Şərq poetika sistemi və Paulo Koelonun “Kimyagər”i

109 Baxış

 

^F6A67EF3AE3B873D8678D09A6FAA3DF5B203E718ED50150F8D^pimgpsh_thumbnail_win_distr

Tahirə Məmməd

Şərq poetika sistemi və Paulo Koelonun “Kimyagər”i

Bu iş Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkişafı Fondunun maliyyə yardımı ilə yerinə yetirilmişdir. Qrant № EİF-2013-9 (15)-46/35/5)

 

XIX əsrin sonu, XX əsrin başlanğıcı dünyada bir çox mədəni hadisələrin və nəzəriyyələrin neo təzahürü dövrüdür – neoklassizm, neohumanizm, neoroman­tizm, neokantçılıq, neofreydizm, neoliberalizm, neomarksizm, neopozitivizm, neotomizm, neomifologiya və s. Fəlsəfi cərəyanların müxtəlifliyi və çoxluğu dövrü kimi səciyyələnən XX əsrin başlanğıcında yeni meydana gələn təlimlərlə bərabər əvvəlkilərin də uyğunlaşdırılması və yeni interpretasiyada güncəlləşməsi prosesi gedir. Təbiətşünaslığın əldə etdiyi qənaətlər və elmi nəticələr varlıq, kainat haqda dünyagörüşlərinin hüdudlarında daralma və ya genişlənmə istiqamətində dəyişikliklər yaradır, təzə fəlsəfi konsepsiyaların təşəkkülünə  yön verməklə bərabər, ənənəvinin   zənginləşməsinə və mükəmməlləşməsinə də şərait yaradırdı. Təbiətşünaslığın nailiyyətləri ilə bərabər dünyada güc mərkəzlərinin yerini dəyişməsi və  təzə   qüvvələrin uzunömürlülüyünün təminatı üçün istifadə olunan vasitələr də başqa bir tərəfdən ənənənənin yenidən   nəzərdən keçirilib, saf-çürük edilməsinə tələbat yaradır. Texniki nailiyyətlər üstünlüyü təmin etdikcə elmi araşdırmalara meyl daha da  artır, nəticələr isə mədəni-fəlsəfi təlimlərin redaktəsini, eyni zamanda əvəzlənməsini sürətləndirirdi.

Hətta bəzi nəzəriyyələr yarandıqdan  az sonra onun neo forması meydana çıxırdı,  Ziqmund Freydin adı ilə bağlı freydizm və K.Q.Yunq, A.Adler, K.Xorni, E. Fromm, Q.Markuze, V.Rayx və başqalarının təmsilçisi olduğu neofreydizm kimi. (1)

Neo baxışın əsasında məşhur təlim və nəzəriyyələrin, dünyagörüşlərinin yenidən dəyərləndirilməsi və redaktəsi məsələsi dayanır.

Bu baxımdan Azərbaycanda, eləcə də Şərqdə yeni həyatını yaşayan sufizm fərqli cərəyanlarda neosufizm kimi təzahür edir.

Neosufizmdə belə bir müddəa əsas götürülür ki, yeni dövrdə müəyyən transformasiyalarla ədəbiyyata və fəlsəfəyə dönüş edən sufizm artıq ənənəvi təsəvvüf və onun ədəbiyyatdakı klassik ifadəsi deyil, neosufizm kimi səciyyələnə biləcək neo təzahürdür.

Sufizmin özü kimi neosufizmin də Şərqdə formalaşmasına baxmayaraq artıq o, Şərq hadisəsi olmaqdan çıxaraq  dünyaya yayılmışdır.

Neosufizm hər hansı bir cərəyan olmayıb, fərqli ədəbi cərəyanlarda insanın və bəşəriyyətin hüzurunu tənzimləyən və təzələnən,  əsasında sufizm təlimi dayanan dünyabaxışı sistemidir. Ədəbiyyatda isə əntiq sayılacaq qiymətli poetika elementləri xəzinəsidir.

Dünya ədəbiyyatında romanlarının oxunması ilə ön sıralarda gedən yazıçılardan biri, Paulo Koelonun yaradıcılığı, xüsusən “Kimyagər” (2) romanı sufizmin süjet, motiv və anlamlarının yeni strukturda təzahürü baxımından maraqlıdır. Roman bir neçə istiqamətdə sufizmdən qaynaqlanır.

