“Səttar Bəhlulzadənin karikaturaları” çap olunub

7 Baxış

Mədəniyyət və Turizm Nazirliyi Səttar Bəhlulzadənin ev-muzeyi tərəfindən hazırlanmış səttar bəhlulzadə (“Kommunist” qəzetinin materialları əsasında)” adlı kataloqu çap etdirib.

Sənətkarın ev-muzeyindən AZƏRTAC-a bildirilib ki, kataloqun tərtibatçısı və giriş sözünün müəllifi muzeyin baş mühafizi, sənətşünaslıq üzrə fəlsəfə doktoru Pərzad Abdinovadır.

Azərbaycan təsviri sənətində lirik mənzərə janrının yaradıcısı, mahir mənzərə və natürmortlar ustası kimi tanınan Səttar Bəhlulzadə XX əsrin 30-cu illərində respublikanın aparıcı dövrü nəşri olan “Kommunist” qəzetində çalışıb. Azərbaycanın məşhur rəssamı Əziz Əzimzadənin tövsiyəsi və köməyi ilə qəzetə işə qəbul olunan gənc Səttar orijinal karikaturlar yaradıb. Respublikanın kitabxana və arxivlərində aparılmış araşdırmalar nəticəsində aşkar edilən karikaturalar sovet dövründə Azərbaycanda mövcud olmuş nöqsanları və çatışmazlıqları əyani şəkildə nümayiş etdirib, cəmiyyəti onlarla mübarizəyə səsləyib.

Kataloqda rəssamın çəkdiyi 50-ə yaxın karikatura çap olunub, şəkilaltı yazılar 30-cu ildə tətbiq edilmiş Azərbaycan türkcəsinin orfoqrafiyası saxlanılmaqla verilib. Kataloq rəssamın həyat yolunun başlanğıcında yaradıcılıq axtarışlarını nümayiş etdirməklə bərabər, cəmiyyətdə mövcud olan əyrintilərlə Səttarın mübarizə aparmaq əzmini nümayiş etdirir.

Yaxın vaxtlarda kataloqun təqdimatı keçiriləcək.