S.S.Axundovun “Nurəddin” əsəri niyə və necə dəyişdirilib?

37 Baxış

240px-Ssakhundov

Könül AYDIN Nəhmətova

filologiya üzrə fəlsəfə doktoru

(Əsərin orta məktəb dərsliklərində bugünkü variantda tədris olunması nə qədər faydalıdır?)

 S.S.Axundovun uşaq ədəbiyyatına “Qorxulu nağıllar” adı altında verdiyi töhfələr bədii siqlətinə görə nə qədər ağır çəkiyə malikdirsə, ekspressiv təsirinə görə də yüngül sayılmaz. Bu cəhətdən orta məktəb dərsliklərinə daxil olan “Qorxulu nağıllar”ın uşaq psixikasına təsiri haqqında düşünməyə bilmirik.

“Qaraca qız” əsəri ilə bağlı apardığımız araşdırmalar göstərdi ki, bu gün bizi narahat edən məsələlər yazıçı tərəfindən nəzərə alınmamış deyildir. Problemi doğuran adı çəkilən əsərlər deyil, əsərlər üzərində sovet ədəbiyyatı formalaşdırma siyasətinin klassik ədəbiyyatımız üzərində apardığı “cərrahi” əməliyyatdır.

“Qaraca qız” ilkin nəşrində nə qədər milli-dini dəyərlər çərçivəsində əxlaqi-tərbiyəvi mahiyyət kəsb edirdisə, “Nurəddin” əsəri də tələblərə o qədər cavab verirdi. Yazıçının nəzərə aldığı ilk məsələ uşaq psixikasına həssas yanaşma idi.

Elmi-pedaqoji ictimaiyyətə məlum olduğu kimi, uşaq ədəbiyyatının klassik nümunəsi olan “Nurəddin” əsəri valideyn itkisi və onun ağır psixoloji yaşantıları mövzusundadır. Belə ağır bir mövzunun uşaqların əhval-ruhiyyəsinə necə təsir göstərdiyini təsəvvürə gətirmək çox da çətin deyil. Bu baxımından əsərin orta məktəb dərsliklərində bugünkü variantda tədris olunmasını nə qədər doğru hesab etmək olar?

“Nurəddin” əsərinin ilkin variantında başlıca motivi Allaha inam idi ki, bu da əsərin sonuna qədər uşağı psixoloji zəmanətə almağa imkan yaradırdı. Mömin ailədə böyüyən Nurəddin yaxşı dini təlim almaqla həyatın çətinlikləri, məhrumiyyətləri qarşısında çarəsiz deyildi. Əsərin ideyası da bu başlıca motivdən qaynaqlanaraq qəza və qədərin qarşısında aciz duruma düşməyərək Allahın verdiyi ömrü layiqli şəkildə davam etdirməkdən ibarətdir. Dini və dünyəvi elmlərin insan həyatında bərabərsəviyyəli əhəmiyyəti əsərin ideya istiqamətlərindən biridir. Belə olduğu təqdirdə başlıca motiv – iman motivləri əsərin hər bir cümləsindən çıxarılarsa, nəticəsi nə olur? Əsər ideyasını itirmiş olur ki, bununla da həyatın ən acı gerçəyi olan ölüm faktoru qarşısına uşaqları “əliyalın” çıxarmış oluruq.

Qeyd etdiyimiz məqamları müşahidə etdirmək məqsədi ilə “Nurəddin” əsəri ilə bağlı araşdırmamızın ilkin mərhələsində povestin iki variantı – 1912-ci ildə “Məktəb” jurnalında dərc edilmiş variantı ilə 1934-cü ildə yazıçının külliyyatına daxil edilmiş variantı arasındakı fərqlərin bir qismini oxucuların nəzərinə çatdırırıq.

“Nurəddin” əsərinin iki çap variantı arasındakı fərqlər:

“Məktəb”, 1912:

Hacı Salehin külfəti çay süfrəsində hazır idi.

“Seçilmiş əsərləri”, 1934:

Hacı Səmədin külfəti çay süfrəsində hazır idi.

(Hacı Səməd “Qaraca qız” əsərində də təhkiyəçi obrazıdır. “Nurəddin” əsərinin ilkin variantında Hacı Saleh adının hacı Səmədlə əvəz edilməsi “Qorxulu nağıllar” təhkiyəçisinin obrazını vahidləşdirməkdən qaynaqlana bilərdi. – K.Nəhmətova)

“Məktəb”, 1912:

Məhəmməd yazısını qurtarıb diqqət ilə öz-özünə oxuyurdu və qələtlərini də düzəldirdi.