- “Kimyagər”də  Şəms Təbrizi və Mövlananın   yaradıcılığından alınan bir süjet – yuxuda xəzinə görən onu tapmaq üçün arayışa çıxır, sınaqlardan keçir, öz daxili xəzinəsinə, “gövhərinə” çatdıqdan sonra məlum olur ki, xəzinə elə onun  yuxunu gördüyü zaman başını üstünə qoyub yatdığı daşın altında imiş, -  romanın əsas motivinə çevrilmişdir.

- Sufizmdə özünəməxsus yeri olan kimya (əlkimya) məsələsi romanın  başlıca problemidir və qəhrəmana  əlamətlərin dilini  öyrədən əsas şəxslərdən biri də kimyaçıdır. Santyaqo kimya elminin yalan olmadığını görməklə bərabər, eyni zamanda  özünün də kimyasını, cövhərini anlamağa başlayır. Əlkimyaçılar “…ölümsüzlük iksirini kəşf etmək və sonsuz zənginliyə qovuşmaqla bağlı axtarışlar aparmışlar. Bu səbəblə də bir kimyaçı tarix boyunca bəzən həkim, bəzən kahin, bəzən filosof, hətta sehrbaz kimi qəbul edilmişdir.” (3) Sufizmdə kimya insanın bütövlüyə, tamlığa çatması, ruhi başlanğıcını və iksirini  anlaya bilməsi, qaranlıqdan işığa keçməsi anlamını simvolizə edir. Təsadüfi deyil ki, Şəms Təbrizinin həyat hekayəsində də əsas rol oynayan gözəlin adı Kimyadır. (4)

- Əsərin qəhrəmanı əmək fəaliyyətinə və səyahətə sufizmdə xüsusi anlam olan çobanlıqla başlayır. Məlum olduğu kimi, suizmdə çoban olmaq nəfsin idarəsində   mühüm sınaq mərhələlərindəndir. Peyğəmbərlərin də  bir çoxunun yolu çobanlıqdan keçir.

- Bir çox  sufi qəhrəmanlar kimi Santyaqo da  səhranın susuzluğu və tufanında imtahan verir.    Səhra  sınaq  meydanı kimi onun qarşısına çıxır.

- Gözəlin, məşuqun qəhrəmana yol göstərməsi; səhrada Fatiməyə aşiq olur, onunla evlənmək istəyir, lakin qız ona hələ xəyallarının dalınca getməyi məsləhət bilir. Ehtimal ki, bu motivdə Paulo Koelo səhrada Məcnun və Leylinin qarşılaşması və Məcnunun ona “… get, get sən o Leyli deyilsən”, səhnəsindən dəyişilmiş variantda istifadə etmişdir.

- Santyaqo qarşılaşdığı çətinliklərdən dözümlə çıxır və onları həm bir sınaq, həm də Tanrının lütfü kimi qəbul edir.

- Qəhrəman  iradəsində ona görə güclüdür ki, ilahi bağlılığı anlayır, başa düşür.  Hər kəsin şəxsi mənqibəsi, alın yazısı və missiyasının olmasına inam onun səbr və dözümünü artırır.

-  Dünyada gözüyumulu qalan,  gözəllikləri görməzlikdən gələn bir şey qazanmaz; daha doğrusu, yaradanı seyr edə bilməz. Bunu Salem Kralının söylədiyi rəvayət də göstərir. Rəvayətin qısa məzmunu belədir ki, Kral saraya gələn bir gəncə qaşığın içərisindəki yağı əlində tutub, bütün sarayı dolaşmağı tapşırır, bacarsa gənc mükafatlandırılacaq. Gənc bütün diqqəti qaşıqda sarayı gəzir və yağı tökmür. Kral gəncdən sarayda nəyi gördüyünü soruşduqda, o diqqətinin qaşıqda olduğu üçün heç bir şey görmədiyini söyləyir. Kral sarayın gözəlliklərini seyr edə-edə də gəzməyi tapşırır. Bu dəfə qaşıqda heç nə qalmır. Ancaq gəncin qazancı o olacaqdı ki, diqqətini qaşıqda saxlaya-saxlaya gözəllikləri də görə bilsin. Santyaqo bu hikmətdən nəticə çıxarır və öz kimyasını qazanmaq üçün növbəti dərsləri Fatmadan, Kimyagərdən alır…

