı (Alman orjinalında Luftigkeit olaraq qeyd edilir. Bu, bəzən havadar olaraq da tərcümə edilir. Amma mən bu cümləyə uçarılığın daha çox yaraşacağını düşünərək belə tərcümə etdim.) seçəcəyəm. Uçarılıq əslində, bir az da yazını oxuyanlara görünməmək deməkdir. Yazıdan artıq qalan təcrübə insana kazino içində yaşamağı da öyrədir. Mən orada oynanan, aradabir məntiqli görünən və içinə sızmaq mümkünsüz olan qanunlara sahib “ruleti“ də çox sevirəm. Zaman keçdikcə İnsan o kazinodakı masaların birinin daimi müdavimi olur və oradakı dəbdən düşmüş insanların üzlərindəki çarəsizliyi və gözlərindəki işıltını anlaya bilir…

Kiçik bir miniatür həyatı bizə qalsa çox köhnə, yerlərdə sürünən və ya işə yaramaz bir keşiş kimi uzaqdan da olsa köhnə təcrübələrimizi yenidən yaşamağa çalışarıq.

Dəyişən sərhədlər, yıxılan sistemlər, dağılan həyatlar və kiçilən insan … Bu dağınıqlıq və kiçiklikdə Yuliya kimi bizim də işimiz olduqcaçətindir. Amma məncə, ədəbiyyat o qədər zəngin və ovsunlayıcı bir dünyadır ki, həyatın hər nöqtəsində mütləq qarşımıza çıxacaq və həyatda insan nə qədər kiçilirsə kiçilsin, onları izah etməyə davam edəcəkdir. Bu izahda və arayışda əlbəttə ki, Ömər Xəyyam da bizləri tək buraxmır …

Gün doğularkən səhər xoruzları nə üçün
Acı-acı bağırışırlar, bilirsənmi?
Dan yerini göstərib deyəcəklər sənə:
Bir keçən keçdi, sən hardasan?