“Seçilmiş əsərləri”, 1934:

Məmməd yazısını qurtarıb diqqətlə öz-özünə oxuyurdu və qələtlərini də düzəldirdi.

“Məktəb”, 1912:

Fatimə cəvab verdi:

Müəllimimizin əmrinə görə gərək səbahə qədər öylə bir nəql düzəldəm ki, ondan böylə məna çıxsın: “Yaxşılıq eylə at dəryaya; balıq bilməsə, Xaliq bilər”.

 “Məktəb”, 1934:

Fatma cavab verdi:

Müəllimimizin əmrinə görə gərək sabaha qədər elə bir nəql düzəldəm ki, ondan belə məna çıxsın: “Yaxşılıq elə, əvəzini görərsən”.

(İslam dinindən aldığımız Məhəmməd, Fatimə adlarının təhrifə uğradılaraq mənşəyindən uzaqlaşdırılması siyasətinin təzahürüdür. 

“Xaliq”, “Allah”, “namaz”, “Quran”, “müsəlman” və digər İslami anlayışların S.S. Axundovun əsərlərindən çıxarılması dini təfəkkürün unutdurulması siyasətini açıq şəkildə müşahidə etdirir. – K.Nəhmətova)

“Məktəb”, 1912:

Hacı Saleh başladı:

-  Övladlarım, əziz vətənimiz olan Qafqazda Hacı Nəsir adlı bir tacir sakin idi. Bu tacir çox səxavətli, həqiqi bir müsəlman idi: Qurani-şərifdə vacib olmuş xüsus, zəkatı və qeyri əmrləri eyni ilə yerinə yetirərdi. Allah təala da onun mal və dövlətini gün-gündən artırardı. Bu tacirin Həlimə adlı bir övrəti var idi. Həlimə cəmalda gözəl olduğu kibi, xasiyyətdə də ondan da gözəl idi. Bu ər və övrətin dünyada övladsızlıqdan başqa bir qəm və qüssələri yox idi. Axırda Allah təala bunlara bir oğul kəramət etdi. Hacı Nəsir o gün oğlunun təvəllüdünu şadlıq edib şəhrin fəqir-füqərasına pul və xörək payladı. Oğlanın adını “Nurəddin” qoydular. Ata və ana gecə və gündüz Nurəddinin başına dolanırdılar.

“Seçilmiş əsərləri”, 1934:

Övladlarım, Qafqazda Hacı Nəsir adlı bir tacir sakin idi. Bu tacirin Həlimə adlı bir cavan arvadı vardı.  Həlimə camalda gözəl olduğu kimi, xasiyyətdə ondan da gözəldi. Bu arvadın dünyada övladsızlıqdan başqa bir qəm-qüssəsi yox idi. Axırda bunların bir oğlu oldu. Hacı Nəsir o gün oğlunun təvəllüdünü şadlıq edib, şəhərin fəqir-füqərasına pul və xörək payladı. Oğlanın adını Nurəddin qoydular. Ata və ana gecə və gündüz Nurəddinin başına dolanırdılar.

(Birinci variantda övladın dünyaya gəlməsini müəllif Hacı Nəsirin səxavəti, ixlası sayəsində  Allahın lütfü kimi qiyməıtləndirərək yazırdı: “Axırda Allah bunlara bir övlad kəramət etdi.” İkinci variantda bu motiv çıxarılmaqla “Axırda bunların bir oğlu oldu” cümləsi tam bir anlamsızlığa məruz qalmış olur. Yəni “nəyin axırında” sualına cavab tapmaq mümkün deyil.− K.Nəhmətova)

“Məktəb”, 1912:

Hacı Nəsir hər il yarmarkaya mal xəridinə gedərdi və qayıdanda övrəti və oğlu üçün hər cür sovqat gətirərdi. Bir dəfə Hacı Nəsir oğlu üçün kibrit qutusu iriliyində Quran da gətirmişdi. Həlimə bu qəribə şeyi haradan aldığını soruşduqda Hacı Nəsir cəvab verdi:

- Bir gün yarmarkada, bazardan mənzilimə qayıdarkən, bir müsəlmanı köprü üstündə başını aşağı sallayıb, ağlayan gördüm. Bən dayanıb bunun səbəbini sordum. Kişi dedi:

-  Bən əhl və əyal sahibi bir kasıb adamam. Əldə xırdavat satmaq ilə dörd yüz manat pul düzəldib, buraya gəldim ki çit xərid edib aparım. Bir saət bundan qabaq pulumun hamısını cibimdən çıxartmışlardır!