- “Kimyagər” romanında “Tövratdan”, “İncil”dən, “Qur`an”dan

istinadlar var. Sufizmin də gizli-rəmzi dilində müxtəlif dinlərdən gələn ifadələr, fərqli dinə mənsub obrazlar özünəməxsus yer tutur. Bu yanaşma sufizmdə bir tərəfdən “təkin hər şeydə, hər şeyin təkdə” olması görüşündən qaynaqlanırsa, digər tərəfdən mənaların ziddiyyətlər içərisindəki  gizliliyini təmin edir. “Kimyagər”də fərqli dini qaynaqlara istinad  “təkin hər şeydə, hər şeyin təkdə” prinsipinə uyğundur, ziddiyyətlərdə gizlilik məqsədilə kənar dinlərə müraciət bu əsər üçün bir o qədər də xarakterik deyil.

- Sufizmdə kafər qızı, tərsa gözəli aşiqin sirlər aləminə daxil olmasına bələdçilik edir; onun hər nazı yeni bir dəvətdir. Buna uyğun bir paralellə “Kimyagər”də rastlaşırıq. Santyaqonun haqqa yaxınlaşmasında Peyğəmbər qızı, ali-əba mənsubu Fatimənin adını daşıyan müsəlman gözəlinin həlledici rolu olur. Əsərin də finalı “Gəlirəm, Fatimə…”  nidası ilə bitir.

- Qəhrəmanı ruhlarla  əlaqələndirən  qüvvə və vasitələr  romandakı

sirliliyi artırmaqla yanaşı, həm də onun maneələri keçməsinə yardımçı olur.  Santyaqonun yuxusu, falçı, Saləm Kralı və Kimyagərlə görüşü,  quldurların başçısının yuxusu, sehrli daşlar və s. onun hər çətinliyindən sonra qarşılaşdığı   işarətlər kimi təqdim olunur. Bu silsilədə Saləm Kralı və Kimyagərin önəmli yeri var. Yazıçı Salem Kralını pastiş üsulu ilə Tövrat və Zəburdan götürmüşdür.  “İbrahim Kedorlaomer’le onu destekleyen kralları bozguna uğratıp dönünce, Sodom Kralı onu karşılamak için Kral Vadisi olan Şave Vadisi’ne gitti. Yüce Tanrı’nın kâhini olan Salem Kralı Melkisedek ekmek ve şarap getirdi. İbrahim’i kutsayıp şöyle dedi: “Yeri göğü yaratan yüce Tanrı İbrahim’i kutsasın. Düşmanlarını onun eline teslim eden yüce Tanrı’ya övgüler olsun.”
Bunun üzerine İbrahim her şeyin ondalığını Melkisedek’e verdi.

Melkisedek ile ilgili ikinci bir ayette Zebur 110:4 de geçmektedir: Rab and içti, kararından dönmez: “Melkisedek düzeni uyarınca sonsuza dek kâhinsin sen!” dedi.  (5)

Salem Kralının yaşaması və müqəddəsliyi haqda bu görüş əsərin mistisizmini bir qədər də artırır. Bizə doğma olan ədəbiyyat ənənəsindəki saqinin funksiyasını romanda Salem Kralı icra edir.

-         Santyaqo və atası arasındakı münasibət assosiativ yolla Rind və Zahid

qarşılaşmasını  xatırladır. Dindar ata oğlunun ruhani olmasını istəsə də, oğlu çobanlığı və səyahəti seçir. Bu motiv, eyni zamanda, Məcnunun atasından ayrılıb çölü, səhranı seçməsini  xatırladır. Hər iki qəhrəman ən yaxınından, bu dünyada onun qayğısına qalıb, qoruya biləcək real şəxsdən uzaqlaşır.

-          Santyaqo təkcə səyahətci deyil, onun səyahətçiliyində həm də bir

təriqətçilik var. O, çıxdığı yolda “mənəvi əngəlləri” də dəf edir, ona görə də haqqa yaxınlaşır …, keçdiyi hər maneədə batini gözü bir az da açılır,    əlamətləri daha rahat oxuyur.  Eyni zamanda, onun halında dəyişikliklər baş verir, xüsusən də kimyagərlə görüşdən sonra. Səhrada onun bir nöqtədən çıxıb, yenidən əvvəlki nöqtəyə qayıtmasını simvolizə edən hərəkət trayektoriyası, təsəvvüfün mənəvi merac məsələsinə uyğun gəlir. Bunu seyri-sülukun gediş-dönüşü ilə də paralelləşdirmək olar.