Bu kişinin halına yürəgim yandı. Cibimdən dörd yüz manat çıxardıb dedim:

-  Al, kişi! Bu sənin dört yüz manatın, get mal al, həlal kəsbindən qalma. Haçan dövlətlənərsən onda pulumu qaytararsan. İmdi isə balaca Nurəddinimə dua et. Kişi, əlimdən öpüb, adımı və mənzilimi soruşdu və sevinə-sevinə çıxıb getdi. Axşam mənzilimdə çay içdigim zəman, həman kişi içəri daxil oldu:

-  Hacı, bazarı dolanıb, sovqat üçün bundan əziz bir şey tapmadım – deyə Quranı bənə uzatdı. Qoy bən Rəhim tərəfindən sevgili övladınız Nurəddinə bu Quran yadigar olsun.  Sonra dübarə razılıq edib, getdi.

Həlimə, Quranı öpüb gözlərinə qoydu və sonra dua kibi edib, parçaya tikib, Nurəddinin boynundan asdı.

Nurəddin böyüyüb səkkiz yaşına çatdı. Hacı Nəsir oğlunu molla-ruhani məktəbinə qoydu. Nurəddin oxumaqda birinci şagird idi; yoldaşları ilə çox mehriban rəftar edərdi, ona görə də hamı onu sevərdi. Xatirini istərdi. Nurəddin hər gün məktəbə öz faytaonlarında lələsi ilə gəlib gedərdi.

“Seçilmiş əsərləri”, 1934:

Hacı Nəsir hər il yarmarkaya mal xəridinə gedərdi və qayıdanda arvadı və oğlu üçün hər cür sovqat gətirərdi. Bir dəfə Hacı Nəsir oğlu üçün kibrit qutusu irilikdə bir “Gülüstan” kitabı gətirmişdi. Həlimə bu qəribə şeyi haradan aldığını soruşduqda Hacı Nəsir cavab verdi:

-    Bir gün yarmarkada bazardan mənzilimə qayıdarkən bir nəfəri köprü üstündə başını aşağı sallayıb ağlayan gördüm. Mən dayanıb bunun səbəbini sordum. Kişi dedi:

-    Mən əhl-əyal sahibi bir kasıb adamam. Əslim iranlıdır. Əldə xırdavat satmaqla üç yüz manat pul düzəldib buraya gəldim ki,  mal alıb aparım. Bir saat bundan qabaq pulumun hamısını cibimdən çıxartmışlar.

Bu kişinin halına ürəyim yandı. Cibimdən üç yüz manat çıxarıb dedim:

-   Al, kişi! Bu sənin üç yüz manatın, get mal al, kəsbindən qalma. Qazanıb sonra pulumu qaytararsan. İndi isə balaca Nurəddinimə dua et.

Kişi əlimdən öpüb, adımı və mənzilimi soruşdu və sevinə-sevinə çıxıb getdi. Axşam mənzilimdə çay içdiyim zaman həmin kişi içəri daxil olub:

-  Hacı, sovqat üçün bundan əziz bir şeyim yoxdur, – deyə “Gülüstan” kitabını mənə uzatdı. Qoy mən Rəhim tərəfindən sevgili övladınız Nurəddinə Sədinin bu “Gülüstan” kitabı yadigar olsun.  Sonra dübarə razılıq edib getdi.

Həlimə kitabı ipək parçaya tikib Nurəddinin boynundan asdı.

- Oğlum böyüyəndə bu kitabı oxuyar.

Nurəddin böyüyüb səkkiz yaşına çatdı. Hacı Nəsir oğlunu məktəbə qoydu. Nurəddin oxumaqda birinci şagird idi, yoldaşları ilə çox mehriban rəftar edərdi, ona görə də hamı onu sevərdi,  xatirini istəyərdi.

“Məktəb”, 1912:

Əziz övladlarım, bu fəna dünyanın səadəti də fənadır..

“Seçilmiş əsərləri”, 1934. Çıxarılıb.

“Məktəb”, 1912:

Hacı Nəsir istəkli övrətinin üstünə müalicə üçün neçə məşhur həkim gətirdisə də, (zatəlcünub) azarından sağala bimədi.