-         Kimya qədər xəzinə də burada təsəvvüf anlamıdır. Gerçək iksirə və

xəzinəyə çatma, əslində, vəhdəti-vücudun baş verməsi, fəna mərtəbəsinə yetişmədir. Şəms Təbrizi və Mövlanada xəzinə arayışı, onu uzun, keşməkeşli bir səyahətdən sonra axtarmağa başladığın nöqtədə tapma sufizmin çoxqatlı, paralel finalında gerçəklə bağlı  məna xəttində gəldiyin nöqtəyə geri dönüşdür.

-         Romanın sonu ilk baxışda xəzinənin tapılması ilə bitir. Lakin finaldakı

“Gəlirəm, Fatma!” nidası aşiqin məşuqa, məşuqda təcəlli edən gizli xəzinəyə – “kənzi-mahfi”yə doğru yeni yürüşü kimi də qiymətləndirilə bilər. Santyaqo dünyəvi mənada sevgilisinin arxasınca gedir; gerçək mənada isə sınaqlardan çıxan qəhrəmanın həqiqi eşq yolçuluğu başlayır; bəlkə də… Finalın inancdan gələn qənaət kimi səslənməsindən daha çox, oxucu yozumuna buraxılması onu təsəvvüfə yox, postmodernizmə aid poetika hadisəsi kimi qiymətləndirməyə əsas verir.

Müəllif romanın başlanğıcında pastiş kimi İncildən istinad verir, daha sonra keçir Oskar Vaylda. Oskar Vayldın Narçisə aid süjetə elədiyi dəyişikliyi çox bəyənir – Sən demə Narçis göldə özünə, Göl də Narçisin gözündə özünə vurulmuşmuş – yəni hər şey təkdir. Romanın qəhrəmanı da bütün səyahəti, axtarışı boyu bu inama yönləndirilir. Lakin səyahətdəki paralelizm və qəhrəmanın Misirdə xəzinənin yerini bildiyi anda hər şeyi buraxıb geri dönməsi final haçalanmasında yekunlaşdırmanı oxucuların ixtiyarına buraxır.

Santyaqonun Fatmaya dönüşünü Yunqun daxili mənlik (self) kimi qiymətləndirdiyi arxetipinin inkişafı kimi də qiymətləndirmək olar. Arxetiplərə əsasən, demək olar ki, sufizmdə daxili mənlik yüksək fərd görünümünə qədər inkişaf etməlidir; bunun üçün bütünləşməyə ehtiyac var. Xəzinəni tapan Santyaqo onunla kifayətlənsə, yüksək fərd görünümünə yetişməyəcəkdi, bunun üçün onun Fatmaya dönüşünə ehtiyac var idi və o, həmin dönüşü edir …

Santyaqonun Fatmaya aşiqliyi də sufizmin eşq modelinə bənzəyir.

Arxetiplər nəzəriyyəsinə görə kişinin animası olan qadın yarıtanrı, yarışeytan bir varlıqdır. Sufizmdə qadın erkəyin qarşısına yarıtanrı tərəfi ilə çıxır və həqiqətə doğru irəliləməsinə yardımçı olur. “Kimyagər”də də Fatma bu funksiyanı yerinə yetirir. Ancaq geri dönüşdə nə olacaq … oxucu düşünsün.

Romanda yazıçı postmodernizmin interkstuallıq, mətnlərarasılıq prinsipinə uyğun (zəngin yaddaş deposunun romana daşınması) dini-mifoloji motivlərdən geniş istifadə etsə də, əsas ornamentlər sufizmlə bağlıdır; xüsusən “gizli xəzinə” və iksir arayışı ilə. Bu motivin assosiativ yolla Şəms Təbriziyə və Mövlanaya gedişi də müəllifin özünün xəzinə axtarışında Şərq qaynaqları ilə xeyli zənginləşməsindən xəbər verir.

Bölmə : Manşet, OxucuKlubu