“Seçilmiş əsərləri”, 1934:

Hacı Nəsir istəkli arvadının üstünə müalicə üçün neçə məşhur həkim gətirdisə də, sətəlcəm azarından sağalda bimədi.

“Məktəb”, 1912:

Əziz övladlarım, Allah-təala heç övladları anadan yetim qoymasın.

“Seçilmiş əsərləri”, 1934. Çıxarılıb.

“Məktəb”, 1912:

-   Ah, birdən anam dirilə! Allah-təala möcüzə göstərə…

“Seçilmiş əsərləri”, 1934:

-  Ah, birdən anam dirilə…

“Məktəb”, 1912:

Nurəddin oyanınca Həlimənin meyit namazını qılıb dəfn etdilər.

“Seçilmiş əsərləri”, 1934:

Nurəddin oyanınca Həliməni dəfn etdilər.

“Məktəb”, 1912:

Nurəddin gözlərini açdı. O biri otaqda molla gözəl bir səslə Quran oxuyurdu. Nurəddin Quran oxumağı çox sevərdi və özü də hər cümə axşamı anasının, atasının xahişinə görə nazik səslə “Yəs” surəsini oxuyardı.

“Seçilmiş əsərləri”, 1934. Çıxarılıb.

“Məktəb”, 1912:

Hacı Nəsir bir qeyri şəhərdə sakin olan şəriki ilə hesab çəkməyə getmişdi. Bu şəhərin iyirmi verstliyində olan kənddə İmamverdi adlı Hacı Nəsirin bir borclusu var idi. Neçə müddət idi ki, ondan bir xəbər-ətər yox idi.

-  Bu uzun yolu gəlmişkən qoy bu borcuma da bir sərəncam çəkim, – deyə Hacı Nəsir ondan-bundan xəbər tutub axırda İmamverdini tapdı.

“Seçilmiş əsərləri”, 1934:

Hacı Nəsir bir qeyri şəhərdə sakin olan şəriki ilə hesab çəkməyə getmişdi. Bu şəhərin iyirmi verstliyində olan kənddə Hacı Nəsirin İmamverdi adlı bir tanışı vardı. Neçə müddət idi ki, ondan bir xəbər-ətər yox idi.

-  Bu uzun yolu gəlmişkən qoy bu dostuma da bir baş çəkim, – deyə Hacı Nəsir ondan-bundan xəbər tutub axırda İmamverdini tapdı.

“Məktəb”, 1912:

İmamverdi altmış yaşında bir qoca kişi idi. Hacı Nəsir ilə tanış olan zaman yaxşı evi, mülkü var idi, amma imdi onların hamısı satılıb, borclarına verilmişdi.

“Seçilmiş əsərləri”, 1934:

İmamverdi altmış yaşında bir qoca kişi idi. Kənddə özünə görə yaxşı evi, mülkü var idi, amma indi onların hamısı satılıb borclarına verilmişdi.

“Məktəb”, 1912:

-  Hacı Nəsir, sən görən dövlət əldən çıxdı. İmdi bana qalan ancaq bu uçuq daxmadır. Övladdan da bir qızdan başqa bir kəsim qalmamışdır. Verdiyin pul boynumda çox borcdur. Hərgah bu daxma bir şeyə gedərsə, satdır, borcunu götür. Bundan başqa pula gedən bir şeyim yoxdur. Bu sözlər rəhmdil Hacı Nəsirin yürəyini odlandırdı.

-  İmamverdi, sən məgər bəni müsəlman bilməyirsən ki, bu təklifi edirsən?- deyə Hacı Nəsir cavab verdi.

-   Sən kibi bir qoca kişini küçələrə salmaq insafmıdır? Xeyr, imdi bənim müsəlmanlıq, qardaşlıq vəzifəm sənə kömək etməyi əmr edir: Hərgah bənim işlərim əvvəlki kibi düzgün olsa idi, heç vəqt sənin üstünə gəlməz idim.

-  Bilirəm, bilirəm, – deyə İmamverdi cavab verdi.

 Hacı Nəsirdən bundan başqa cavab gözləmək olmazdı!  

Seçilmiş əsərləri”, 1934:                                                            

−   Hacı Nəsir, sən görən dövlət əlimdən çıxdı. İndi mənə qalan bu uçuq daxmadır. Övladdan da bir qızdan başqa bir kəsim qalmamışdır.

−   Hərgah mənim işlərim əvvəlki kimi düzgün olsaydı, sənə əl tutardım.

−   Bilirəm, bilirəm, – deyə İmamverdi cavab verdi.”

      Ardı var